İKT-nin 13-14 mart, 2008-ci ildə Dakarda keçirilən 11-ci zirvə görüşü

 

15) İslamın müqəddəs yerlərinin qorunması haqqında 2/11-C (IS) saylı qətnamə

(C)Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması. Ermənistan tərəfindən işğal edilmiş ərazilərdəki Azərbaycan tarixi, mədəniyyəti, arxeologiyası, etnoqrafiyasının İslam irsinin ayrılmaz hissəsi olduğunu və qorunulmasının zəruriliyini vurğulayaraq;

BMT Təhlükəsizlik Şurasının Laçın və Şuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını, habelə Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrini bir daha təsdiq edərək;

Ermənistan tərəfindən etnik təmizləmə məqsədilə Azərbaycanda məscidlərin və digər müqəddəs islam məbədlərinin tam və vəhşicəsinə dağıdılmasının vandalizm aktı olduğunu bir daha təsdiq edərək;

Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən islam irsinə vurulmuş böyük zərərin - nadir islam mədəniyyəti və memarlıq abidələrinin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya qismən dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmalarının çıxarılması və məhv edilməsi faktları nəzərə alaraq;

 

Azərbaycan xalqı və hökumətinin bununla əlaqədar narahatlığını tam bölüşərək;

 

1. Erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini kəskin şəkildə ittiham edir.

2. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini qəti surətdə tələb edir.

3. Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə islam mədəni dəyərlərinin qorunmasına regional və beynəlxalq səviyyədə yönəldilmiş səylərini dəstəklədiyini bir daha təsdiq edir.

4. Azərbaycanın ona dəymiş ziyanın müqabilində təzminat almaq hüququna malik olduğunu hesab edir və bu təzminatın ödənilməsi üçün Ermənistanın tam məsuliyyət daşıdığını təsdiq edir.

5. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin yardımı ilə bərpası üçün İKT-nin bölmələrini və ixtisaslaşmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır.

6. Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsi, İKT və digər ixtisaslaşmış qurumlar və onların bölmələri arasında koordinasiyanın həyata keçirilməsi ilə əlaqədar İKT Baş Katibinə, həmçinin həmin təşkilatlara, xüsusilə İslam İnkişaf Bankı, İSESCO-ya Azərbaycan Respublikasında islam tarixi abidələrinin qorunması layihələrinin icrası proqramına sayğı ilə yanaşdıqları üçün minnətdarlığını ifadə edir.

 

6. Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri

 

1. Ermənistanın arqumentləri Rəsmi Yerevan nümayəndələri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq məqsədilə, tez-tez Dağlıq Qarabağın heç bir zaman müstəqil Azərbaycanın tərkib hissəsi olmaması barədə tezislə çıxış edirlər. Bu iddiaların əsasında aşağıdakı arqumentlər dayanır:

Birinci, müstəqil Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olanda Qarabağ onun yurisdiksiyasında deyildi və bu faktı Azərbaycanın Cənubi Qafqazın şərq hissəsinin ermənilərlə məskunlaşmış ərazilərinə, əsas etibarilə Dağlıq Qarabağa iddia etməsi, eləcə də özününkü hesab etdiyi ərazi üzərində təsirli dövlət nəzarətini həyata keçirə bilməməsi və sərhədlərinin legitimliyini əsaslandırmağa qadir olmaması səbəbindən Millətlər Cəmiyyətinin Azərbaycanı tanımaqdan imtina etməsi barədə qəbul etdiyi qərar da təsdiqləyir.

İkinci, 1991-ci ildə SSRİ-nin parçalanması prosesi çərçivəsində Dağlıq Qarabağın Azərbaycandan qanuni əsaslarla ayrılması və "Dağlıq Qarabağ Respublikası"nın yaradılması. Bu zaman "Müttəfiq respublikanın SSRİdən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu xüsusi olaraq vurğulanır. Sonuncuya əsasən, müttəfiq respublikalar tərəfindən Qanunla nəzərdə tutulmuş SSRİ tərkibindən çıxmaq proseduru həyata keçirilərkən muxtar qurumlar SSR İttifaqında və tərkibindən çıxan müttəfiq respublikada qalmaq məsələsini müstəqil həll etmək, habelə öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ əldə edirdi.

Üçüncü, Azərbaycanın sovet dövrünün hüquqi varisliyindən imtina etməsi və bununla da, həmin dövrün sərhədlərinə iddia etmək əsasından məhrum olması.

 

2. Azərbaycanın arqumentləri

 

1. Dağlıq Qarabağ Azərbaycan və Ermənistanın Millətlər Cəmiyyətinə qəbulu məsələsinə baxılması kontekstində Britaniya qoşunlarının 1918-ci ildə Bakıya daxil olmasından sonra, Müttəfiq Dövlətləri təmsil edən general V.Tomson qonşu Zəngəzur qəzası ilə birlikdə Dağlıq Qarabağın Azərbaycanın idarəsi altında olmasını tanıdı. O, Azərbaycan hökuməti tərəfindən Xosrov Sultanovun bu iki regionun da daxil olduğu Garabağ generalqubernatorluğuna qubernator təyin edilməsini də təsdiqlədi. 1919-cu ildə Dağlıq Qarabağın erməni assambleyası rəsmi olaraq Azərbaycan hakimiyyətini tanıdı.

1918-1920-ci illərdə Azərbaycan Respublikasının bir sıra ölkələrlə diplomatik münasibətləri var idi. Onlardan bəziləri ilə qarşılıqlı münasibətlərin prinsiplərinə dair müqavilələr imzalanmış, on altı dövlət isə Bakıda öz nümayəndəliyini açmışdı. 12 yanvar 1920-ci il tarixində Paris Sülh Konfransında Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. 1 noyabr 1920-ci il tarixində Azərbaycan nümayəndə heyətinin başçısı Millətlər Cəmiyyətinin Baş katibinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının Təşkilata üzv qəbul edilməsi ilə bağlı ərizəsinin Cəmiyyətin Assambleyasına təqdim edilməsini xahiş etmişdir. Baş katib 24 noyabr 1920-ci il tarixli Memorandumunda Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətinə mandatın Bakıda 1920-ci ilin aprel ayına kimi hakimiyyətdə olmuş hökumət tərəfindən verildiyini qeyd etmişdir. Bununla belə, Memorandumda Azərbaycan nümayəndə heyətinin müraciət etdiyi (1 noyabr 1920-ci il) və Memorandumun dərc olunduğu tarixdə (24 noyabr 1920-ci il) Azərbaycan nümayəndə heyətinə mandat vermiş Azərbaycan Respublikası hökumətinin artıq 1920-ci ilin aprel ayından de-fakto hakimiyyətdə olmamasına xüsusi diqqət yetirilir. Daha sonra memorandumda bu hökumətin ölkənin bütün ərazisinə nəzarət etmədiyi göstərilirdi.

Bu kontekstdə, qeyd olunan Millətlər Cəmiyyəti Baş katibinin Memorandumunun ən mühüm hissəsi "Hüquqi mülahizələr" fəslidir. Həmin fəsildə dövlətlərin tamamilə özünüidarəedən olması tələbi də daxil olmaqla, Təşkilata yeni üzvlərin qəbul edilməsi ilə bağlı Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsində təsbit edilmiş şərtlər xatırladılır.

Millətlər Cəmiyyətinin müvafiq sənədləri erməni tərəfinin Millətlər Cəmiyyətinin Azərbaycanı üzvlüyə qəbul etməməsini onun Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyətini tanımaması və guya ermənilərlə məskunlaşmış ərazilərə iddia etməsilə əlaqələndirməsi fikrini tamamilə təkzib edir. Aydındır ki, ərazisinin mühüm bir hissəsi ərizəsi Millətlər Cəmiyyətində baxıldığı bir dövrdə işğal altında olan, ərizəni təqdim edən hökuməti isə devrilmiş olan bir dövlət Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsinin tələblərinə əsasən, tam özünüidarəetmə qabiliyyətinə malik subyekt kimi nəzərdən keçirilə bilməzdi. Məhz bu şərtlər Azərbaycanın Millətlər Cəmiyyətinə üzv qəbul edilməsinə mane oldu. Eyni zamanda Millətlər Cəmiyyəti aydın və tanınmış sərhədlərə, status və konstitusiyaya, sabit hökumətə sahib olmadığı üçün Ermənistanın özünü dövlət kimi tanımırdı. Nəticədə, 16 dekabr 1920-ci il tarixində Ermənistanın Millətlər Cəmiyyətinə üzvlüyə qəbul edilməsi rədd edilmişdi.

 

 

 Mövqe.- 2011.- 28 may.- S. 6.