Birinci Respublika Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranmasından 93 il ötür
Beşinci yazı
Azərbaycan Xalq Cümhuriyyəti
Avropanın demokratik dəyərləri ilə
Şərq mədəniyyətinin
xüsusiyyətlərini üzvi
şəkildə birləşdirən
yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq,
ilk respublika dövründə
həyata keçirilən
tədbirlər müstəqil
dövlətçiliyimizin əsaslarının yaradılması
və gələcək
inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm
əhəmiyyət kəsb
etdi. Demokratik hüquq və azadlıqların bərqərar
olması, etnik və dini mənsubiyyətindən
asılı olmayaraq bütün vətəndaşlara
bərabər hüquqlar
verilməsi, Azərbaycan
dilinin dövlət dili elan edilməsi,
təhsil və mədəniyyətin inkişafına
xüsusi diqqət göstərilməsi, nizami
milli ordunun, təhlükəsizlik strukturlarının
qurulması və sair işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü
siyasətin miqyasını,
mahiyyət və mənasını əyani
şəkildə səciyyələndirir".
Azərbaycan Xalq
Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan"
qəzeti Azərbaycan və rus dillərində nəşr
olunurdu. Eyni zamanda yüzə yaxın gənc azərbaycanlı
ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə
göndərildi. Bu 100 nəfərdən 10 nəfər
İngiltərəyə, 23 nəfər İtaliyaya, 45 nəfər
Fransaya, 9 nəfər Türkiyəyə, 13 nəfər
Rusiyaya tələbə göndərilməsi nəzərdə
tutulmuşdu. Azərbaycanlı tələbələr Avropa
şəhərlərinə təhsil almağa yola düşərkən
ağıllarına belə gəlmirdi ki, onların bəzisi
təhsilini başa vurmamış geri qayıdacaqlar. Çünki
bir ildən sonra, Azərbaycanda Sovet hakimiyyəti qurulan kimi
onların təqaüdü kəsilmişdi və bir
çoxu təhsilini dayandırmağa məcbur olmuşdu. Ticarəti
və daxili bazarı dirçəltmək məqsədilə
1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman
verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti
bərpa olundu. Azərbaycan Cümhuriyyətinin pul və
poçt markaları dövriyyəyə buraxıldı. Gəncə
şəhərinin çarizm dövründəki adı ləğv
edilərək əsl adı özünə qaytarıldı.
Eləcə də
digər yer adlarına da düzəlişlər
edildi.
1919-cu ildə Bakıda
"Müsəlman Şərqini öyrənən cəmiyyət"
təsis edilmişdi. Xalqın qədim dövrlərini
araşdırmaq məqsədilə 1920-ci illərin əvvəllərində
Maarif Nazirliyində arxeologiya şöbəsi yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması eyni
zamanda ədəbiyyat, teatr, musiqi sahələrinin də milliləşməsinə
öz təsirini göstərdi. Bakıda Azərbaycan Dövlət
Teatrı fəaliyyətə başladı, maarifi və milli
mədəniyyəti təbliğ edən və yayan cəmiyyətlərin,
təşkilatların, ittifaqların fəaliyyəti
genişləndi. "Türk ocağı", "Nəşri-Maarif",
"Mədəni-Maarif" kimi cəmiyyətlər fəaliyyətə
başladı. Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov,
Əhməd Cavad və başqaları bu dövrdə fəaliyyət
göstərirdilər. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin
mübahicəsiz ərazisi 97,3 min kvadrat kilometr idi. Gürcüstanla
8,7 min kvadrat kilometr, Ermənistanla isə 7,9 min kvadrat kilometr həmsərhəd
ərazi Azərbaycan hökuməti tərəfindən
mübahisəli torpaq sayılırdı. Azərbaycan əhalisi
2 milyon 862 min nəfər idi ki, onun da 70 faizini müsəlmanlar
təşkil edirdi. Burada nə qədər ağrılı
olsa da, tarixi bir faktı qeyd etmək gərəkdir. 1918-ci ilin aprelində tarixi Azərbaycan torpaqları olan
İrəvan quberniyası
ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtının
hansı şəhər olacağı müəyyən edilməmişdi.
Azərbaycan hökuməti mayın 29-da İrəvan şəhərinin
paytaxt elan edilməsi üçün
ermənilərə güzəştə
getdiyini bəyan etmişdi. İrəvan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirmişdi.
29 may 1918-ci ildə Tiflisdə
Müsəlman Milli Şurasının iclası keçirildi.
Açılış
mərasimində Şura üzvi
Fətəli Xan Xoyski Azərbaycan və
Ermənistan federasiyası arasında sərhədlərin
müəyyənləşdirilməsi istiqamətində Ermənistan
milli şurasının
nümayəndələri ilə
aparılan danışıqların nəticələri barədə
məruzə etdi. Məruzəsinin
sonunda Fətəli Xan
Xoyski belə bir xəbəri qeyd etdi ki,
Ermənistan Federasiyasının yaradılması üçün ermənilərə
siyasi mərkəz lazımdır. Aleksandropolun Türkiyəyə
keçməsindən sonra
bu, yalnız İrəvan ola
bilər. Ona görə də İrəvanın
ermənilərə güzəşt edilməsi
qaçılmazdır.
Sözügedən məsələ
ilə bağlı çıxış edən Xasməmmədov,
Cəfərov, Şeyxül-İslamov, ( Hümmət
partiyası adından), Məhərrəmov (Sos. Müsavat bloku
adından) İrəvanın ermənilərə
güzəşt edilməsini tarixi zərurət,
qaçılmaz bəla olduğunu etiraf etdilər. İclasın nəticələri
isə belə yekunlaşdı: 28 nəfər Milli
Şura üzvindən
16 nəfəri İrəvanın ermənilərə güzəştə
gedilməsinin lehinə səs verdilər. Bir
nəfər bu qərarın
əleyhinə çıxdı, üç
nəfər isə səs
vermədi. Sonra ermənilərlə
konfederasiya yaradılması barədə
məsələ müzakirə edildi. Qısa fikir mübadiləsindən
sonra sözügedən
məsələ səsverməyə
çıxarıldı. Azərbaycanın və Ermənistanın
bu formada gələcək quruluşu
Milli Şura tərəfindən
yekdilliklə qəbul edildi. Bu arada bolşeviklər Azərbaycanın
daxilində təxribatçı fəaliyyətlərini
gündən -günə genişləndirirdilər. 1920-ci ilin fevralında təsis edilən bolşeviklərdən ibarət
Azərbaycan Kommunist Partiyasının
əsas məqsədi ölkədə vəziyyəti
gərginləşdirmək, təxribat yolu
ilə bolşevikləri
hakimiyyətə gətirmək idi. Bu təxribatçı quruma qatı millətçi Mikoyan rəhbərlik edirdi. Beləliklə,
partiya milli hökuməti yıxmaq, Sovet
Azərbaycanı qurmaq
üçün silahlı
üsyan xəttini irəli sürdü.
1920-ci il aprelin 28-də ikinci respublika - Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.
İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyinin
ancaq formal atributlarını
saxlaya bilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti iki ildən az yaşasa
da, Azərbaycan dövlət quruluşunun
yaradılması, Azərbaycan
istiqlaliyyətinin dirçəldilməsi,
xalqımızın milli
mənlik şüurunun
oyanması üçün
az iş görmədi. Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranması uzun müddət davam etmiş tarixi prosesin təbii məhsulu, Azərbaycan xalqının azadlıq hərəkatının, onun
milli şüurunun inkişafının qanunauyğun
məhsulu kimi qiymətləndirilməlidir. Azərbaycan
xalqı özünün
çoxəsrlik azadlıq
mübarizəsinin məntiqi
nəticəsi kimi yalnız iyirminci yüzilliyin sonlarında dövlət müstəqilliyinə
nail oldu. Məhz buna görə də xalqımızın
suverenlik yolu ilə inamla addımladığı indiki
zamanda ötən əsrin əvvəllərindən
canlamağa başlamış
milli azadlıq hərəkatının, müstəqilliyimizə
aparan yolların tarixi təcrübəsinin
öyrənilməsi xüsusi
əhəmiyyət kəsb
edir.
Təsadüfi deyil ki, 2008-ci ilin on beş fevralında prezident İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
90 illiyi haqqında"
sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2008-ci il may ayının 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
90 illiyi tamam olur. Müasir Azərbaycan respublikası
1991-ci ildə öz müstəqilliyini bərpa
edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun
bayrağını, gerbini,
himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur.
Müsəlman Şərqində
ilk parlament respublikası
- Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın
qədim dövlətçilik
ənənələrini yaşadaraq,
müasir dövrə
xas dövlət təsisatlarının yaradılmasına
nail olmuşdu. Milli parlamentarizmin təşəkkül
tarixi isə Azərbaycan parlamentinin
1918-ci il dekabr ayının 7-də keçirilmiş
ilk iclasından başlayır.
Sənəddə o da
vurğulanır ki, Rusiyada çar üsul-idarəsinin ləğvi,
baş verən fevral və oktyabr çevrilişləri,
Birinci Dünya müharibəsinin fəsadları
və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma
meydanına çevirmişdi.
Dünyanın aparıcı
dövlətlərinin Bakı
neftinə göstərdiyi
maraq vəziyyəti daha da gərginləşdirirdi.
İlk qərarı ilə
milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün
vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin
yaranması çox mürəkkəb şəraitdə
elan olunmuşdur. Sərəncamda o da qeyd olunur ki,
cəmi 23 ay yaşamış
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi
bütün azərbaycanlılar
üçün olduqca
əzizdir. Bununla belə, bu tarixdə
ürəyimizi qürur
hissi ilə dolduran hadisələrlə
yanaşı, ümumilli
faciələrə yol
açan səhifələr
də vardır. Azərbaycan Xalq Cümhuriyyətinin öz
dövlətçilik atributlarını
qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil
və səhiyyə sahələrində atdığı
addımlar xalqımız
üçün taleyüklü
əhəmiyyət kəsb
etmişdir. Sərəncamda
deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə
dair sanballı əsərlər, hətta
ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çoxlu sayda sənədlər hələ
xarici ölkələrin
qapalı arxivlərində
saxlanılır və
öz tədqiqatçılarını
gözləyir.
Bu gün isə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan, ümummilli
lider Heydər Əliyevin qurub-yaratdığı,
müstəqilliyini əbədi,
dönməz və sarsılmaz etdiyi Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində söz sahibinə çevrilir, gündən-günə
öz nüfuzunu artırır və yeni-yeni uğurlara imza atır.
A.
Sultanova
Mövqe.- 2011.-
28 may.- S. 4.