Şuşanın başındakı dumanın 19 yaşı oldu

 

"19 il də belə getdi", "19 il bir igidin ömrüdür", "Əşşi, hələ bir 19 il də gedəcək, hara tələsirsən?". Səhər işə gələndə marşrutda oturan iki qadının söhbətindən qulağıma gəlib çatan bu üç cümlə oldu. Artıq çatmışdım, düşməliydim, amma fikirm o cümlələrdə, o qadınların söhbətində qaldı. Doğrusu, öncə söhbətin nədən getdiyini anlamadım. Söhbətin məğzini yolda məndən ayın tarixini soruşan qoca anlatdı: "Ay bala, bu gün ayın neçəsidi?". Mayın 6-sı olduğunu deyəndə qoca "hə, iki gün qalıb səkkizinə" deyib getdi.

 

Şuşa, ermənicə "Şuşi", bəs ingiliscə?

 

Düz, 19 il öncə 1992-ci ilin 8 may günündə Şuşa şəhəri - Azərbaycanın mədəniyyət mərkəzi, Azərbaycanın qədim və zəngin şəhəri, dahi Üzeyir Hacıbəyovun ana yurdu Şuşa şəhəri işğal edildi. Adətən bu cümlənin əvvəlinə "ermənilər tərəfindən" əlavə olunur. Məncə, buna o qədər də ehtiyac yoxdur. Çünki biz bunu dünyaya sübut edə bilmədik. 19 il gerçəkdən bir igidin ömrüdür. Amma 19 ildə biz Şuşaya sahib çıxa, onu düşmənin əlindən ala bilmədiksə, giley-güzara yer varmı?

İndi, gəlin, nəyə görə Şuşasız qalmağımızın səbəblərini axtaraq. Bu dəfə nə müxalifət, nə iqtidarda axtarmayaq günahkarı. Özümüzdə axtaraq, öz içimizdə. Nə iqtidardan, nə müxalifətdən soruşmayaq ki, "Sən Şuşanın azadlığı uğrunda nə etmisən?". Özümüzə sual verək "Sən Şuşanı niyə unutmusan?". Bəlkə də bəziləri bu suala cavab olaraq, "Nə bildin unutmuşam" və ya "Unutmayıb neyləyim e, əlimdən nə gəlir?"-deyəcək. Amma bu başdansovdu cavab bizi keçmişimizdən, işğal olunan torpaqların harayından, ağrısından xilas edə bilməyəcək. Biz rahat olmağa çalışdıqca ruhumuz bizi didəcək. Çünki azadlığımız, insanlaşmağımız, dünyaya tanınmağımız uğrunda çabalayan Üzeyirin ruhu rahat deyil. Yazını hazırlayanda "Şuşa" yazıb "google.az"da axtarışa verdim. Görün, nə çıxdı?

 

"Şuşa - Azərbaycanda, keçmiş DQMV ərazisində şəhər.

Şuşa rayonu - Azərbaycanda 1930-cu ildə təşkil edilmiş rayon.

Şuşa qəzası - Azərbaycanın Rusiya tərəfindən işğalından sonra mərkəzi Şuşa şəhəri olmaqla yaradılmış ərazi bölgüsü.

Şuşa qalası - Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır.

Şuşa (qəzet) - Sovet dövründə Şuşada nəşr olunmuş qəzet.

Şuşa (azəricə: Şuşa, ermənicə: Şuşi, rusça: Şuşa)".

 

Dəhşətlidir. Görəsən, ermənilər şəhərləri haqqında məlumat verəndə onların azərbaycanca açmasını da qeyd edir? Dəqiq bilirəm ki, etmir. İnanmırsınızsa, axtarın. Amma axtarmayın, çünki tapmayacaqsınız. Şuşa haqqında, daha doğrusu, Şuşanın yaranması haqqında bu məlumatı tapdım: "Şuşa şəhərini 1750-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir salıb. Şəhərin ilk adı Pənahəlinin xatirəsinə Pənahabad olub".

Lakin bəzi tarixçilər Şuşanın 1750-ci ildə salınması ilə razılaşmırlar. Şuşanın qədim tarixə malik olduğunu iddia edirlər. İddiaları dəqiqləşdirmək isə çox gecdir. Çünki indi Şuşaya əlimiz çatmır, heç ünümüz də yetmir. Qədimliyi, tarixiliyi sübut etmək üçün məhz Şuşada tədqiqat işləri aparılmalıdır. Şuşa bizim olanda bunu etmək olardı. Amma o zaman da elə indiki kimi qabaqda olan tarixçilərin, alimlərin başı erməni qardaşlığı haqqında mədhiyyə yazıb mükafat almağa elə qarışmışdı ki, Şuşanın özü kimi tarixi də yaddan çıxmışdı.

 

"Unutdum" demə, "Şuşa" kafesi küsər...

 

Bəzi tarixçilər hələ də iddia edirlər ki, 1747-ci ildə Nadir şah öldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumlarından qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın ən səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali yeni salınmış şəhəri Pənahəli xanın şərəfinə "Pənahabad" adlandırır. Şişuclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər "Şişə", sonralar isə Şuşa adlandırılır.

Əslində, biz o qədər də "unutqan" deyilik. İndi də Şuşa adına tez-tez rast gəlirik. Paytaxtımızda və bölgələrdə Şuşa adlı xeyli şadlıq evi, kafe, restoran var. Bu şadlıq evlərində kabab yeyib, içki içəndən sonra "oyna, ay xalam qızı" mahnısına şıdırğı oynayan insanda heç vaxt vətən hissi, torpaq sevgisi ola bilməz. Şuşa adı gələndə, Şuşa alınanda, köməksiz qalan, düşmən əlinə keçməmək üçün əl-ələ tutub özünü qayadan atan azəri qadınlarının faciəsini xatırlamamaq elə sevgisizlikdir, unutqanlıqdır. Bu faciə isə qolunu qaldırıb, belə cılız mahnıya süzməyə imkan verməz. Bu faciəni xatırlamaq yetər ki, insanın tükləri biz-biz olsun.

"Pənahəli xan və Ibrahimxəlil xan Qarabağ xanlığının paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə bina etmişdilər. Şəhər 17 məhəlləyə - kvartala bölünmüşdü. Bu məhəllələr-Böyük Qurdlar, Kiçik Qurdlar, Seydli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xoca Əmircan, Mamayı, Saatlı, Köçərli, Merdinli, Çöl qala, Hacı Yusifli, Çuxur məhəllə, Ağadədəlilərdir. Bu məhəllələr indi də qalmaqdadır". Maraqlı məlumatdır. Və düşünürəm, görəsən, indi Şuşa bizdə olsaydı, bu məhəllələrin adını dəyişib nə qoymuşduq? Amma min faiz bilirəm ki, bu məhəllələrin hamsının adlarını dəyişmişdik indi. Bilirsiniz, niyə?

Ötənlərdə bir dəfə şuşalı tanışımla rastlaşdım. Mənə gözəllik salonu açdığını dedi. Adını soruşdum, ingiliscə nəsə qırıldatdı. Sözün açmasını soruşanda nə desə yaxşıdır: "Vallah, heç mən də bilmirəm, uşaqlar bilir, bizim dilimizdə döyül". Soruşuram ki, nə əcəb, öz dilimizdə qoymamısan gözəllik salonunun adını. Deyir, indi belə moddu, camaat itinə də ingiliscə ad qoyur.

 

Satqınların gəlir mənbəyi - Şuşa

 

"Gündən-günə inkişaf edən, iqtisadi cəhətdən güclənən Qarabağ xanlığı dəfələrlə İranın və qonşu xanlıqların hücumlarına məruz qalmışdır. İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd şah Qacar 1795-ci il iyunun sonunda Qarabağa hücum edir. İbrahimxəlil xanın 15 000 nəfər seçmə qoşunu Ağa Məhəmməd şah Qacara qarşı qəhrəmanlıqla mübarizə aparırdı. Ağa Məhəmməd şah Qacar Şuşa qalasını 33 gün mühasirədə saxlasa da, heç bir müvəffəqiyyət qazana bilməyib, Tiflis üzərinə hücuma keçir və onu talan edir.

Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında ikinci dəfə çoxsaylı ordu ilə Arazı keçib Şuşaya yaxınlaşır. Bəzi şəhər əyanlarının xəyanəti üzündən qısa mühasirədən sonra Şuşa təslim olur. Ancaq şəhərə girən Ağa Məhəmməd şah Qacarın hakimiyyəti bir gün davam edir. Qacar yaxın pişxidmətçiləri tərəfindən öldürülür. Şuşaya qayıdan İbrahimxəlil xan İranla münasibətləri düzəltmək məqsədilə Qacarın nəşini təmtəraqla İrana yola salır. Öz qızı Ağabəyim Ağanı İranda hakimiyyəti ələ alan Fətəli xana ərə verir, oğlu Əbülfət ağanı isə girov göndərir". Bax, belə. Şuşa çox zəngin, çox gözəl olduğu üçün tarixin bütün dönəmlərində satqınların gəlir mənbəyi olub, satılıb.

Bəziləri nədənsə Şuşanın təslim olduğuna and içir. Amma bu, yalandır. Şuşada son gülləsini özünə vurmağa saxlayan, son nəfəsinə qədər düşmənlə döyüşən oğullarımızın ruhuna xəyanətdir bu iddia. Şuşanın işğalına gedən yol Meşəlidən, Kərkicahandan, Malıbəylidən, Quşçulardan, Xocalıdan... keçdi. Şuşanın işğalına keçən yol qanı erməni qanına qatışıq olanların qan yaddaşından keçdi. Bax, bu iddia düzdür.

 

19 yaşlı "müvəqqəti məskunlaşma"

 

"Şuşa şəhərində tarixi muzeylər- Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, orta və orta ixtisas musiqi məktəbləri, kitabxanalar fəaliyyət göstərirdi. Bu da bir daha sübut edir ki, XX əsri Şuşasız başa vursaq da, bu mədəniyyət ocağının ənənələri hələ də yaşayır və yaşayacaqdır. Hazırda rayon əhalisinin 15 min nəfərdən çoxu Bakı şəhərində müxtəlif sanatoriya, pansionat, düşərgə və yataqxanalarda müvəqqəti məskunlaşmışdır". İlahi, özün bizi 19 yaşlı "müvəqqətidən" xilas et!.

 

 

Arzu Abdulla

 

Mövqe.-2011.- 7 may.- S. 13.