Avropa Birliyinin qəbul
etdiyi sənədlər
1)
Brüssel, 22 may 1992-ci il
Birlik və ona üzv olan
dövlətlər Dağlıq Qarabağ regionunda
döyüşlərin son vaxtlar intensivləşməsi ilə
bağlı dərin narahatlığını bildirir və hər
hansı bir tərəfdən güc tətbiq edilməsini qəti
şəkildə pisləyir. Birlik və ona üzv olan dövlətlər
davamlı döyüşlər nəticəsində əhalinin
yenidən üzləşdiyi əzab-əziyyətdən və
insan tələfatından təəssüflənir.
Dağlıq
Qarabağın erməni və Azərbaycan əhalisi daxil
olmaqla, Ermənistan və Azərbaycan xalqları, hər iki
hökumətin ATƏM-in prinsip və öhdəliklərini qəbul
etməkləri nəticəsində eyni səviyyəli
mühafizə ilə təmin olunmaq hüququna malikdirlər. Buna
görə də Birlik və ona üzv olan dövlətlər
qəbul edilmiş prinsip və öhdəliklərə zidd
olaraq ərazi bütövlüyünə qarşı və
ya mülki əhalinin daimi yaşayış yerlərindən
qovulması da daxil olmaqla siyasi məqsədlərə nail
olmaq üçün gücə əsaslanan hərəkətləri
pisləyir. Azərbaycan
və erməni əhalisinin fundamental hüquqları mövcud
sərhədlər məzmununda tam şəkildə bərpa
edilməlidir.
Birlik və ona üzv olan
dövlətlər Ermənistan və Azərbaycana müraciət
edərək, maksimal dərəcədə təmkinlik
nümayiş etdirməyə və ATƏM prosesinə
konstruktiv töhfə verməyə çağırır. Bu
mənada Birlik və ona üzv olan dövlətlər
bütün tərəfləri Dağlıq Qarabağ üzrə
ATƏM-in Sülh Konfransının tezliklə keçirilməsi
istiqamətində iş aparmağa və Dağlıq
Qarabağ icmalarının təmsil olunmaları şərtlərinə
dair razılıq əldə etməyə dəvət edir ki,
onsuz davamlı sülhün bərqərar olması
mümkün deyil.
2) Brüssel, 18 iyun 1992-ci
il
Dağlıq Qarabağa
dair bəyanat
Birlik
və ona üzv olan dövlətlər Dağlıq
Qarabağda davam edən döyüşlər ilə
bağlı dərin narahatlığını bildirir. Birlik və
ona üzv olan dövlətlər böhranın həllinə
qətiyyən kömək etməyən hər hansı
gücün tətbiq edilməsini ciddi şəkildə pisləyir.
Onlar böhrana qatılan tərəfləri təmkinliliyə
dəvət edir və növbəti əzab-əziyyət və
ya insan tələfatı ilə nəticələnən hərəkətlərdən
çəkinməyə çağırır. Birlik və
ona üzv olan dövlətlər aidiyyəti olan hökumətləri
nüfuzlarından istifadə edərək baş verən dəhşətli
zorakılığa son qoymağa və davamlı atəşkəsə
nail olmağa çağırır.
Birlik və ona üzv olan
dövlətlər Ermənistan və Azərbaycana bir daha
müraciət edərək ATƏM-ə daxil olarkən
götürdükləri öhdəliklərə əsasən
insan hüquqlarına hörmət etməyə
çağırır. Onlar tərəfləri regionda
sülhü bərpa etməyin ən yaxşı ümidini təklif
edən ATƏM-in himayəsi altında Minsk Konfransının
tezliklə keçirilməsinin zəruri şərtlərinin
yaradılması üçün Romada ilkin fövqəladə
görüş çərçivəsində göstərilən
səylərə töhfə verməyə
çağırır.
3) Brüssel, 7 aprel 1993-cü il
Dağlıq Qarabağa dair bəyanat
Birlik və ona üzv olan dövlətlər
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
Ermənistan Respublikası və Azərbaycan Respublikası
arasında münasibətlərin son zamanlarda kəskin şəkildə
pisləşməsindən dərin narahatçılıq
keçirir. Birlik və ona üzv olan dövlətlər hərbi
əməliyyatların Kəlbəcər və Füzuli
rayonları ərazisinə yayılmasından təəssüfləndiyini
bildirir. Azərbaycan ərazilərindən dərhal
çıxarılması və bu ərazilərdə
döyüşlərin dayandırılması məqsədilə
Ermənistan hökuməti Dağlıq Qarabağın hərbi
birləşmələri üzərində olan təsirindən
istifadə etməyə qətiyyətlə
çağırılır. Cərəyan edən son hadisələrə
baxmayaraq, bütün tərəflərdən ATƏM-in Minsk
Qrupunda aparılan danışıqları tərk etməməyi
xahiş edilir.
4) Brüssel, 24 iyun 1993-cü il
Dağlıq Qarabağa dair bəyanat
Birlik və ona üzv olan dövlətlər
cənab Rafaellinin təqdim etdiyi ATƏM planının
Dağlıq Qarabağ mübahisəsinin bütün
iştirakçıları tərəfindən qəbul edilməsini
alqışlayır. Onlar inanırlar ki, sözügedən
plan regionda hərtərəfli atəşkəs, BMT
TŞ-nın 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsinin
həyata keçirilməsi və Dağlıq Qarabağ
münaqişəsinin danışıqlar vasitəsilə həlli
istiqamətində əsl irəliləyiş
üçün ən yaxşı ümiddir.
Onlar Dağlıq Qarabağda erməni
icması nümayəndələrinin plana
razılıqlarını təmin etmək məqsədilə
Ermənistan prezidenti Ter-Petrosyanın uğurlu şəxsi
müdaxiləsini yüksək qiymətləndirilər.Birlik
və ona üzv olan dövlətlər ümid edirlər ki,
Ermənistan hökuməti Dağlıq Qarabağda sülh
planını hələ qəbul etməyən elementlər tərəfindən
onu tam şəkildə qəbul etmək və Azərbaycanda
Dağlıq Qarabağ və onun ətrafındakı indiki
daxili çətinliklərdən sui-istifadə etməkdən
çəkinmək çağırışlarını
davam etdirəcəkdir. Birlik və ona üzv olan dövlətlər
xəbərdarlıq edirlər ki, hazırkı vəziyyətdə
hər hansı bir tərəfin hücum əməliyyatı
sülh planını təhlükə altına sala bilər.
Birlik və ona üzv olan dövlətlər münaqişə
tərəflərini planı tam şəkildə dəstəkləməyə
çağırır ki, bu, ATƏM-in müşahidəçi
missiyasının yerləşdirilməsinin ilk mərhələsini
asanlaşdırar. Onlar həmçinin tərəfləri
qoşunların işğal edilmiş ərazilərdən
çıxarılmasını qəbul etməyə
razılıq və ATƏM müşahidəçilərinin
ərazilərdə yerləşdirildiyi andan təhlükəsizliyinə
təminat verməyə təkid edirlər.
5) Brüssel, 3 sentyabr 1993-cü il
Dağlıq Qarabağa dair bəyanat
Birlik və ona üzv olan dövlətlər
Dağlıq Qarabağda getdikcə genişlənən Azərbaycan
ərazisini işğal edən yerli erməni
qoşunlarının hücumlarını pisləyir. Onlar təəssüf
hissi ilə qeyd edirlər ki, bu hərəkətlər
döyüş bölgəsini genişləndirməklə
daha böyük Azərbaycan ərazisini əhatə edir, Azərbaycanda
çox ciddi qaçqın problemi meydana gətirir və
qonşu ölkələri qatmaqla regional təhlükəsizliyi
getdikcə azaldır.
Birlik və ona üzv olan dövlətlər
region dövlətlərinin ərazi bütövlüyü və
suverenliyinə olan dəstəklərini bir daha bəyan edirlər.
Birlik və ona üzv olan dövlətlər Azərbaycan
hökuməti və Dağlıq Qarabağın rəhbərliyi
arasında 31 avqust 1993-cü il tarixində əldə
edilmiş müvəqqəti atəşkəsin davam etdirilməsi
üçün ATƏM-in Minsk Qrupu çərçivəsində
göstərilən səylərini tam dəstəkləyir.
Birlik və ona üzv olan dövlətlər hər iki
münaqişə tərəfini iyun ayının sonunda
prinsip etibarı ilə razılaşdırılmış cədvəli
yerinə yetirməyi mümkün edən hər hansı bir
formada əlavə dialoqa başlamağa
çağırırlar. Birlik və ona üzv olan dövlətlər
həmçinin Dağlıq Qarabağın yerli erməni
silahlı qüvvələrinin BMT TŞ-nın 822 və 853
saylı qətnamələrinə hörmət etdiyini və
Kəlbəcər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarından geri çəkiləcəklərini görəcəklərinə
ümid edirlər. Birlik və ona üzv olan dövlətlərin
əlində Azərbaycanın bu ərazilərdən
irimiqyaslı hücumlar həyata keçirmək
iqtidarında olduğuna dair heç bir dəlil yoxdur.
Birlik və ona üzv olan dövlətlər
Dağlıq Qarabağ ermənilərinin BMT TŞ-nın 822
və 853 saylı qətnamələrinə və ATƏM-in
Minsk Qrupunun təkliflərinə əməl etmələri
üçün Ermənistan hökumətini
özünün həlledici təsirindən istifadə etməyə
çağırır. Birlik və ona üzv olan dövlətlər
Ermənistana müraciət edərək Azərbaycan ərazisində
hücumlar həyata keçirən yerli erməni hərbi birləşmələrinin
bu cür hücumlarını daha da genişləndirmək
üçün onlara maddi yardımın verilməməsini təmin
etməyə çağırır.
Mövqe.-
2011.- 7 may.- S. 10.