"İtə ataram, yada satmaram..."
Azərbaycan
xalçasının dəyərini heç bir cümlə,
heç bir fikir bu qədər düzgün əks etdirmir:
"Itə ataram, yada satmaram". Yazıçı Mir Cəlal
Paşayevin "Bir gəncin manifesti" əsərində
yoxsul, çörək puluna ehtiyacı olan Sona xanımın
dili ilə deyilən bu söz əslində Azərbaycan
xalçasına xalqın sevgisini ifadə edir. Elə bu
gün də İçərişəhərdə gəzərkən
xalça dükanlarında görüb valeh olduğumuz
xalçalar az deyil. Nədənsə, o xalçaları
görəndə uşaq vaxtı nənəmlə birgə
toxuduğumuz, kənd evlərində rast gəldiyim qeyri-adi
çeşnili kilimlər, palazlar yadıma düşür. Təəssüf
ki, dövrümüzdə evlərdə bu cür
xalçalara çox az rast gəlirik. Sanki bu əl əməyinə
olan münasibət əvvəlki dövrlərdən fərqli
hal alıb. Unudulub...
Bu inkişafdırmı?
Dünyanın inkişaf etmiş ölkələrində hələ
də qədim sənətlər yaşadılır. Məsələn,
bəzi ölkələrdə müxtəlif içkilər,
kətan istehsalı və sair hələ də kustar
üsulla hazırlanır. Bu isə texniki tərəqqinin pik
nöqtəsinə çatmış dünyamızda, sanki
keçmişin saf, həssas qoxusunu saxlayır.
Xalçaçılığın
tarixi...
İçərişəhərdə
xalça satışı ilə məşğul olan
yaşlı, nurani insanla xalçaçılıq barədə
söhbətimiz oldu. Hər kəsin Hacı İlqar deyə
tanıdığı bu adam artıq 20 ildir ki, xalça
satmaqla məşğuldur. Onun bu sənət haqqında
verdiyi maraqlı məlumatlar istər-istərməz insanda
xalçaçılığı öyrənmək, bu sənətin
tarixini araşdırmaq həvəsi oyadır.
Arxeoloji qazıntılar
zamanı tapılan əşyalar ölkəmizdə
xalça sənətinin nə qədər qədim tarixə
malik olduğunu göstərir. Cənubi Azərbaycanın Maku
şəhərində tapılmış gildən düzəldilən
at fiqurunun üzərindəki gül - çiçək təsvirləri
ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü
yaxınlığındakı Həsənlu təpəsində
aşkar edilmiş qızıl camın səthində
üstünə çul salınmış şir təsviri,
Mingəçevirdə I-III əsrlərə aid katakomba qəbirlərində
aşkar olunan palaz və xalça qalıqları və s. Azərbaycan
xalçaçılığı barədə qədim
dünya tarixçiləri- Herodot, Klavdi Elian, Ksenofont məlumat
verib. Sasanilər dövründə Azərbaycanda xalça sənəti
daha da inkişaf edib. İpək, qızıl-gümüş
saplardan nəfis xalçalar toxunub. Əsasən feodallar
üçün toxunan bu xalçalar "zərbaf"
adlandırılıb. Bu cür xalçaların istehsalı
XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Xarici
ölkələrə ixrac olunan xalçalarımızın
incə ornamentləri, zərif və nəfis
naxışları Avropa rəssamlarının da diqqətini
cəlb edib və onlar öz əsərlərində,
miniatürlərində Azərbaycan xalçalarını təsvir
ediblər. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm
öz körpəsi ilə" tablosunda "Şirvan"
xalçası, Van Eykin "Müqəddəs Məryəm"
əsərində "Zeyvə xalçası", alman rəssamı
Hans Holbeynin "Səfirlər" əsərində
"Qazax" xalçasının təsvirlərinə rast
gəlinir. Eyni zamanda Renessans dövrünün ünlü
siması, rəssam Leonardo da Vinçinin
yaradıcılığında da Azərbaycan xalça sənətinə
diqqət hiss olunur.
Azərbaycan xalçaçılıq
məktəbləri
Xalça istehsalında xanlıqlar dövrü özünəməxsus yer
tutur. Bu dövrdə hər xanlığın özünün xalçaçılıq
karxanası olub və bu da
sonradan müxtəlif
adlarda xalçaçılıq
məktəblərinin yaranmasına səbəb
olub. Bu məktəblərin əhatə
etdiyi sahələrin yaratdığı xalçalar
naxış, kompozisiya, rəng və texniki xüsusiyyətlərinə
görə fərqlidir. Şərti
bölgüyə görə Azərbaycanda 7
xalçaçılıq məktəbi vardır - Quba, Bakı, yaxud Abşeron, Şirvan, Gəncə,
Qazax, Qarabağ, Təbriz.
Bu xalçaçılıq
məktəblərinin
xalçalarının özünəməxsus xüsusiyyətləri
olub. Belə ki, Quba xalça
məktəbi Azərbaycanın
şimal-şərqində yerləşir. Quba
xalçalarının bəzəyi
həndəsi naxışlardan ibarət ornamentlərin stilizə
edilmiş nəbati, bəzən isə heyvan motivləri olur. Medalyonlu çeşni üslubu da bu məktəbin
xalçalarına xasdır. Bakı xalçaları daha çox
yumşaqlığı, rənglərinin intensivliyi,
bədii elementlərinin
orijinallığı və naxışlarının incəliyi
ilə seçilir. Xalçaların
bəzəklərində həndəsi
formalı göllərə, əyrixətli nəbati elementlərə
üstünlük verilir.
Şirvan xalçalarının zəngin
və mürəkkəb naxışlı kompozisiyaları olur. Bu məktəbin
xalçalarının bədii dəyəri haqqında VI-VIII
əsr alman, ingilis
tacirləri, səfirləri öz gündəliklərində qiymətli
məlumatlar veriblər. Gəncə hələ X-XI
yüzilliklərdə ipək, yun
parçaların, ipək xalçaların istehsal
mərkəzi kimi
tanınıb. Gəncə qrupuna daxil olan namazlıq
xalçası "Fəxralı" toxunuşuna
görə digər xalça kompozisiyalarından
fərqlənir. Qarabağ xalçaları
da rəng - boyaq palitrasına görə çox zəngindir. Təbriz
xalçaçılıq məktəbinə mənsub olan xovsuz və
xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı,
ornamental bəzəklərin
müxtəlifliyi ilə fərqlənir.
Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur "Şeyx Səfi" xalısı (1539-cu il,
"Viktoriya və Albert" muzeyi, London) Təbriz xalçaçılıq məktəbinin
şah əsəridir. Türkmənçay
sülh müqaviləsindən
sonra Azərbaycanın iki
yerə parçalanması
ilə Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri
bütün dünyada
"Iran xalçaları"
adı ilə tanındı.
350 manatlıq
xalçamızı Dubayda 900 manata satırlar
Təbriz
xalçaları haqqında məlumat verən həmsöhbətim
maraqlı bir hadisəni
nəql etdi. "Bizdə bir cüt Təbriz xalçası var idi. Özü də ipəklə,
yunla toxunmuşdu. Qiyməti
də 350 manat. Bir gün dükana bir kişi və qadın
gəldi. Xalçanı görüb dedilər ki, eyniylə bu xalçadan Dubaydan 900 dollara
almışıq. Azərbaycan xalçalarını başqa ölkələrdən
alıb gətirirlər, amma
buradan almırlar, imkanlılar bizim bazarı bəyənmir".
Azərbaycan xalçalarının Əfqanıstan, Pakistan, Çində toxunub bazara çıxarılması məsələsinə
toxunan Hacı İlqar həmin xalçaların Azərbaycan
çeşniləri əsasında toxunması məsələsini
vurğuladı. "Onların toxuduqları dünyanın hər
yerinə gedir, amma bizim xalçalar getmir". Həmin ölkələrin istehsal etdiyi xalçalarda toxunma zamanı texnoloji proses düzgün aparılmır və insan
orqanizminə ziyanlı
kimyəvi liflərlə zəngindir. Bu kimyəvi liflər insan orqanizminə öldürücü təsir göstərir.
Qan-damar sisteminin zəifləməsinə,
nəfəs borularına və s. mənfi təsirini
göstərir. Kimyəvi birləşmələrdən
hazırlanmış bu liflər
güclü tozsoran vasitəsilə təmizlənərkən,
naxışların itməsinə gətirib
çıxarır. Əlbəttə, bu ticarət Azərbaycan
xalçaçılığına təsirsiz ötüşmür. Xalça
satışı ilə məşğul olanlar xalça satdıqları yerin kirayəsini də güclə
ödəyirlər. Həmsöhbətim Hacı İlqar da eyni
problemdən danışır: "Kirayə pulunu
vermək üçün
zülm çəkirik. Əvvəllər
yenə də yerin pulunu
çıxardırdıq, indi bir adamın
xalçası satılırsa, deyirəm ki,
bu ay mən kirəni
verə bilmirəm, sənin pulundan götürüm? Onlar da "hə" deyirlər.
Həm çoxdandır bir işləyirik deyə mənə
etibar edirlər, həm də bilirlər ki, dükan bağlansa, onlar üçün də
yaxşı olmaz".
Xalçalarımızı yaşadan Lətif Kərimov
Xalçaçılıq
sənətinə yeni ideyalar,
janrlarla nəfəs verən insanlar olub. Onlardan biri xalq
rəssamı, SSRİ dövlət mükafatı laureatı,
dünyaşöhrətli xalçaşünas
və sənətşünas
Lətif Kərimov 1906-ci ildə Şuşada
doğulub. O, "Azərxalça" Birliyinin bədii-texniki rəhbəri olub. Xalça sənətinin elm kimi öyrənilməsi
və rəssamların yaradıcılığında təzahür
etməsi, eyni zamanda Bakı və Qubada da xalça məktəbinin
açılması Lətif Kərimovun adı ilə
bağlıdır. O, ilk dəfə
iki dekorativ cərəyanı bir xalça kompozisiyasında
birləşdirməyə nail
olub. Kərimov Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirib,
ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaradıb. Onun çoxcildli "Azərbaycan
xalçası" əsərində 1300-dən artıq Azərbaycan
xalça ornament elementinin təhlili verilib.
Amma qəribə də
olsa, bütün bu nailliyyətləri əldə edən insan heç bir zaman rəssamlıq
təhsili almayıb. Hazırda Azərbaycan
xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyi
Lətif Kərimovun
adını daşıyır.
Azərbaycan
xalçaçılığının inkişafında
xidməti olan şəxslərdən biri də Kamil Əliyevdir
(1921-2005). İrəvanda anadan olan K.Əliyev qədim
xalçaçılıq sənətində portret
janrını inkişaf etdirib. O, Bakı Bədii Rəssamlıq
Fondunda işləyəndə fil sümüyündən,
qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın,
gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin
bədii tərtibatçısı, rəssam - müəllifi
kimi özünü təsdiqləyib.
Hannoverdəki
"Qazax" xalçası
"Azərxalça"
Elmi Yaradıcılıq İstehsalat Birliyinin baş direktoru
Nuriyev Əlisəfa Birlik haqqında məlumat verdi:
"1927-ci ildə artel olaraq yaranıb, sonra "Azərxalça"
İttifaqı, 1980-ci illərdə isə "Azərxalça"
Elmi Yaradıcılıq İstehsalat Birliyi adı altında fəaliyyət
göstərib. "Azərxalça"nın 14 müəssisəsi
özəlləşib və artıq onların bir qismi öz
sferasında fəaliyyət göstərmir. Ismayıllıda,
Qəbələdə, Lənkəranda, Hacıqabulda,
Lahıcda , Bakıda sexlərimiz var. Axı istehsalatda
hazırlanan kadr daha peşəkar olur. Hətta peşə məktəblərində
xalçaçılığı öyrənən kadrlar da
minimum 3 ay "Azərxalça"da təcrübə
keçməlidirlər.
Azərbaycan
xalçalarının saxtalaşdırması probleminə
toxunan Əlisəfa müəllim Hannoverdə sərgidən
alıb gətirdiyi bir xalçanı nümunə olaraq
göstərib dedi: "Xalçanın ortasında Şirvan
naxışları, qırağında Qarabağ haşiyəsi
var, amma Qazax adı ilə satılır. İlk baxışda
rəngi yaxşı görünür, amma çox keyfiyyətsizdir,
ucuzdur. Insanlar da ucuz mala meyl edir. Çünki bir
müddət sonra atırlar. Amma bizim mallar atmaq
üçün deyil.
Bizim xalçalar əsrlərlə yaşayır".
Vüsalə Həsrətli
Mövqe.- 2011.- 11 may.- S. 6.