Heydər Əliyev zirvəsi

 

O, bütün dünyadan görünür

 

Doqquzuncu yazı

 

1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dövləti hərbi təcavüz, daxili çəkişmələr iqtisadi çətinliklər ilə üzləşmişdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi imkanlarının səfərbər olunması, dövlətin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədi ilə cəsarətli siyasi addımlar atıldı. Bu baxımdan, Azərbaycanın neft qaz ehtiyatlarının genişmiqyaslı istismarına xarici investisiyaların cəlb edilməsində 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında xarici neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi" xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildieyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. "Əsrin müqaviləsi"nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.

Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən ilə genişlənir və bunun nəticəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir. Dünyanın enerji təminatında da ölkənin xüsusi çəkisi və strateji əhəmiyyəti yüksəlir. Eyni zamanda "Şahdəniz" yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünü beynəlxalq bazarlara ixrac etmək imkanını əldə etmişdir. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir.

Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlər ilə birlikdə hasil olunan neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil etmişdir. Belə ki, neft strategiyasının həyta keçirilməsinin ilk illərində ilk növbədə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlər ilə neftin və qazın nəqlinin ildən ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsi kimi qəbul edilir. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə coxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlıverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi ilə əlaqədar Azərbaycan, Gürcüstan, Türkiyə ölkələri və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.

Milli Neft Strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmaqdadır. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada birincidir, əhəmiyyətli regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünya iqtisadi sisteminə inteqrasiya olunma nəticəsində neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açıldı. Bununla əlaqədar neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu.

Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yaranmışdır. Son illər ərzində Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları və tədbirlərin icrası çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür, əhalinin pul gəlirləri artmaqdadır.

Ölkənin maliyyə potensialının artması nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır. Bununla əlaqədar möhtərəm Prezident, cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsinə bu gün xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri, o cümlədən Neft Fondunun vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosial yönümlü layihələrin maliyyələşdirilməsi həyata keçirilir və ölkənin iqtisadi inkişafının stimullaşdırılmasında, strateji əhəmiyyətli dövlət proqramları və layihələrin maliyyələşdirilməsində, eləcə də regiona investisiya qoyuluşunun təmin edilməsində Dövlət Neft Fondunun rolu ildən-ilə artır. İnfrastruktur layihələrin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün güclü baza formalaşdırılır. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosial yönümlü tədbirlərin mühüm tərkib hissəsidir. Artan neft gəlirləri hesabına ilk növbədə sosial siyasət sayəsində, o cümlədən aztəminatlı təbəqələrin, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də saysız tədbirlər həyata keçirilir və Dövlət Neft fondundan ilk vəsait məhz bu tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir neçə Sərəncam və Dövlət Proqramları qəbul edilmiş və bu qərarlara uyğun olaraq qaçqın və məcburi köçkünlər üçün Azərbaycanın müxtəlif ərazilərində zəruri infrastrukturu ilə birlikdə yaşayış qəsəbələri tikilərək, istifadəyə verilmiş, 2007-ci ilin sonunda isə Sabirabad rayonunda yerləşən son Qalaqayın çadır düşərgəsi ləğv edilib və burada məskunlaşmış məcburi köçkünlər yeni qəsəbələrə köçürülmüşdür. Ölkənin artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Bu layihələrdən biri olan və Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında mühüm yer tutan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası layihəsi Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaqdır. Bakı-Tbilisi-Qars yeni dəmir yolu artıq regional əhəmiyyətə malik olmaqla bərabər, Asiya ilə Avropanı birləşdirən bir nəqliyyat dəhlizinə çevriləcəkdir. Bu layihə regional inkişafa və regionda təhlükəsizliyin daha da artırılmasına xidmət edəcəkdir.

Bu gün neft gəlirlərinin bir hissəsi eyni zamanda su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir və Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur və bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. Belə ki, neftin ixracını təmin edəcək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə ixrac olunan neftin satışından əldə edilmiş gəlirlər su və digər infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir və bununla da neft gəlirlərinin xalqın rifah halının yaxşılaşdırılması naminə istifadəsi təmin edilir. Eyni zamanda neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranacaqdır. Bu proqramın ilk növbədə Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi "qara qızılın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır.

Milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanqıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə məhz "Əsrin müqaviləsi" təşkil edir. Bununla əlaqədar əminliklə demək olar ki, olduqca güclü olan bu təməl əsasında Azərbaycan iqtisadiyyatı bundan sonra daha sürətlə inkişaf edəcək və xalqımızın maddi-rifah halı ildən ilə daha da yaxşılaşacaqdır.

 

 

A.     Sultanova

 

Mövqe.- 2011.- 12 may.- S. 4.