"Laçın
Allahın müəllim olduğu sinif otağıdır"
Müsahibim
şair İlham Qəhrəmandır. İşğal
altındakı bölgələrimizdən olan Laçın
rayonunda doğulan şair 19 illik yurd həsrətindən və
yaradıcılığına qarşı olan soyuq münasibətdən
danışdı.
-
Son günlər gündəmdəsiniz. Ölkə
başçısına məktub yazmaq istəyi nədən
yarandı?
- Vallah, məni
tanıyanlar bilir ki, gündəmdə
olub-olmadığıma fikir verən adam deyiləm. Amma
orası da var ki, mənim yazdığımın onda birini
yazmayan, ədəbiyyat, millət, vətən uğrunda
etdiyimin yarısını etməyənlər qayğıyla əhatə
olunublar. Onların şeirləri Azərbaycan
Yazıçılar Birliyinin AYB hesabına tərcümə
olunur, xaricdə çıxan dərgilərdə çap
olunurlar, xaricə səfərlər edirlər, AYB-nin yerli
televiziyalara təqdim etdiyi siyahı üzrə efirlərə
çıxırlar. İctimai televiziyada qırmızıca
üzümə dedilər ki, "bizdə Anarın
siyahısı var. Biz
o siyahıda adı olanları televiziyaya dəvət edirik. Sənin
adın yoxdur, səni dəvət edə bilmərik. Nə etmək
olar, orada sənin adın yoxdur". Mən qabaqlar ədəbiyyata
din, Yazıçılar Birliyinə isə məbəd kimi
baxırdım. Bilirsiniz, məbəd müqəddəs yerdir,
insan oraya ən saf duyğularıyla bağlanır. Sonra
yavaş-yavaş hiss etdim ki, yox, sanki AYB istedadsızları
mükafatlandırmaqla istedadlılara cəza vermək
üçün yaradılmış bir cəza evidir. Müqəddəs
bildiyin yerdə ayrı-seçkiliyə məruz qalanda adam
sarsıntı keçirir. Mən üç dəfə
kiçik problemin həlliylə bağlı AYB-də söz
salanda mənə Anarın yanına girməyi təklif ediblər.
Amma üçündə də Anar mənə kömək
etməkdən imtina etdi. Mənə qarşı
Yazıçılar Birliyinin rəhbərlərinin belə
münasibətinin səbəbini özüm də bilmirəm.
Sonuncu qurultaydan sonra AYB-yə az-az gedirdim. Təmirdən sonra
isə daha ayağımı da qoymuram. Ölkə
başçısına yazdığım məktub isə
yaşadıqlarımın və AYB rəhbərliyinin mənə
olan diqqətsizliyindən, bu üzdən çəkdiyim əzabdan
doğulan şeirdir. Mən ölkə
başçısına şikayət etməmişəm ki,
kimisə tənbeh etsin, sadəcə, AYB-nin mənim
timsalımda qələm adamlarına münasibətini
yazmışam. Bəlkə Anar gözləyir ki, mən də
başqaları kimi gəlib ona yaltaqlanım, bu, mənlik
deyil. Hər halda bu məktub-şeirlə mən
sözümü aidiyyəti qurumlara dedim və indi
özümü rahat hiss edirəm.
- "Daha bu dünyada umacağım yox,
Demərəm mənə də qonorar
verin.
Mənə nə çatırsa, Fikrət
Qocaya,
Bizə nə düşürsə, Anara
verin".
Bu misra ölkə başçısına
yazdığınız məktubdandır.
- Onlar gözəl bilirlər ki, kim onlardan
güclü yazır. Sadəcə, vəzifədən elə
getmək isdəyirlər ki, onlardan sonra gələn
onların dövrünü təftiş etməsin. Bir növ
centlmen sazişi bağlamaq isdəyirlər - sən gəlirsən,
başını aşağı salıb deyiləni edirsən.
Əgər beləsi tapılmasa, köhnə komanda yerində
qalacaq. Xəzinədarın yanına gedən baş redaktor
siyahıya qol çəkəndə, görəsən,
qapını niyə arxadan bağlamalıdır?! Mənə
münasibət isə tamam başqa cürdür - 1997-ci ildən
AYB-nin üzvüyəm, amma bu illər ərzində mənim
yaşım heç bir siyahıya düşməyimə
imkan verməyib. Yəni hər zaman məndən yaşda
balacalar da, böyüklər də siyahılara
düşüblər, mənə isə yaş imkan vermir
deyirlər. Hətta Yazıçılar Birliyinə getdiyim
vaxtlarda oranın işçiləri də mənim adımın
niyə siyahıya salınmadığını təəccüblə
qarşılayırdılar. Fikrət Qoca hər dəfə məni
görəndə "Sən istedadlı şairsən, gələn
il sənin də adını salarıq" desə də,
heç vaxt adım təqaüdçülər
siyahısına düşmürdü ki,
düşmürdü. Amma Fikrət Qoca ədəbiyyata
heç bir dəxli olmayan oğlunun adını bir neçə
dəfə prezident təqaüdünə saldırıb.
Maraqlıdır, mənim adımı təqaüd
siyahısına salmırlar salmasınlar, onda heç olmasa, o
siyahıları dərc etsinlər, görək, orada kimlərin
adı var, biz də baxaq toxtayaq. Sizi inandırım ki, o
siyahıda olanların çoxu öz qohum-əqrəbası
olacaq. Ona görə də siyahıdan heç kimin xəbəri
olmur. Mənim katiblərdən ikisi ilə söhbətim olub.
Söhbətlərdən bildiyim bu olub ki, onlar heç bir səlahiyyət
sahibi deyillər, hər şeyi Anar həll edir. Hətta birinə
"Onda orada niyə oturmusan" sualını da vermişəm.
- "Anarın təbərrük şairlərini
qatlayıb cibimə qoya bilərəm". Bu misranın sizə
xeyli düşmən qazandıracağından, yəqin ki,
qabaqcadan xəbəriniz var?
- Bax, siz özünüz də bilmədən
"xeyli" kəlməsini işlətdiniz. Bəli, Azərbaycan
Yazıçılar Birliyində xeyli şairlər var ki,
onlar Anarın təbərrük şairləridir.
Çünki onlar ipə-sapa yatırlar. Onları idarə etmək
asandır. Bir sözlə, tükü yatımına darayan
şairlərdir. Anar postdan gedən kimi onları adlarıyla
çağıracaqlar. Maraqlı cəhət orasıdır
ki, onların bir çoxu AYB-də vəzifə, iş alana
kimi küçələrdə rəhbərliyin adına hər
cür hədyanlar danışır və onları
söyürdülər.
- Məktubunuzun bir yerində
simasızları da hədəfə almısınız.
İndi simasızların işi yağ kimi getdiyindən
onlardan örnək götürənlər çoxalır. Yəqin
fərqindəsiniz?
- Mənim şairə
yaraşdırmadığım sifətlərdən biri
simasızlıqdır. Allah eləməsin, 37 təkrar olsa,
bunlar üzümüzə durub bizləri Sibirə göndərərlər.
Yeri gəlmişkən, mənə olan münasibətdən
insanların keçmişdə necə sürgün
olduqlarını daha yaxından hiss edirəm. Üzümə
kimlər dura bilər onları da tanıyıram. Örnək
məsələsi isə belədir - kim içində buna
hazırdır azacıq şirnikləndirməklə
simasızların cərgəsinə qoşulur. Amma mən
yaxşı örnək, nümunə göstərən,
simasını qoruyan xeyli qələm adamı
tanıyıram. Onlar da olmasa, dünyada yaşamağa dəyməz.
- Qarşıdan AYB-in növbəti
qurultayı gəlir. Nə gözləyirsiniz bu qurultaydan və
hansı təklifləriniz var?
- Mən növbəti qurultaydan sonra AYB-də
islahatlar aparılmasının tərəfdarıyam. Əvvəl
üzvlər saf-çürük edilməli,
yazıçı olmayanlar üzvlükdən xaric
olunmalıdır. Azərbaycan Yazıçılar Birliyində
son 20 ildə meyarlar itib, o meyarlar yerinə
qaytarılmalıdır. Üzvlər arasında səmimi
münasibət olmalı, heç kəs başqasının
haqqına əl uzatmamalıdır. Ölkə
başçısı jurnalistlərin evlə təmin
olunması üçün bina tikilməsinə sərancam
verdi. Jurnalist qurumlarının rəhbərləri
üçün bu, məncə, böyük nailiyyətdir.
Onların sağ əli yazıçıların
başına! Amma AYB-də, nədənsə, hər kəs
öz davasını çəkir. Bizim haqqımızda fikirləşən,
davamızı çəkən yoxdur. Arzu edərdim ki,
qurultay elə bir rəhbərlik seçəydi ki,
yazıçıların çoxdan həllini gözləyən
problemləri də həllini tapsın.
- Əslində yazar müstəqil
olmalıdır. Yazarın başının üstündə
hansısa qurum dayanırsa, onun istəkləriylə
oturub-durmalıdır. Amma müstəqil yaşamaq
üçün müstəqil qazanc da olmalıdır.
- Belə deyirlər ki, Allah dünyanı
yaradanda bir "ol" kəlməsi işlətdi. Ancaq
üç şey var ki, onları öz mübarək əliylə
yaratdı - onlardan biri Adəm peyğəmbər, biri cənnət,
o biri isə qələmdir. Mənə görə şairlər
yerdə Allahın qələmi missiyasını yerinə
yetirirlər. Bu mənada qələmə xəyanət etməyi
Allaha xəyanət kimi qəbul edirəm. Mən, demək olar
ki, Allahın yerdə qələmi olmaq missiyasına xəyanət
etməmişəm. Şair kimi özümü yalquzaq hiss
edirəm, heç kəsdən asılacağım yoxdur,
dostlardan başqa.
- İndi şairlərin çoxu qələmini
nəsrdə sınayırlar. Sizin belə fikriniz yoxdur ki?
- "İlham qapısı" və
"Laçın folkloru" kitabları belə bir istəkdən
yazılıb. "Ədəbiyyat
məscid, poeziya isə onun minarəsidir" deyimi mənə
məxsusdur. Mən həmişə minarədə qalmaq istəyirəm.
Amma həyatda elə şeylər baş verir ki, səni
yolundan döndərir. Ağlım kəsəndən Təbriz
həsrətiylə yaşamışam. İmkan olan kimi
qısa müddətdə üç dəfə Təbrizə
gedib gəldim. Belə demək mümkünsə, Təbrizi
eninə-boyuna gəzdim. Küçələrini,
meydanlarını, dükan-bazarını, parklarını
ruhumun yaddaşına köçürdüm. Xalq dilində
desək, "Təbriz neynərim" qalmadı. Urmiyaya
getdim, orada Aşıq Dehqanla görüşdüm. İki dəfə
Miyanada - Meyhava kəndində toyda oldum. Ərdəbildən
keçdim, Parsabadda Bəxtiyar Muğanoğlu kimi şair dost
qazandım. Arazqırağı gedəndə əsir
yurdlarımızı gördüm. Uzaqdan Zəngəzur
dağlarının qarlı zirvəsinə baxıb kövrəldim.
Yaxşı təəssüratlarım var. Amma bu gün oturub
yazmağa şərait yoxdur. Bax, Azərbaycan
Yazıçılar Birliyi burada lazımdır ki,
yaradıcılıq evinin dərdvayına qalaydı, biz də
içimizdə hazır yazılar olanda oraya gedib dizimizi
qatlayıb yükümüzü yerə qoyaydıq. Deyirsən
pis kişi olursan, demirsən də belə...
- Qarşıdan
Laçının işğal günü gəlir, yurd həsrətiylə
bağlı yazılara Sizin
yaradıcılığınızda tez-tez rast gəlirik. 19 ilin
ayrılığında Laçınla bağlı nə deyərdiniz?
-
Laçını düşünəndə keçirdiyim
hissin tərcüməsi dilimizdə belə olur -
Laçın Allahın müəllim olduğu sinif
otağıdır, mən isə dərsə gecikən
şagird. Şagird bir az da məsuliyyət hiss eyləyən
şagird olanda onda onu başa düşmək çətin
olmaz. Bəzən mənə belə suallar verirlər -
Laçın alınsa, qayıdan olacaq?! Mən o adamları
başa düşürəm: yurd itkisi nədir, çəkən
bilər. Facebook sosial şəbəkəsində
"Laçın və laçınlılar" adlı
qrup var, üzvlərinin əksəriyyəti gənclərdir.
Axşamlar qrupun çatında söhbətləri ancaq
Laçından olur. Onların söhbətini çatda
oxuyanda adama elə gəlir ki, laçınlılar
hamısı Məcnun yerindədir, tək Laçın isə
Leylidir. Allah laçınlıları (Məcnunu)
Laçına (Leylisinə) qovuşdursun!
Arzu
Abdulla
Mövqe.-
2011.- 12 may.- S. 13.