İnsan alveri, əmək
müqaviləsi və ya sosial faciə
Xalisə
Şahverdiyeva: "Ölkəmizdə insan alverinə
qarşı mübarizədə müəyyən pozitiv irəliləyişlər
müşhaidə etmək olar"
Dünyada daha çox gəlir gətirən
üç sahədən biri də insan alveridir. İnsan
alverinin müxtəlif sahələri olsa da, nədənsə,
bu termin işlənəndə ilk ağlımıza gələn
qadın alveri olur. Bəlkə də bu, bizim cəmiyyətdə
belədir. Bəlkə də bu fikrin yaranmasına KİV-lərdə
tez-tez rast gəldiyimiz "İnsan alverçisi tutulub"
başlıqlı yazının içində qadın
alverçilərinin həbsi haqqında oxuduğumuz adi xəbərlər
səbəb olub.
Səbəbkarı axtarmaq
bəlkə də gecdir. Amma insan alveri deyəndə, nədənsə,
gözlərim önünə əxlaqsızlıqla məşğul
olan qadınlar deyil, avtobuslarda konduktorluq edən, küçələrdə
dilənən və ya xırda-para şeylər satan
uşaqlar gəlir. Üst-başı çirkli, əlləri
qap-qara olan bu uşaqları bütün
yaşıdlarından təkcə təhsildən və
qayğıdan kənar düşmələri deyil, eyni zamanda
kədərli gözləri fərqləndirir. Bugünkü
mövzumuz isə insan alveri və onunla mübarizənin
ölkəmizdə hansı səviyyədə
olmasıdır. Müsahibim "Gender Group" İctimai
Birliyinin icraçı direktoru Xalisə Şahverdiyevadır.
Artıq illərdir, bu sahədə araşdırmalar aparan,
işləyən ekspert söhbət zamanı maraqlı
faktlara toxundu.
"Daha
çox qadınlar qurban olur"
- Bu yaxınlarda 6 May - İnsan Alveri ilə
Mübarizə Günü ilə bağlı geniş tədbir
keçrildi. Ümumiyyətlə, Azərbaycanda insan alveri ilə
mübarizə hansı durumdadır?
- Bildiyiniz kimi, yerli QHT-lərin təşəbbüsü
ilə hər ilin 6 mayı Azərbaycanda İnsan Alveri və
İnsan Əməyinin İstismarı ilə Mübarizə
Günü kimi qeyd edilir. Bu təşəbbüs beynəlxalq
təşkilatlarla bərabər, dövlət orqanları,
ayrı- ayrı biznes qurumları tərəfindən də dəstəklənir.
Bu ildə "6-16 may-İnsan Alveri ilə Mübarizə
Ongünlüyü" keçirildi. Düşünürəm
ki, bu kimi tədbirlər ölkəmizdə insan alverinə
qarşı mübarizədə əhəmiyyətli rol
oynayır və belə tədbirlərin davam etdirilməsi
vacibdir. Ölkəmizdə insan alverinə qarşı
mübarizədə müəyyən pozitiv irəliləyişlər
müşahidə etmək olar. Bunu xüsusilə də əhalinin
insan alveri haqqında məlumatlılığının
artmasında görmək olur.
Ümumən insan alveri ilə mübarizədə
coxsaylı problemlər qalmaqda davam edir. Buraya insan alveri cinayətləri
üzrə cinayətkar qrupların aşkar edilməsi,
faktların hərtərəfli istintaqı, bu kimi cinayətlərin
təşkilatçılarının məsuliyyətə cəlb
edilməsi və cəzalandırlması, qurbanların ilkin
istintaqı zamanından professional hüquqşünas xidmətlərindən
istifadəsinin təmini, onların ehtiyaclarının tam
şəkildə qarşılanması və s. məsələləri
qeyd etmək olar.
- Bu ticarətin qurbanları da müxtəlifdir
- qadınlar, kişilər, uşaqlar. Bizdə bunlardan
hansına maraq daha coxdur? Və ya bizdə hansı daha
çox qurban verir?
- Rəsmi rəqəmlərə nəzər
yetirsək, daha çox qadınların qurban olduğunu
görərik. Bu o demək deyil ki, kişi və uşaqlar
qurbana çevrilmirlər. Məsələn, ötən illərdə
mətbuata da "Serbaz" kimi məlum olan əməyin
istismarı faktında yüzlərlə əcnəbi insan
istismar edilmişdi. Hüquq -mühafizə orqanları tərəfindən
bu fakt üzrə cinayət işi
açılmadığından həmin şəxslər də
qurban kimi tanınmadılar. Digər bir misal kimi isə insan
orqanlarının transplantasiyasını göstərmək
olar. Bu sahədə də müəyyən problemlər var.
- Azyaşlıların alver etdiyini,
konduktorluq etdiyini və diləndiyini, demək olar ki, hər
gün görürük. Təhsildən ayrılan, ailə tərbiyəsindən
(bəziləri) uzaqlaşan bu uşaqların
hüquqlarının tapdanmasına kim cavabdehdir?
- Uşaqların istismarı, müxtəlif
xidmət və istehsal sahələrində işlədilməsi
problemi ölkəmizdə də cox aktualdır. Bu kimi
halların daha da coxalması müşahidə olunur. Uşaq
hüquqlarının qorunması ilk növbədə
valideyinlərin vəzifəsidir. Uşaq
hüquqlarının təmin edilməsində dövlətin
önəmli öhdəlikləri də çoxdur. Həmçinin
vətəndaş olaraq bizlər də insan faciəsinə
laqeyd qalmamalıyıq.
Ölkəmizdə 15 yaşına
çatmayan uşaqların işlədilməsi qanunla
qadağan edilib. Həmçinin uşaqların dilənçiliklə
məşğul olması da qadağan olunur. Dilənçilik
yolu ilə dolanan şəxslər avaralıqla məşğul
olan hesab edilir və İnzibati Xətalar Məcəlləsinə
əsasən məsuliyyətə cəlb edilir. Cəriməsi
də 5 AZN-dəkdir. Həmçinin yetkinlik yaşına
çatmayanların öz valideynləri və ya başqa
şəxslər tərəfindən avaralığa cəlb
edilməsinə görə də inzibati məsuliyyət nəzərdə
tutulub. Belə inzibati xətalara yol vermiş şəxslərin
cəzası isə 10-15 AZN cərimədir. İşin
hallarına görə isə xətanı törədənin
şəxsiyyəti nəzərə alınmaqla 15 günədək
müddətə inzibati həbs tətbiq edilə bilər. Əsas
məsələ ondadır ki, hələ də dövlətimizdə
digər sahələrdə olduğu kimi, istismar sahəsindəki
qurbanların (uşaqlar, qadınlar və s.) müdafiəsi
istiqamətində formalaşmış və oturuşmuş
institutlar yoxdur.
- Bizdə əmək müqaviləsi
anlayışı o qədər də geniş
yayılmayıb. Sizcə, işçisini əmək
müqaviləsi olmadan işlədən şəxslərlə
insan ticarətiylə məşğul olan şəxslər
arasında oxşarlıq çoxdurmu?
- İnsanların əmək müqaviləsi
olmadan işlədilməsi qanun pozuntusu sayılır. Lakin əməyin
istismarı sayıla bilməz. Bu, yalnız əməyin
istismarında bir əlamət ola bilər. Əməyin
istismarının anlayışı qanunvericilikdə belə
verilmişdir: hədə-qorxu, zor tətbiq etmək və ya
zor tətbiq etmək hədəsi ilə, habelə
qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan
başqa şəxsin azadlığını məhdudlaşdırmaqla
müəyyən işin yerinə yetirilməsinə (xidmətin
göstərilməsinə) məcbur etmədir.
- Bu yaxınlarda Vaşinqtonda yaşayan bir
rəfiqəm gəlmişdi. Axşamüstü şəhərə
gəzməyə çıxmışdıq. Hələ
hava qaralmamış bir neçə kafe-barın
qarşısında yarıçılpaq qızlar özlərini
sərgiləyirdilər. O, "Bakıda gördüklərimi
heç Amerikada da görmədim" dedi. Bu həddə
çatmamıza səbəb nədir?
- Səbəbi müxtəlif ola bilər:
tələbatın çoxalması, sosial problemlərin
çoxluğu, əxlaqi dəyərlərin itirilməsi, tərəflər
asarında azad cinsi münasibətlərin olmaması və s.
Bildiyiniz kimi, könüllü fahişəlik inzibati qaydada
qadağan edilir, həmçinin kimisə fahişəliyə
cəlb etmək, əxlaqsızlıq yuvalarının
saxlanması da cinayət qanunvericiliyi ilə qadağandır.
Bunlara baxmayaraq, fahişəliklə məşğul olan
qadınların, hətta kişilərin sayı
artmaqdadır. Düşünmürəm ki, kimsə bu
işi sevdiyi üçün məşğul olsun. Burada da
sosial problemlər şəxsi problemlərdən daha
böyük rol oynayır.
- İnsan alveri və fahişəliklə
mübarizənin daha da möhkəmləndirilməsi
üçün hansı təklifləriniz var? Ümumiyyətlə,
qanunvericiliyimiz bu sahədə mükəmməldirmi və ya
hansı yenilikləri etmək olar?
- İnsan alveri və fahişəliyə
qarşı uğurlu mübarizə aparmaq üçün
insan istismarına tələbatı azaltmaq tələb edilir.
Bunun
üçün fahişəliyin və dilənçıliyin
istismarı ilə bağlı Azərbaycan qanunvericiliyində
yeni normalar müəyyən edilməlidir. Fahişəlikdən
istifadə (yəni cinsi əlaqəyə görə pulun
ödənilməsi) və fahişəliyə şərait
yaratmaya yönələn bütün hərəkətlər
qadağan olunmalıdır. Başqa insanların dilənçiliyini
təşkil etmə və ondan hər hansı formada faydalanma
cəzalandırılmalıdır. Bu sahədə beynəlxalq
təcrubələrdən istifadə edilməlidir.
Arzu Abdulla
Mövqe.-
2011.- 20 may.- S. 13.