"Pis adam
yaxşı müəllif
ola bilməz"
Səfər Alışarlı: "Yazıçı insan talelərinin ekspertizasını
aparan ekspert kimi çıxış etməlidir"
Müsahibim yazar Səfər
Alışarlıdır. Onu Azərbaycan Respublikasının
Prezidenti yanında
QHT-lərə Dövlət
Dəstəyi Şurasının
mətbuat xidmətinin
rəhbəri kimi də təqdim edə bilərdim. Amma bu onun,
sadəcə, hazırda
işlədiyi iş yeridir. Səfər Alışarlı, əslində,
çağdaş ədəbiyyatımızın
nüfuzlu, ağır-batman
yazarlarındandır. Çox
təəssüf ki, bu yazarlar çox
azdır, lap az. Deyəsən,
lap ik-üç nəfərdirlər.
- Yaradıcı
adam üçün bu kiçik otağa sığınıb, bütün
günü işləmək
çətin deyil ki?
- Otağın balaca-böyüklüyünün o qədər də əhəmiyyəti yoxdur,
təki otaqda istənilən aura və yaradıcı, işgüzar
əhval olsun. Bu, əslində, rəsmi qulluqdur və burada müəyyən vəzifələri
yerinə yetirmək gərəkdir. Tapşırılan işin öhdəsindən
gəlməyə, o vəzifələri
layiqincə yerinə yetirməyə çalışıram.
Yəni Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
mətbuat və ictimaiyyətlə əlaqələri
mənim vasitəmlə
tənzimlənir. Hörmətli sədrimiz Azay Quliyevin rəhbərliyi ilə biz bu işi artıq neçə illərdir ki, uğurla həyata keçiririk.
Bundan əlavə, Şuranın
"Vətəndaş cəmiyyəti"
jurnalı var. Bu jurnal
hər ay çıxır.
Burada
QHT-lərin fəaliyyəti
haqqında müxtəlif
səpkilərdə yazılar
yer alır, onların layihələri
işıqlandırılır, fotoları sərgilənir,
müsahibələri, məqalələri
yerləşdirilir. Eyni zamanda
Şura bir sıra tədbirlər həyata keçirir.
Burada xarici nümayəndələr
və ölkəmizdə
fəaliyyət göstərən
beynəlxalq təşkilatlarla
görüşlər, QHT həyatına
aid ən müxtəlif
məsələlərin müzakirəsi
aparılır. O ki
qaldı yaradıcılığa,
yaradıcılıq məsələsi
çox ciddi məsələdir. Hər bir
yaradıcı insan istəyər ki, sevdiyi peşəsiylə ürəklə məşğul
olsun. Şairin işi nisbətən asandır: hansısa bir misranın qulpundan tutub, onu avtobusda, metroda öz dəftərinə qeyd edir, sonra, necə
deyərlər, ətə-qana
gətirir. Yazıçının işi çətindir.
O, yalnız masa arxasında, kompüter arxasında öz fikirlərini bir sistemə salmalı və nəsə yazmağa çalışmalıdır.
Bu isə həddindən
artıq vaxt və gərgin bir fikir prosesi
tələb edən məşğuliyyətdir. Ona görə də mən bu işimlə
bədii yaradıcılıq
prosesini qoşa, birgə yaşatmağa məcburam. Təbii,
vəzifə borcu yaradıcılıq üçün
az vaxt
saxlayır. Ancaq şənbə, bazar və bayram
günlərində yaradıcılıqla
məşğul oluram.
Burada başlıca problem mövzuya
aid ovqatı itirməməkdir.
Çünki bu gün sənə cəzbedici görünən
bir mövzu sabah hətta
kiçik bir səbəb üzündən
öz cazibədarlığını
itirə bilər. Nəsrdə
mövzu haqqında bildiklərini yazmaq bəribaşdan uğursuzluq
deməkdir. Nəsr, mənim
fikrimcə, nöqtəyə
doğru getdikcə böyüyən kiçik
kəşflər toplusundan
ibarətdir.
Çoxlu yarımçıq işlərim var. Bəzilərini
tamamilə bir kənara qoyuram, bəzilərinin üzərində
paralel çalışıram. Onlardan hələ nə
alınacağını
demək çətindir.
Yalnız keçən
il bir
neçə hekayə
çap elətdirdim.
Bu hekayələrin materialı əsasında
daha geniş düşünmək olardı,
amma bir halda ki, bu
hekayələr bu həcmdə dünyaya gəldisə, sonra mən onlara əl vurmağı məqbul saymadım. Artıq oxucu kütləsinə
çatmış əsərin
üzərində təzədən
işləməyi sevmirəm.
Bilirəm ki, nə zamansa mətbuatda çıxan yazılarımı redaktə
etməli olsam, onları şumlamalı olacağam. Bu şumlama qorxusundan artıq oxucuya təqdim olunmuş yazılarıma qayıtmıram.
Hələlik qayıtmıram.
- Bu, yəqin ki, təkcə qorxu hissi deyil,
eyni zamanda yazdıqlarına olan sevgi, doğmalıq hissidir?
- Prinsipcə, bu yazılara qayıtmaq olar. Çünki fikrin təkmilləşdirilməsi
sonsuz prosesdir. Yəni ən gözəl əsəri də təzədən oturub başqa cür yazmaq olar. Amma o yazılarda elə məqamlar var ki, onlar oxucularımın
müəyyən qismi
tərəfindən sevilib
və yadda saxlanıb. Yazıçı oxucunun qarşısına
çıxarmadığı əsərləri üzərində
işləməlidir, özü
də məsuliyyətlə
işləməlidir. Çünki oxucunun qarşısına
çıxandan sonra bu əsər sənin deyil.
- Bizdə yaradıcı
adamların avara obrazı yaradılıb. Yəni daha çox
səliqəsiz, tökülmüş bir vəziyyətdə
olan bu obraz bir az da gülməlidir. Mən bu baxımdan bayaq o
sualı verdim ki, siz yaradıcı insansınız,
bütün günü kostyumda, qalstukda işgüzar görkəmdə
bir otaqda dayanıb durmaq çətin deyil ki?
- Bu, bəklə də
bizim həyatımıza mane olan cəhətlərdəndir,
çünki belə götürəndə bizim son 200- 300
illik ədəbiyyatmızı yaradanlar müəyyən mənada
bu obraza çox bənzəyir. Bu obraz rus ədəbiyyatında
da, Qərb ədəbiyyatında da təxminən belədir:
bir az sərsəri, bir az məsuliyyətsiz, alkaş və
arvadbaz.. Klassik ədəbiyyatda da bu obraz təxminən buna
oxşardır: Heminquey, Bodler, Dostoyevski. Bunlar qumar da
oynayıblar, əxlaqsız qadınların aşiqinə də
çevriliblər, sərsəri həyat da yaşayıblar,
eyni zamanda çox gözəl əsərlər də
yaradıblar. Bir bu var, bir də klassik Şərq ədəbiyyatı,
Şərq mütəfəkkilərinin həyatı
var ki, onların çox böyük əksəriyyəti
alkoqolu yaxın buraxmayıb, zinadan uzaq olub və özlərindən
sonra çox böyük irs qoyub gediblər. Tutaq ki, Nəsrəddin
Tusi, Ərəbi, Cəlaləddin Rumi, Füzuli və
başqaları. Onlar "Qurani-Kərim"in qanunları,
şəriət qaydaları ilə yaşayıblar. Sual
çıxır ortaya-əcabə, bəs bunlar öz
ilhamlarını nəyin üzərində kökləyirdirlər,
onu necə pərvazlandırırdılar? Yəni Şərq
mütəffəkirlərini düşünəndə, əlbəttə,
Avropa və Rusiya ədəbiyyatından bizə gələn
o yaradıcı obraz xeyli zəif görünür. İndi
biz sovet uşaqlarıyıq. O, avara-yaradıcı obrazı həyatda
yaşamışıq. Amma hər şeyin öz yeri var. Yəni
işləmək məqamında yazıçı çox
ciddi olmalıdır. İnsan talelərinin ekspertizasını
aparan ekspert kimi çıxış etməlidirlər.
- Belə fikir var: yazar
yazdığı ilə özünü ifadə edir. Amma elələri
var ki, əslində, yazdığı deyil.
Yazdığının arxasında gizlənəndir.
- Mən Moskvada Qorki adına
Ədəbiyyat İnstitutunu bitirmişəm. Bu təhsil
ocağı elə bir məktəbdir ki, orada ədəbi
yaradıcılığın ən kiçik
nüanslarını adama öyrədirliər. Müəllimlərimiz
bizə deyirdilər: "Pis adamın yaxşı müəllif
olacağına inanmırıq". Bu, əsrlərin
sınağından çıxmış bir aksiomadır. Hər
bir müəllif özünün şəxsən həyatda
yaşadıqlarını və ya yazdığının
imtiasiyasını yaşamaq səviyyəsində
özündən keçirə biləcəyi şeyləri
yazmalıdır. Bu baxımdan, Azərbaycan ədəbiyyatı
çox uduzub. Ədəbiyyatımızda bir
nağılçılıq, bir təfsirçilik, psixoloji
dayazlıq var. Yəni bu, keçmiş sovet ədəbiyyatı
dövrünü nəzərdə tuturam. Bu dönəmdə
nəsr sahəsində çox zəif məqamlar olub. 60-70-ci
illərdə bizi orta məktəbdə hansı nəsr əsərləri
üzərində tərbiyə etdiklərini düşünəndə
başımın tükləri biz-biz olur. Bu tərbiyəni,
bu çərçivəni görən adam necə
yazıçı ola bilərdi? Bakıda oxuduğum institutda
(Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu
(İndiki Slavyan Universiteti) nəzərdə tutur-red.) bizə
qəti şəkildə tapşırıq verirdilər ki,
sosialist realizmindən başqa heç bir
yaradıcılıq istiqaməti yararlı deyil. Bunu az qala
prokuror hökmü kimi verirdilər və bizə başqa
çıxış yolu qoymurdular. Bəlkə də o
zamankı ədəbi mühitdə də indiki qədər
açıqfikirli adamlar var idi. Amma o zaman onlar fikirlərini,
düşündüklərini ortaya qoya bilmirdilər, oxucuya
çatdıra bilmirdilər. Üstəlik, o zaman
yaradıcı insanların arasında indiki qədər
ünsiyyət yox idi. O gəncləri indiki qədər cəmiyyətin
tanıması mümkün deyildi. Çünki bir-iki qəzet
var idi, o da kommunist ideologiyasını təbliğ edirdi, eləcə də
telekanallar. Lakin biz Moskvada oxuyanda tamam başqa aləmə
düşdük. Biz gördük ki, Rusiyadakı ədəbi
həyat heç bir çərçivəyə
sığmır. Biz orda gördük ki, ədəbiyyatda ədəbi
həqiqətlərin hökmündən başqa heç nə
yerimir.
- Axı hər iki məkanda
sosialist ideologiyası
hakim idi. Bəs nəyə görə
bizdə bütün sahələrdə adamlara
qarşı belə amansız rejim hökm sürürdü?
- Azərbaycan müstəmləkənin daha
ucqarlaırnda yerləşirdi.
Üstəlik, Azərbaycan keçmiş
Sovetlər Birliyində
daha çox zülm görən türk respublikalarından
biri idi. Moskva isə SSRİ-nın paytaxtı idi. Azərbaycana
nisbətən xeyli demokratik ab-hava və dünyaya açıq bir qapı var idi.
Azərbaycan çox bədbəxt
ölkə idi, burada insanların ölüm-dirim sərhədlərində
mövcud olan həyatı və maddi qayğıları var idi. Düzdür,
Rusiyada da sosial- maddi qayğılar
var idi, amma ədəbi mühit tam başqaydı.
Mənim
oxuduğum Ədəbiyyat
İnstitutunda sovet ədəbiyyatının dissidentləri
dərs deyirdi, görüşlər keçirirdi.
Hətta
sovet ideologiyasına xidmət etmədikləri
üçün həbsxanaya
salınmış tənqidçilər
və yazıçılar
dərs deyirdi bizə.
İndi bəziləri Azərbaycan
ədəbi mühiti haqqında söz düşəndə
deyir ki, keçmişdə daha yaxşı idi,
yazıçılara ev, bağ, yaxşı qonorar verirdilər.
Düzdür, bu var idi, amma yaradıcılıq
azadlığı və sərbəstliyi yox idi.
Çünki çap imkanları məhdud idi. Yazarlar illərlə
nəşriyyatların qarşısında boynuburuq
dayanıb, siyahıya düşmənlərini gözləyirdilər.
Pay bölünəndə isə yağlı yerindən ədəbiyyat
generalları götürürdü. Bunların ədəbiyyata
dəxli yoxuydu əslində. Sadəcə, onları general səviyyəsinə
qaldırmaq mövcud ideologiyaya xidmət edən rejimə gərək
idi. O adamlara ödüllər verilirdi, hər cür maddi
imkanlarla təmin olunurdu. Bu dalğada yavaş-yavaş gənc
yazarlara da pay düşürdü və irəli çəkilirdi.
Söz yox, mən də sovet dönəmində
Yazıçılar Birliyindən ev almışam. Amma
müstəqillik dövründə maddi durumun ən
çətin anlarında da Yazıçılar Birliyindən
bir qəpik yardım görməmişəm. Əgər
SSRİ o dövrdə, o vaxtkı maddi imkanları ilə Azərbaycan
yazıçılarına, yaradıcı adamlarına o cür dəstək verirdisə, bu
gün Azərbaycan dövlətinin bu dəstəyi verməyə
daha geniş imkanları var. Bəlkə də dövlətimiz
o maddi yardımı Yazıçılar Birliyinə verir,
amma, təəssüf ki, yazıçılara gəlib
çatmır. Söhbət, əlbəttə, yaxşı
yazıçılardan gedir.
- Bu günlərdə
ölkəmiz Almaniyada keçirilən "Evrovision"
mahnı yarışmasında qalib gəldi və gecəyarısı
Bakı küçələri maşınlarla doldu. Adamlar
sevinirdilər...
- Bilirsiniz bu nə idi? Biz
son 20 ildə o qədər məğlubiyyətlər
görmüşük ki, belə qələbələri
olduğundan da böyük qələbə kimi dəyərləndirə
bilərik. Zatən, heç də kiçik qələbə
deyildi. Arxada duran böyük düşmən bizim qələbələrimizi
oğurlayır. Bizə qələbə hava və su kimi
lazımdır. İnsanlar qələbə sevincini uzun illərdir,
bəlkə də doğulandan gözləyirlər. Odur ki,
insanlar bu sevincə tamarzı kimi sevindilər. Bu yaxşı
haldır, axır ki, biz də qələbə sevincini
daddıq.
Arzu Abdulla
Mövqe.-
2011.-21 may.- S. 13.