Birinci Respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 93 il ötür

 

Birinci yazı

 

Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varislik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk. Şübhəsiz ki, 1918-1920-ci illərlə 1990-cı illər arasında böyük fərq var, yaxud o dövrlə bu dövr arasında çox böyük məsafə var. Bu məsafəboşluqlardan ibarət deyil - bu yetmiş ildə Azərbaycan xalqı yaşayıb, yaradıb, xalq kimi, millət kimi inkişaf edib və Azərbaycanın bu gün mövcud olan iqtisadi, siyasi, intellektual, mədəni potensialını yaradıb. Bunlar hamısı birlikdə yetmiş illik dövrü təşkil edir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin səksən illiyini bayram edərkən Azərbaycan xalqının keçdiyi səksən illik yolu qiymətləndirir əldə olunan bütün nailiyyətlərə qiymət veririk, bizim nailiyyətlərimizi bayram edirik.

 

Heydər Əliyev Azərbaycanın ümummilli lideri

 

Hər bir xalqın tarixində önəmli, yaddaqalan tarixi günlər olur. On doqquzuncu əsrin sonu-iyirminci əsrin əvvəlləri də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən biridir. İslahatlardan sonrakı çar Rusiyasında baş verən əsaslı ictimai-siyasi iqtisadi dəyişikliklər məcrasında Azərbaycanda sahibkarların görkəmli nümayəndələri, onların ideoloqları və ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqlarından tam həcmdə istifadə etməsi üçün mübarizəyə rəhbərlik ediblər. Hər cür çətinliklər, məhdudiyyətlər şəraitində deputat seçilmiş Azərbaycan nümayəndələri Rusiyanın ali qanunvericilik orqanı olan Dövlət Dumasının tribunasından xalqımızın haqq səsini bütün imperiyaya çatdırırdılar. Lakin onların Rusiya parlamentinin bütün müsəlman deputatları ilə səyləri birləşdirmək cəhdləri, ümidləri və səyləri əbəs idi. Çarizm, Duma onların tələblərini yerinə yetirmək, ucqarların müsəlman əhalisinə bərabər hüquqlar, müvafiq imtiyazlar vermək, hüquqi məhdudiyyətləri ləğv etmək və digər məsələləri həll etmək üçün heç bir tədbir görmədi. Köhnə metodlarla diyarı idarə etməkdə getdikcə daha çox çətinlik çəkən yerli çar idarəsinin "acizanə məktubları" da çara təsir göstərə bilmədi. O, "özgə xalqlara" öz ana xəttindən zərrə qədər də olsa kənara çıxmırdı - heç bir hüquq, heç bir imtiyaz verilməməli idi. Beləliklə, Azərbaycanın sosial cəhətdən yuxarı təbəqələrinin nümayəndələri müəyyən təcrid şəraitində idilər və qarşıya qoyduqları məqsədə - Rusiya imperiyası çərçivəsində hüquqi məhdudiyyətlərin ləğvinə nail ola bilmədilər. Təkcə öz imtiyazları uğrunda deyil, həm milli inkişaf azadlığı uğrunda onların mübarizəsinin əsas forma metodları çara, yerli çar hakimiyyət orqanlarına müraciətlərdən, xahişlərdən ibarət idi.

Bu zaman imperiyanın milli ucqarlarında, o cümlədən də Azərbaycanda azadlıq hərəkatı genişlənirdi. Hüquqsuzluq şəraiti yaratmış, hər cür azadfikirlilik və milli dirçəliş təzahürlərinə görə amansız təqiblər həyata keçirən çarizmin müstəmləkə siyasəti Azərbaycandakı böhranı dərinləşdirirdi. Azərbaycanın milli-azadlıq hərəkatının liderləri müstəmləkə əsarətinə qarşı çıxaraq milli bərabərsizliyin ləğvinə, Qafqazda federativ quruluşa çağırır, eyni zamanda hər bir regiona özünəidarəetmə hüququ verilməsi ideyasını müdafiə edirdilər. Onlar mədəni - maarif sahəsində müstəqillik tələb edir, ana dilinin sərbəst inkişafı, ana dilində təlim keçmək hüququ uğrunda mübarizə aparırdılar. Çarizmin müstəmləkə siyasəti, Azərbaycan ziyalılarının məruz qaldıqları iqtisadi və siyasi məhdudiyyətlər onlarda müxalifət əhval-ruhiyyəsinin güclənməsi və ziyalıların öz millətindən olan zəhmətkeşlərlə birləşməsi üçün zəmin yaradırdı.

Azərbaycan sahibkarlarının sosial proseslərin kəskinləşməsi dövründə formalaşmış siyasi əqidəsi siyasi partiyaların və təşkilatların proqram sənədlərində, 1917-ci ilin oktyabr inqilabından əvvəlki bütün dövr ərzində onların nümayəndələrinin və ideoloqlarının çıxışlarında öz əksini tapmış və Rusiyanın Dövlət Dumasında Azərbaycan deputatlarının fəaliyyətində xüsusilə açıq şəkildə nümayiş olunmuşdur. Azərbaycan deputatları çoxsaylı qanun layihələrinin, sorğuların hazırlanmasında və tərtibində, Dumada və onun komissiyalarında qaldırılan məsələlərin müzakirəsində iştirak edərək Rusiyada parlamentarizmin yaranmasına və inkişafına öz töhfələrini verirdilər. Azadlıq hərəkatının böyük yüksəliş dövrü Azərbaycan xalqına istedadlı, yüksək peşəkar ictimai-siyasi xadimlərin parlaq bir dəstəsini bəxş etdi. Onların həyat amalı millətin mənafeyini, azadlığını və müstəqilliyini müdafiə etmək idi. Amansız siyasi və iqtisadi hüquqsuzluq şəraitində Rusiyanın ali nümayəndəli orqanının yüksək tribunasından ilk dəfə olaraq çıxış edib öz sözünü demək imkanı qazanmış Azərbaycan ideoloqları öz xalqının ehtiyac və ümidlərini ardıcıl surətdə və məqsədyönlü şəkildə imperiyanın hər bir sakininə çatdırmağa çalışırdılar. Bəzən hətta şəxsiyyəti alçaltma və təhqir forması alan heç bir əngəl, heç bir maneə onların qarşısını kəsə, onları tutduqları yoldan çəkindirə bilmirdi. Rusiyanın Dövlət Dumasındakı fəaliyyət prosesində Azərbaycan deputatlarının topladıqları təcrübə gələcəkdə onlara cəmiyyətin bütün mütərəqqi qüvvələrinin səylərini birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa, milli hökumətin rəhbər orqanlarına rəhbərlik etməyə və müstəqil dövlətçiliyin yaradılmasına imkan verdi.

Beləliklə, 1917-ci ilin fevral burjua-demokratik inqilabı nəticəsində çarizmin 300 illik hökmranlığına son qoyuldu. Romanovlar sülaləsi devrildi, hakimiyyətə müvəqqəti hökumət gəldi. Müvəqqəti hökumətin hakimiyyətə gəlməsi ilə Rusiyanın ictimai-siyasi həyatında xeyli dəyişikliklər baş verdi. Faktiki olaraq həmin dövrdə Rusiyada üç hakimiyyət mövcud idi. Bunlardan biri rəsmi hakimiyyət - müvəqqəti hökumət, ikincisi, beynəlmiləlçiliyə, sosial-demokratiyaya əsaslanan sovetlər, üçüncüsü isə Rusiyanın milli ucqarlarında olan milli şuralardan ibarət idi.

Qeyd edək ki, çarizmin devrilməsi Rusiya ərazisində yaşayan xalqların azadlıq hərəkatlarını daha da gücləndirdi. Zaqafqaziyada, o cümlədən Azərbaycanda da milli-demokratik hərəkat geniş vüsət aldı. Təbii ki, bu prosesdə milli burjuaziya, xalq ziyalıları fəal iştirak edirdilər.

Həmin il noyabrın 22-də Sovet hökuməti "Rusiyanın və Şərqin bütün müsəlman əhalisinə" adlı müraciətində müsəlman zəhmətkeşlərinin hüquqlarını elan etdi. Həmin müraciətdə qeyd edilirdi ki, "bu gündən etibarən sizin adət və ənənələriniz, milli və mədəni müəssisələriniz azad və toxunulmaz elan edilir. Özünüz milli həyatınızı sərbəst və toxunulmaz şəkildə qurun. Buna sizin haqqınız var".

Bir məqamı da qeyd edək ki, 1917-ci ildə Petroqradda bolşeviklər hakimiyyətə gəldilər. Bu çevriliş nəticəsində onlar müvəqqəti hökuməti devirdilər və "Müəssisələr məclisi" çağrılmadı. Beləliklə, Cənubi Qafqazdan, o dövrdə Zaqafqaziyadan seçilən deputatlar "Müəssisələr məclisi"nə getmədilər. Həmin dövrdə vəziyyəti şərtləndirən cəhətlərdən biri də 1917-ci ilin dekabrında Osmanlı Türkiyəsi ilə Zaqafqaziya komissarlığı arasında Ərzincanda barışıq sazişi imzalamaları oldu. Bu barışığa uyğun olaraq, Qafqaz cəbhəsindən çıxarılmış rus ordusunu əvəz edən erməni ordu birləşmələri cəzasızlıq şəraitindən istifadə edərək, yerli müsəlman əhalisinə qarşı vəhşiliklər törətdilər. Nəticədə 1918-ci ilin martına qədər İrəvan quberniyasında azərbaycanlı əhalinin yaşadığı 199 kənd məhv edildi. Bu ərazidə yaşayan 135 min nəfər əhalinin bir qismi ermənilər tərəfindən öldürülmüş, bir çoxu isə Osmanlı ordusunun nəzarəti altında olan torpaqlara pənah aparmışdılar. Təkcə İrəvan quberniyasında bir il ərzində ermənilər 100 mindən artıq türk-müsəlman əhalisini məhv qətlə yetirdilər. Şaumyanın rəhbərlik etdiyi bolşeviklər və daşnak qüvvələri isə Bakıda yerli azərbaycanlı əhaliyə qarşı soyqırım törətdilər. 12 mindən çox dinc əhali qətlə yetirildi, təkcə Erməni Milli Şurasından başqa, şəhər duması, milli şuralar ləğv edildi. Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə edildi, xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan oldu. Daşnak - bolşevik birləşmələri uzaqvuran toplarla "Təzəpir" məscidini zədələdi və memarlıq incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırdılar. Təkcə Bakıda deyil, Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar idi. Quba qəzasının isə 162 kəndi dağıdıldı, 16 mindən artıq günahsız insanın həyatına son qoyuldu, 32 kənd yer üzündən silindi.

Azərbaycanın şərqində Sovet Rusiyasının yerli hökumətini qurmağa nail olan Şaumyan bütün Cənubi Qafqazı sovetləşdirmək adı altında "Böyük Ermənistan" ideyasını gerçəkləşdirməyə çalışırdı.

 

 

A.     Sultanova

 

Mövqe.- 2011.- 24 may.- S. 4.