İKT xarici işlər nazirlərinin 19-21 iyun, 2006-cı ildə Bakıda keçirilən 33-cü sessiyası

 

10) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında 9/33-P saylı qətnamə

İslam Konfransı Təşkilatı Nizamnaməsinin prinsip və məqsədlərinə əsaslanaraq;

Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzündən ciddi şəkildə narahat olaraq;

Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal altında saxlanılmasının davam etdirilməsi və həmin ərazilərdə qanunsuz olaraq erməni millətindən olan şəxslərin köçürülməsindən dərin narahatlıq hissi ifadə edərək;

Erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən və bu nəhəng humanitar problemin ağırlığından dərin narahatlıq keçirərək;

İslam Konfransı Sammitinin bütün əvvəlki qətnamələrini, xüsusilə 20-21 Şaban, 1424-cü il Hicri tarixində (16-17 oktyabr 2003) Putracayada keçirilmiş zirvə görüşündə qəbul olunmuş 21/10-P(IS) saylı qətnaməsini bir daha təsdiq edərək;

BMT Nizamnaməsinə ciddi şəkildə əməl edilməsinə, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə yerinə yetirilməsinə çağıraraq;

Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll edilməsi üçün bütün diplomatik və digər cəhdləri alqışlayaraq;

Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək öhdəliyini bir daha təsdiq edərək;

Ermənistan Respublikasının təcavüzkar siyasətinin ATƏT çərçivəsindəki sülh prosesinə dağıdıcı təsir göstərdiyini bir daha qeyd edərək;

Baş katibin hesabatını (OIC/ICFM - 33/POL/SG-REP.7) nəzərə alaraq

1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü sərt şəkildə ittiham edir.

2. İşğal olunmuş Azərbaycan torpaqlarındakı mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri insanlığa qarşı cinayət hesab edir.

3. Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin talan edilməsini və yandırılmasını sərt şəkildə ittiham edir.

4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tam şəkildə yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu da daxil olmaqla bütün işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edir və Ermənistanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanımağa çağırır.

5. Ermənistanın yuxarıda göstərilən BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərini hələ də yerinə yetirməməsindən narahatlığını ifadə edir.

6. BMT Təhlükəsizlik Şurasını Azərbaycan Respublikasına qarşı təcavüzü tanımağa; BMT Nizamnaməsinin VII fəslinə uyğun olaraq öz qətnamələrinin yerinə yetirilməsini təmin etməyə; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzü ittiham etməyə və aradan qaldırmağa çağırır və bu məqsədlə BMT-də əlaqələndirilmiş tədbirlər görməyi qərara alır.

7. Təcavüzkarı münaqişəni genişləndirmək və Azərbaycan ərazilərini işğal altında saxlamaq imkanlarından məhrum etmək məqsədilə bütün üzv dövlətləri Ermənistana silah və hərbi ləvazimatla təchiz etməkdən çəkinməyə çağırır. Üzv dövlətlərin əraziləri belə bir təchizat üçün tranzit kimi istifadə olunmamalıdır.

8. Üzv dövlətləri, həmçinin beynəlxalq birliyin digər üzvlərini Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə bütün təsirli siyasi və iqtisadi vasitələrdən istifadə etməyə çağırır.

9. Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ədalətli və sülh yolu ilə həllinə çağırır.

10. Üzv dövlətlərin Nyu-Yorkdakı Daimi Nümayəndəliklərini BMT Baş Məclisində səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsini müdafiə etmək üçün təlimatlandırmağı qərara alır.

11. Ermənistanı və ATƏT-in Minsk Qrupunun bütün üzv dövlətlərini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in sənədləri, o cümlədən 24 mart 1992-ci ildə keçirilmiş ATƏT Şurasının Birinci Əlavə Görüşünün, 5-6 dekabr 1994, 2-3 dekabr 1996 və 18-19 noyabr 1999-cu il ATƏT Sammitlərinin sənədlərinə əsasən ATƏT-in davam etməkdə olan sülh prosesində konstruktiv şəkildə iştirak etməyə və sülhə nail olmağı daha da çətinləşdirə biləcək istənilən hərəkətdən çəkinməyə çağırır.

12. Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üçün ATƏT sədrinin 1996-cı il Lissabon zirvə görüşündəki bəyanatında əks olunan prinsipləri - Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu verilməsi və bütün regionun əhalisinin təhlükəsizliyinə təminat verilməsini tam dəstəklədiyini bəyan edir.

13. Baş vermiş faktın münaqişənin həlli üçün əsas ola bilməyəcəyini və nə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki mövcud vəziyyətin, nə də mövcud status-kvonu saxlamaq üçün həmin ərazilərdəki istənilən fəaliyyətin, o cümlədən təşkil edilən səsvermənin hüquqi cəhətdən keçərli qəbul olunmayacağını vurğulayır.

14. Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olan, münaqişənin sülh yolu ilə həlli prosesinə pozucu təsir göstərən Azərbaycanın işğal olunmuş ərazilərində erməni millətindən olan əhalinin yerləşdirilməsinin dayandırılmasını və bunun nəticələrinin aradan qaldırılmasını tələb edir və Azərbaycanın BMT Baş Məclisi də daxil olmaqla bu məqsədlə göstərdiyi səyləri o cümlədən Nyu-Yorkda BMT-dəki Daimi Nümayəndəlikləri vasitəsilə müdafiə edir.

15. ATƏT-in Minsk Qrupunun fəaliyyətini və Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində aparılan məsləhətləşmələri müdafiə etdiyini və mərhələli həllin Azərbaycan Respublikasına qarşı təcavüzün ən ağır nəticələrini aradan qaldıracağına inandığını bildirir.

16. Baş katibdən İKT-nin Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı prinsipial və qəti mövqeyini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının indiki sədrinə çatdırmağı xahiş edir.

17. Azərbaycan hökumətinin və xalqının öz ölkələrini müdafiə etmək üçün göstərdiyi cəhdlərlə tam həmrəyliyini bir daha təsdiq edir.

18. Məcburi köçkünlərin və qaçqınların təhlükəsiz, şərəf və ləyaqətlə qayıtmasına şərait yaradılmasına çağırır.

19. Məcburi köçkünlərə və qaçqınlara humanitar yardım göstərmiş bütün üzv dövlətlərə minnətdarlığını ifadə edir və digərlərini də həmin insanlara yardım göstərməyə çağırır.

20. Azərbaycan Respublikası ərazisində bir milyondan çox məcburi köçkünlərin və qaçqınların mövcudluğu ilə əlaqədar humanitar problemlərin kəskinliyindən narahatlığını ifadə edir və İKT üzv dövlətlərini, İslam İnkişaf Bankını və digər İslam institutlarını Azərbaycan Respublikasına böyük ehtiyac duyulan maliyyə və humanitar yardım göstərməyə çağırır.

21. Azərbaycanın məruz qaldığı zərərlərə görə müvafiq kompensasiya hüququ olduğunu hesab edir bu zərərlərə görə adekvat kompensasiya ödənilməsi məsuliyyətini Ermənistanın üzərinə qoyur.

22. Baş Katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət etməyi və bununla bağlı İslam Konfransı Xarici İşlər Nazirlərinin 34-cü Sessiyasına məruzə etməyi xahiş edir.

 

 

Mövqe.- 2011.- 25 may.- S. 10.