Birinci Respublika

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 93 il ötür

 

İkinçi yazı

 

Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşasa da, iyirminci əsrdə xalqımızın həyatında tarixi bir mərhələ olub və gələcəyimizin, müstəqilliyimizin, azadlığımızın, suverenliyimizin təməlini qoyub. Məhz buna görə də Azərbaycanın bütün vətəndaşları - biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, onun fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik. Eyni zamanda biz ondan sonrakı dövrü də yüksək qiymətləndiririk. 1991-ci ilin sonunda Azərbaycan xalqı 1918-ci ildə əldə olunmuş və sonra itirilmiş müstəqilliyini bərpa etmişdir. Ötən altı il müddətində biz müstəqillik şəraitində yaşayırıq. Azərbaycan öz müstəqilliyini dünyaya sübut etdi, beynəlxalq təşkilatlarda təsdiq etdi və istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratdı.

 

Heydər Əliyev,

Azərbaycanın ümummilli lideri

 

Müstəqil Zaqafqaziya Federativ Demokratik Respublikasının yaradılması, belə demək mümkünsə, Cənubi Qafqazın müstəqilliyinin elan olunması Azərbaycanın vəziyyətində müsbət dəyişiklik yaratmadı. Belə ki, Azərbaycanın şərqində bolşevik qurumu, qərbində isə erməni hərbi birləşmələri yerli əhalini qırmaqla məşğul idilər. Buna görə Azərbaycan nümayəndə heyəti Batum sülh konfransına böyük ümidlə baxırdı. Çünki onlar başa düşürdülər ki, yalnız Osmanlı qüvvələrinin köməyi ilə Bakını bolşevik qüvvələrindən azad etmək, ermənilərin Azərbaycan əhalisinə qarşı qırğınlarını dayandırmaq mümkündür. Konfransa yola düşməzdən əvvəl müsəlman fraksiyasının üzvü Nəsibbəy Yusifbəylinin söylədiyi nitq Azərbaycanın düşdüyü çətin şəraitə verdiyi obyektiv qiymət idi. O deyirdi: "Bizim bu gücsüz halımızda xarici köməyə müraciət etməkdən başqa çarəmiz yoxdur. Müstəqilliyimizin ən qəti müdafiəçisi olmağıma baxmayaraq, indiki halda biz sevinməliyik ki, buraya gələcək qüvvə bizə dost qardaş Türkiyədir. Ola bilsin, bu, qonşularımızın xoşuna gəlməsin, amma başqa çıxış yolumuz yoxdur... Xətir üçün xəstə düşə bilmərik. Bununla belə, heç vaxt azad Azərbaycanın müstəqil yaşaması fikrini yaddan çıxarmağa haqqımız yoxdur".

1918-ci il mayın 25-də Zaqafqaziya seyminin müsəlman fraksiyasının iclası keçirildi. İclasda Cənubi Qafqazda siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar rəsmi bəyanatda deyilirdi ki, seymin gürcü fraksiyası Batumda gizli danışıqlar aparır və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşır. Mayın 25-də Fətəli xan Xoyskinin sədrlyi ilə seymin müsəlman fraksiyasının axşam iclası keçirildi. Seymin sədri və gürcü fraksiyasının üzvləri iclasa gələrək elan etdilər ki, seymin sabahkı iclasında Zaqafqaziya respublikasının ləğv olunması faktını təsdiq edəcəklər. Azərbaycanda yaranmış çətin vəziyyət milli - demokratik qüvvələri seymdə azlıqda qalıb hadisələrin gedişini seyr etməkdənsə, qəti addımlar atmağa vadar etdi. Azərbaycan Türkiyəyə böyük ümidlər bəsləyirdi. Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın 29 yaşlı qardaşı Nuru paşanı 300 nəfər təlimatçısı ilə Azərbaycana köməyə göndərməsi bu yardımın təməlini qoydu.

Mayın 26-da Zaqafqaziya seyminin sonuncu iclası keçirildi. Gürcü nümayəndələri seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etdilər. Fraksiya Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxdı. Guya müsəlman fraksiyası türkpərəst mövqe tutduğu üçün gürcülər onlarla bir seymdə fəaliyyət göstərə bilməzlər. Zaqafqaziya seyminin üzvü Səfibəy Rüstəmbəyov gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edib və deyirdi: "Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır".

Mayın 27-də isə seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Azərbaycan xalqının milli mənlik şüurunun oyandığı, keçmiş milli-müstəmləkəçilik əsarətinin bütün təzahürlərinə son qoymağa çalışdığı bir şəraitdə müstəqil Azərbaycan Respublikası elan etmək tələb olunurdu. Bu, uzun illər boyunca öz milli dövlətini yaratmaq arzusunda olan Azərbaycan xalqının istəyinə uyğun idi.

1918-1920-ci illər Azərbaycan adlı bir məmləkətin tarixinin maraqlı, eyni zamanda mürəkkəb və ziddiyyətli dövrlərindən birini əhatə edir. Təbii ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini elan etməsi Azərbaycan xalqının tarixində və taleyində çox böyük bir hadisə idi. Azərbaycanın ümumilli lideri, xalqımızın böyük oğlu Heydər Əliyev bu barədə deyirdi: "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsibbəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərinadları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir".

1918-ci il mayın 28-də Tiflisdə müstəqillik elan olundu və hökumət quruldu. Azərbaycan Milli Şurası "İstiqlal bəyannaməsi"ni qəbul etdi. Milli Şuranın 24 səslə qəbul etdiyi bu qərar və altı bənddən ibarət "İstiqlal bəyannaməsi" Azərbaycanın varlığını bütün dünyaya bəyan etdi. Yalnız iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bu taleyüklü məsələdə bitərəf qaldı. Bu hüquqi və siyasi sənəddə Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, eyni zamanda dövlətin əsas fəaliyyət prinsipləri burada öz əksini tapdı. "İstiqlal bəyannaməsi"ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların milli və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hərbir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının severen, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu nümayiş etdirdi. "İstiqlal bəyannaməsi" Azərbaycanın millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi.

Cümhuriyyətin Azərbaycan tarixində xidmətləri əvəzsizdir. Azərbaycan öz tarixində ilk dəfə bu adla səslənib. Hansı ki, Azərbaycan adı o vaxta qədər yalnız coğrafi məfhum idi. 1918-ci il mayın 28-dən sonra bu ad siyasi məfhuma çevrildi və Azərbaycan adı artıq dövlət kimi çağrılmağa başladı. O zaman Azərbaycan dünya üçün də yeni idi. Bu, bütün müsəlman Şərqində nadir bir hadisə idi.Azərbaycan xalqı müsəlman Şərqinə ilk dəfə olaraq respublika ifadəsini, cümhuriyyət düşüncəsini gətirdi. Baş verən bu hadisə Azərbaycan xalqının bütün müsəlman dünyası qarşısında ən mühüm tarixi xidmətlərindən biri idi. Respublika idarəetmə formasını ilk dəfə olaraq bu ərazidə Azərbaycan xalqı qurdu. Azərbaycan hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri hökumətin müvəqqəti paytaxtı olan Gəncəyə gəlməsi idi.

 

 

A.  Sultanova

 

Mövqe.- 2011.- 25 may.- S. 4.