Biləsuvar müasirabad görkəm alıb

 

2004-2008-ci illərdə rayonda bir sıra mühüm obyektlər tikilərək istifadəyə verilib

 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində son illərdə həyata keçirilən kompleks tədbirlər Azərbaycanın bölgələrində iqtisadiyyatın şaxələndirilməsinə və makroiqtisadi nəticələrin əldə olunmasına imkan yaratmaqla yanaşı, abadlıq işlərinə ciddi təkan verib. Hələ 2004-2008-ci illəri əhatə edən birinci regional inkişaf proqramı çərçivəsində ayrı-ayrı rayonlarda infrastrukturun yeniləşməsinə və yenidənqurma işlərinə kifayət qədər vəsait ayrılıb. Bunun nəticəsidir ki, bölgələrimiz ötən illərdə sovetlər birliyi dövründəki miskin görkəmindən tamamilə azad olaraq sürətlə müasirləşib, görkəmini əsaslı dərəcədə dəyişib.

Bunu konkret olaraq Biləsuvar rayonunun timsalında aydın görmək mümkündür. 2003-cü ildən rayonun əksər ərazilərində tikinti-abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. 2004-2008-ci illəri əhatə edən birinci regional inkişaf dövlət proqramı isə Biləsuvarın inkişafında mühüm rol oynayıb. Bu illərdə şəhər küçələrində, park və meydanlarında piyada səkilərinə 15,0 min kvadratmetr üzlük tava döşənib. Şəhərin "Heydər Əliyev", "Nizami" və "M.F.Axundzadə" küçələrində yeni işıqlandırma sistemi quraşdırılıb, Salyan, İmişli və Cəlilabad rayonları istiqamətlərində rayonun adını əks etdirən lövhələr ucaldılıb. Bundan başqa, Ələt-Astara magistral avtomobil yolunun Xırmandalı kəndi ərazisində 2,4 km uzunluğunda yeni hasar tikilib, həmin ərazidə 1 km uzunluğunda beton su kanalı çəkilib. Ələt-Astara magistral avtomobil yolunu dolama yolu ilə birləşdirən ərazidə dövlət rəmzlərini əks etdirən 14 metr hündürlüyündə, Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Səmədabad kəndi ərazisində isə 12 metr hündürlüyündə qüllə ucaldılıb.

Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin problemləri də daim diqqət mərkəzində olub. Qarabağ əlilləri üçün Aşağı Cürəli və Ağayrı kəndlərinin hər birində 1 ədəd fərdi yaşayış evi, şəhərin S.Vurğun küçəsində Qarabağ əlilləri və şəhid ailələri üçün 8 və 20 mənzilli yaşayış binaları tikilib istifadəyə verilib. Ötən dövrdə şəhərin S.Vurğun küçəsində 5 mərtəbəli yaşayış binasında əsaslı bərkitmə işləri aparılıb, Heydər Əliyev küçəsində 11 ədəd kommunal yaşayış binalarının dam örtükləri müasir tipli şifer materialı ilə üzlənib.

2008-ci ildə Biləsuvar rayon Kommunal Müəssisələri Kombinatına rayonda təmizlik işlərinin aparılması üçün ümumi dəyəri 225,0 min manat olan 3 ədəd yeni texnika - 1 ədəd yükünü özüboşaldan "Kamaz" avtomaşını, 1 ədəd "BOBCAT"-T-40-140 markalı teleskopik yükləyici, 1 ədəd "Kamaz" markalı sudaşıyan və çiləyici sisterna verilmişdir. Bu da təmizlik işlərinin aparılmasına öz müsbət təsirini göstərib.

Pambıqçılığın və taxılçılığın dəstəklənməsi üzrə də xeyli işlər görülüb. 2004-cü ildə əvvəlki illə müqayisədə 2008-ci ildə 2014 hektar çox pambıq əkilib. Ümumilikdə, rayon üzrə ümumi pambıq əkini tədbirlər planında nəzərdə tutulmuş 5500 hektar əvəzinə 6714 hektara çatdırılıb. Pambıq bitkisinin artıq əkilməsinə stimul verən səbəblərdən biri də suvarmanın təşkili və yenidənqurma işləridir. Belə ki, Əzizbəyov adına kanalın üzərində S.Vurğun-1, S.Vurğun-2 adlanan nasos stansiyalarının tikilib istifadəyə verilməsi suvarma sahəsində vəziyyəti kökündən dəyişib. Bu stansiyalarda 1 ədəd 132 kvt elektrik mühərriki, 2 ədəd PQ-50 markalı nasos, 1 ədəd vakum nasosu, 1 ədəd transformator, 1 ədəd K-270 markalı dizel mühərriki, 130 metr boru xətti quraşdırılıb. Bundan başqa, hər iki stansiyada 2 kilometrə yaxın suqəbuledici və suötürücü kanallardan lil təmizlənib. Rayonun Aşağı Cürəli kəndi ərazisindəki ləğv edilmiş 14 saylı nasos stansiya bərpa edilərək 1 ədəd PQ-50 markalı nasos quraşdırılıb, 25 metr boru xətti çəkilərək nasos stansiya istifadəyə verilib.

Aqrar sahənin inkişaf etdirilməsi, torpaqlardan yüksək məhsuldarlıq əldə olunması üçün mövcud əkin sahələrinin meliorasiya edilməsi əsas amillərdən biridir. Bununla əlaqədar 2004-cü ildən 2008-ci ilədək 710 km uzunluğunda kollektor-drenaj şəbəkələrində lildən təmizləmə işləri görülüb. 2004-cü ildə kollektor-drenaj sistemlərinin 250 km-i lildən təmizlənib. Bütün bunların nəticəsidir ki, 2004-cü ildə 11641 ton pambıq məhsulu istehsal edilərək, orta hesabla 1 hektardan 17,3 sentner məhsul əldə edilib. 2005-ci ildə isə rayon üzrə 10340 hektar sahədə pambıq bitkisi əkilib və 17531 ton pambıq istehsal edilib. Pambıqçılıqdan yüksək məhsul əldə edilməsinin başlıca səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarılmasıdır.

Biləsuvar rayonunda aqrar bölmənin ən böyük sahələrindən biri də heyvandarlıqdır. Ötən illərdə bu sahədə də nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Belə ki, 2004-cü ildə iri buynuzlu mal-qaranın baş sayı 36500 baş, xırda buynuzlu mal-qaranın baş sayı 125 min başa çatdırılıb. Həmin ildə quşların baş sayı 260 min təşkil edib. Ət istehsalı 3042 ton, süd istehsalı 14501 ton, yun istehsalı 161 ton, yumurta istehsalı isə 13506 min ədəd olub. 2005-ci ildə iri buynuzlu mal-qaranın baş sayı 36800 başa, xırda buynuzlu mal-qara isə 128500 başa çatdırılıb.

2006-cı ildə heyvandarlıq sahəsində də müəyyən irəliləyişlər olub. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 37254 başa, xırda buynuzlu mal-qaranın baş sayı isə 129545 başa çatdırılıb. Bu da 2005-ci ildən müvafiq olaraq 123 baş və 218 baş artıqdır. 2006-cı ildə ət istehsalı 2841 ton, süd istehsalı 14577 ton, yumurta istehsalı 10774 min ədəd, yun istehsalı 170 ton olub. 2007-ci ildə isə iri buynuzlu mal-qaranın baş sayı 37519 başa, xırda buynuzlu mal-qaranın baş sayı 129921-ə çatdırılıb. 2007-ci ildə ət istehsalı kəsilmiş çəkidə 3036 ton, süd istehsalı 14607 ton, yumurta istehsalı 6333 min ədəd, yun istehsalı 172 ton təşkil edib.

2006-cı ildə rayonda "Aqrolizinq" ASC-nin aqroservis xidməti yaradılıb. Hazırda burada 10 ədəd taxılbiçən kombayn, 12 ədəd şum traktoru, 1 ədəd nəqliyyat traktoru, 4 ədəd taxılsəpən, 3 ədəd mala, 2 ədəd presbağlayan, 3 ədəd otbiçən və digər kənd təsərrüfatı aqreqatları gətirilərək istifadə edilir. Bundan başqa, rayonun 2 kəndində, o cümlədən Yuxarı Cürəli, Əsgərabad kəndlərində 2 mexanikləşdirilmiş dəstələr yaradılıb.

2008-ci ildə rayonda illik emal gücü 10000 ton olan süd emalı zavodunun tikilib istifadəyə verilməsi də yeni iş yerlərinin açılması baxımından əhəmiyyətli addım olub.

2004-2008-ci illərdə Biləsuvarda Heydər Əliyev Fondunun vəsaiti hesabına 4 yeni məktəb binası tikilərək istifadəyə verilib. Habelə, 240 yerlik şəhər Nizami adına 1 saylı orta məktəbi üçün əlavə tədris korpusu inşa olunub. Biləsuvar Məktəb-Lisey kompleksi üçün inşa olunan yeni bina isə 2008-ci ilin oktyabr ayında istifadəyə verilib. Arazbarı kənd əsas məktəbi üçün 220 şagird yerlik yeni binanın tikintisinə 2007-ci ilin sonlarında başlanılıb və 2008-ci ilin sentyabr ayında istifadəyə verilib. Bundan başqa, rayonun Bağbanlar kənd orta məktəbi yanında 5 əlavə sinif otağı, Günəşli kənd orta məktəbi yanında 4 əlavə sinif otaqları tikilərək istifadəyə verilib. 2008-ci ilin sonlarında isə rayonun Əmənkənd əsas məktəbi üçün 200 yerlik yeni bina tikilərək istifadəyə verilib.

2004-2008-ci illər ərzində şəhər 1 saylı orta, 2 saylı orta, 4 saylı orta, şəhər 6 saylı orta, internat orta, Nərimankənd, Əsgərabad, Təzəkənd, Yuxarı Cürəli kənd orta məktəblərində əsaslı təmir işləri aparılıb. Biləsuvar şəhər 1 saylı, 2 saylı, 4 saylı və internat orta məktəblərində istilik qızdırıcı sistemləri quraşdırılıb. Biləsuvar peşə liseyində 2008-ci il ərzində daxili imkanlar hesabına əsaslı təmir işləri aparılıb. Liseyin əsas və yardımçı korpusunun üst örtüyü dəyişdirilib.

Ümumiyyətlə, 2004-2008-ci illərdə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə rayon Təhsil Şöbəsi tərəfindən 179200 manatlıq əsaslı, 136180 manatlıq cari təmir işləri aparılıb. 157140 manatlıq inventar və 308 ədəd kompyuter dəsti alınaraq məktəblərə paylanılıb. Əlavə olaraq Respublika Təhsil Nazirliyi tərəfindən 186730 manatlıq inventar verilib.

2004-2008-ci illərdə Mərkəzi Rayon Xəstəxanasının infeksion, poliklinika, cərrahiyyə, terapiya, vərəm, təcili yardım şöbələrində, klinik-diaqnostik laboratoriyada, daxili aptekdə əsaslı təmir aparılıb. Bu dövrdə rayonun Əmənkənd, Əliabad kənd feldşer-mama məntəqələri Bəydili, Zəhmətabad, Yuxarı Ağalı kənd həkim ambulatoriyaları üçün yeni binalar inşa olunub. Ağalıkənd, Nəsimikənd və Bağbanlar kənd sahə xəstəxanalarında, Ovçubərə, Təzəkənd və Nərimankənd həkim-ambulatoriyalarında əsaslı təmir işləri görülüb. Səhiyyə ocaqlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə 4 ədəd təcili yardım maşını və müxtəlif diaqnostik-cərrahi avadanlıqlar alınıb.

 

(ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Biləsuvar-Bakı

 

Mövqe.- 2011.- 1 noyabr.- S. 10.