Biləsuvarda gənclərə xüsusi qayğı göstərilir

 

Son illərdə Biləsuvar rayonunda təhsil, səhiyyə və mədəniyyət sahəsində mühüm işlər görülüb. Bu sahələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb, xidmət mədəniyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunların nəticəsidir ki, 2010-cu ildə tamorta ümumtəhsil məktəblərini bitirmiş 1134 nəfər məzundan 193 nəfəri test üsulu ilə müvəffəqiyyətlə imtahan verərək tələbə adını qazanıb.

Orta ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təmini də xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə ümumtəhsil məktəblərinin ötən dərs ilində kompyuterlərlə təminatı daha da yaxşılaşdırılıb, mövcud kompyuterlərin sayı 389-a çatdırılıb və bu da hər 33 şagirdə bir kompyuter dəsti deməkdir.

Rayonda 14754 nəfər şagirdin təhsil aldığı 36 orta və əsas ümumtəhsil məktəblərinin maddi-texniki təminatı ilbəil möhkəmləndirilir. Son illər Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana-yeni məktəblər" layihəsi əsasında rayonda 9 yeni məktəb binası tikilərək istifadəyə verilib. Həmin məktəblərdən dördü Heydər Əliyev Fondunun, biri qeyri-hökumət təşkilatının, bir məktəb-lisey isə Mərkəzi Bankın maliyyə vəsaiti ilə, üçü isə Dövlət Proqramı əsasında inşa olunub. Yeni istifadəyə verilmiş bu məktəblərdə təhsilin müasir tələblər səviyyəsində aparılması üçün lazımi şərait mövcuddur.

Bundan əlavə, yeni məktəb tikintiləri ilə yanaşı, mövcud məktəblərin əsaslı və cari təmiri də daim diqqət mərkəzində saxlanılır. Ötən müddətdə rayonun təhsil ocaqlarından 11-i yüksək tələblərə cavab verən şəkildə əsaslı təmir olunub, digərlərində müvafiq cari təmir işləri aparılıb. Eyni zamanda rayonun Xırmandalı kənd 1 saylı tam orta məktəbində və Zəhmətabad kənd tam orta məktəbinin idman zalında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.

Bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1047 məzundan 640-ı kamal attestatlarına yiyələnib. Onlardan 439 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün test imtahanlarına buraxılıb, 146-sı ali təhsil, 70 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. 2010-2011-ci tədris ilində məzunlardan 9 nəfəri 600-dən, 21 nəfəri isə 500-dən çox bal toplayıblar. 1 nəfər məzun Prezident təqaüdünə layiq görülüb.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində olub. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan, xüsusi istedada malik uşaqlar üçün məktəb-lisey kompleksinin fəaliyyətə başlaması rayonun təhsil ictimaiyyəti üçün əlamətdar hadisə olub. Burada təhsil alan 107 şagirdin elmi-biliklərə səylə yiyələnməsi üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Bundan başqa, Dövlət Proqramına uyğun olaraq İsmətli kəndində 640 yerlik məktəb binası istifadəyə verilib.

Rayonda gənclərin idmana marağının gücləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Biləsuvarda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin inşası bu baxımdan mühüm rol oynayır. Kompleksdə bir sıra zona və respublika yarışlarının keçirilməsi buradakı nümunəvi xidmətdən xəbər verir. Hazırda burada idmanın cüdo, boks, futbol, basketbol növləri üzrə fəaliyyət göstərən qruplarda 250 nəfərdən çox yeniyetmə idman həvəskarı müntəzəm məşğul olur.

Rayonda əhalinin səhiyyə xidmətinə olan tələbatının daha dolğun və keyfiyyətli ödənilməsi istiqamətində də xeyli iş görülüb. Hazırda rayon əhalisinə 3 xəstəxana, 14 həkim, 6 tibb məntəqəsi xidmət göstərir. Mərkəzi Rayon Xəstəxanasının tibbi heyətinin bütün səyləri əhali arasında profilaktik tədbirlərin gücləndirilməsinə yönəldilib.

Biləsuvarda mədəniyyət müəssisələrinin də fəaliyyətinə geniş imkanlar yaradılıb. Rayonda əhaliyə xidmət göstərən 20 klub və mədəniyyət evində, 37 kitabxanada, 2 incəsənət məktəbində, Heydər Əliyev və Tarix-diyarşünaslıq muzeylərində, Rəsm qalereyası və Heydər Əliyev məktəbində ilboyu müxtəlif tədbirlər keçirilib. Heydər Əliyev ideoloji mərkəzində yaradılmış tədqiqat qrupunun işə başlaması mərkəzin fəaliyyətini daha da canlandırıb.

Hazırda Biləsuvarın mövcud əhalisinin 29 min nəfərini gənclər təşkil edir. Gənclərə qayğı və diqqət ilbəil artırılır, onların sabahın hərtərəfli, layiqli vətəndaşları kimi tərbiyə olunması üçün səmərəli tədbirlər həyata keçirilir. Gənc nəslin zərərli vərdişlərdən, narkomaniya kimi bəladan uzaq olması üçün onların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Gənc nəsildə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinin gücləndirilməsi də diqqət mərkəzindədir. Əslən Biləsuvardan olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yenilməz şücaəti rayonun hər bir sakinində sonsuz iftixar hissi oyadıb. Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamına uyğun olaraq rayonda fəaliyyət göstərən məktəb-liseyə və Biləsuvar şəhərindəki mərkəzi küçəyə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib. Ötən il rayonun gənc idmançıları bir sıra beynəlxalq respublika və zona turnirlərində uğurla çıxış edərək, 6 qızıl, 2 gümüş medala sahib olublar.

Əhaliyə göstərilən səhiyyə xidmətinin durmadan yaxşılaşdırılması ölkə rəhbərliyinin xüsusi diqqət yetirdiyi sahələrdəndir. Əhalinin demək olar ki, hər gün müraciət etdiyi səhiyyə ocaqlarında onlara göstərilən xidmətdən razı qalması üçün respublika miqyasında mütəmadi olaraq konkret tədbirlər həyata keçirilir. Yeni-yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi bu sahədə aparılan islahatların tərkib hissəsi olmaqla əhaliyə xidmət mədəniyyətinin yüksəldilməsində mühüm rol oynayır.

Hazırda rayon əhalisinə Mərkəzi Xəstəxana, Uşaq Xəstəxanası, Xırmandalı Kənd Sahə Xəstəxanası, 21 həkim və feldşer-mama məntəqəsi səhiyyə xidməti göstərir. Respublika səhiyyə sistemində aparılan islahatlara uyğun olaraq rayonda fəaliyyət göstərən 7 kənd sahə xəstəxanasından 6-sı həkim məntəqələrinə çevrilib. Ümumiyyətlə, hazırda rayonun səhiyyə ocaqlarında 106 həkim, 291 nəfər orta tibb personalı çalışmaqla, əhaliyə nümunəvi xidmət göstərir.

"Sanitar-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzi sanitar nəzarətini gücləndirib. Keçirilən reyd və yoxlamaların, nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətini artırıb. Bu sahədə əhalinin hərtərəfli sanitariya maarifi ilə əhatə olunması məqsədilə səylər gücləndirilib. Bu il havaların kəskin isti keçməsi sanitar-gigiyenik tədbirlərin daha da gücləndirilməsini tələb edir.

Əhalinin artan mənəvi tələbatının ödənilməsində, onların asudə vaxtlarının səmərəli təşkilində mədəni-maarif müəssisələrinin üzərinə məsul vəzifələr düşür. Rayonda fəaliyyət göstərən 21 klub və mədəniyyət evi, 37 kitabxana, 2 uşaq incəsənət məktəbi, Heydər Əliyev və Tarix Diyarşünaslıq muzeyləri, Heydər Əliyev məktəbi, Rəsm Qalereyası son vaxtlar bu istiqamətdə səylərini artırmışlar. Həmin mədəniyyət ocaqlarında keçirilən mədəni-kütləvi tədbirlərin, görüş və konsertlərin məzmunu daha da yaxşılaşdırılıb. "Heydər Əliyev" və "Gənclər parkı"nda tez-tez təşkil olunan konsert proqramları tamaşaçılar tərəfindən böyük razılıqla qarşılanır.

Hazırda rayonun kitab fondu 332 mini ötüb keçib. Onlardan daimi istifadə edən oxucularımızın sayı 16 min nəfərdən çoxdur. Bu ilin may ayında rayonda keçirilən ənənəvi 4-cü "Kitab bayramı" yaddaqalan olub. Yüzlərlə kitab həvəskarları, fəal oxucuları bu tədbirdə yaxından iştirak edib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin "Turizm ili" elan olunması rayonda bu sahənin inkişafı sahəsində qarşıya yeni vəzifələr qoyub. Hazırda rayonun daxili turizm marşrutları üzrə ekskursiyaların keçirilməsinə hazırlıq görülür. Rayonda turizmin inkişafında mühüm rol oynayan Mahmudçala qoruğunun, rayonun tarixi keçmişini əks etdirən memarlıq arxeoloji abidələrin mühafizəsi gücləndirilir.

 

(ardı var)

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Biləsuvar-Bakı

 

Mövqe.- 2011.- 3 noyabr.- S. 10.