Biləsuvarda böyük qayğıdan doğan dinamik inkişaf

 

Dövlət başçısı İlham Əliyev ötən 5 ildə 5 dəfə rayonda səfərdə olub

 

Son illər Biləsuvarın bütün sahələrdə sürətlə inkişaf etməsi və makroiqtisadi uğurlara imza atması, ilk növbədə, ölkə rəhbərliyinin rayona xüsusi diqqət və qayğısının nəticəsidir. Xüsusi vurğulamaq lazımdır ki, prezident İlham Əliyev son illərdə 5 dəfə - 2006-cı il dekabrın 8-də, 2008-ci il aprelin 4-ü və iyulun 10-da, 2011-ci il aprelin 29-da Biləsuvar rayonunda səfərdə olub. Dövlət başçısının hər səfəri rayonda yeni-yeni istehsal və emal müəssisələrinin açılışı ilə əlamətdar olub.

2008-ci il iyulun 10-da Biləsuvara səfəri çərçivəsində dövlət başçısı "Biləsuvar AQRO" MMC-nin, rayondakı məktəb-lisey kompleksinin, habelə müasir tipli Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Cənab İlham Əliyevin rayona 2010-cu il aprelin 29-da gerçəkləşən səfəri də bir sıra əlamətdar hadisələrlə yaddaqalan olub. Dövlət başçısının açılışında iştirak etdiyi mühüm obyektlərdən biri Biləsuvar regional ana və uşaq mərkəzinin binası olub. Müasir üslubda tikilən mərkəzin yeni binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələşdirilərək inşa olunub. Müəssisənin tikintisi müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilib. Biləsuvar regional ana və uşaq mərkəzinin üçmərtəbəli binası 32 çarpayılıqdır. Burada üç cərrahiyyə bloku, rentgen otağı, poliklinika, bərpa, ginekologiya, ana və uşaqların sağlamlığı, o cümlədən müalicə şöbələri var. Mərkəz hər cür müasir tibbi avadanlıqlarla təchiz olunub. Və burada 42 həkim çalışır.

Dövlət başçısı Biləsuvara son səfəri çərçivəsində, həmçinin "Azərsun" Holdinqin "Natural Green Land" kənd təsərrüfatı müəssisəsi və konserv zavodunun açılışında da iştirak edib. Zavod İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və "Azərsun" Holdinqin vəsaiti hesabına inşa edilib. Müəssisənin 3450 hektar əkin sahəsi var və bunun da 2839 hektarı suvarılan sahələrdir. Müəssisədə 250 nəfər işlə təmin olunub. Lakin mövsümlə əlaqədar 2500-ə yaxın işçi qəbul edilib. Əkilən torpaq sahələri əvvəllər örüş yeri kimi istifadə edilsə də, əraziyə drenaj kanalları çəkilib, müasir suvarma sistemi yaradılıb və əkin üçün yararlı vəziyyətə gətirilib. Suvarma avadanlığı xarici dövlətlərin aparıcı şirkətləri tərəfindən hazırlanıb.

Sahələrdə əsasən müxtəlif növ tərəvəz məhsulları yetişdirilir. Bu sahələrdə yetişdirilən məhsullar konserv zavoduna ötürülür. Zavodun ümumi ərazisi 19 min kvadratmetrdir. Burada 600 nəfər işlə təmin edilib. Müəssisədə Türkiyə, Almaniya və İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. Zavodda iki yaşıl noxud istehsalı, bir tomat pastası və bir turşu istehsalı xətləri var. Müəssisənin illik gücü 60 min tona bərabərdir. Burada məhsulların saxlanılması və inkubasiyası üçün 3 anbar da inşa olunub və onların ümumi sahəsi 7200 kvadratmetrdir. Hər birində 3000 ton məhsul saxlamaq mümkündür.

İş vaxtı əmək təhlükəsizliyi məsələsinə də xüsusi önəm verilir və bu məsələ daim diqqətdə saxlanılır. Müəssisədə əsasən peşəkar kadrların işləməsinə üstünlük verilir. Bundan başqa, xaricdən dəvət olunan mütəxəssislər yerli kadrlara kurslar keçiblər. Ümumilikdə, zavodda 31 çeşiddə tomat pastası, 45 çeşiddə turşu, 20 çeşiddə yaşıl noxud, 5 çeşiddə qarnir və 9 çeşiddə müxtəlif tərəvəz konservləri istehsal edilir. Burada istehsal edilən məhsullar ekoloji saflığı və keyfiyyəti ilə seçilir və onlara əlavə konservant qatılmır. Zavodun laboratoriyalarındakı müasir avadanlıq məhsulun keyfiyyətini dəqiq yoxlamağa imkan verir. Zavodun məhsulları daxili bazarla yanaşı, MDB, Yaxın Şərq və Avropa ölkələrinə ixrac edilir.

Ümumilikdə, ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğının nəticəsi olaraq Biləsuvar inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Bunu 2011-ci ilin ötən 9 ayında rayon üzrə qazanılmış makroiqtisadi uğurlar da bir daha təsdiqləyir. Hesabat dövründə Biləsuvarda tikinti və abadalıq sahəsində xeyli işlər görülüb. Ələt-Astara, Biləsuvar-Bəhramtəpə magistral avtomobil yollarında təmir işləri aparılıb, Biləsuvar şəhərinin daxili küçələrində 8,0 km, rayon kəndlərində 1,6 km məsafədə asfaltlaşdırma işləri aparılıb. Eyni zamanda kəndlərdə daxili imkanlar hesabına 45 km yol qum-çınqıl qarışığı ilə təmir edilib. Biləsuvar-Bəhramtəpə magistral avtomobil yolunun 4-cü kilometrliyində 7 aşırımlı, 230 metr uzunluğunda körpünün tikintisi başa çatdırılıb.

Bu müddətdə, həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 mərtəbəli, 16 mənzilli yaşayış evi, rayon kəndlərində 9 ədəd bir mərtəbəli fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Rayonun İsmətli kəndində 640 şagird yerlik yeni məktəb binasının tikintisi, Əliabad kənd orta məktəbinin və rayon Maliyyə İdarəsinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb.

Hesabat dövründə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailə üzvləri üçün ikimərtəbəli yaşayış evi tikilərək istifadəyə verilib, ərazidə yaşıllıq zolaqlarının salınması, müasir işıqlandırma dirəklərinın quraşdırılması işi başa çatdırılıb. Eyni zamanda Biləsuvar şəhərində Mübariz İbrahimov adına küçədə abadlıq və yenidənqurma işləri yekunlaşdırılıb.

Ötən dövrdə həmçinin Biləsuvar şəhərinin içməli su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işlərinə başlanılıb. Hazırda işlər sürətlə davam etdirilir. Rayon ərazisində salınmış köçkün qəsəbələrində su təchizatının yaxşılaşdırılması istiqamətində də müvafiq tədbirlər görülür. Rayonda hava elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması istiqamətində də işlər həyata keçirilib. Biləsuvar şəhərinin mərkəzində 3,8 km uzunluğunda hava xətləri özüdaşıyan SİP kabellərlə əvəz edilib. Bundan başqa, əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün rayon kəndlərində və şəhər ərazisində 15 ədəd elektrik transformatoru əsaslı, 160 ədəd elektrik transformatoru isə cari təmir edilib, 62 ədəd elektrik dirəyi dəyişdirilərək yenisi ilə əvəz olunub, 95 ədəd elektrik dirəkləri və 35 km hava verilişi xətləri təmir edilib.

Əhalinin təbii qazla təmini istiqamətində də müəyyən işlər görülüb. Şəhər və kənd yaşayaş məntəqələrində yararsız vəziyyətə düşmüş 1600 p/m müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri, habelə istismar müddəti bitmiş qaz tənzimləyici şkaflar yenisi ilə əvəz edilib. Yaşayış məntəqələrində qaz xətlərində təmir işləri aparılıb, xırda diametrli daşıyıcı qaz xətləri nisbətən iri diametrli qaz xətləri ilə əvəz olunub. Bundan başqa, vaxtilə qaz almış rayonun 7 kəndinin təbii qazla təmini istiqamətində sürətli işlər aparılır. 5 kənddə daşıyıcı və paylayıcı küçə qaz xətlərinin təmir-bərpa işləri tam başa çatdırılıb, 2 kənddə isə qaz xətlərinin təmir-bərpası işlərinə yaxın günlərdə başlanılacaq. Eyni zamanda rayonun daha 6 kəndini təbii qazla təmin etmək məqsədilə layihə-smeta sənədləri hazırlanır.

Əhaliyə keyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədilə rayon mərkəzi ATS-də yeni EATS-in quraşdırılması işləri tam başa çatdırılıb, 4512 nömrə tutumlu yeni EATS istifadəyə verilib. Eyni zamanda rayonun bütün kəndlərində ATS-lər elektronlaşdırılıb. Əhaliyə keyfiyyətli rabitə xidmətinin göstərilməsi üçün rayon kəndlərində və şəhər mərkəzində yerləşən EATS-lərin ərazilərində, xətt təsərrüfatında təmir işləri aparılıb. Əhaliyə sürətli internet xidmətinin göstərilməsi üçün EAST-də avadanlıqlar quraşdırılması davam etdirilir.

2011-ci ilin 9 ayı ərzində rayon kəndlərində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Amankənd, Ağalıkənd və Yuxarı Cürəli kəndlərində "Modul" tipli sudurulducu qurğunun tikintisi başa çatdırılıb. Bağbanlar və Aranlı-Çinarlı kəndlərində "Modul" tipli sudurulducu qurğunun inşasına başlanılıb və hazırda işlər davam etdirilir. Bundan başqa, şəhər və kənd əhalisinin içməli su ilə təmini üçün ümumilikdə 4500 p/m müxtəlif diametrli su xətləri, 6 ədəd su nasoslarının mühərrikləri və su nasoslarına xidmət edən 5 ədəd elektrik transformatorları təmir olunub. Elektrik transformatorlarına xidmət edən 230 m uzunluğunda elektrik xətləri dəyişdirilərək yenisi ilə əvəz edilib.

Hesabat dövründə rayonda aqrar sahədə də ciddi irəliləyişlər əldə edilib. 2010-cu ilin payızında əkilmiş 24384 hektar taxıl sahəsindən 2011-ci ildə 57128 ton taxıl istehsal olunub və bunun da 31539 tonunu buğda, 25589 tonunu arpa bitkisi təşkil edib. Pambıqçılığın inkişafı istiqamətində də müəyyən işlər görülüb. 2011-ci ildə 8985 hektar sahədə pambıq bitkisi əkilib və bu da 2010-cu ilə nisbətən 4235 hektar çoxdur. 2011-ci ilin 9 ayında əkilmiş sahələrdən 3240 ton pambıq yığılıb.

2011-ci ilin 9 ayında heyvandarlıq və quşçuluğun inkişafı sahəsində də irəliləyişlər əldə olunub. İri buynuzlu mal-qaranın baş sayı 39125 başa, xırda buynuzlu mal-qaranın baş sayı 134109 başa çatdırılıb. Birinci yarımildə ət istehsalı 3592 ton, süd istehsalı 17779 ton, yun istehsalı 302 ton, yumurta istehsalı isə 7424 min ədəd təşkil edib.

Ümumilikdə, Biləsuvar rayonu sürətlə inkişaf edir, müasirləşir, problemlərinin həllinə nail olur. Biləsuvarlılar rayondakı bu inkişafı öz gündəlik həyatlarında hiss edir və razılıqla qarşılayırlar.

 

(ardı var)

 

 

Tərlan Nəsirli

Bakı-Biləsuvar-Bakı

 

Mövqe.- 2011.- 4 noyabr.- S. 10.