Salyanda
abadlıq və quruculuq işləri yeni vüsət alıb
Son
illərdə həyata keçirilən uğurlu
iqtisadi siyasət Azərbaycanın hərtərəfli
uğurlarını təmin etməklə, onun
dünyadakı nüfuz və mövqelərini
gücləndirir. İqtisadi sahədə
keçid dövrünün
ağır sosial-iqtisadi, mənəvi-psixoloji
çətinliklərini geridə qoyan
respublikamız
sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Hələ 11 fevral 2004-cü ildə
regionların sosial-iqtisadi inkişafı
ilə bağlı ilk Dövlət
Proqramını imzalayan dövlət
başçısı İlham Əliyev bu mühüm sənəddə
nəzərdə tutulmuş tədbirlərin
2008-ci ilədək uğurla gerçəkləşdirilməsini
təmin edib.
Bunun davamı kimi, 2009-cu il aprelin 14-də
imzalanmış ikinci regional Dövlət Proqramı qısa
müddətdə iri şəhərlərlə
rayonların, qəsəbələrin, kəndlərin inkişafındakı
kəskin fərqlərin əhəmiyyətli dərəcədə
aradan qaldırılmasına təkan verib. Bunu konkret olaraq
Salyan rayonunun timsalında aydın görmək olar. 2011-ci ilin
əvvəllərindən başlayaraq müasir
tikinti-inşaat meyarları əsasında, yüksək estetik
zövqlə həyata keçirilən, vətəndaşlarda
yüksək razılıq doğuran genişmiqyaslı
abadlıq-quruculuq tədbirləri son dövrlərədək
respublikada ümumi inkişafdan geri qalan Salyanın
simasını əsaslı dərəcədə dəyişib.
Rayonun yeni rəhbərliyi üzərinə
düşən məsuliyyəti düzgün dəyərləndirməklə,
fəaliyyətini dövlət başçısı
İlham Əliyevin yeritdiyi çevik və səmərəli
inkişaf strategiyasının mahiyyətinə uyğun
qurmağa, idarəetmədə mütərəqqi prinsipləri
tətbiq etməyə, qarşıda duran vəzifələri
dəqiq müəyyənləşdirərək vaxtında
icrasına nail olmağa çalışır. İlk
baxışdan bu da aydın görünür ki, görülən
işlər kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən
tamamilə uzaq olub rayonun uzun illərdən bəri həllini
gözləyən problem və qayğılarının
kompleks həlli məqsədinə hesablanıb.
Ürəkaçan haldır ki, Salyanın bir vaxtlar
ürək ağrıdan miskin görkəmindən indi əsər-əlamət
qalmayıb: son aylarda əksər inzibati, habelə
yaşayış binalarının fasadları müasir
görkəm alıb, bir vaxtlar adı şəhər olan
Salyan hazırda sözün həqiqi mənasında şəhərə
çevrilib. 2009-2013-cü illəri əhatə edən ikinci
regional Dövlət Proqramı çərçivəsində
həyata keçirilən tədbirlər isə Salyan şəhəri
sakinlərinə göstərilən sosial-mədəni
infrastrukturun təkmilləşdirilməsinə, vətəndaşların
firavan yaşayış tərzinin təmin olunması məqsədinə
xidmət edir.
Son aylarda rayonun əksər küçə və
meydanlarında yaşıllıqlar salınır, səliqə-səhman
yaradılır. Şəhərin bir neçə
küçəsində yaşayış binalarının, fərdi
evlərin dam örtükləri əsaslı təmir edilir.
Prezident İlham Əliyevin 19 aprel 2011-ci il tarixli sərəncamı
ilə rayona ayrılmış 2 milyon vəsait hesabına
Y.Qasımov küçəsi 4, 6 saylı; X.R.Ulutürk
kuçəsi 16, 28, 30 saylı; T.Xəlilbəyli
küçəsi 164, 150, 113, 81, 109, 111 saylı kommunal evlərinin
fasadlarına gülbaxt üzlük daşı döşənib.
Habelə, Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən
keçən hissəsində istinad divarı tikilib. Şəhərin
Y.Qasımov, X.R.Uluturk, T.Xəlilbəyli, H.Əliyev, Nizami, 20
yanvar küçələrində, habelə Ələt-Astara
yolunun şəhər ərazisindən keçən hissəsində
yeni işıqlandırma dirəkləri qoyulub, asfaltlaşma
işi aparılıb.
Hazırda bayraq meydanının müasir memarlıq
üslubunda yenidən qurulması işinə start verilib. Bundan
başqa, "Heydər bulağı", "20 yanvar",
"31 mart azərbaycanlıların soyqırımı",
"1941-1945-ci il Böyük Vətən Müharibəsi"
abidə komplekslərinin ətrafına 1811 kvadratmetr gülbax
ağ lay daşı döşənib.
Dövlət başçısı cənab İlham Əliyevin
28 sentyabr 2011-ci il tarixli "Salyan rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında" sərəncamı ilə
rayonun 10 min nəfər əhalisinin yaşadığı 6
yaşayış məntəqəsini birləşdirən
Kursəngi-Yolustu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Salyan rayon İcra
hakimiyyətinə ilkin olaraq 3 (üc) milyon manat vəsait
ayrılıb. Hazırda Kursəngi-Yolustu avtomobil yolunun
tikintisinə başlanılıb və tikinti işləri
sürətlə davam etdirilir.
Salyan sakinlərinin rahat, firavan
yaşayışının təmini baxımından
infrastrukturun müxtəlif sahələr üzrə yeniləşdirilməsinə,
kommunal xarakterli problemlərin həllinə də xüsusi
diqqətlə yanaşılır. Ötən dövrdə
rayonda elektrik təchizatı, su və kanalizasiya sisteminin yenidənqurulması,
yolların əsaslı bərpası, sosial-infrastrukturunun
müasirləşdirilməsi istiqamətində mühüm
tədbirlər görülüb. Rayon əhalisinin 2011-2012-ci
illərdə müntəzəm şəkildə elektrik
enerjisi, təbii qaz və içməli su ilə təmini
başlıca vəzifə kimi qarşıya qoyulub və bu
istiqamətdə bir sıra tədbirlər həyata
keçirilir. Payız-qış aylarında enerji probleminin
yaranmaması üçün rayonun elektrik paylayıcı
şəbəkələrində, transformatorlarda, habelə
qaz xətlərində təmir işləri aparılır.
ARDNŞ-in də yaxından iştirakı ilə 2011-ci ildə
rayon əhalisinin təbii qazla təminatının
yaxşılaşdırılması sahəsində əsaslı
tikinti-quraşdırma və yenidənqurma işlərinə
başlanılıb.
Pambıqkənd, Bəşirbəyli, Yolüstü kəndlərinin,
habelə Heydər Əliyev Fondunun hesabına Plasmas
yaşayış massivində kimsəsiz, imkansız şəxslər
və Qarabağ əlilləri üçün tikilmiş 168
evdən ibarət yeni şəhərciyin
qazlaşdırılması istiqamətində tədbirlər
davam etdirilir. Eyni zamanda, hazırda rayonun Kür ətrafı və
digər küçələri də normal təbii qazla təmin
olunur. Salyanın uzun illər qazsız qalmış Parça
Xələc, Seyidan, Piratman və Gəncəli kəndlərinin
qaz təchizatının üçün işlər davam
etdirilir.
Azərbaycan və Yaponiya hökumətləri
arasında "Kiçik şəhərlərdə su təchizatının
və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi"
kredit layihəsi çərçivəsində Salyan şəhərinin
su və kanalizasiya sistemlərinin yenidən qurulması
üçün 70 milyon manat vəsait nəzərdə tutulub.
Rayonun yeni rəhbərliyinin səyləri ilə son aylarda
layihənin reallaşdırılması prosesi sürətlənib.
Hazırda layihə-smeta sənədləri hazırlanır və
yaxın aylarda işə başlanılacaq.
2011-ci ilin I yarısında rayonda Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
üçün 16 mənzilli yaşayış binası, 8
saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin
inzibati binası, Abadkənd və Parça Xələc kəndlərində
yeni poçt şöbəsi tikilərək istifadəyə
verilib. XIX əsrin tarixi abidəsi olan Cümə məscidində
əsaslı təmir-bərpa işləri başa çatdırılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaqların
Texniki Yaradıcılıq Mərkəzi və Uşaq
Kitabxanası üçün yeni bina tikintisi başa
çatdırılıb. Habelə, Fövqəladə Hallar
Nazirliyinin xətti ilə Kür çayının
daşması zamanı ziyan çəkmiş ailələr
üçün əlavə olaraq şəhər ərazisində
59, Qaraçala qəsəbəsində, Çuxanlı, Kərimbəyli
və Qarabağlı kəndlərində 11 evin tikintisi
başa çatdırılıb.
Yeni iş yerlərinin yaradılması, iş axtaran və
işsiz vətəndaşların, xususilə gənclərin
məşğulluğunun gücləndirilməsi işi rayon
rəhbərliyinin diqqət mərkəzindədir. Rayonda fəaliyyət
göstərən idarə, müəssisə, təşkilat
və özəl strukturların rəhbərləri ilə
müntəzəm əlaqə saxlanılır, boş iş
yerləri barədə məlumatlar toplanır və vətəndaşlara
təklif olunur. Bu ilin birinci yarısında əhalinin işlə
təmini istiqamətində müvafiq tədbirlərin həyata
keçirilməsi nəticəsində 751 iş yeri
yaradılıb və bunun da 303-u daimidir.
Xüsusi vurğulamaq istərdim ki, Salyanda tarixən
aqrar sektorun inkişafı diqqət mərkəzində olub, əhalinin
faydalı məşğulluğu da əsasən, bu sahənin
hesabına təmin edilib. Rayonun ümumi əkin sahəsi 36958
hektar təşkil edir. Həmin əkin sahələrinin 35625
hektarı suvarılandır. 2010-cu ilin payızında 16531
hektarda taxıl əkinləri aparılıb, bunun 6335
hektarını buğda əkin sahələri, 10196 hektarını
arpa əkin sahələri təşkil edib. 2011-ci ildə
2010-cu ilə nisbətən taxıl əkin sahələri 688
hektar az olub. Bu il
16531 hektar taxıl sahəsindən 48438,2 ton taxıl istehsal olunub.
Rayonun yeni rəhbərliyi rayonda
sahibkarlığın, xüsusən də fermer təsərrüfatlarının
inkişafına diqqət və qayğı ilə
yanaşır. Şübhəsiz, bu da təsadüfi deyil -
Salyanda yeni iş yerlərinin açılmasında, əhalinin
faydalı məşğulluğunun təminatında, yerli
xarakterli problemlərin həllində iş adamlarının
rolu yüksək dəyərləndirilir. Sahibkarlarla müntəzəm
danışıqlar aparılır, onların rayon
iqtisadiyyatına sərmayə qoyması əməli fəaliyyətlə
təşviq edilir. Rayonda yaradılmış sağlam biznes
mühiti vaxtı ilə müxtəlif səbəblərdən
buradan getməyə məcbur olmuş iş adamlarını
geri dönməyə, rayonda mühüm layihələr həyata
keçirməyə sövq edir.
Azərbaycanın 20 illik müstəqillik tarixinin
möhtəşəm izləri bu gün Salyan rayonunda
özünü daha qabarıq göstərir. Rayonun 2011-ci ilin
ötən dövründə əldə etdiyi nailiyyətlər
isə ünvanlı və məqsədyönlü olmaqla, hər
bir sakinin sosial rifah halının yüksəldilməsi, mənafeyinin
qorunması məqsədini önə çəkir. Salyan
sakinləri inanırlar ki, dövlət
başçısı İlham Əliyevin diqqət və
qayğısı nəticəsində rayonun narahatlıq
doğuran bütün problemləri ən qısa zamanda
uğurlu həllini tapacaq.
(ardı var)
Tərlan Nəsirli,
Bakı-Salyan-Bakı
Mövqe.- 2011.- 11 noyabr.- S.10; 13.