Salyanda mədəniyyətin
inkişafına böyük diqqət
göstərilir
Müasir dövrdə hər bir xalqın dünya
miqyasında özünəməxsus yer tutmasını şərtləndirən
amillər heç də sırf iqtisadi amillərlə şərtlənmir.
Xalqları tanıdaraq məşhurlaşdıran həm də
onların milli mədəniyyəti, milli-mənəvi dəyərləridir.
Qloballaşma tendensiyasının xalqların milli-mənəvi
dəyərlər sisteminə yönəlmiş təhdidləri
şəraitində bu məsələlərə əvvəlkindən
daha da çox diqqət yetirilməsi vacibliyi ortaya
çıxır. Bu reallıq nəzərə alınmaqla
ölkədə uğurla gerçəkləşdirilən mədəniyyət
konsepsiyası təkcə paytaxt Bakıda deyil, ümumən
regionlarda da mənəvi-intellektual yüksəlişi təmin
edib. Son illərə Salyan rayonunun mədəni həyatındakı
yeniliklər bunu bir daha təsdiqləyir.
Hazırda Salyan rayon Mədəniyyət və Turizm
şöbəsi şöbənin tabeliyində 109 mədəniyyət
müəssisəsi fəaliyyət göstərir. Bu
sırada 1 rayon, 1 qəsəbə, 14 kənd mədəniyyət
evinin, 25 kənd, 5 şəhər klubunun, Mədəniyyət
və İstirahət parkının,
Tarix-Diyarşünaslıq muzeyinin, Heydər Əliyev
muzeyinin, Rəsm Qalareyasının, İncəsənət məktəbinin,
1 mərkəzləşdirilmiş, 1 uşaq, 1 gənclər,
5 şəhər, 47 kənd kitabxanasının, Kukla
teatrının fəaliyyətini xüsusi qeyd etmək olar.
Hazırda bu müəssisələrdə 480 nəfər
işçi çalışır ki, onlardan 105 nəfəri
ali, 163 nəfəri orta ixtisas, 94 nəfəri orta musiqi təhsillidir.
Rayonun mədəniyyət işçiləri ölkə rəhbərliyinin,
o cümlədən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın diqqət
qayğısını yaxından hiss edir və yüksək
dəyərləndirir.
Rayondakı Dövlət Kukla teatrının fəaliyyəti
rayon mədəniyyətinin inkişaf səviyyəsini bariz
şəkildə təcəssüm etdirir. 1973-cü ildən
bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət
göstərən bu kollektiv əslən Salyandan olan, Bakı
Dövlət Kukla Teatrında aktyor işləmiş mədəniyyət
işçisi Cahangir Qaraşovun təşəbbüsü
ilə yaradılıb. O, tez bir zamanda ətrafına həvəskarları
toplayaraq Əli Səmədlinin "Artıq tamah baş
yarar" əsərini tamaşaya qoyub. Uğurlarına
görə dərnək 1975-ci ildə "Xalq kollektivi"
adına layiq görülüb. Teatr kollektivi tezliklə
festivallarda, müsabiqələrdə, şəhər və
rayonlarda tamaşaçılar qarşısında
çıxışlar edərək müxtəlif
mükafatlara layiq görülüb. Həvəskarlardan Əli
Əlizadə, Teymur Nəcəfov, Gövhər
Nağıyeva, Nərminə Babayeva, Rafiq Mirzə, Təzahür
Mehdiyev, Şövkət Əkbərova, Kəmaləddin Məmmədov,
Aya Cavadova teatrda öz çıxışları ilə
tamaşaçıların rəğbətini qazanıb. Sənət
aləmində uğurlara görə kollektiv 1994-cü il
iyulun 4-dən Dövlət Teatrı adını
daşıyır. Bu illər ərzində teatırın
repertuarını Əli Səmədlinin "Artıq tamah
baş yarar", Mirmehdi Seyidzadənin "Ata məhəbbəti",
Rəhman Əlizadənin "Keçəlin toyu", Rafik
Savalanın "Qayğıkeş Nigar", "Tələ
quran özü düşər", Abdulla Şaiqin
"Danışan Kukla", İsgəndər Coşqunun
"Tülkü həccə gedir", Tofiq Kərimin
"Quyruqlu ulağın sərgüzəştləri", Əli
Əlizadənin "Keçəl Həmzənin hiyləsi",
Firudin Ağayevin "Cırtdan və Sehrbaz", Rafiq Mirzənin
"Yetim Fatma, R.Kipingin "Başlı başına gəzən
pişik" və başqa tamaşalar bəzəyir.
Bu tamaşalar təkcə Salyanda deyil, həmçinin
Lənkəran, Əlibayramlı, Neftçala, Biləsuvar, Cəlilabad,
Saatlı, Sabirabad, Hacıqabul və digər rayonlarda da
göstərilir. Aktyorlardan Mədinə Ramazanova, Qalib Məlikov,
Rauf Həsənov, Aygül Muradova, Maytab Gözəlova, Leyla Vəliyeva,
Gülşən Təhməzova, Əlizamin Həsənli və
başqalarının çıxışları
tamaşaçılara mənəvi zövq bəxş edir. Əlbəttə
teatrın bu səviyyəyə çatmasında teatrın
direktoru, mədəniyyət və teatr işçisi Yavər
Cəbrayılovun baş rejissor Rafiq Mirzənin,
qurluşçu rəssam Ceyhun Rüstəmbəylinin, musiqi tərtibatçısı
Təzahür Mehdiyevin, bədii tərtibaçı Tükəzban
Məmmədovanın, modelyer Gülnarə Ağalarovanın,
kukla hazırlayan Kəmalə Quliyevanın böyük zəhmətləri
var. İndi teatr yeni tamaşalar üzərində məşqlər
aparır.
Teatr kollektivi rayonda keçirilən mədəni-kütləvi
tədbirlərdə yaxından iştirak edir. Kollektiv öz
tamaşaları ilə uşaqların mənəvi tərbiyəsində,
onların mədəni səviyyəsinin,
dünyagörüşlərinin inkişafında
böyük rol oynayır. Teatr uşaqlarla yanaşı,
yeniyetmələrə, gənclərə xidmət göstərirlər.
2009-cu ilin dekabr ayında teatrın ilk səhnə fəaliyyətinə
başlamasının 35, Dövlət teatrı statusunu
almasının 15 illik yubileyi keçirilib. Yubiley tədbiri
Respublika Mədəniyyət və Turizm Nazirliyinin, Salyan Rayon
İcra hakimiyyətinin birgə səyi ilə yüksək səviyyədə
keçirilib. Kollektivi uğura sövq edən amillərdən
biri də vaxtilə 1944-1949-cu illərdə Salyanda Dövlət
Dram teatrının fəaliyyət göstərməsi olub.
Müharibə dövründə açılan bu teatr
dövrünün nümunəvi teatrlarından
sayılıb. Dram teatrı olmasına baxmayaraq,
yaradıcı heyətin güclü olması ilə əlaqədar
səhnəyə opera və musiqili komediya tamaşaları da
qoyulub. Bu gün hamının tanıdığı görkəmli
şəxsiyyətlərin bir qismi bu teatrın yetirmələridir.
Onlardan Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağaəyli,
Muğbil Dadaşov, Əliağa Kürçaylı, Əflatun
Ağayev, Rza Şıxov və başqalarını göstərmək
olar. 1949-cu ildə bir sıra əyalət teatrları ilə
yanaşı, Salyan teatrı da öz fəaliyyətini
dayandırıb. Sənətə qayğı göstərən
insanlar yenidən teatr açılmasına nail olaraq
1973-cü ildə balaca tamaşaçıları sevindiriblər.
Bu gün də o sevinc davam edir. İndiyədək rayonda 60-a
yaxın tamaşa hazırlanıb. Teatrın binası rayon rəhbərliyinin
qayğısı ilə əsaslı təmir olunub.
Salyanda kitabxanaların da inkişafı xüsusi diqqət
mərkəzindədir. Mərkəzi kitabxana öz işlərini
günün tələblərinə uyğun qurur. Hazırda
oxu zalında eyni vaxtda 80 nəfər oxucu mütaliə ilə
məşğul ola bilər. Fond tutumu 50 min nüsxə olan
xidmət söbəsindən istək və marağa uyğun
ədəbiyyatı almaq mümkündür. 2009-cu ildə
Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada Elektron
Kitabxananın yaradılması üçün 11 kompyuter və
digər avadanlıqlar alınıb. Kitabxananın əsas məqsədi
oxucuların milli zəmində və ümumbəşəri
dəyərlər əsasında tərbiyə
olunmasıdır. Böyüməkdə olan gənc nəslin
əqli və ictimai inkişafında zahiri deyil, daxili gözəlliyini,
mədəniyyətə, vətənə sevgi, əməyə,
zəhmətə qadir olmağı, elmin bütün sahələrindən
baş çıxarmağı bacara biləcək bir nəsil
yetişdirmək, tərbiyə etməkdən ibarətdir.
Dövlət Proqramına uyğun olaraq Salyan rayon Mərkəzi
Kitabxana sistemi kitabxana informasiya sahəsində yeni
texnologiyaların tətbiqi, müasir kitabxana informasiya
infrastrukturunun yaradılması işini günün tələbləri
səviyyəsində qurur.
Dövlət Proqramının əsas məqsədi
kitabxanaların avtomatlaşdırılmasıdır. Bu məqsədlə
Mərkəzi Kitabxana Avtomatlaşdırılmış
kitabxana sisteminə keçib. İRBİS-64 baza proqramı
işlənir. Kitabxana fondu bədii və elmi ədəbiyyatla
zəngindir. Şöbədən ayrı-ayrı oxucu
qrupları istifadə edir. Gün ərzində 20-25 oxucuya xidmət
göstərilir. Şöbənin əlifba və sistemli
kataloqları var. Fondda "Açıq rəf"də sərgilənən
kitablar oxucuların marağına və kitab seçməsinə
geniş şərait yaradır. Şöbədə
oxucuların maraq dünyasına məxsus sərgilər, yerli
yazarların sərgiləri, yeni alınmış
kitabların sərgiləri nümayiş etdirilir. Zal Mərkəzi
Kitabxananın II mərtəbəsində yerləşir. Zalda
dövrü mətbuatlar, sistemli kataloq, müxtəlif
lüğətlər, ensiklopediyalar, məlumat nəşrləri,
dərsliklər və müxtəlif ədəbiyyat növləri
yerləşir. Bunlar həm Azərbaycan, həm də rus dilindədir.
Ədəbiyyatlar fəlsəfə, tarix, hüquq, tibb,
texnikanı əhatə edir. Zalda yazıçı və
şairlərə məxsus sərgilər, zala daxil olan yeni nəşrlər
açıq rəflərdə nümayiş etdirilir. Eyni
zamanda 80 oxucu zaldan istifadə etmək hüququna malikdir.
Oxu zalına daxil olan dövrü mətbuat 5 illik
jurnal, zalın arxivində saxlanılır. Oxu zalından ali məktəb
tələbələri, rayon ziyalıları və digər
oxucu qrupları istifadə edir. Zalda yerli yazarlardan ibarət
"Ədəbiyyat dərnəyi" fəaliyyət göstərir.
Bununla yanaşı, yazıçı və şairlərin
yaradıcılıq gecələri, elmi praktiki konfranslar, kitab
təqdimatları keçirilir.
Rayonun mühüm mədəniyyət obyektlərindən
biri də Salyan Dövlət Rəsm Qaleriyasıdır.
Qalereya 1985-ci ildən fəaliyyətdədir. 1985-1992-ci ilə
qədər qalareya Salyan şəhərinin mərkəzində
yerləşən Cümə məscidində qalareya kimi fəaliyyətdə
olub. 1992-ci ildən 1998-ci ilə qədər Salyan rayon mədəniyyət
evinin foyesində, 1998-ci ildən 2008-ci ilə qədər
Salyan rayon 1 saylı univermağın 2-ci mərtəbəsində
müvəqqəti yerləşdirilib. 2008-ci ildə Heydər
Əliyev Fondu hesabına şəhərin mərkəzində
inşa olunmuş müasir tipli Rəsm Qalareyası bu gün
Salyan camaatının ən sevimli məkanına çevrilib.
Rəsm qalareyası bütün mövsümi sərgilər
keçirir. Qalareyanın 8 nəfər əməkdaşı
var. Qalareyanın istedadlı rəsm həvəskarlarının
üzə çıxmasında böyük rolu var.
Qalareyanın direktoru rəssam İman Mustafayev bu uşaqlara
müəllimlik edir. Balaca rəssamların işlərindən
ibarət tez-tez sərgilər keçirilir. Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən göndərilən məktublara,
əsasən, balaca rəssamların əl işləri məktublara
cavab olaraq, Bakı şəhərində keçirilən
müsabiqələrdə vaxtaşırı olaraq iştirak
edirlər.
Tərlan Nəsirli,
Bakı-Salyan-Bakı
Mövqe.- 2011.- 18 noyabr.- S. 10.