Ağsu müasir və abad görkəmi ilə göz oxşayır

 

1765-ci ildə Ağsu və Şamaxı vahid xanlıqda birləşdi. Məhəmməd Səid Xan və Ağası Xan Ağsunu ələ keçirib, Hacı Məhəmməd Əli xanı öldürdülər. Mərkəz Ağsudan Şamaxıya köçürüldü. 1767-ci ildə Quba xanı Fətəli xan Şəki xanı Hüseyn xanla birləşərək, iki tərəfdən Şamaxı şəhərini mühasirəyə aldılar. Məhəmməd Səid xanla Ağası xan isə müqavimət göstərə bilməyərək məğlub oldular. Nəticədə, mərkəz yenidən Ağsuya köçürüldü. Hər iki xan şəhərə öz nümayəndəsini təyin etdi. Şirvanın Sərdərin və Həsən mahalları Şəki xanlığına, qalan hissəsi isə Quba xanlığına birləşdirildi.

1769-cu ilin iyulunda Quba xanı Fətəli Xan tərəfindən Ağsu şəhəri dağıdılaraq əhalisi Şamaxıya köçürüldü. Bəzi tarixi mənbələrə əsasən az vaxt ərzində bütün Ağsu əhalisi Şamaxıda yerləşdirilmişdi. Rus səyyahı, akademik S.Q.Qmelin Ağsuda olarkən evlərin dağıdılmış divarlarından başqa heç nə tapmadığını bildirir.

Səyyah Marşal Fon Biberşteyn, rus səyyahı S.Bronevski və digər müəlliflərin yazılı məlumatlarında göstərilir ki, Fətəli Xan camaatı Ağsudan Şamaxıya zorla köçürdüyü zaman əhalinin miqdarı o qədər azalmışdı ki, şəhərin bir sıra küçələri tamamilə boş qalmışdı.

Sonrakı illərdə də Ağsu şəhəri bir çox hücumlara məruz qaldı. Xüsusilə də 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın Azərbaycana yürüşü zamanı Ağsunun qalan əhalisi də Quba və başqa əyalətlərə qaçdı, qaça bilməyənlər isə məhv edildi. Beləliklə, Nadir Şahın əsasını qoyduğu Ağsu şəhəri Ağa Məhəmməd Şah Qacar tərəfindən demək olar ki, süquta uğradıldı.

Ağsu şəhəri XVIII əsrdə dəfələrlə feodal basqınlarının qurbanı olmuşdur. Tez-tez köçürmələr, dağıntılar əhalinin bir şəhərdə yaşamaq ümidlərinə zərbə vururdu. Şəhər sakinləri bu səbəbdən yaraşıqlı binalar, məscidlər, türbələr, ictimai və rəsmi binalar tikməyə üstünlük vermirdilər.

Ağsu rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Rayonda 11-i ölkə və 13-ü isə yerli əhəmiyyətli olmaqla, 24 tarixi mədəniyyət abidəsi vardır. Bu abidələr arxeoloji cəhətdən böyük bir dövrü - eneolit dövründən başlayaraq orta əsrlərin sonunadək olan geniş bir tarixi mərhələni əhatə edir.

Ağsu rayonunun ərazisi qədim tarixi abidələrlə zəngindir. Qırlartəpə eneolit-antik dövr abidələri. Qırlartəpə abidəsi Ağsu rayonunun Qırlar kəndi yaxınlığında yerləşir. Yaşayış yerinin qədim mədəniyyət qalıqları eneolit dövrünə aiddir. E.ə. V-IV minilliklərdə yaşayış yerinin əhalisi əsasən əkinçiliklə məşğul olublar. Qırlartəpə abidəsinin alt mədəni təbəqəsindən eneolit dövrünə aid müxtəlif məişət saxsı qab nümunələri, təsərrüfat küpləri, ocaq qurğuları, taxıl əzmək üçün istifadə olunan daşlar əldə edilib.

1986-cı ildə buradan eramızın I əsrində kəsilmiş gümüş sikkə tapılıb. Gümüş dirhəmin bir üzündə Parfıya hakimi III Artabanın şəkli həkk edilib. Digər üzündə isə yunan əlifbası ilə onun adı və başqa yazılar zərb edilib. Qırlartəpə abidəsi bu ərazidə həyat tərzinin 7 min il bundan əvvəl başlandığını və uzun müddət davam etdiyini göstərir.

Nüydi antik dövr yaşayış yeri və nekropolu. XX əsrin 60-70-ci illərində burada aparılan arxeoloji qazıntılar zəngin mədəni irsin qalıqlarını üzə çıxarıb.

Abidə Ağsu rayonunun Nüydi kəndi ərazisindədir. Burada aparılan yerüstü axtarışlar və arxeoloji tədqiqatlar nəticəsındə 10 hektardan artıq geniş sahəyə malik olan qədim yaşayış yeri aşkar edilib.

Buradan taxıl əzmək üçün istifadə olunan daşlar, sadə formalı müəyyən bədii tərtibata malik gil qablar daha çox tapılıb. Bu keramika məmulatlarının hazırlanması e.ə. I e.-nın I əsrinə, yəni Roma işğalçılarının yürüşləri dövrünə aiddir. Tədqiqatlar göstərir ki, Roma işğalları ərəfəsində Qafqaz Albaniyasında əsasən metalişləmə sənətkarlığı ön plana keçmiş və hərb işi ilə bağlı silah istehsalı vacib olmuşdur. Odur ki, dulusçuluq sənətində müəyyən tənəzzül özünü göstərir.

Eyni zamanda, burada qazıntılar zamanı yaşayış binalarına məxsus çay daşından hörülmüş bünövrə qalıqları aşkar olunub. 1972-ci ildə bu ərazidə tapılmış pul dəfinəsi tariximizin iqtisadi, mədəni problemlərini araşdırmaq üçün çox böyük tapıntıdır. Dəfinə kiçik küpə içərisində 36 ədəd gümüş sikkədən ibarətdir. Sikkələrin bir üzündə sxematik insan başı, digər üzündə isə bir əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi) tutmuş adam təsvir olunmuşdur. Sikkələrin üzərində yazı yoxdur. Bu sikkələr Makedoniyalı İsgəndərin pullarına bənzədilərək zərb edilmiş Alban atlası sikkələrindən başqa yalnız bir ədəd xarici sikkə vardır. Bu sikkə II Mitridatın (e.ə. 124-88) adına zərb edilmiş Parfiya puludur. Göründüyü kimi, bura Qafqaz Albaniyasının antik dövr mədəniyyət ocaqlarından biri olub. Qafqaz Albaniyasının iqtisadi, mədəni həyatında, ticarət əlaqələrində bu yaşayış yeri mühüm rol oynayıb.

Qaraçıbulaq antik dövr abidələri. 1973-cü ildə Ağsu rayonunun Nuran kəndi yaxınlığında, sahəsi 10-12 ha olan antik dövrə aid Qaraçıbulaq yaşayış yeri və qəbiristanlığı aşkar edilib.

Buradan çaydaşından inşa edilmış dördkünc plana malik tikinti qalıqları, dulus kürələri, təsərrüfat küpləri, dən daşları, saxsı qıf, gil qadın heykəlciyi, gil qablar, tunc xəncər, dəmir nizə ucluqları və müxtəlif bəzək əşyaları tapılıb.

Qaraçıbulaq abidəsində yaşayış e.ə. XII əsrdən başlamış və eramızın I əsrinə kimi davam edib. Arxeoloji materiallar göstərir ki, Qaraçıbulaq yaşayış yerinin əhalisinin məşğuliyyətində bütün təsərrüfat sahələri, xüsusən sənətkarlıq mühüm yer tutub.

Uzunboylar antik dövr abidəsi. Abidə Ağsu rayonunun Sanqalan kəndi yaxınlığında yerləşir. Torpaq qəbirlərdə ölülər sağ böyrü üstdə bükülü vəziyyətdə basdırılıb. Ətrafına 50-70 saxsı qab, çoxlu dəmir nizə, çin, bıçaq, çapacaq, biz, qıyıq, bəzək əşyaları və s. habelə at, it və quş qoyulub. Qəbirlərin birindən Qafqaz Albaniyasına məxsus gümüş sikkə də tapılıb.

Bəyimli qalası. Ağsu rayonunun Bəyimli kəndi ərazisində erkən orta əsrlər dövrünə aid istehkam tikintilərinin qalıqları vardır. Bu istehkam dördkünc plana malik olmuşdur. Qala divarlarının künc hissələrinin qalınlığı 15 metrə qədərdir. Qalanın ətrafı dərin kanalla əhatələnmişdir. Ehtimal ki, düşmən hücumları zamanı qalanın müdafiəsini daha da möhkəmləndirmək məqsədilə bu kanal su ilə doldurulurmuş.

Ağsu rayonunun ərazisində XIV-XX əsrlərdə tikilmiş tarixi memarlıq abidələri də üstünlük təşkil edir. Bunlara türbələr, qalalar, məscidlər və s. aiddir.

Şeyx Dursun türbəsi. Ağsu şəhərinin şimal-şərqində yerləşən abidənin kitabəsinin bir hissəsi pozulduğu üçün türbənin tarixi ilə bağlı müxtəlif fikirlər yaranıb. Ağsu rayonunda nəşr olunan "Birlik" qəzetinin bir çox məqalələrində, Ağsu rayon tarix-diyarşünaslıq muzeyinin materiallarında abidənin tikildiyi tarix 1457-ci il kimi göstərilir. Abidənin divarları əl ilə kəsilib yonulmuş əhəng daşlarından tikilmiş, binası səkkizüzlü prizma şəklindədir. Binanın üst örtüyü konusvari tağla bağlanılıb. Tağ əl ilə kəsilmiş daşdan düzəldilib.

Xəzinə dağı qalası. Girdiman çayının sol sahilində, Padar kəndi ərazisində xalq arasında Xəzinə dağı adlanan təpənin üç tərəfi sıldırım qayalarla əhatə olunub. Təpəyə qalxmaq üçün yeganə yolun üzərində çəkilmiş qədim qala divarının qalıqları zəmanəmizədək qalır. Qala istehkamının görünən hissəsinin uzunluğu 7 metr, eni isə 4 metrdir.

Şeyx Əmir Əhməd türbəsi. Ağsu rayonu Mustafalı kəndinin ərazisində yerləşən, ətraf ərazilərin ziyarətgah yerinə çevrilən Şeyx Əmir Əhməd türbəsi 1722-ci ildə inşa olunub. Bu tarixi memarlıq abidəsi əl üsulu ilə kəsilib yonulmuş əhəng daşlarından hörülüb. Abidə səkkizüzlü prizma şəklindədir və fasad hissənin divar birləşmələrində oyma üsulla naxışlar həkk edilib.

Pir Bəxtiyar türbəsi. Ağsu rayonunun maraqlı memarlıq abidələrindən biri də tarixən mövcud olmuş Cavanşir kəndi ərazisində yerləşən Pir Bəxtiyar türbəsidir. Pir Bəxtiyar türbəsinin tikilmə dövrü ətrafdakı qəbir abidələri əsasında təxminən müəyyənləşdirilib. Abidənin cənub-qərb tərəfindəki qəbirlər nisbətən qədimdir. Üzərində tarixi oxunan qəbirlər 1784, 1797, 1805 və s. illərə aiddır. Buna əsaslanaraq demək olar ki, Pir Bəxtiyar türbəsi təxminən XVIII əsrin sonu XIX əsrin əvvəllərində inşa edilib.

Həzrə Piri Pir Bəxtiyar türbəsi ilə eyni dövrə aid olan abidədir. Əsrlər keçdikcə bu türbə dağıntılara məruz qalıb. Həzrə Piri Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yerləşir.

Bura dördkünc memarlıq planında tikilib. Türbənin fasad hissəsində, qapısı üzərində daş kitabə olmuşdur. Dağıntı nəticəsində kitabə parçalanmışdır və hissələri hazırda türbənin daşları arasında qalmaqdadır.

Şıxməzid türbəsi Ağsu şəhərinin qərb hissəsində, Ağsuçayın sağ sahilində vaxtilə mövcud olmuş Şıxməzid kəndi ərazisində yerləşmişdir. Kəndin adı isə tayfa başçısı Şeyx Məscidlə bağlıdır.

Şeyx Məscidin qəbri üzərində Şeyx Dursun türbəsi üslubunda məqbərə tikilib. Bu türbə müqəddəs yer və ziyarətgah kimi tanınıb. XX əsrin 30-cu illərində türbə islam dininə qarşı mübarizə ilə əlaqədar dağıdılıb.

Bilal Əfəndi məscidi Ağsu rayonunun Padar və Külüllü kəndləri ərazisində yerləşir. Məscidin binası düzbucaqlı formada olub, 3 otaqdan ibarətdir. Vaxtilə məscidin minbəri olub, lakin sovet hakimiyyəti illərində uçurdulub, sonralar yenidən bərpa edilib. Məscidin üzərindəki tarixdən məlum olur ki, bina hicri 1305-ci ildə (1889) inşa olunub.

Qırmızı günbəz və Ağ günbəz. Hər iki tarixi memarlıq abidəsi Ağsu rayonunun Qaraqoyunlu kəndində yerləşir. Qırmızı günbəzin tarixi daha qədimdir. Abidə hicri 1286-cı ildə (1869-1870) inşa olunub. Divarları qırmızı bişmiş kərpicdən, səkkizüzlü prizma şəklində tikilib.

Ağ günbəzin divarları əl üsulu ilə kəsilib yonulmuş və cilalanmış əhəng daşlardan səkkizüzlü planda tikilib. Abidənin bir giriş qapısı və üç pəncərəsi vardır. Giriş qapısının üstündə ərəb əlifbası ilə yazılmış kitabə yerləşir. Abidə hicri tarixi ilə 1327-ci ildə (1909) tikilib.

Ağsuya doğru uzanan qarlı-buzlu, sürüşkən, bir az da sərt dolablarla endikcə, göz önündə canlanan mənzərə insanda xoş hisslər doğurur. Aşağı boylandıqca ecazkar təbiət lövhələri ilə yanaşı, son illər rayonda həyata keçirilən möhtəşəm abadlıq, quruculuq və yenidənqurma tədbirləri də xüsusi diqqət çəkir. Rayon sakinlərinin sevimli istirahət məkanına çevrilmiş Ağsu seyrangahı elə uzaqdan möhtəşəmliyi, müasirliyi və abadlığı ilə göz oxşayır. 62 metr hündürlükdəki Azərbaycanın üçrəngli bayrağı da xüsusi diqqət çəkir.

Bəli, bir vaxtlar unudulmuş, diqqətdən kənarda qalmış kimi görünən rayon son illərdə əsaslı dərəcədə inkişaf edib, müasirləşib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər rayonun simasını əsaslı dərəcədə dəyişib. Məlumat üçün bildirək ki, Ağsu rayonu 8 oktyabr 1943-cü il tarixdə təşkil edilib. Rayon mərkəzi olan Ağsu şəhəri 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu alıb. Rayonun ərazisi 1020 kvadratkilometr, əhalisi 69,4 min nəfərdir.

Rayonda 1 şəhər (Ağsu şəhəri), 78 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 32 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayır, Padar, Ərəbuşağı və Qaraqoyunludur. Əhalinin ümumi sayının 49,1 faizini kişilər, 50,9 faizini qadınlar təşkil edir.

Burada əhalinin 99 faizi azərbaycanlılardan, 1 faizi ləzgilərdən, mesheti türklərindən ibarətdir. Əhalinin 25,7 faizi şəhərdə, 74,3 faizi kəndlərdə yaşayır. Rayonda 2068 nəfər qaçqın və məcburi köçkün məskunlaşıb. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır.

Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir. Rayonun relyefi dağlıq, dağətəyi və maili düzənliklərdən ibarətdir. Dağlıq hissəsi dəniz səviyyəsindən 700-1000 metr hündürlükdə yerləşir. Dağlıq zonalar çaylar, dərələr və yarğanlarla parçalanmış mürəkkəb relyefə malikdir. Göyçay sahillərindən başlayaraq Pirsaatçaya qədər xırda boz dağlar Şirvan dağ silsiləsini təşkil edir. Ağsu rayonunun Böyük Qafqazın cənub yamacında yerləşməsi onun iqlim şəraitinə böyük təsir göstərir. Bu bölgənin iqlimi əsasən qışı quraq keçən mülayim-isti, yarımsəhra, quru bozqır iqlimi (cənub) və yayı quraq keçən mülayim isti (şimal) iqlim tiplərindən ibarətdir. Qışı quraq, günəşli və az qarlı keçməsilə səciyyəvidir. Havanın orta illik temperaturu 13-14 dərəcə, orta aylıq nisbi rütubət isə il ərzində 50-81 faiz, yağıntının illik miqdarı 400-600 mm təşkil edir.

Rayonun təsərrüfatında mühüm rol oynayan Ağsu çayı öz mənbəyini Lahıc dağlarından götürür. Çay orta axınında çox dərin, lakin enli dərədən axır. Ağsu şəhərindən cənuba doğru bu çayın vadisi öz formasını itirir. Burada çay süni suvarma əkinçiliyi və bostançılıqla əlaqədar arxlar vasitəsilə xırda şaxələrə parçalanır.

Rayonun ərazisindən Girdiman, Ağsuçay, habelə onların qolları - Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.

Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2 faizini və ya 76742 hektarını kənd təsərrüfatına yararlı torpaqlar, bundan 46,3 faizini və ya 35550 hektarını əkin yeri təşkil edir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi alıb. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilib. Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98-100 faizi qeyri-dövlət sektorunun payına düşür.

Rayonda 69 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə, 6 xəstəxana, 18 ambulator-poliklinika, 22 feldşer-mama məntəqəsi, 1 mədəniyyət sarayı, 10 mədəniyyət evi, 47 kitabxana, 1 uşaq musiqi məktəbi və tarix-diyarşünaslıq muzeyi vardır.

Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir.

Ağsu rayonunun tarixi ilə bağlı maraqlı faktlar mövcuddur. A.Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, Nadir Şah tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsu şəhərinin adı bəzi tarixi mənbələrdə "Yeni Şamaxı" kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır. XVIII əsrdə mövcud olmuş şəhər öz adını "Ağsu çayı"ndan götürməklə mənbələrdə daha çox Ağsu kimi göstərilir.

XVIII əsrin yadigarı olan qədim şəhərinin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Rus səyyahı S.Bronevski yazılarında həmin şəhəri belə təsvir edir: "Şəhərin ətrafına qala divarları çəkilmişdi. Qalanın dördkünc və dairəvi bürcləri var idi. Qala divarlarının qarşısında dərin xəndək qazılmış, yaşayış binalarının alt hissəsi zirzəmilərdən ibarətdir. Binaların üst hissəsi uçub zirzəmiyə tökülmüşdür. Buradakı çalalar zirzəmilərin qalıqlarıdır. Şəhərdə yaşayış binaları sıx yerləşmişdir. Küçələr ensiz olub, arabalarla hərəkət etmək mümkün deyildi. Şübhəsiz şəhərin mərkəzi küçələri nisbətən enli olmuşdur".

Qədim Ağsu şəhərinin yerindən orta əsrlər dövrünə aid sadə gil qab nümunələri və Şirvan hakimi Surxay xanın adına zərb edilmiş mis sikkə tapılmışdır. Pul Nadir Şahın şəhərin salınması əmrindən əvvələ aiddir. Ağsunun ticarət və sənətkarlıq məntəqəsi olması haqqında XVI-XVII əsrdə bəzi tarixi mənbələrdə məlumat verilir.

Eyni zamanda "Xaraba şəhər"də aparılan ikinci axtarışlar zamanı Nadir şahın Şamaxını işğal etməzdən 100-150 il əvvələ aid materiallar və keramika məmulatı tapılıb. XVIII əsrdə Ağsu şəhərinin möhkəm qala divarları, müdafiə istehkamları olub. Şəhər getdikcə inkişaf edib, XVIII əsrin sonunda Azərbaycanın çoxsaylı əhalisi olan şəhərlərindən birinə çevrilib. Səyyah V.Leviatov qeyd edir ki, XVIII əsrin sonunda Yeni Şamaxı (Ağsu) şəhərinin əhalisi 10 minə yaxın olduğu halda, Gəncə, Ərdəbil, Şuşa, Nuxa, Bakı və başqa şəhərlərin əhalisi 3-8 mindən çox deyildi. S.Yegiazarov Ağsu əhalisindən Şirvan xanının xeyrinə 15,510 manat vergi toplandığını qeyd edir. Bu fakt şəhərdə əhaliyə qarşı ağır vergi sisteminin tətbiq oldunduğunu göstərir.

Ağsu şəhəri son orta əsrlər Azərbaycanın ictimai-siyasi və hərbi həyatında mühüm rol oynamış şəhərlərdəndir. 1734-cü ilin yayında Nadir Şah öz qoşunu ilə Şamaxıya doğru hərəkət edib. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərə bilib. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir Şah 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın edib, əhalisinin isə köçürülməsi əmrini verib. Beləliklə, 1735-ci il may ayının sonunda Şamaxı şəhərinin 4 ağaclığında (37 km), yeni şəhərin əsası qoyulub. Şəhərin qədim əhalisi də tikilən bu yeni şəhərə köçürülüb. Bu dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı olub.

1743-cü ildə Şirvanda Nadir Şahın zülmünə qarşı üsyan başlanılıb. Bu zaman özlərini Səfəvilərin xələfləri kimi təqdim edən yalançı şahzadələr - I, II, III Sam Mirzələr meydana çıxıb və onlardan ikisi Şirvanda fəaliyyət göstərib. I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşaiyətində Şirvanın mərkəzi olan Ağsu şəhərini zəbt edib. Nadir şahın zülmündən cana gəlmiş əhali onu rəğbətlə qarşılayıb. O, xalqı Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad edib. Lakin Nadir Şahın oğlu Nəsrullah Mirzə ilə I Sam Mirzə arasında Şirvan düzündə baş verən döyüşdə, I Sam Mirzə öldürülüb.

II Sam Mirzə Surxay xanın oğlu Məhəmməd xanın yardımı ilə 1743-cü ilin oktyabrında Şirvanda güclü üsyanın baş verməsində böyük rol oynayıb. Nəsrullah Mirzə 3 dəfə məğlub olmasına baxmayaraq, Ağsu qalasını bir neçə gün mühasirədə saxladıqdan sonra, nəhayət, top atəşi ilə ələ keçirə bilib. Bununla da çiçəklənən Ağsu şəhərinə ilk ciddi zərbə dəydi. Şəhərdə az sayda insan qaldı ki, onların da çoxunu əsr tutub şəhəri tamamilə qarət etdilər. Əhali bu günü "Allahdad" (Allah köməyə çat) adlandırdı.

Nadir şahın ölümündən (1747) sonra yerlərdə müstəqil xanlıqlar meydana gəldi ki, bunlardan biri də Şirvan xanlığı idi. Şirvan xanlığında (1747-1763-cü illər ərzində) iki hakimiyyətlilik hökm sürürdü. Şamaxıda hakimiyyət başında Xançoban tayfasından olan iki qardaş - Məhəmməd Səid xan və Ağası xan idi. Ağsuda isə Nadir Şahın Şirvanda vergi toplayanı təyin olunmuş Hacı Məhəmməd Əli xan hakimiyyəti ələ keçirmişdi.

Bu dövrdə Azərbaycanda ağalıq uğrunda yerli feodalların mübarizəsi gedirdi. Belə şəraitdə, 1755-ci ildə Şəki xanı Hacı Çələbi xan böyük qoşunla, Şirvanı ələ keçirmək məqsədilə Ağsu şəhərini mühasirəyə aldı. Burada hakimiyyətdə olan Hacı Məhəmməd Əli xan müdafiə üçün Quba hakimi Hüseynəli xandan kömək istədi. O da 3000 nəfərlik qoşunla, barışıq məqsədilə Ağsuya gəldi. Lakin Hacı Çələbi xan sülhə razı olmadı və qarşı tərəfi hədələyərək geri çəkilməsini istədi. Beləliklə, razılığa gələ bilməyən tərəflər arasında Ağsu şəhəri ətrafında baş vermiş döyüşdə Şəki xanı Hacı Çələbi xan ağır itki verərək geri çəkilmək məcburiyyətində qaldı. Hacı Məhəmməd Əli xanın bu böyük yardıma görə Ağsu şəhər qapısının açarlarını təqdim etməsinə baxmayaraq, Hüseynəli xan onları qəbul etmədi və üç günlük ziyafətdən sonra öz xanlığına qayıtdı. 1763-ci ildə Zaqafqaziyanı bürüyən güclü taun xəstəliyindən Ağsu əhalisi böyük ziyan çəkdi.

 

 (ardı var)

 

Tərlan NƏSİRLİ,

Bakı-Ağsu-Bakı

 

 Mövqe.- 2011.- 19 noyabr.- S. 10; 13.