Ağsu bütün sahələrdə dinamik inkişaf edir
Son illər
regionların sosial-iqtisadi inkişafı
dövlət proqramları çərçivəsində həyata
keçirilən tədbirlər Ağsu rayonunun da sosial-iqtisadi,
mədəni həyatında mühüm
irəliləyişlərə yol
açıb. Rayon rəhbərliyinin ciddi səyləri ilə
reallaşdırılan çoxsaylı layihələr, həyata
keçirilən abadlıq, tikinti-quruculuq
işləri sayəsində Ağsu
respublikanın sürətlə yeniləşən və abadlaşan rayonlarından birinə çevrilib.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında
nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü
icrası rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə
yeni mərhələnin başlanğıcını qoyub. 2003-cü
ildən başlayaraq həyata keçirilən tədbirlər
yeni iş yerlərinin və müəssisələrin yaradılmasına,
sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin
yüksəlməsinə təkan verib. Sahibkarlıq
mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata
investisiya qoyuluşlarının artmasında və əhalinin
məşğulluq səviyyəsinin yüksəlməsində
mühüm rol oynayıb.
Son 5 ildə ümummilli lider Heydər Əliyevin zəngin
irsinin gənc nəslə çatdırılmasında
mühüm rol oynayan Heydər Əliyev Mərkəzi istifadəyə
verilib, Heydər Parkının ərazisi genişləndirilərək
müasir layihə əsasında əsaslı şəkildə
yenidən qurulub. 3 tarixi hadisənin - Böyük Vətən
və Qarabağ müharibələrinin, 20 Yanvar şəhidlərinin
rəmzlərini özündə birləşdirən "Qəhrəmanlar
parkı" xatirə kompleksi, turistlərin və rayon sakinlərinin
mənalı istirahət yerinə çevrilən Heydər Əliyev
seyrəngahı son illərin irimiqyaslı tikintilərindəndir.
2004-2010-cu illərdə rayonda Avtovağzal kompleksi, Azərbaycan
Respublikasının Dövlət Bayrağı tikinti kompleksi,
rayon icra hakimiyyəti, prokurorluq və məhkəmə, Maliyyə
İdarəsi, DSMF-in rayon şöbəsi, Dairə Seçki
Komissiyası, 3 saylı rayonlararası Qeydiyyat-İmtahan
bölməsi, Su Kanal İdarəsi, kənd yaşayış
məntəqələrində 4 poçt şöbəsi, Əmək
və Əhalinin Sosial Müdafiəsi və Fövqəladə
Hallar Nazirliklərinin rayonda fəaliyyət göstərən
təşkilatları üçün müasir dizaynda yeni
inzibati binalar tikilib. Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət
sarayı, Poçtamt və Telekommunikasiya Qovşağı,
Statistika İdarəsi, Suvarma Sistemləri İdarəsi, bir
çox digər müəssisə, idarə, təşkilatlara
məxsus binalarda əsaslı bərpa və təmir işləri
aparılıb.
Regional dövlət proqramlarının icra olunduğu
müddətdə təhsil və səhiyyə obyektlərinin
maddi-texniki bazası daha da möhkəmləndirilib. Təkcə
bu faktı qeyd etmək kifayətdir ki, keçmiş Sovetlər
İttifaqı dövründə 20-25 ildə bir yeni məktəb
binası tikilirdisə, son 7 il ərzində rayonun 15 ümumtəhsil
məktəbi üçün dövlətin və Heydər Əliyev
Fondunun vəsaitləri hesabına ümumi şagird yerlərinin
sayı 3364 olan, kompyuter texnikası ilə təchiz edilmiş
yeni binalar inşa olunub. Həmin dövrdə 13 əlavə
sinif korpusu tikilərək 4 məktəbdə genişləndirmə
işləri aparılıb. Kalva kənd sahə xəstəxanası
üçün 15 çarpayı-yerlik yeni bina inşa olunub.
Yaponiya Hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi
Qrant Yardımı Proqramı" çərçivəsində
rayonun Ərəbmehdibəy kəndində Tibb məntəqəsinin
əsaslı təmir edilib, zəruri avadanlıqlarla təchiz
olunub.
Rayonda telekommunikasiya avadanlıqları uzun illər əvvəl
quraşdırılmış və keyfiyyətli telefon rabitəsi
yaratmağa imkan vermirdi. Son illərdə bu istiqamətdə də
geniş tədbirlər həyata keçirilib. 2010-cu ildə
Dövlət Proqramı çərçivəsində
bütün ATS-lər elektronlaşdırılıb və
montaj tutumu artırılaraq 9 min nömrəyə
çatdırılıb.
Uzun illər idi ki, Ağsu əhalisi içməli su
sarıdan ciddi korluq çəkirdi, əkin sahələrinin
suvarma suyu ilə təminatında böyük rolu olan
Yuxarı Şirvan Kanalının Ağsu maşın qolu
istifadəsiz qalmışdı. Məhz cənab İlham Əliyevin
2006-cı və 2009-cu illərdə rayona səfərlərindən
sonra imzaladığı sərəncamlar rayonun su problemini əsaslı
şəkildə həll edib. 2010-cu ildə tədbirin
icrasına başlanılıb, rayonun Quzay kəndi ərazisində
olan 4 ədəd bulağın suyunu yığmaq
üçün qəbuledici kamera tikilib. Şəhərin ərazisində,
Ağsuçayın sağ sahilində 1 ədəd 500
kubmetrlik su anbarı tikilərək şəhər xəttinə
qoşulub, su anbarlarının yanında bakterisid qurğusu
quraşdırılıb. Qəbuledici kameradan şəhərin
su anbarlarına qədər 219 mm-lik polad borularla 21 km
uzunluğunda su kəməri çəkilib. Bundan başqa, su
anbarından Pirhəsənli kəndinə 3,7 km uzunluğunda
110 mm-lik polietilen borularla su kəməri çəkilərək
3 yerdə bulaq tikilib. Ümumilikdə tikinti işlərinə
3582736.00 manat vəsait sərf edilib.
Rayon kəndlərinin su təchizatının
yaxşılaşdırılması məqsədilə 8 kənd
yaşayış məntəqəsində modul tipli su təmizləyici
qurğuların quraşdırılması üçün
torpaqayırma sənədləri hazırlanıb, su təmizləyici
qurğuların quraşdırılması işlərinə
başlanılıb. Kəndoba və Ağabəyli kəndlərində
su təmizləyici qurğuların
quraşdırılması işləri başa
çatdırılıb. Rayonun İlxıçı,
Çaparlı, Pirhəsənli, Qaravəlli, Qaraqaşlı,
Qiyaslı, Rəhimağalı, Şahbəyli, Ərəbuşağı
və Növcü kəndlərinin hər birində bir ədəd
subartezian quyusu qazılaraq istifadəyə verilib.
Kanalda və ona xidmət edən nasos stansiyasında 1
milyon manatlıq əsaslı təmir işləri
aparılıb. 2010-cu ildə 3,7 milyon manat dəyəri olan
layihə əsasında dağlıq ərazilərdəki bulaq
sularının gətirilməsi üçün polad borularla
25 kilometr uzunluğunda yeni kəmər çəkilib və
digər zəruri işlər görülüb. Kənd yerlərində
də içməli suyun keyfiyyətinin müəyyən
edilmiş tələblərə cavab verməsi
üçün Kəndoba və Ağabəyli kəndlərində
modul tipli sutəmizləyici qurğular
quraşdırılıb.
Rayonda elektrik, qaz, yol infrastrukturları onillər bundan
əvvəl istifadəyə verilmişdi və
çoxdandır ki, təzələnmirdi. Bu məsələlər
də son illərdə müsbət həllini tapıb.
Ağsu şəhərində respublikada birincilər
sırasında elektrik verilişi xətləri SİP
markalı müasir kabellərlə əvəz olunub və
"smart-kart" tipli sayğaclar quraşdırılıb.
2010-cu ildə 11 yaşayış məntəqəsi qaz
yanacağından istifadə edib və bir-birinə yaxın ərazidə
yerləşən daha 21 kəndə təbii qazın verilməsi
ilə bağlı 35 kilometr uzunluqda yeni
daşıyıcı kəmər çəkilib. Bu işlərə
paralel olaraq Ağsu şəhərində qaz abonentlərinin
smart-kart sayğacları ilə təmin olunmaları istiqamətində
də işlərə başlanılıb.
Rayonun Padar, Daşdəmirbəyli,
Aratlı-Curuğlu, Çiyni, Növcü, Pirhəsənli,
Ülgüc, Dilman, Xatman və digər kəndlərinin qaz təminatı
yaxşılaşdırılıb. Ağsu-Bəyimli və
Ağsu-Göydəlləkli kəndləri istiqamətində
35 km uzunluğunda yeni qaz kəməri çəkilib ki, həmin
xətlər vasitəsilə rayonun 21 kənd
yaşayış məntəqəsinə qaz verilişi təmin
olunub. Rayonun Kəndoba, Bozavand, Kalva, Hacman və Suraxanı kəndlərinin
təbii qaz təsərrüfatının təmir-bərpasında
tamamlama işləri aparılır. Ümumilikdə, 2012-ci
ildə rayonun əksər yaşayış məntəqələrinin
qazlaşdırılması nəzərdə tutulub.
Bundan başqa, son illərdə rayonun Heydər Əliyev,
Azərbaycan, Ü.Hacıbəyov, Nizami, M.Ə.Rəsulzadə
və Vidadi küçələrində,
"Bakı-Yevlax", "Ağsu-Kürdəmir"
magistral yollarının Ağsu şəhərindən
keçən hissəsində piyada səkiləri
asfaltlaşdırılıb, yaşıllıq sahələri
və gecə işıqlandırma sistemi yenidən qurulub. Ağsu
şəhərində Heydər Əliyev parkının yenidən
qurulması, Heydər Əliyev Mərkəzinin, Seyrəngah
kompleksinin tikinti işləri başa
çatdırılıb. Ağsu şəhərində yeni
salınan küçələrin
asfaltlaşdırılması işlərinə
başlanılıb. Rayon büdcəsi və daxili imkanlar
hesabına Ağsu şəhərinin Vidadi, Azərbaycan və
N.Tağızadə küçələrində avtomobil
yollarına 23760 kv.m., həmin küçələrin piyada səkilərinə
isə 2063 kv.m., T.Əliyarbəyov, H.Aslanov, Ü.Hacıbəyov,
S.Vurğun, T.Xasıyev, H.Əliyev və M.Ə.Rəsulzadə
küçələrinə 59300 kvadratmetr asfalt vurulub.
Şəhərin elektrik təsərrüfatı
tamamilə yenidən qurularaq elektrik verilişi xətləri
SİP kabellə əvəz edilib və "SMAR-KART"
sayğacları quraşdırılıb. 10 kilovoltluq elektrik
verilişi xətlərində 12.03 kilometr məsafədə əsaslı,
5.7 km məsafədə isə cari, 04 kilovoltluq elektrik
verilişi xətlərində 11.07 km məsafədə əsaslı,
0.92 km məsafədə isə cari təmir işləri
aparılıb. 1963 kva gücündə 15 transformator
yarımstansiyası əsaslı, ümumi gücü 10829 kva
olan 58 transformator yarımstansiyası isə cari təmir
olunub, 471 ədəd elektron sayğac
quraşdırılıb.
Son illər rayonun ən böyük uğurlarından
biri də kəndlərdə yaşayan əhali
üçün hər cür şəraitin
yaradılması olub. Artıq kənd yaşayış məntəqələri
də inkişaf dövrünə qədəm qoyub. 14 km kənd
magistral yoluna asfalt vurulub, 70 km-dən çox kənd və kəndarası
yollar qum-çınqıl döşənməklə təmir
edilib. Abadlaşdırma işləri Çiyni kəndi
üçün daha xarakterikdir. Burada irimiqyaslı tikinti və
infrastruktur proqramı həyata keçirilir. Yollar
asfaltlaşdırılıb, kəndə təbii qaz
verilişi bərpa olunub, elektrik təsərrüfatı
tamamilə yenidən qurulub. Nəfis dizaynda məktəb
binası, yerli icra hakimiyyəti orqanı və kənd bələdiyyəsi
üçün iki mərtəbəli inzibati bina, mədəniyyət
sarayı inşa olunub. Kəndin küçələrinin
genişləndirilməsi, piyada səkilərinin,
yaşıllıq sahələrinin və kəndin mərkəzi
küçəsinin gecə işıqlandırma sisteminin
qurulması, vətəndaşlara məxsus həyətyanı
sahələrin ətrafına mişar daşı ilə hasar
çəkilməsi işləri həyata keçirilib.
(ardı var)
Tərlan Nəsirli
Bakı-Ağsu-Bakı
Mövqe.- 2011.- 23 noyabr.- S. 10.