Regional inkişaf proqramları Ağsuda uğurla icra olunur

 

Hər bir dövlətin davamlı tərəqqisinin mühüm şərtlərindən biri də onun bütün regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsidir. Bu da təsadüfi deyildir ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə regionların inkişafı mühüm yer tutur. Sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin, - potensial və imkanlar nəzərə alınmaqla, - proporsional inkişafı milli tərəqqinin vacib amili kimi nəzərdən keçirilir.

Paytaxt və digər böyük şəhərlərin, iri yaşayış massivlərinin kənd, rayon və qəsəbələrə nisbətən daha sürətlə inkişaf etməsinə təkcə postsosialist dövlətlərində deyil, ümumilikdə bütün inkişaf etmiş dövlətlərdə geniş rast gəlinir. Urbanizaya prosesi - şəhərlərə yüksək axın hazırda bütün dövlətləri qayğılandıran, ciddi fəsadlarla müşayiət olunan qlobal problemdir. Azərbaycan müstəqillik qazandıqdan sonra iri şəhərlərin daha sürətlə inkişaf etməsi, rayonların və kəndlərin isə tərəqqi prosesindən geridə qalması kimi neqativ tendensiya ilə üzləşmişdi.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" da, ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısının almağa xidmət edən təkmil konsepsiya idi. Ölkə başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə regional inkişaf tədbirlərinin davam etdirilməsi baxımından daha geniş imkanlar açdı.

Hər iki proqram çərçivəsində həyata keçirilən tədbirlər bu gün Ağsu rayonunun da inkişafı üçün geniş perspektivlər açıb. Bir vaxtlar Şirvan bölgəsinin nisbətən zəif inkişaf etmiş rayonlarından sayılan Ağsu son illərdə inanılmaz dərəcədə dəyişib, inkişaf edib, müasirləşib. Bütün bunlarla yanaşı, rayonun iqtisadiyyatı da inkişaf edib, insanların sosial rifah halı yaxşılaşıb. Xüsusən də 2004-2008-ci illəri əhatə edən I regional dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası uğurla başa çatdırılıb, rayon iqtisadiyyatının dinamik inkişafı təmin olunub. Sənayenin, aqrar bölmənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması yeni yerlərinin açılması sahəsində uğurlu nəticələr əldə edilib.

Kənd təsərrüfatı sahəsində bitkiçilik və əkinçilik diqqət mərkəzində saxlanılıb. 2008-ci ildə pambıqçılığın inkişafı sahəsində müəyyən işlər görülüb, 1 hektara orta illik məhsuldarlıq 13,8 sentner, məhsul istehsalı 1525,4 ton təşkil edib bu da 2003-cü illə müqayisədə 82,4 ton çoxdur.

Üzümçülük Ağsu rayonunun iqtisadiyyatında mühüm yer tutur. Son illər bu sahənin genişləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb. Eyni zamanda rayonda fəaliyyətə başlamış emal müəssisələri üzümçülüyün inkişafına xeyli təkan verib. Dövlət Proqramının icra olunduğu müddətdə 512 hektar ərazidə yeni üzümlük salınıb. Taxılçılıq rayonun kənd təsərrüfatında özünəməxsus yer tutur. 2004-2008-ci illərdə 2003-cü illə müqayisədə 8914 hektar çox sahədə taxıl əkilib, məhsul istehsalı 28,1 min ton, 1 hektara məhsuldarlıq 1,0 sentner artaraq 29,1 sentner təşkil edib. 2009-cu ilin məhsulu üçün 36743 ha sahədə taxıl əkilib, rayonda 2 toxumçuluq təsərrüfatı yaradılıb. Dövlət Proqramının icra olunduğu dövrdə rayonda bir "Aqrotexservis" müəssisəsi və kənd təsərrüfatı texnikasının ehtiyat hissələri ilə təchiz etmək məqsədilə 2 mağaza yaradılılıb fəaliyyətə başlayıb.

Bu müddətdə "Aqrotexservis" müəssisəsi ailə-kəndli, fermer və fərdi təsərrüfatlarda yaz-tarla işlərinin aparılması, şum çıxarılması, taxıl əkini, məhsul toplanışı və daşınması sahəsində xidmət göstərib. Heyvanların baş sayı 2004-2008-ci illərdə 2003-cü illə müqayisədə artıb. İri buynuzlu mal-qara 1099 baş, o cümlədən, inək və camışlar 920 baş, qoyun-keçilər 17386 baş, quşlar 35631 baş təşkil edib. Heyvanların və quşların baş sayının artımı məhsul istehsalına da müsbət təsir göstərib. Belə ki, ət istehsalı (diri çəkidə) 640 ton (19 faiz), süd istehsalı 3880 ton (19,9 faiz), yun istehsalı 51 ton (22,7 faiz) yumurta istehsalı 2403 min ədəd (60,3 faiz) artıb.

Bu müddətdə fiziki şəxs statusunda 77 kəndli (fermer), 3 arıçılıq, 6 damazlıq təsərrüfatı və yeni mal-qara cinslərinin yetişdirilməsi üçün 5 süni mayalama məntəqəsi yaradılıb, kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli qiymətlərlə 222 ton yemləmə gübrəsi və 28 ton toxumluq buğda verilib. Ağsu Quşçuluq fabrikinin inkubasiya sexinin fəaliyyəti bərpa olunub, Musabəyli kəndində özəl "Şaban-Quşçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılaraq fəaliyyətə başlayıb. "Şaban-Quşçuluq" MMC-də 2007-2008-ci illərdə ətlik istiqamətində 45 min baş quş yetişdirilərək satışı təmin edilib.

2004-2008-ci illərdə alkoqollu içkilər, meyvə şirələri və konserv məhsulları istehsal edən "Büllur" Məhdud Məsuliyyətli Cəmiyyət, "Miri Qrand" MMC, "Batabat" MMC-nin Ağsu filialı, "Ağsu Konserv AM" MMC, "Ağsu Şərab - 3" ASC, "Mehman" MMC və "Nadir A" MMC yaradılıb və fəaliyyətə başlayıb. Alkoqollu içkilər, meyvə şirələri və konserv məhsullarının istehsalı çeşidi və keyfiyyət göstəriciləri ildən-ilə artıb, sənaye məhsulları respublikanın eləcə də xarici ölkələrin bazarlarında satılıb. Bundan başqa, yeni emal xətlərinin qurulması, məhsul istehsalının və çeşidinin artırılması sahəsində müvafiq işlər aparılıb, alkoqollu içkilər, meyvə şirələri konserv məhsulları istehsal edən yeni zavodun tikintisi davam etdirilib.

I regional Dövlət Proqramı icra olunduğu dövrdə 16 yeni sənaye müəssisəsi, 95 ticarət və iaşə obyekti, 7 ticarət mərkəzi, onlarla məişət və digər xidmət obyektləri, 4 şadlıq sarayı, "Gülüstan" moteli, Şəlalə şadlıq və əyləncə mərkəzi, "Fəvvarələr bağı" istirahət mərkəzi və s. yaradılaraq fəaliyyətə başlayıb, bir sıra mövcud müəssisələrin ştat vahidləri artırılıb.

2004-2008-ci illərdə rayon mərkəzində və kəndlərdə abadlıq-quruculuq, tikinti, sosial obyektlərin təmiri sahəsində də bir çox işlər görülüb. Şəhərin Heydər Əliyev, Nizami, Azərbaycan küçələri tamamilə yenidən qurulub, Bakı-Qazax və Ağsu-Kürdəmir magistralının Ağsu şəhərindən keçən ərazilərində, yolun hər iki tərəfində müasir üslubda dekorativ hasar tikilib, piyada səkiləri və işıqlandırma sistemi yenidən qurulub. Şəhərin mərkəzi küçələrinə yaxın ərazilərdə fərdi mənzillərin hasarları eyni vəziyyətə gətirilərək yaxşılaşdırılıb.

Ümumiyyətlə, 2004-2008-ci illərdə şəhərin abadlaşdırılması məqsədilə 13,7 min kv m. hasar tikilib, 30,5 min kv m. suvaq vurulub, 38,6 min kv m. rənglənmə işləri aparılıb, 24,8 km ( 181,9 min kv m ) asfalt örtük çəkilib, 7,7 min kv m. bordyur, 11,9 min kv m. tamet döşənib. Şəhərin işıqlandırılması üçün 10740 p/m kabel çəkilib, 358 dirək quraşdırılıb.

Şəhərin yeni salınan məhəllələrində uzunluğu 7 km, sahəsi 42,0 min kv m. olan küçələrə şeben döşənilməklə bərkitmə işləri aparılıb. Bundan başqa, 12 km kənd, 5 km Ağsu-Kürdəmir magistral yoluna asfalt vurulub, 69 km kənd kəndarası yollar qum-çınqıl döşənilməklə təmir edilib.

2004-2008-ci illərdə Ağsuçayda sel sularından mühafizə məqsədi ilə 592 p/m uzunluğunda 6693,2 kubmetr həcmində beton bənd tikilib, bu işlərə 569,2 min manat vəsait xərclənib. Ağsuçayın Maşadqanlı və Ağalarbəyli kəndlərinin ərazisindən keçən hissəsində 1050 p/m uzunluğunda 12,6 min kub metr həcmində sahilbərkitmə işləri görülüb, 170 p/m uzunluğunda 2035 kubmetr həcmində dəmir-beton bənd tikilib.

Dövlət Proqramı icra olunduğu dövrdə Bico kəndində 200, Gəgəli kəndində 480, Padar kəndində 240, Ərəbmehdibəy kəndində 240, Növcü kəndində 380, Pirhəsənli kəndində 360, Çiyni kəndində 320, Ağarx kəndində 264, Cəlayır kəndində 220 şagird yerlik orta, Xəlilli kəndində 192 şagird yerlik əsas və Bəyimli kəndində 100, Qaraməmmədli və Axundlu kəndlərinin hər birində 30 şagird yerlik ibtidai məktəb binaları tikilib, müasir inventar avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Bu müddətdə Musabəyli kənd orta məktəbi üçün 60 şagird yerlik 3, Qaraqoyunlu orta məktəbi üçün 80 şagird yerlik 4, Qaradağ əsas məktəbi üçün 80 şagird yerlik 4, Kövlüc kənd əsas məktəbi üçün 40 şagird yerlik 2 əlavə sinif otağı, Gəgəli kənd orta məktəbi üçün idman zalı tikilib. 1 saylı Ağsu şəhər məktəb liseyi əsaslı təmir olunub. Dövlət Proqramının icra olunduğu müddətdə ümumilikdə 3056 şagird yerlik 13 yeni məktəb binası və 4 məktəbdə 260 şagird yerlik 13 əlavə sinif otağı tikilib.

2004-2008-ci illərdə səhiyyə və digər sosial obyektlərin bərpası və tikintisi böyük uğurla aparılıb. Belə ki, rayon Mərkəzi xəstəxanasının reanimasiya, cərrahiyyə, qanköçürmə, genekologiya, infeksion xəstəliklər, təcili tibbi yardım, məhkəmə tibbi ekspertiza və potoloji anotomiya şöbələri, əməliyyat bloku əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz edilib.

Bico kənd xəstəxanası və Ərəbuşağı kənd ambulatoriyası əsaslı, Mərkəzi xəstəxanada poliklinika, Ləngəbiz kənd feldşer-mama məntəqəsi, Bozavand kənd həkim ambulatoriyası və Uşaq xəstəxanası cari təmir olunub. Kalva kəndində 10 çarpayılıq yeni xəstəxana binası tikilib, inventar avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib.

2004-2008-ci illərdə Ağsu şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 16 mənzildən ibarət 2 ictimai yaşayış, Daşdəmirbəyli kəndində kitabxana binası, DSMF Ağsu rayon şöbəsi, Yüksək Gərginlikli Elektrik şəbəkəsi, rayon Prokurorluğu, rayon Məhkəməsi, 87 saylı Ağsu İsmayıllı Seçki Dairəsi Dairə Seçki Komissiyası, Ağsu rayonu üzrə Maliyyə idarəsi, Su-Kanal idarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları üçün inzibati binalar, 4 saylı Ərazi Vergilər İdarəsi üçün kompyuter terminalı, Ağsuçayın üzərində piyada körpüsü, Qəhrəmanlar parkı, müasir tipli Avtovağzal Kompleksi, Kalva, Bico Gəgəli kənd poçt şöbələri tikilərək istifadəyə verilib.

Mədəniyyət sarayının genişləndirilməsi məqsədilə yenidənqurma işləri başa çatdırılıb, Saray müasir avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilib. Rayonun Qaraqaşlı kəndinin ərazisində şəhərin və Ağsu-İsmayıllı sərhədlərində rayonun adını bildirən yeni stellalar tikilib. Şəhərin M.Hüseyn kəndində yerləşən 4 və 5 nömrəli 2 ictimai yaşayış binalarında bərkitmə işləri aparılıb, 50 mənzilli, 5 mərtəbəli ictimai yaşayış binasının tikintisi başa çatdırılıb. Bakı-Qazax magistral yolunun Ağsu şəhərindən keçən hissəsində, Vidadi küçəsinin bağlanğıcında (hündürlüyü 65 metr) Azərbaycan Respublikasının Dövlət bayrağı ucaldılıb.

Şəhərin baş meydanında ulu öndərin adını daşıyan 2 mərtəbəli muzeyin, Heydər Əliyevin abidəsinin, Ağsu aşırımında Heydər Əliyev Seyrəngahının, "Azərdəmiryolbank"ın Ağsu filialının, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti üçün inzibati binanın, alkoqollu içkilər və meyvə şirələri istehsal edən zavodun, Ağsu aşırımında rayonun, Pirhəsənli kəndi ərazisində şəhərin adını bildirən stellaların və onlarla digər ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin tikintisi başa çatdırılıb. Bunlardan başqa, "Kapitalbank"ın Ağsu rayon filialında, Ağsu rayon İcra hakimiyyətinin inzibati və Telekommunikasiya Qovşağında əsaslı təmir işləri görülüb. Poçt xidmətlərinin keyfiyyəti yüksəlib, əhaliyə göstərilən xidmət növlərinin sayı artırılıb. Mərkəzi poçt şöbəsi müasir avadanlıqlarla təchiz edilib.

2004-2008-ci illərdə rayonun elektrik təsərrüfatında da bir sıra işlər görülüb. Rayon Paylayıcı Elektrik Şəbəkəsinin "Ağsu" yarımstansiyasının gücünün artırılması məqsədilə 7,5 MVA gücündə transformator 16 MVA gücündə transformatorla əvəz edilib. 63 ədəd 10/04 kv-luq transformator yarımstansiyasında əsaslı təmir işləri aparılıb, 164 ədəd ağac və 209 ədəd dəmir beton dirəklər yenisi ilə əvəz edilib. Şəhərin elektrik təsərrüfatında yenidənqurma işlərinə başlanılıb, bu məqsədlə 1045 ədəd elektrik dayaqları yeni dəmir beton dayaqlarla əvəz edilib, 46,9 km elektrik verilişi xətti SİP kabellə əvəz edilib.

Ağsu Magistral Qaz Kəmərləri idarəsi nəzdində yeni Ağsu rabitə ötürücü stansiya istifadəyə verilib. Rayonun qaz təsərrüfatında cari təmir işləri görülüb. Şəhərin Heydər Əliyev küçəsi və ona yaxın küçələrdə olan mövcud abonentlərin qaz təchizatının yaxşılaşdırılması üçün 3900 p/m, orta təzyiqli qaz kəməri çəkilib, 9 ədəd qaz tənzimləyici şkaf quraşdırılıb. Şəhərin Vidadi küçəsində 60 mənzilli 2 yaşayış binasına qaz vermək üçün 460 p/m yeni qaz kəməri çəkilib.

Rayonun Padar kəndinin qaz təsərrüfatında təmir-bərpa işləri aparılıb, 200 abonentin qaz xəttinə sayğac quraşdırılaraq kəndə qaz verilişi bərpa olunub. Əvvəllər qazlaşdırılmayan Dilman kəndində qaz təsərrüfatının tikintisi başa çatdırılaraq kəndə qaz veriib. Rayonun dağlıq ərazisində yerləşən Xatman, Hacman, Kalva və Suraxanı kəndlərinin qazlaşdırılması təmin olunub. Daşdəmirbəyli, Bozavand və Kəndoba kəndlərinin təbii qaz təsərrüfatında təmir-bərpa işləri həyata keçirilib. Rayon üzrə 3747 ədəd qaz sayğacı quraşdırılıb. Şəhər əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra küçə, məhəllə və ictimai yaşayış binalarına 4875 p/m su kəməri çəkilib. Şəhərin Heydər Əliyev küçəsində 2580 p/m magistral su xətti tamamilə yenisi ilə əvəz edilib.

Yeni tikilmiş DSMF Ağsu rayon şöbəsinin və rayon Prokurorluğunun inzibati binalarına, Qəhrəmanlar parkına, məscidə və 100 fərdi abonent üçün yeni su xətti çəkilib. 17 büdcə, 15 ticarət və xidmət obyektinə, 400 fərdi abonentin mənzilinə su sayğacı quraşdırılıb. İlxıçı, Çaparlı, Pirhəsənli, Qaravəlli, Qaraqaşlı, Qiyaslı, Rəhimağalı, Şahbəyli, Ərəbuşağı və Növcü kəndlərinin hər birində bir ədəd subartezian quyusu qazılıb istifadəyə verilib. Eyni zamanda, Mənzil İstismar idarəsi tərəfindən ictimai yaşayış binalarının kanalizasiya sistemində əsaslı və cari təmir işləri aparılıb, 8 ədəd ictimai yaşayış binasının dam örtüyü təmir edilib. Bu işlərə ümumilikdə 45,5 min manat vəsait xərclənib.

Bundan başqa, 4 saylı Ağsu şəhər, Çaparlı kənd orta, Gəgəli və Qiyaslı kənd əsas məktəblərində əsaslı, təhsil şöbəsinin əsas binasında, Daşdəmirbəyli, Ərəbuşağı, Ülgüc, Nuran kənd orta, Padar kənd əsas, Şahbəyli, Rəhimağalı, Bənəcik kənd ibtidai məktəblərində cari, Ləngəbiz, Qaraqoyunlu, Musabəyli kənd və 2 saylı şəhər orta, Göydəlləkli, Qaravəlli kənd əsas, Hacıqədirli kənd ibtidai məktəblərində cari təmir işləri aparılıb. 2004-2008-ci illərdə rayonun ümumtəhsil məktəblərinə 211 ədəd kompyuter verilib, mebel avadanlıqlarla təchiz edilib.

Ümumiyyətlə, 1 oktyabr 2003-cü il tarixdən 01.01.2009-cu il tarixədək rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 5916 nəfər işlə təmin olunub və bunlardan 3109 nəfəri daimi işlə təmin olunanlardır.

 

 (ardı var)

 

 

Tərlan Nəsirli,

Bakı-Ağsu-Bakı

 

Mövqe.- 2011.- 25 noyabr.- S. 10; 14.