"Bu, əsl kişilərin idmanıdır"
"Vətən uğrunda" ordeninin sahibi, kikboksinq üzrə
14 qat dünya, 5 qat Avropa çempionu
Eduard Məmmədovun apasport.az
saytına müsahibəsi.
- Hazırda əsasən olimpiya idman növlərinə
diqqət daha çoxdur. Siz isə qeyri-olimpiya növü
sayılan kikboksinqin inkişaf perspektivlərini necə
görürsünüz?
- Bu növ həmişə olduğu kimi, yenə
inkişafdadır. Bildiyiniz kimi, Kikboksinq Federasiyasının
prezidenti millət vəkili Adil Əliyevdir. O,
idmançılarla maraqlanır. Bakı ilə yanaşı,
rayonlarda da kikboksinqin inkişafına şərait
yaradılıb. Çox dramatik idman növü olmasına
baxmayaraq, hazırda gənclərin böyük marağına
səbəb olub. Bu, əlbəyaxa döyüşün ən
kontakt növüdür. Növlər arasında fərq
qoymuram. Demək istəyirəm ki, bu, əsl kişilərin
idmanıdır. Çətinliklərin hər birinin öz
gözəlliyi var. Yarışlar demək olar, hər həftə
keçirilir. Respublika birinciliyi isə ildə bir dəfə
baş tutur. Qeyri-olimpiya idman növü olmasına baxmayaraq,
bizə qayğı var. Prezidentimiz İlham Əliyev mənim
xidmətlərimi mənzil və digər diplomlarla qiymətləndirib.
- Kikboksinqin qeyri-olimpiya idman növü olduğunu
yaxşı qabartdınız. Gələcəkdə bu
növün Olimpiya Oyunlarının proqramına salınmaq
ehtimalı varmı?
- Gəlin, bir qədər keçmişə nəzər
salaq. Taekvondonun da olimpiadanın proqramına daxil ediləcəyini
heç kim gözləmirdi. Amma oldu. Sonuncu dünya
çempionatı 63 ölkədən 800-dən çox
idmançının iştirakı ilə keçirildi. Bu,
onu göstərir ki, kikboksinqə maraq artır. Bu idman
növü 1970-ci ildən sonra yaranıb. Vaxtı gələcək
kikboksinq ən populyar idman növünə çevriləcək.
- Azərbaycan idmanında tutduğunuz mövqeni necə
izah edə bilərsiniz?
- Əməkdar idman ustasıyam. 14 dəfə
dünya çempionu olmaqla yanaşı, həm də 5 dəfə
qitə birincisi adına layiq görülmüşəm. Hələ
döyüşürəm. Düzdür, axırıncı
dünya çempionatında cavan uşaqlar
yarışırdılar. Mən isə artıq 33
yaşındayam. Hamı deyir ki, sən nə yaxşı ki,
indiyə kimi döyüşürsən. İdmanı
sevdiyimdən indiyədək peşəkar rinqdəyəm. Necə
deyərlər, hələ motor çəkir.
- Qarşıda sizi nə kimi yarışlar gözləyir?
- Gələn ilin fevralında keçiriləcək
"Dünya Kəməri" döyüşlərinə
çağırılmışam. Həmin yarışda Ermənistan
millisinin kapitanı Zurab Faroyan da qüvvəsini sınayacaq.
Bundan öncəki yarışlarda onu 2 dəfə məğlubiyyətə
uğratmışam. Deyərdim ki, çox
güclüdür. Həvəskar rinqdə üstələdiyim
rəqiblərlə bu dəfə peşəkar səviyyədə
döyüşməliyəm. Görüş hər biri 3 dəqiqə
olmaqla, 5 raunddan ibarətdir. Düzdür, hazırda zədəm
var. Fevrala qədər bütün problemləri aradan
qaldırmağa çalışacağam. İnşallah, əsas
məqsədim "Dünya Kəmər"ini Azərbaycana gətirməkdir.
- Azərbaycanda peşəkar boks, kikboksinq gecələrinə
az-az rast gəlirik. Buna səbəb nədir?
- Əlbəttə ki, bu iş baş tutsa, sevinərik.
Çünki bu da inkişaf üçün bir təkandır.
Peşəkar idman gecəsi idman, gözəllik, şounu bir
yerə toplayan sahədir. Bu, təkcə döyüş
deyil. Fikrimcə, biz buna doğru gedirik.
- Azərbaycanda sizin nəticələri təkrarlaya
biləcək idmançı varmı?
- Mən döyüşməklə yanaşı, həm
də "Neftçi" İdman Sağlamlıq Mərkəzində
məşqçi kimi çalışıram. Tələbələrim
var. 2-3 nəfər var ki, onlar arasında seçim
aparıram. Görək həmin nəticələri
qazanmağı kim daha çox istəyəcək.
Qarşıdakı yarışlardan sonra bu barədə daha ətraflı
danışmaq olar. Amma ürəyimdən bir hiss var ki,
yaxşı davamçım yetişəcək.
- İdmanın başqa növlərinə maraq
göstərirsinizmi?
- Futbola böyük marağım var. Milli
komandanın iştirakı ilə keçirilən oyunlara
baxıram. Hiss olunur ki, axır zamanlar futbola qayğı
artıb. Arzulayardım ki, milli komandamız nəticələri
bir qədər də yaxşılaşdırsın. Futbolla
yanaşı, boksa və cüdoya fikir verirəm. Bizim növ
olimpiadaya daxil olmasa da, digər idmançıların
olimpiadadan medalla dönməsini arzulayıram. Kənardan dəstək
olacağıq.
- "Neftçi" klubuna azarkeşlik etdiyinizi bilirik. Son vaxtlar
bu komandanın qələbələri hakimliklə
bağlanır. Buna münasibətiniz necədir?
- Qaliblər mühakimə
olunmurlar. Hazırda "Neftçi" son çempiondur. Əgər udubsa,
deməli, güclüdür.
Əgər bacarırsansa, sən
də ud. Bu, mənim şəxsi
fikrimdir.
- Peşəkar idmançıların,
futbolçuların şou-biznesə qatılmasına,
özünü bu sahədə sınamasına münasibətiniz
necədir?
- Çox yaxşı. Özümü də tez-tez
belə tədbirlərə dəvət edirlər. Dünən
"Xəyal Prodokşın" məni ilin
idmançısı seçdi. Vəhdət
yaxşıdır. Şou-biznesdə çoxlu dostlarım
var. Bu, bütün dünyada olan praktikadır. Şou-biznes
nümayəndələri ilə idman ictimaiyyəti
arasında dostluq var. Bir idmançı bütün
günü ancaq idmanla məşğul ola bilməz.
Mövqe.- 2011.- 25 noyabr.- S. 15.