Ağsu sakinləri rayondakı sürətli inkişaf tempindən məmnundurlar

 

2011-ci ilin 9 ayının sosial-iqtisadi yekunları Ağsu rayonu üçün də mühüm uğurlarla yadda qalıb. Hesabat dövründə Ağsu-Kürdəmir magistral yolu ilə Bakı-Yevlax magistral yolunu əlaqələndirən dairəvi avtomobil yolu, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib, şəhərin M.Ə.Rəsulzadə küçəsi tamamilə yenidən qurulub. Vətəndaşlara məxsus fərdi evlərin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimai və inzibati binaların görkəmi yaxşılaşdırılıb, həyətyanı sahələrin küçələrə yaxın hissəsi eyni vəziyyətə gətirilərək suvanıb və rənglənib.

Yaşıllıq zolaqları salınıb, ağac, gül və bəzək kolları əkilərək küçə, meydan və səkilərə xüsusi yaraşıq verilib. Şəhərin Vidadi küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi yerdən başlayaraq Ağsu-Kürdəmir magistral yolunun şəhərdən (Nizami küçəsi) və Qaraqaşlı kəndindən keçən hissəsində yolun hər iki tərəfində müasir üslubda hasar tikilib, piyada səkiləri və gecə işıqlandırma sistemi yenidən qurulub. İnşası başa çatdırılmış onlarla möhtəşəm binalar şəhərin gözəlliyini daha da artırıb. Şəhərdə sutkalıq istehsal gücü 5 ton olan çörək zavodunun və Mədəniyyət və İstirahət parkının tikintisi başa çatdırılıb. Rayonun Padar kəndində saatlıq istehsal gücü 30 kub metr olan qum-çınqıl karxanasının, "Azəriqaz" ASC-nin yerli orqanları üçün inzibati binanın, onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin, həmçinin digər xidmət obyektlərin tikintisi, eləcə də rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası sahəsində əsaslı işlər görülüb və bu istiqamətdə işlər davam etdirilir.

Ümumiyyətlə, 2011-ci ilin 9 ayında fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 618 nəfər işlə təmin olunub. Bunlardan 193 nəfəri daimi işlə təmin olunanlardır.

Bundan başqa, 2011-ci ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 86219,9 min manat təşkil edib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz çoxdur. Ümumi məhsul buraxılışının 46043,9 min manatı və ya 53,4 faizi kənd təsərrüfatında, 22,6 faizi ticarətdə, 19,9 faizi tikintidə yaranıb. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 58851,8 min manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2010-cu ilin müvafiq dövrünün səviyyəsini 3129,0 min manat ötərək 8149,0 min manat olub. 2011-ci ilin 9 ayında tikinti-quraşdırma işlərinin həcmi 17124,1 min manat, əsas kapitala yönəldilən investisiyalar 17679,4 min manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işlərinin həcmi 8,6 faiz, əsas kapitala yönəldilən investisiyaların məbləği isə 7,7 faiz azalıb. Azalmaya rayonda aparılan əsaslı tikintilərin bir qisminin IV rübə planlaşdırılması səbəb olub və bu da ilin sonuna kimi icrasına başlanılmış layihələrin reallaşması ilə tənzimlənəcəkdir.

Xüsusi mülkiyyətin genişləndirilməsi, sahibkarlığın sürətli inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 manat artaraq 216 manat təşkil edib.

2011-ci ilin 9 ayında rayon büdcəsinin mədaxil proqnozu (8 milyon 811,3 min manat) 100,0 faiz icra olunub. Yerli gəlirləri tənzimləmək üçün respublika büdcəsindən ayrılan subsidiya 6 milyon 990,0 min manat proqnozlaşdırılıb, 6 milyon 981,6 min manat və ya 99,9 faiz icra olunub. Yerli gəlirlər 1 milyon 821,8 min manat proqnoza qarşı 1 milyon 829,7 min manat və ya 100,5 faiz icra olunub.

Hesabat rübü üçün xərclər 8 milyon 540,8 min manat proqnozlaşdırıldığı halda, 7 milyon 952,5 min manat və ya 93,1 faiz icra olunub. Xərclərin cəmi məbləğinin 59,4 faizi təhsilə, 8 faizi yerli icra hakimiyyəti orqanlarının saxlanılmasına, 16,4 faizi səhiyyəyə və 10,9 faizi mənzil-kommunal təsərrüfatı xərclərinə yönəldilib. Rayon maliyyə idarəsi tərəfindən büdcə vəsaitinin təyinatı üzrə səmərəli xərclənməsinə nəzarət tədbirləri gücləndirilməli, yerli gəlirlər və xərclər üzrə proqnoz göstəriciləri bütün maddələr üzrə yerinə yetirilməlidir. Bu məqsədlə aidiyyəti orqanlarla birlikdə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün vergi ödəyicilərinin aşkar edilərək qeydiyyata alınması, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vergi və rüsumların tam məbləğdə ödənilməsi təmin edilməli, vergi və rüsumların ödənilməsindən yayınma, həmçinin vergi və rüsumların süni surətdə azaldılması hallarına yol verilməməlidir. 2011-ci ilin 9 ayında Ağsu rayon ƏSMM-nə ünvanlı sosial yardım almaq üçün 959 ailə müraciət edib, 871 ailənin sənədləri qeydiyyata alınıb. 860 ailəyə ünvanlı sosial yardım təyin edilib və bu da 4253 nəfər ailə üzvünü əhatə edir. Hesabat rübündə ünvanlı sosial yardımın orta aylıq məbləği 86,0 min manat olub.

Cari ilin 9 ayında Məşğulluq Mərkəzində 301 nəfər işaxtaran kimi qeydiyyata alınıb, 178 nəfər mərkəzin göndərişi ilə işlə təmin olunub. 21 nəfər vətəndaşa işsiz statusu verilərək sosial müdafiəsi təmin edilib. Ərazi Məşğulluq Proqramında (2009-cu il) sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar üçün müəssisə və təşkilatlarda 15 boş iş yeri (kvota) müəyyən edilib. Hesabat dövründə 10 nəfər vətəndaş kvota yeri üzrə işlə təmin olunub.

Hesabat dövründə "Əmək yarmarkası" təşkil edilib, yarmarkaya 21 idarə, müəssisə və təşkilatlardan 239 boş iş yeri çıxarılıb. Yarmarkanın nəticəsi olaraq 64 nəfər işaxtaran vətəndaş işə göndəriş alıb. 2011-ci ilin 9 ayında DSMF Ağsu rayon şöbəsi tərəfindən 1536,4 min manat vəsait toplanıb və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz və ya 121,2 min manat çoxdur. Hesabat rübündə pensiya və müavinətlərin ödənilməsi üçün ödəniş müəssisələrinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1768,4 min manat çox, yəni 10865,6 min manat vəsait köçürülüb, ümumi xərclərin 98,8 faizini əhaliyə ödənişlər, ondan 98,5 faizini əmək pensiyaları üzrə ödənişlər təşkil edib. Hesabat dövründə rayon üzrə orta aylıq pensiya məbləği 130,7 manat olub.

2011-ci ilin ötən 9 ayında rayonun qaz təsərrüfatının yenidən qurulması istiqamətində işlərin icrasına başlanılıb. Ötən müddətdə rayonun, ümumilikdə 480 abonenti əhatə edən Çiyni, Növcü, Məlikçobanlı və Axundlu kəndlərində təbii qaz təsərrüfatının yenidən qurulması işləri başa çatdırılıb və təbii qaz təchizatı təmin olunub.

Ağsu şəhərində və rayonun kənd yaşayış məntəqələrində müxtəlif istiqamətlərdə qaz təsərrüfatının yenidən qurulmasında müəyyən işlər görülüb və bütün kateqoriyadan olan istehlakçıların təbii qazla dayanıqlı təchizatını təmin etmək məqsədi ilə əsaslı təmir işləri davam etdirilib. Bundan başqa, rayonun Qaraqaşlı kəndində orta və aşağı təzyiqli bütün qaz xətləri əsaslı təmir edilərək 250 abonentin təbii qaz təchizatı tamamilə yenidən qurulub. Bu məqsədlə diametri 315 mm-lik polietilen borularla 1310,0 pm yeraltı, metal borularla 22133 pm yerüstü orta və aşağı təzyiqli xətt çəkilib, bütün abonentlərin təbii qaz təchizatı xəttinə "smart-kart" tipli sayğac quraşdırılıb.

Şəhərin təbii qaz təsərrüfatının yenidən qurulması işləri M.Maqomayev, M.F.Axundov, Ş.Qurbanov, Natavan və Nizami küçələrində də həyata keçirilib, ümumilikdə 550 abonenti əhatə etməklə böyük bir yaşayış massivinin təbii qaz təchizatı sistemi tamamilə yenidən qurulub. Şəhərin "Melioratorlar" qəsəbəsində 10 ədəd 12 mənzilli ictimai yaşayış binasının, Koroğlu, Qaçaq Nəbi, Dədə Qorqud və Füzuli küçələrində 300-ə yaxın abonentin qaz təchizatı sistemində yenidənqurma işləri son tamamlama mərhələsindədir. Bununla bərabər, şəhərin qaz təsərrüfatının yenidən qurulması istiqamətində hazırda 980 abonenti əhatə etməklə S.Rzayev, S.Vurğun, 20 Yanvar, Nəsimi, Ə.Bayramov, T.Əliyarbəyov və H.Aslanov küçələrində qaz xətlərinin çəkilişi davam etdirilir. Ümumiyyətlə, qeyd olunan ərazilərdə 23000 pm orta və aşağı təzyiqli yerüstü qaz xətti çəkilib, 414 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb. Cari ilin oktyabr ayının sonunadək bütün ərazidə yeni qaz xətlərinin çəkilişinin tamamlanması və abonentlərə yeni xətlərdən təbii qazın verilməsi nəzərdə tutulub.

Bundan başqa, şəhərin şərq tərəfində yerləşən C.Şərifov, S.Quliyev, M.A.Əliyev, M.Müşfiq və T.İsmayılov küçələrində təbii qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz paylayıcı stansiyadan M.A.Əliyev küçəsi istiqamətində şəhərətrafı polietilen borularla 6205 pm yeraltı kəmər çəkilib. Küçələr üzrə yerüstü qaz xətlərinin əsaslı təmiri işlərinə cari ilin oktyabr ayında başlanılaraq noyabr ayının sonunda başa çatdırılıb. Şəhərdə yeni inşa olunmuş 92 fərdi yaşayış evinə təbii qazın verilməsi cari ilin oktyabr ayının sonuna planlaşdırılmış bu məqsədlə layihə-smeta sənədləri hazırlanır. Uzun illər təbii qaz təchizatı dayandırılmış Ərəbsarvan və Hacıqədirli kəndlərinin təbii qaz təsərrüfatı tamamilə yenidən qurularaq 15000 pm müxtəlif ölçülü qaz xətləri əsaslı təmir edilib, 26 sentyabr 2011-ci il tarixdə 153 abonentin təbii qaz təchizatı bərpa olunub. Hazırda rayonun Bəyimli və Qaravəlli kəndlərində təbii qaz təsərrüfatının bərpa olunması üçün əsaslı təmir işləri sürətlə davam etdirilir. Cari ilin ötən 9 ayında ümumilikdə 72481 pm müxtəlif ölçülü metal, 46559 pm polietilen borularla orta və aşağı təzyiqli qaz kəməri çəkilib. 2788 ədəd "smart-kart" tipli sayğac və 633 fərdi qaztənzimləyici quraşdırılaraq 3000-dən çox abonentin təbii qaz təchizatı yaxşılaşdırılıb.

Navahı, Qaraməmmədəli, Daşdəmirbəyli, Ülgüc, Aratlı, Curuğlu və Pirhəsənli kəndlərinin də təbii qaz təsərrüfatında əsaslı təmir işlərinə başlanılıb. Bütün bunlarla bərabər təbii qazın dəyərinin toplanılması sahəsində dönüş yaradılması, təbi qazdan sayğacdankənar və sayğaca müdaxilə olunmaqla istifadə hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

2011-ci ilin 9 ayında rayonun elektrik təsərrüfatında yenidənqurma işləri davam etdirilib. 10 kv-luq elektrik verilişi xətlərində 18,09 kilometr məsafədə əsaslı, 6,9 kilometr məsafədə isə cari təmir işləri aparılıb. 0.4 kv-luq elektrik verilişi xətlərində 16,79 kilometr məsafədə əsaslı, 6,3 kilometr məsafədə isə cari təmir işləri yerinə yetirilib. 2600 kva gücündə 20 transformator yarımstansiyası əsaslı, ümumi gücü 5955 kva olan 25 transformator yarımstansiyası cari təmir olunub. 84 ədəd "smart-kart" tipli, 28 ədəd elektron sayğac (o cümlədən əhali qrupu abonentləri üçün 65 ədəd smart-kart tipli, 22 ədəd elektron) quraşdırılıb. 6 ədəd "smart-kart" tipli, 119 ədəd elektron sayğac (o cümlədən, əhali qrupu abonentləri üçün 6 ədəd smart-kart tipli, 108 ədəd elektron) dəyişdirilib. Əsaslı və cari təmir işlərinin ümumi dəyəri 41,8 min manat təşkil edib.

Ümumilikdə 2011-ci ildə rayon iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin sosial problemlərinin həlli, ərzaq təhlükəsizliyinin təmini, abadlıq-quruculuq işlərinin aparılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi sahəsində aidiyyəti tədbirlərin görülməsi sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir. Əhalinin enerji daşıyıcıları ilə dayanıqlı təminatı və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək, istehsal, xidmət və sosial-mədəni obyektlərin inşasına diqqət artırılacaqdır.

Ümumilikdə, Ağsu rayonu son illərdə olduğu kimi, 2011-ci ilin 9 ayında da bir sıra mühüm nailiyyətlərə imza atıb. Rayon rəhbərliyinin ciddi səyləri ilə əldə olunan bu uğurlar ağsulular tərəfindən də müsbət qarşılanır və dəstəklənir. Rayon sakinləri ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ağsunun mövcud bütün problemlərinin öz həllini tapacağına ürəkdən əmindirlər.

 

 

Tərlan Nəsirli

 

 Bakı-Ağsu-Bakı

 

Mövqe.- 2011.- 29 noyabr.- S.10.