REGİONLARIMIZ:
YEVLAX
Yevlaxda medianın inkişafı yeni
yüksəliş mərhələsində
Müstəqil
Azərbaycan demokratik inkişaf
yolu seçən respublika
kimi mətbuatın dövlət və cəmiyyət
həyatındakı roluna mühüm
önəm verməklə, onun müstəqilləşməsi,
mövcud problemlərinin həlli istiqamətində
davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyildir -
respublikanın dünya informasiya
məkanına daxil olması və
informasiyalı cəmiyyətə keçid
şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının
daha dolğun ödənilməsinə,
kütləvi informasiya vasitələrinin
fəaliyyətinin təkmilləşməsinə, müasir dövrün tələblərinə
uyğunlaşmasına ehtiyac yaradır.
Bu gün kütləvi informasiya vasitələrinin
dinamik inkişafını təkcə paytaxt Bakıda deyil,
regionlarda da qabarıq müşahidə etmək olar. Konkret
olaraq Yevlax rayonunda fəaliyyət göstərən KİV-lərin
fəaliyyətinə nəzərən bunu əminliklə
söyləmək olar. Rayon rəhbərliyi "Kür" qəzetinin,
o cümlədən 2009-cu ildə regional televiziya kimi fəaliyyətə
başlayan "EL TV"-nin fəaliyyətinə böyük
diqqət və qayğı ilə yanaşır, onların
peşə fəaliyyətinin azad, obyektiv və müstəqil
şəkildə həyata keçirilməsi
üçün lazımi şərait yaradır.
Son illərdə bütün sahələrdə
dinamik inkişaf edən, yeniləşən, müasirləşən
Yevlax şəhərinin uğurları bu gün
"Kür" qəzetinin səhifələrində də
dolğun əksini tapır. Qəzetin baş redaktoru, əməkdar
jurnalist Əminə Yusifqızının (Əhmədova)
sözlərinə görə, "Kür" qəzeti fəaliyyətini
milli mətbuatın tarixi ənənələri, müasir
inkişaf meyilləri əsasında qurur, zamanın nəbzini
tutaraq Yevlax rayonunun ictimai-siyasi həyatında fəal
iştirak etməyə, üzərinə düşən
missiyanı ləyaqətlə həyata keçirməyə
çalışır.
Baş redaktorun sözlərinə əsasən, Yevlax
mətbuatının tarixi Yevlax rayonunun təşkili ilə
eyni vaxta təsadüf edir. 1935-ci ilin fevralında Yevlax rayonu təşkil
edildikdən sonra rayon icraiyyə komitəsinin ilk qərarlarından
biri rayon qəzetinin yaradılması ilə bağlı olub.
Kommunist Partiyasının Yevlax rayon firqəsi və rayon
İcraiyyə Komitəsinin birgə orqanı olan,
adını Yevlax kəndinin yerində salınan yeni və
abad şəhərdən alan "Yeni Yevlax" qəzetinin
ilk nömrəsi 1935-ci il martın 6-da işıq üzü
görüb.
Əminə Yusifqızı bildirdi ki, qəzeti ilk dəfə
təşkil edən kollektiv redaktor və 3 müxbirdən
ibarət olub. İlk redaktor İbrahim Əliyev, müxbirlər
Xasay Vəzirov, Abbas Abbasov və T.Tatarlı o dövrdə
rayonun tanınmış ziyalıları olublar. 1936-cı ildən
qəzetə AK(b)P Yevlax rayon firqəsinin sədri Əli
Bünyadzadə redaktorluq edib. 1938-ci ildə isə mətbu nəşrə
Ağamirzəyev redaktor təyin edilib. 1950-ci ildən 1957-ci ilə
qədər qəzetin redaktoru Adil Elçiyev, 1959-cu ildən
1962-ci ilin iyununa - "Yeni Yevlax" fəaliyyətini
dayandıranadək Bala Yusifov olub.
1935-ci ilin sonunda Yevlaxda redaksiyanın nəzdində
ilk mətbəənin əsası qoyulub. "Yeni Yevlax" qəzetinin
nəşri 1962-ci ilin iyun ayında dayandırılıb, onun
əvəzinə Qasım İsmayılov (Goranboy), Mingəçevir
və Yevlax rayonlarının birləşmiş qəzeti olan
"Qələbə" nəşrə başlayıb. Bu qəzetin
ilk redaktoru Musa Musayev olub. "Qələbə" ilk dəfə
Yevlaxda nəşr olunub, az sonra onun redaksiyası Qasım
İsmayılov rayonuna köçürülüb. Qəzet
bir müddət "Mübariz" adı ilə nəşr
olunub və 3 ildən sonra fəaliyyətini dayandırıb.
1965-ci ildə Yevlax rayonunun yenidən təşkili ilə
əlaqədar olaraq şəhər və rayon qəzetlərinin
nəşri yenidən bərpa olunduğundan Yevlaxda "Təşəbbüs"
qəzeti fəaliyyətə başladı. Qəzetin ilk
sayı 1965-ci il iyunun 22-də işıq üzü
görüb, bu mətbu orqanın ilk redaktoru İsrail Rzayev
olub. O, 30 il müddətində əyalət mətbuatının
ən parlaq nümunələrindən olan "Təşəbbüs"ə
inamla rəhbərlik edib.
1991-ci ildə "Təşəbbüs" qəzetinin
fəaliyyətinə xitam verilib. Bundan sonra isə əsası
"Yeni Yevlax"la qoyulan Yevlax mətbuatının sələfi
kimi 1992-ci il yanvarın 1-dən "Kür" qəzeti nəşrə
başlayıb. Həmin ildən də qəzetə 1976-cı
ildən "Təşəbbüs"də fəaliyyətə
başlamış Əminə Yusifqızı rəhbərlik
edir. Azərbaycanın tanınmış jurnalistlərindən
olan Əminə Yusifqızı mətbuatda uzun illər səmərəli
fəaliyyətinə görə "Qızıl Qələm"
mükafatına, H.B.Zərdabi və Məhsəti Gəncəvi
adına mükafatlara layiq görülüb. 1991-ci ildən
respublikanın əməkdar jurnalistidir. 2005-ci ildə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi"
medalına layiq görülüb.
"Kür" qəzeti Yevlaxın ictimai-siyasi həyatını
səhifələrində parlaq şəkildə əks etdirən
mətbuat orqanı kimi hazırda çiçəklənmə,
intibah dövrünü yaşayır. Qəzetin baş
redaktoru Əminə Yusifqızı bunu rayon rəhbərliyinin
xüsusi diqqət və qayğısı ilə izah edir,
kollektivin fəaliyyətinə verilən qiyməti yüksək
dəyərləndirir. Onun sözlərinə görə,
"Kür" bu gün zamanın tələblərinə
cavab verir, dövlət maraqlarına, dövlətçilik
prinsiplərinə sadiqlik nümayiş etdirir. Qəzetin xalqa,
dövlətçiliyə bağlılığı, dəyişməz
ideya-siyasi xətti, nəinki rayonda, ümumən ölkədə
cərəyan edən hadisələrə operativ yanaşma tərzi
ilə seçilir.
Qəzet bu gün Yevlaxın ictimai, siyasi, iqtisadi və
sosial həyatında yaxından iştirak edir. Mətbuat
orqanının səhifələrində son illərdə
rayonda həyata keçirilən irimiqyaslı abadlıq və
quruculuq işləri geniş əksini tapır.
"Kür" regionların sosial-iqtisadi inkişafı
dövlət proqramları çərçivəsində
görülən işləri də yüksək dəyərləndirir.
Qəzet hazırda region mətbuatı
üçün görünməmiş sayda - 7200 tirajla
çap olunur. Bu göstəriciyə görə qəzet
regional mətbuat orqanları sırasında ilk yerdə
dayanır. "Kür" maddi-texniki bazasına, kadrların
peşəkarlıq səviyyəsinə görə də
seçilir. Qəzetin əməkdaşlarının orta
aylıq əmək haqqı hazırda 500 manata çatır.
Redaksiya yeni avtomobillə, müasir kompüterlərlə və
digər avadanlıqlarla təmin olunub. Bu da təsadüfi
deyil ki, "Kür"ün kollektivi son 7 ili qəzetin
mövcudluq tarixinin "qızıl dövrü" kimi dəyərləndirirlər.
"Kür" qəzeti fəaliyyətində region
çərçivəsindəki məlumatları öz səhifələrində
işıqlandırmaqla kifayətlənmir. Qəzet ictimai
maraq doğuran müxtəlif mövzulara toxunur, oxucu auditoriyasının
əhatəliliyini nəzərə alır. Cəmiyyət həyatının
ən müxtəlif sahələri ilə bağlı
yazıların mövzu əhatəliliyi, məzmunluluğu, dəqiqliyi,
faktoloji zənginliyi xüsusilə təqdirəlayiqdir. Qəzeti
vərəqləyən hər bir vətəndaş burada
müstəqillik tariximizlə bağlı bütün
lazımi məlumatları, faktları əldə edə bilir.
Azərbaycanın uğurlarına sevinən qəzet ölkədəki
prosesləri obyektiv işıqlandırmağa, qazanılan
nailiyyətlər barədə oxuculara məlumat verməyə
çalışır.
Qəzet jurnalistika prinsiplərinə ciddiliklə riayət
etdiyindən, onun səhifələrində əksini
tapmış faktlar mötəbərliyi ilə seçilir.
Ölkənin beynəlxalq arenada qazandığı nailiyyətlər,
hüquqi, demokratik və dünyəvi dövlət
quruculuğu, sosial-iqtisadi inkişaf məsələləri
"Kür" qəzetinin müntəzəm
işıqlandırdığı mövzulardandır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlər, bu istiqamətdə həyata
keçirilən dövlət siyasətinin tarixi və
müasir gerçəkliklər fonunda şərhi,
qaçqın və məcburi köçkünlərin
acınacaqlı həyat tərzi, azərbaycanlıların
soyqırımı, erməni terrorizmi və bu qəbildən
olan digər mövzular da qəzet üçün hər
zaman aktualdır.
Bu gün "Kür" qəzeti təkcə
insanların ictimai-siyasi həyatla bağlı ən
dolğun, obyektiv informasiya mənbəyi deyil, həm də sadə
yevlaxlıların inamla, güvənc hissi ilə
qapısını döydükləri ünvandır. Müxtəlif
strukturların biganəliyi, laqeydliyi ilə üzləşən
vətəndaşlar zaman-zaman "Kür"ə müraciət
edir, problemlərinin obyektiv
işıqlandırılmasını istəyirlər. Qəzet
vətəndaşların qanuni mənafelərinə toxunan,
işinin öhdəsindən gələ bilməyən
dövlət qurumları ilə üz-üzə gəlməkdən
də çəkinmir, onları tənqid atəşinə
tutur. Bir sözlə, "Kür"çülər
ictimaiyyətin uzun illər ərzində formalaşmış
inam və etibarını qoruyub saxlamağa
çalışırlar.
Nəinki Yevlax rayonunun, ümumən bölgənin informasiya
ilə operativ təminatında 2008-ci ildə fəaliyyətə
başlayan regional televiziyanın - "EL TV"-nin də xidmətlərini
xüsusi qeyd etmək olar. Təkcə Yevlaxda deyil, Mingəçevir,
Goranboy, Ağdaş, Ucar, Şəmkir, Gəncə,
Göyçay, İsmayıllı, Daşkəsən, Samux,
Naftalan, Tovuz, Oğuz, Qax, Qəbələ rayonlarında
yayımlanan "ELTV" böyük tamaşaçı
auditoriyaya malikdir. Televiziyanın yerləşdiyi bina ilə
yanaşı, onun maddi-texniki bazası, avadanlıqları da ən
müasir tələblərə cavab verir. Televiziyanın
icraçı direktoru İqbal Məmmədəliyevin sözlərinə
görə, "EL TV" bu gün hazırladığı
verilişlərin səviyyəsinə görə
respublikanın heç bir kanalından geri qalmır.
Regional teleşirkətin üçmərtəbəli
binası dövlət vəsaiti hesabına tikilib. Burada 40
iş otağı, 2 studiya və 576 kvadratmetrlik çəkiliş
pavilyonu var. Burada 86 əməkdaş çalışır və
orta aylıq əmək haqqı 300 manat təşkil edir.
Teleşirkət ən müasir rəqəmsal çəkiliş
avadanlığı və lazımi inventarla təmin olunub.
Şirkətə sutkada 16 saat efir vaxtı ayırılıb.
"İnfo" Xəbərlər proqramı bazar
günü istisna olmaqla, hər gün üç dəfə
saat 09:00, 11:00, 13:00, 15:00, 17:00-da və 19:30-da canlı, 00.00 və
08:00-də bülleten kimi yayımlanır. Saat 19.30-da
proqramın əsas buraxılışında ayrıca
"İnfo idman" bölümü ölkədə və
dünyada baş verən idman yeniliklərindən xəbər
verir. Şənbə günü əsas xəbər
buraxılışının sonunda "İqtisadiyyat xəbərləri"
bloku həftə ərzində dünya və ölkə
iqtisadiyyatında olan yenilikləri 10 - 15 dəqiqə ərzində
tamaşaçılara çatdırır. Gün ərzində
Aran - Qərb regionunda, ölkədə və eləcə də
dünyada baş verən ən mühüm hadisələri
işıqlandırır. Yayımlanan süjetlər əhəmiyyətlilik
dərəcəsinə görə sıralanmaqla əsas xəbər
buraxılışının xronometrajı 30 dəqiqədir.
Bir sözlə, bu gün Yevlax rayonu təkcə
sosial-iqtisadi uğurları ilə deyil, müasir və operativ
kütləvi informasiya vasitələri ilə öncüllər
sırasındadır. Rayon KİV-i də onlar
üçün yaradılmış şəraiti yüksək
qiymətləndirməklə yanaşı, üzərilərinə
düşən missiyanı ləyaqətlə həyata
keçirməyə çalışır.
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən
"Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Tərlan NƏSİRLİ,
Bakı-Yevlax-Bakı
Mövqe.- 2011.- 4 oktyabr.- S. 10.