Regional inkişaf proqramları Zərdabda
uğurla icra edilir
Hər bir dövlətin
davamlı tərəqqisinin
mühüm şərtlərindən
biri də onun bütün regionlarının tarazlı
və davamlı inkişafının təmin
edilməsidir. Bu da təsadüfi
deyildir ki, son illərdə Azərbaycanda
həyata keçirilən
iqtisadi siyasətdə
regionların inkişafı
mühüm yer tutur. Sosial ədalət prinsipinin
qorunması baxımından
respublikanın hər
bir bölgəsinin, potensial və imkanlar nəzərə alınmaqla, proporsional inkişafı milli tərəqqinin vacib amili kimi nəzərdən
keçirilir.
Paytaxt və digər böyük şəhərlərin,
iri yaşayış massivlərinin kənd, rayon və qəsəbələrə
nisbətən daha sürətlə inkişaf etməsinə
təkcə postsosialist dövlətlərində deyil,
ümumilikdə bütün inkişaf etmiş dövlətlərdə
geniş rast gəlinir. Urbanizasiya prosesi - şəhərlərə
yüksək axın hazırda bütün dövlətləri
qayğılandıran, ciddi fəsadlarla müşayiət
olunan qlobal problemdir. Azərbaycan müstəqillik
qazandıqdan sonra iri şəhərlərin daha sürətlə
inkişaf etməsi, rayonların və kəndlərin isə
tərəqqi prosesindən geridə qalması kimi neqativ
tendensiya ilə üzləşmişdi.
Cənab İlham Əliyev hələ 2003-cü ilin
prezident seçkiləri ərəfəsində Azərbaycanın,
demək olar ki, bütün rayonlarına səfər etməklə,
bölgələrdə yaşayan vətəndaşları
maraqlandıran problemlərlə yaxından tanış oldu,
onları qayğılandıran
çatışmazlıqların kompleks həllinə ehtiyac
olduğunu bildirdi. Problemin miqyasını, Azərbaycan
üçün aktuallığını nəzərə
alan dövlət başçısı İlham Əliyev
Nazirlər Kabinetinin 17 noyabr 2003-cü ildə
keçirilmiş ilk iclasında regionların tarazlı və
davamlı inkişafını hökumətin
qarşısında başlıca vəzifələrdən
biri kimi müəyyənləşdirdi. Xüsusi
vurğuladı ki, dövlət hansı iqtisadi-coğrafi
zonada yaşamasından asılı olmayaraq, hər bir vətəndaşının
sosial-mədəni və intellektual yüksəlişinə
çalışmalıdır. Bu, ilk növbədə, cəmiyyətdə
sosial ədalət prinsipinin qorunması baxımından
vacibdir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral
2004-cü il tarixdə imzaladığı "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramı" da, ilk
növbədə, regionların qeyri-proporsional
inkişafının qarşısını almağa xidmət
edən təkmil konsepsiya idi. Ölkə
başçısının 14 aprel 2009-cu il tarixli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" isə regional
inkişaf tədbirlərinin davam etdirilməsi
baxımından daha geniş imkanlar açdı.
Hər iki proqram çərçivəsində həyata
keçirilən tədbirlər bu gün Zərdab rayonunun da
inkişafı üçün geniş perspektivlər
açıb. Bir vaxtlar Aran regionunun nisbətən zəif
inkişaf etmiş rayonlarından sayılan Zərdab son illərdə
inanılmaz dərəcədə dəyişib, inkişaf
edib, müasirləşib. Bütün bunlarla yanaşı,
rayonun iqtisadiyyatı da inkişaf edib, insanların sosial rifah
halı yaxşılaşıb.
Məlumat üçün bildirək ki, Zərdab
rayonu Aran iqtisadi rayonunda, Mərkəzi Aran zonasında,
Şirvan düzündə yerləşir, səthi düzənlikdir,
ərazisinin çox hissəsi okean səviyyəsindən
aşağıdadır. Qışı üçün
mülayim, yayı üçün quraq isti keçən
yarımsəhra və quru çöl iqlimi (quru subtropik iqlim)
xarakterikdir. Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi
ilə səciyyələnir. Kür, Göyçay və
Türyançay çayları rayonun ərazisindən
keçir. Zərdab rayonu Bakıdan 231 km məsafədə
yerləşir. Qış və yay otlaqlarının
mövcudluğu bütün il boyu heyvandarlığın
inkişafı üçün əlverişli şərait
yaradır. Sututarları balıq yetişdirilməsi
üçün əlverişlidir. Maraqlıdır ki, ərazidə
həm də zəngin neft-qaz yataqları aşkar edilib.
Zərdabın ərazisi bir tərəfdən Aran
iqtisadi rayonuna daxil olan Kürdəmir, Ağdaş, Ucar
rayonları, digər tərəfdən isə İmişli,
Beyləqan, Bərdə, Ağcabədi rayonları ilə əhatə
olunub (Zərdab və Ağcabədini Kür çayı
üzərindəki körpü birləşdirir). Rayon əhalisinin
sayı 53,4 min nəfər, əhalinin orta
sıxlığı isə 1 kvadratmetrə 62 nəfərdir.
Əhalinin 21,5 faizi şəhərdə, 78,5 faizi isə kəndlərdə
yaşayır. Rayon əhalisinin 49,8 faizi kişi, 50,2 faizi
qadınlardır. İri yaşayış məntəqələri
Zərdab şəhəri, Çallı, Məlikumudlu,
Körpükənd, Məmmədqasımlı,
Qoruqbağı, Məlikli, Gəlmə, Şahhüseynli və
s. kəndləridir.
Zərdab rayonu 5 fevral
1935-ci il tarixdə təşkil olunub. Həmin vaxtadək Zərdab
bölgəsi Göyçay
rayonunun tərkibində
idi. 1 yanvar
1963-cü ildə rayon ləğv
edilərək Ucar rayonu ilə birləşdirilsə də,
bu uzun çəkmədi.
6 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil
rayon statusu bərpa edildi. Onu da
bildirək ki, bir çox mənbələrdə Zərdab
sözünün fars dilindəki zərd (sarı) və ab (su)
sözlərinin birləşməsindən
yarandığı göstərilir.
Başqa
bir mənbədə Zərdab sözünün
"qızıl su"
mənasını verdiyi
bildirilir. Bir vaxtlar
Kür və Qarasu çaylarının
daşması nəticəsində
suyun çökəkliklərdə,
axmazlarda yığılan
hissəsi əkinçilər
üçün qızıl
qədər əhəmiyyətli
olurdu.
XX əsrin 70-ci illərində rayon ərazisində
aparılan meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər torpaq altında qalıb. Lakin rəngini və keyfiyyətini itirməyən
çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər
dövründə buraxılmış
mis pullar, qədim bəzək, məişət əşyaları,
mədəniyyət nümunələri
rayonun qədim tarixini və mədəniyyətini göstərir.
Hazırda bunların bir
çox nümunələri
Zərdab Tarix Diyarşünaslıq muzeyində
eksponat kimi nümayiş etdirilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2 avqust
2001-ci il tarixli "Azərbaycan Respublikası ərazisində
dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət
dərəcəsinə görə
bölgüsünün təsdiq
edilməsi haqqında"
qərarı ilə Xanməmmədli kəndində
aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə
əhəmiyyətli daşınmaz
tarix və mədəniyyət abidələrinin
siyahısına salınıb.
Zərdabın torpaq örtüyü,
əsasən, boz-çəmən
torpaqlardır. Burada yovşanlı-şoranlı, yovşanlı-efemerli yarımsəhra
bitkiləri üstünlük
təşkil edir.
Ümumiyyətlə, yarımsəhra bitkilərinin inkişaf etdiyi bu zona
məhsuldar qış
otlaqlarıdır. Kür çayı
yatağına yaxın
sahələrdə axmaz
və göllərin ətrafında gilli-qamışlı
bataqlıq çəmən-çöl
bitkilərinə rast gəlinir. Kür çayı boyunca
Tuqay meşələri
uzanır. Yarımsəhrada təbiətin insanlara payı olan yaşıl zolaq həm torpaqqoruyucu, həm sahilbərkidici rol oynayır, həm də iqlimi yumşaldır.
Rayonun iqlimi pambıq,
üzüm, meyvə-tərəvəz,
quru subtropik bitkilərin yetişdirilməsi
üçün əlverişlidir. Rayon ərazisində ən çox rast gəlinən heyvan və quş növləri canavar, tülkü, boz dovşan, çöl siçanı,
çaqqal, dələ,
turac, kəklik, qırqovul, göyərçin,
alabaxta, sığırçın,
qaratoyuq, ağacdələn,
arıquşu, sərçə,
ağ vağ, qarabatdaq, torağay və qarğadır.
Zərdab rayonu tarixən
arqar rayon kimi ixtisaslaşıb, eyni zamanda burada maldarlıq, balıqçılıq
da xeyli dərəcədə inkişaf
edib. Son illərdə isə
rayonda iqtisadiyyatının
bütün sahələrində
inkişaf müşahidə
olunur. 2011-ci ilin
birinci yarımilində
rayon iqtisadiyyatının əsas
sahələrində 44,9
milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım
15,8 milyon manat və yaxud
154,3 faiz təşkil
edib. Cari ilin 6 ayında rayonun gəlirləri 6 milyon 763 min 281 manata qarşı 7 milyon 229 min
135 manat olub. Rayon büdcəsinin məxaric
hissəsi 5 milyon 208
min 917 manata qarşı
4 milyon 878 min 148 manat icra edilib.
Rayon iqtisadiyyatının
lokomotivi olan kənd təsərrüfatında
da inkişaf və irəliləyiş
özünü qabarıq
göstərib. 2011-ci ildə nəzərdə
tutulmuş 1032 hektar proqnoz rəqəminə qarşı hesabat dövründə 912,3 hektar sahədə çiyid səpini aparılıb. 2011-ci ilin birinci yarısında 15142
hektar taxıl sahəsində biçin aparılıb və bunun 10946 hektarını buğda, 4196 hektarını
arpa təşkil edib. Biçin aparılmış buğda
sahəsinin hər hektarından məhsuldarlıq
23,7 sentner təşkil edib. Ümumilikdə, 25930 ton buğda,
habelə hər hektardan məhsuldarlıq
23 sentner olmaqla 9656 ton
arpa, cəmi rayon üzrə 15142 hektardan
35586 ton taxıl məhsulu
istehsal edilib. Rayon üzrə hər hektardan məhsuldarlıq
23,5 sentner təşkil edib. Taxıl biçini iyul ayında mütəşəkkil
olaraq davam etdirilib və müvəffəqiyyətlə başa çatdırılıb.
Cəmi
41673 ton taxıl istehsal
olunub və bu, keçən ilki məhsuldan 8434 ton çoxdur.
2011-ci ilin birinci yarısında rayonda iribuynuzlu malların sayı 53204 baş, qoyun-keçilərin
sayı 108590 baş olub. Ötən ilin eyni dövrü
ilə müqayisədə
iribuynuzlu mal-qaranın
sayı 438 baş, qoyun-keçilərin sayı
1870 baş artıb.
Rayon üzrə birinci
yarımillikdə 2016,2 ton ət,
10911 ton süd, 3885 min ədəd
yumurta, 158 ton yun istehsal edilərək tapşırıqlara artıqlaması
ilə əməl olunub.
(ardı var)
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən
"Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Tərlan NƏSİRLİ,
Bakı-Zərdab-Bakı
Mövqe.-
2011.- 5 oktyabr.- S. 10.