Zərdab
ictimai həyatın bütün
sahələri üzrə müasirləşir
Ölkə rəhbərliyinin elmi əsaslar üzərində
irəli sürdüyü sosial-iqtisadi inkişaf
strategiyanın uğurlu nəticələri Zərdab rayonunda
da özünü qabarıq göstərir. 2011-ci ilin
müvafiq dövründə əldə olunan göstəricilər
rayonun mövcud potensialından səmərəli və məqsədyönlü
istifadə olunduğunu deməyə ciddi əsaslar verir. Bunun
nəticəsi kimi, hesabat dövründə Zərdabda
iqtisadiyyatın bütün sahələrində nəzərəçarpacaq
artım müşahidə olunur.
2011-ci ilin birinci yarısında Zərdabda aqrar sahənin
problemlərinin həlli istiqamətində kompleks tədbirlər
həyata keçirilib. Daha yüksək məhsuldarlıq əldə
etmək məqsədilə 2011-ci ilin birinci yarısında
902 ha pambıq, 17805 ha taxıl, 14353 ha yonca, 1168 ha
çoxillik əkmələr və meşə sahələri,
1932 ha həyətyanı, 644 ha bostan-tərəvəz sahələri
suvarma suyu ilə təmin olunub, kanallarda 428 km uzunluğunda məsafə
lildən təmizlənib.
Rayonda suvarma işinin təşkilində və əkin
sahələrinin vaxtında və bol su ilə
suvarılmasında problemlər tam olaraq aradan
qaldırılıb. Rayonda təbii fəlakətin nəticələrinin
aradan qaldırılması ilə əlaqədar həyata
keçirilən tədbirlər və bəndbərkitmə
işlərinin gedişi zamanı ayrı-ayrı inzibati ərazilərdə
suvarma kanallarına və arxlara ziyan dəyib və bu səbəbdən
həmin ərazilərdə suvarmada yaranan çətinliklər
əhalidə müəyyən narazılıqlar yaranıb.
Rayon rəhbərliyi yaranmış çətinliklərin
aradan qaldırılması, əkin sahələrinin bol suvarma
suyu ilə təminatının
yaxşılaşdırılması üçün
bütün imkan və vasitələrdən istifadə edir.
2011-ci ilin birinci yarısında rayon əhalisinin sosial
müdafiəsi sahəsində də müəyyən tədbirlər
həyata keçirilib. "Əmək pensiyaları
haqqında" Azərbaycan Respublikası Qanununun, habelə Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamlarının
nəticəsi olaraq rayon üzrə orta aylıq pensiya məbləği
86 manatdan 103 manata çatdırılıb. Hesabat
dövründə 1629 nəfər şəhər, 6136 nəfər
kənd yerlərində yaşayan pensiyaçılara
pensiyalar plastik kartlarla və vaxtında ödənilib.
Məcburi Dövlət Sosial Sığorta ödənişləri
üzrə proqnoz tapşırığa ümumilikdə 102,9
faiz, o cümlədən büdcə təşkilatları
üzrə 105,3 faiz, qeyri-büdcə təşkilatları
üzrə 90,2 faiz, fiziki şəxslər üzrə 86,8
faiz, torpaq mülkiyyətçiləri üzrə 70,6 faiz əməl
edilib. 1 iyul 2011-ci il tarixə pensiyaçıların sayı
7620 nəfər olduğu halda, sosial sığorta ödəyicilərinin
sayı 3971 nəfər təşkil edib.
2011-ci ilin 6 ayı ərzində sosial yardım
üçün 438 ailə müraciət edib, onlardan 426 ailənin
sənədləri qeydiyyata alınıb. Həmin sənədlərə
mərkəzdə yaradılmış komissiyada baxılaraq
418 ailənin hər birinə ünvanlı sosial yardım təyin
olunması üçün qərar qəbul olunub, 8 ailəyə
ünvanlı dövlət sosial yardımı verilməsindən
imtina edilib.
Ötən müddətdə rayonda xidmət sahələrinin,
o cümlədən elektrik və qaz təsərrüfatının
inkişaf etdirilməsi, əhalinin içməli su təminatının
yaxşılaşdırılması istiqamətində də
müəyyən işlər görülüb. Rayon üzrə
18,8 milyon kvt/saat elektrik enerjisi istehlak olunub, əhali tərəfindən
istehlak olunmuş enerjinin dəyəri 99,7 faiz ödənilib.
Müvafiq dövlət proqramında rayonun elektrik
şəbəkələrinin yenidən qurulması ilə
bağlı tədbirlərin icrası 2010-2013-cü illərdə
nəzərdə tutulub. Lakin yuxarı orqanlara
çoxsaylı müraciətlər edilməsinə
baxmayaraq, tədbirin icrası üçün vəsait
ayrılmadığından, layihənin icrasına hələlik
başlanılmayıb. 2009-2013-cü illəri əhatə edən
II regional inkişaf proqramına müvafiq olaraq hesabat
dövründə rayon kəndlərinin
qazlaşdırılması istiqamətində xeyli iş
görülüb. Qaravəlli kəndinin, rayonun 15-ci məhəlləsinin
və Təzəkənd yaşayış massivinin
qazlaşdırılması başa çatdırılıb.
Həmçinin rayonun Gəlmə və Salahlı kəndlərinin
qazlaşdırılmasına başlanılıb, 2016 metr
uzunluğunda daşıyıcı qaz kəməri çəkilib.
Hazırda rayonda kəndlərin qazlaşdırılması
istiqamətində də işlər davam etdirilir. 2011-ci il ərzində
rayonun Dəkkəoba, Böyük Dəkkə,
İsaqbağı, Dəli Quşçu, Əlibəyli kəndlərinin
qazlaşdırılması nəzərdə tutulub. 2011-ci
ilin birinci yarısında istehlakçılara 3 milyon 283 min
kub metr təbii qazın verilməsi təmin olunub və dəyəri
96,9 faiz ödənilib.
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda nəzərdə tutulmuş
"Zərdab şəhərinin su təchizatının yenidənqurulması
və kanalizasiya sisteminin yaradılması" layihənin
icrasının sürətləndirilməsi barədə
aidiyyəti qurumlara çoxsaylı müraciətlər
olunub. Bu iş üçün artıq vəsait
ayrılıb və yaxın vaxtlarda işlərin icrasına
başlanılıb.
Hesabat ərzində Yuxarı Seyidlər kəndində
5, Körpükənd kəndində 2, Qoruqbağı kəndində
3, Məlikumudlu və Şahhüseynli kəndlərinin hər
birində 1 ədəd olmaqla, cəmi 12 ədəd əlavə
bulaq, Alıcanlı kəndində isə içməli su
qurğusu istifadəyə verilib. Hazırda şəhərin
32 hektar adlanan ərazidəki Yeni yaşayış massivində,
Bəyimli qəsəbəsində, İsaqbağı, Dəli
Quşçu kəndlərində su təmizləyici qurğuların
inşası davam etdirilib.
Rayonda yol tikintisi sahəsində həyata keçirilən
işlər birinci yarımillikdə də davam etdirilib. Hesabat
dövründə Zərdab-Əlvənd-Mollakənd avtomobil
yolunun 26 km hissəsində üst layın tikintisinə
başlanılıb, 9 km məsafədə asfalt-beton
örtük tikilib. Bundan başqa, hesabat dövründə
rabitə və poçt xidmətlərinin
yaxşılaşdırılması sahəsində də
müəyyən işlər görülüb, rayon üzrə
elektronlaşma tam olaraq başa çatdırılıb.
Hesabat dövründə Telekommunikasiya Qovşağı 143,0
min manat tarif gəliri proqnozuna qarşı 148,0 min manat əməl
edərək tapşırığı 103,6 faiz yerinə
yetirib. Həmçinin "Azərpoçt" MMC-nin rayon
filialı 36 min manat tarif gəliri proqnozuna qarşı 42,6 min
manat gəlir əldə edərək, proqnoz
tapşırığı 118,2 faiz yerinə yetirib.
2011-ci il ərzində rayonun Gəlmə və Qaravəlli
kəndlərində yeni poçt binaları tikilərək
istifadəyə verilib, 10 kəndində, o cümlədən
Kəndəbil, Əlvənd, Şəftəhal, Qaravəlli,
Təzəkənd, Gəlmə, Hüseynxanlı, Yarməmmədbağı,
Bıçaqçı kəndlərində poçt
şöbələri üçün yeni müasir
binaların tikilməsi nəzərdə tutulub.
Bu müddətdə rayonun təhsil, səhiyyə və
mədəniyyət sahəsinin inkişafı istiqamətində
də xeyli iş görülüb: 1 saylı uşaq
bağçasının əsaslı təmiri başa
çatdırılıb, Qoruqbağı, Kəndəbil,
Körpükənd kənd tam orta məktəblərində,
Gəlmə kənd uşaq bağçasında təmir
işləri aparılıb. 3 saylı şəhər və
Məlikumudlu kənd tam orta məktəblərin binalarında
təmir işləri aparılıb, təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi
üçün 6 ay ərzində 133,6 min manatlıq bərk
və yumşaq inventar, dəftərxana ləvazimatları, digər
tədris vəsaiti alınıb təhsil müəssisələrinə
paylanılıb. Lələağacı və
Aşağı Seyidlər kənd ümumi orta məktəbləri
üçün yeni binaların tikilməsi barədə
Nazirlər Kabinetində qərar qəbul edilib və bu
yaxınlarda tikinti işlərinə başlanılacaq.
2011-ci ilin 6 ayı ərzində büdcə vəsaiti
hesabına Mədəniyyət və Turizm Şöbəsində
13,0 min manatlıq cari təmir işləri görülüb.
Həmçinin 45,3 min manatlıq bərk inventar, 12,0 min
manatlıq yumşaq inventar, 21,0 min manatlıq pərdə və
xalça, 91,3 min manatlıq musiqı alətləri
alınıb. Bundan başqa, rayon Mərkəzi Xəstəxanasında
büdcə vəsaiti hesabına 37,0 min manatlıq yumşaq
inventar və yataq ləvazimatı, 68,0 min manatlıq
maşın və avadanlıq alınıb. Mərkəzi
rayon Xəstəxanasının infeksion şöbəsində
30,0 min manatlıq əsaslı təmir işi,
yardımçı binalarında 3 min manatlıq cari təmir
işləri aparılıb. Eyni zamanda, Topçubaşov
adına Elmi-Cərrahiyyə Mərkəzinin 6 nəfərdən
ibarət həkim briqadası iyulun 8-də rayonda olub, müxtəlif
xəstəliklər üzrə 300 nəfər rayon sakinini
ödənişsiz olaraq müayinədən keçirib.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi
sahəsində də bir sıra tədbirlər həyata
keçirilib, çağırışçı gənclərin
"Kür" şadlıq sarayında rayon gəncləri
ilə görüşü təşkil edilib. 2011-ci ilin may
ayında respublika Müdafiə Nazirliyi ilə rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə "Azərbaycan Respublikasına xidmət edirəm!"
hərbi vətənpərvərlik bayramı keçirilib, tədbirdə
görkəmli alimlər, generallar, Bakı şəhərində
yaşayan zərdablı ziyalıların bir qrupu iştirak
ediblər.
2011-ci ilin iyulunda ulu öndərin respublika rəhbərliyinə
gəlməsinin 42-ci ildönümü münasibəti ilə
H.Əliyev meydanında 42 metr hündürlükdə Dövlət
Bayrağı qaldırılıb, rayonun elektron giriş
qapısının, şəhid ailələri və
Qarabağ əlilləri üçün yaşayış
binasının açılışı olub.
Açılışlarda akademik Böyükkişi
Ağayev, elmlər doktoru Təbriz Əliyev, Sosialist Əməyi
Qəhrəmanı Ömər Ağayev, polkovnik Abdulla Qurbani
və başqaları iştirak ediblər. Hesabat
dövründə "Şöhrət" ordeninin hər 3
dərəcəsi ilə təltif edilmiş Muradalı Heydərov
dövlət başçısının sərəncamı
ilə "Prezident təqaüdü"nə layiq
görülüb.
2011-ci ilin 6 ayı idmançılar üçün
də uğurlu olub. Belə ki, VKC növü üzrə
Türkiyənin Antalya şəhərində keçirilən
dünya çempionatında Zərdabın 2
idmançısı - Avropa çempionu Nərmin Camalzadə
və Nurəddin Əliyarlı fəxri kürsünün II
pilləsinə qalxaraq dünya çempionatının
gümüş medalını qazanıblar.
(ardı var)
Yazı Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən
maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Tərlan NƏSİRLİ,
Bakı-Zərdab-Bakı
Mövqe.- 2011.- 6 oktyabr.- S. 10.