Zərdabda tikinti-quruculuq və abadlıq işləri yeni vüsət alıb

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na müvafiq olaraq son illərdə Zərdab rayonunda xeyli tikinti, abadlıq, quruculuq işləri həyata keçirilib. Proqram əsasında ötən il Zərdab-Mollakənd yolunun Zərdab rayonu ərazisindən keçən 20,8 kilometrlik hissəsi tikilərək istifadəyə verilib. Həmçinin Heydər Əliyev adına parkda daxili imkanlar hesabına Heydər Əliyev Mərkəzinin tikintisinə, habelə parkın giriş qapısının yenidən qurulmasına başlanılıb, 2011-ci ilin yayında başa çatdırılıb.

Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin binası, Çallı kəndi ərazisində Telemetrik Seysmik Stansiyanın tikintisi yekunlaşmaq üzrədir. Dövlət Bayrağı Meydanının, rayonun müasir tipli giriş qapısının tikintisi başa çatdırılıb. Şəhərin 11-ci məhəlləsində ümumi sahəsi 0,5 ha olan ərazidə köhnə, qeyri-qanuni tikililər sökülüb, əhalinin istirahəti üçün nəzərdə tutulmuş nümunəvi məhəllə salınıb. Şəhərin S.Abdullayev küçəsi istiqamətində yerli sahibkarlar tərəfindən un və un məmulatları istehsal edən sex istifadəyə verilib.

Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində Dövlət Neft Şirkəti rayonda tikinti-quruculuq işlərinin daha da sürətləndirilməsi məqsədilə əlavə olaraq 1 milyon manat vəsait ayırıb. Ayrılan vəsaitin 700 min manatı şəhərin abadlaşdırılmasına, o cümlədən kommunal binaların dam örtüyünün təzələnməsinə, küçələrin işıqlanma sisteminin yenidən qurulmasına, rayonun giriş qapısının tikintisinə, şəhərin küçələrinin müasir üslubda təmir olunmasına, 300 min manatı isə yol tikintisinə, şəhərin küçələrinin asfaltlaşdırılmasına sərf olunub.

2010-cu ildə 8 ədəd 16 mənzilli yaşayış binasında əsaslı təmir işləri aparılıb, dam örtüyü dəyişdirilib, ümumilikdə 236 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib. Şəhərin C.Qasımov, A.Səhhət, 28 May, Ş.Bayramov, A.Mustafayev, F.Fərəcov, E.Mahmudov, Ə.Ədilov, B.Məmmədov, S.Abdullayev, C.Şamilov, E.Rəhimov, A.Cavadov, Zərdabi, V.Rəhimov, Şəhriyar, M.Müşfiq, Nizami, Ş.Şükürov, R.Rəhimov, 20 Yanvar, Z.Bəkirov, M.Xəlilov, Xətai, X.Mehdiyev küçələri əsaslı təmir olunub, yollara 55 min kvadratmetr asfalt örtüyü vurulub və 760,2 min manatlıq tikinti işləri yerinə yetirilib.

Şəhərin küçələrində müasir tipli elektrik dirəklərinin quraşdırılması işlərinə başlanılıb. "Heydər Əliyev" prospekti, "Azərbaycan" küçəsində yeni müasir tipli elektrik dirəkləri quraşdırılıb. Ucar-Zərdab-Ağcabədi, Zərdab-Bəyimli, Zərdab-Burunlu yolunda təmir işləri aparılıb.

Ötən müddətdə, həmçinin Heydər Əliyev adına parkda, Heydər Əliyev prospektində tikinti quraşdırma və abadlıq işləri aparılıb. Ötən il Kür, Göyçay və Türyançay çaylarında suyun səviyyəsinin həddən artıq qalxması nəticəsində baş vermiş təbii fəlakət rayonun su altında qalma təhlükəsini yaradıb. Ölkə rəhbərliyinin rayona göstərdiyi yüksək diqqət və qayğı, eləcə də əhalinin təbii fəlakətin qarşısının alınması üçün səfərbər olunması sayəsində rayonun 1 kəndini belə su basmayıb, insan tələfatı olmayıb. Müxtəlif rayonlardan gətirilən, habelə rayondan səfərbər olunan çoxsaylı ağır texnikanın, eləcə də əhalinin gücü ilə 67 km məsafədə bəndbərkitmə işləri aparılıb.

Rayonda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon əhalisinin bir hissəsinin köçürülməsi üçün yeni qəsəbənin salınmasına köməklik göstərilməsi üçün dövlət başçısına müraciət olunub. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin xətti ilə şəhərin daha təhlükəsiz olan 32 hektar adlanan ərazisində yeni qəsəbə salınıb, evləri uçmuş ailələr üçün 80-a yaxın ev tikilib. 1500-dən çox ailəyə evlərinin cari təmiri üçün 1 milyon 400 min manata qədər yardım edilib.

Son illərdə Çallı kənd xəstəxanası, Kəndəbil kənd tibb məntəqəsi, Böyük Dəkkə kənd uşaq bağçası, Məmmədqasımlı kənd orta məktəbi və kənd mədəniyyət evi təmir olunub. Ağabağı kənd ibtidai məktəbi, Qoruqbağı kənd uşaq bağçası, Çallı kənd doğum palatası, Şəftəhal kənd tibb məntəqəsi üçün yeni binalar istifadəyə verilib.

2010-cu ildə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram"ın və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsinin icrası uğurla davam etdirilib. 2010-cu ildə 180 yerlik Şıxbağı kənd orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilib, Cilovxanlı kəndində 80 yerlik ibtidai məktəb fəaliyyətə başlayıb. Şəhər 1 və 2 saylı uşaq bağçaları əsaslı təmir edilib, 9 məktəbdə müasir tələblərə cavab verən istilik sistemləri quraşdırılıb. Son illərə qədər rayonda hər 70-80 nəfərə 1 kompyuter düşdüyü halda, hazırda təhsil müəssisələrində 192 ədəd müasir tipli kompyuter vardır. Hazırda hər 29 şagirdə 1 ədəd kompyuter düşür.

Hazırda rayon əhalisinə 105 çarpayılıq Mərkəzi Xəstəxana, 45 çarpayılıq 3 kənd sahə xəstəxanası, 11 kənd həkim və 12 tibb məntəqəsi, 1 növbədə 200 nəfər xəstə qəbul edən poliklinika və Gigiyena və Epidemiologiya Mərkəzi tibbi xidmət göstərir. Ölkə rəhbərliyinin səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə uyğun olaraq, rayonda tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması, rayon səhiyyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb. Tibb işçiləri arasında əmək intizamı daha da möhkəmləndirilib, yeni tibbi avadanlıqlar və ləvazimatlar alınıb, gətirilib, əhaliyə, xüsusilə, kənd əhalisinə göstərilən tibbi xidmət xeyli yaxşılaşıb. Təsdiq olunmuş qrafikə uyğun olaraq həkim briqadalarının kəndlərdə xəstələri müayinə etməsi təşkil edilib, dərman və sarğı materialları, ərzaq təminatı xeyli yaxşılaşıb.

Rayonda gənclərlə iş də ölkə rəhbərliyinin müəyyən etdiyi siyasi kursa müvafiq olaraq qurulub. Mütəmadi olaraq rayon gənclərinin ümumrayon toplantısı keçirilib, rayonun ictimai həyatında fəal iştirak edən gənclərlə vaxtaşırı olaraq Zərdab Rayon İcra Hakimiyyəti başçısı aparatında görüşlər təşkil edilib. Keçirilən bu kimi tədbirlərdə gəncliyi narahat edən məsələlər ətraflı öyrənilib, onların həlli istiqamətində işlər görülüb. Gənclərlə bağlı müxtəlif rəngarəng tədbirlər, müsabiqələr, festivallar, diskotekalar təşkil edilib, 2 fevral Gənclər Günü münasibətilə musiqili əyləncəli proqramlar keçirilib.

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi və ordu sıralarında hərbi xidmətə hazırlığı sahəsində işlər gücləndirilib, hərbi idman oyunlarının imkanlarından maksimum səmərəli istifadə olunub. Yarışların rayon qalibi olan Gəlmə kənd orta məktəbinin "Cəsurlar" komandası zonada 1-ci, respublika finalında isə mükafata layiq 3-cü yeri tutub. Çağırışçı gənclərlə rayon gənclərinin görüşü keçirilib, gənclərin hərbi xidmətə təntənəli surətdə yola salınması təşkil edilib.

Rayonda bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində də müəyyən işlər görülür. Hazırda 54 idman qurğusu, o cümlədən 29 sadə idman qurğusu, 20 örtülü idman zalı, 3 atıcılıq tiri, 1 şahmat məktəbi, 1500 yerlik mərkəzi stadion gənclərin istifadəsindədir. İdmanın müxtəlif növləri üzrə rayon birincilikləri, aprel ayında isə 14 növü üzrə "İdman bayramı" keçirilib, idmançılarımız respublika və beynəlxalq səviyyəli turnirlərdə yarışaraq uğurlu nəticələr qazanıblar.

Milli idman oyunları üzrə kənd idmançılarının respublika spartakiadasında Zərab idmançısı Bəhruz İsrafilov 3-cü yer tutaraq diploma layiq görülüb, 1 şahmatçı - Talıbxan Talıbxanlı Yunanıstanda keçirilən şahmat üzrə festivalda fəal iştirak edib. 2010-cu ildə taekvando üzrə gənclər və böyüklər arasında keçirilən respublika çempionatında Zərdab idmançıları 7 qızıl, 1 gümüş medal qazanıblar. İdmançı Nərmin Camalzadə 2010-cu ilin mayında Ukraynada keçirilən karate üzrə dünya kuboku yarışlarında dünya kubokuna yiyələnib. 2010-cu ilin dekabrında isə karate üzrə Avropa çempionatında Avropa çempionu adını qazanaraq, qızıl medala layiq görülüb.

Ümumiyyətlə, respublika və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə edən idmançılarla vaxtaşırı olaraq rayonda görüşlər keçirilir, onlara rayon rəhbərliyi tərəfindən mükafatlandırılır.

 

(ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Zərdab-Bakı

 

Mövqe.- 2011.- 7 oktyabr.- S. 10.