Zərdab
dinamik tərəqqi və yüksəliş
yolundadır
Zərdab rayonunun son illərdə hansı inkişaf
yolu keçdiyini regionların sosial-iqtisadi inkişafı ilə
bağlı hələ 2004-cü ilin fevralında
imzalanmış birinci Dövlət Proqramı çərçivəsində
reallaşdırılmış kompleks tədbirlər bir daha
təsdiqləyir. Proqram çərçivəsində həyata
keçirilmiş tədbirlər respublikanın
Kürqırağı rayonlarından olan Zərdabın
görkəmini əsaslı şəkildə dəyişib.
Proqram çərçivəsində rayonda bir sıra layihələr
həyata keçirilib, abadlıq-quruculuq işləri görülüb.
Rayonun daha dinamik və sistemli inkişafı isə əsasən,
son 4 ilə təsadüf edir.
Bunu müəyyən faktların müqayisəli təhlili
nəticəsində bir daha aydın görmək
mümkündür. Məsələn, əgər 2007-ci ildə
rayonda əsas kapitala yönəldilən investisiyalar 1 milyon
295 min manat təşkil edirdisə, 2010-cu ilin sonuna bu rəqəm
7 milyon 961 min manat təşkil edib. 2011-ci ilin 6 ayında isə
əsas kapitala yönəldilən investisiyanın həcmi
15,3 milyon manata çatıb. Ümumi daxili məhsul
istehsalı 2007-ci ildəki 37 milyon manatdan 2010-cu ildə 56,0
milyon manata, 2011-ci ilin altı ayında isə 44,9 milyon manata
yüksəlib. Rayonun büdcəsi 2007-ci ilə nisbətən
2011-ci ildə 2 dəfə, şəhər təsərrüfatının
inkişafına ayrılan vəsaitin həcmi isə 4 dəfə
artıb.
Respublikanın hər yerində olduğu kimi, bu
gün Zərdab rayonunda sosial problemlərin həlli, o cümlədən
insanları narahat edən məsələlərə diqqət
və qayğı ön plandadır. Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə
bağlı 2004-2008 və 2009-2013-cü illəri əhatə
edən dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə
müvafiq olaraq rayonda geniş tikinti-abadlıq işləri
görülür, daxili potensialdan səmərəli istifadə
edilir.
2008-ci ildə Zərdabda rayon prokurorluğu
üçün yeni müasir tipli inzibati bina tikilib istifadəyə
verilib. Bundan başqa, Dəli Quşçu, Dəkkəoba,
Çallı, Gəlmə və Qoşaoba kəndlərinin
daxili yollarının bir hissəsinə asfalt örtük
döşənib. Körpükənd, Qoruqbağı, Məlikumudlu,
Əlvənd və Şahhüseynli kəndlərində modul
tipli sutəmizləyici qurğular, hər bir kənddə 10 ədəd
su bulağı quraşdırılıb, əhali təmiz
içməli su ilə təmin edilib. Şəftəhal və
Bıçaqçı kəndlərində daha məhsuldar
su nasosları istifadəyə verilərək, torpaqların
suvarma suyu ilə təminatı xeyli
yaxşılaşdırılıb. Heydər Əliyev
prospektində yenidənqurma işlərinə başlanılıb,
küçələrə yeni asfalt örtük döşənib,
4 ədəd işıqfor və 120 ədəd yeni yol
nişanı quraşdırılıb.
2009-cu ildə də işlər eyni ahənglə
davam etdirilib. Zərdab Rayon İcra Hakimiyyəti, Əhalinin
Sosial Müdafiəsi Mərkəzi üçün yeni
inzibati binalar, Heydər Əliyev İdeoloji Mərkəzi
tikilib, Böyük Vətən Müharibəsi veteranı Məlik
Məhərrəmovun büstü qoyulub. 54 km uzunluğunda
Göyçay-Ucar-Zərdab fiber-optik elektron rabitə xəttinin
çəkilişi başa çatdırılıb.
Şəhərin Qumlu yaşayış massivinə 6
km uzunluğunda qaz xətti çəkilib. Şəhər mərkəzini
"Dədə Qorqud" meydanından Qoşaoba və Təzəkənd
kəndləri ilə birləşdirən 2 kilometrə qədər
yola asfalt örtük vurulub. 200 yerlik uşaq incəsənət
məktəbinin yeni inzibati binası istifadəyə verilib.
Alıcanlı, Hüseynxanlı, Xanməmmədli, Gəlmə
və Nəzəralılı kəndlərində əhalinin
pay torpaqlarının suya olan tələbatını
yaxşılaşdırmaq məqsədilə həmin kəndlərdə
yeni nasos stansiyalar quraşdırılıb, rayon üzrə
600 km su kanalı lildən təmizlənib. Yuxarı Seyidlər,
Məlikli, Gödəkqobu, Məmmədqasımlı və
Yarməmmədbağı kəndlərində modul tipli sutəmizləyici
qurğular və 50 ədəd su bulağı işə
salınıb.
Şəhər mərkəzinə - "Heydər Əliyev"
prospektinə, "Ramiz Kərimov", "1 May", "Babək
İsmayılov", "Şəhriyar",
"Azadlıq", "Cəfər Cabbarlı", "Azərbaycan"
küçələrinə təzə asfalt örtük
döşənib. 3, 4 və 5 saylı kommunal
yaşayış binalarının dam örtüyü təzələnib.
Rayonda 6 yeni məktəb binası tikilib istifadəyə
verilib, 4 məktəbin istilik sistemi bərpa olunub. Şəhər
3 saylı orta məktəbin, 1 və 2 saylı uşaq
bağçalarının binaları əsaslı təmir
edilib.
2010-cu ildə Kür, Göyçay və
Türyançay çayları rayonu çox ciddi
sınağa çəksə də, dövlət
başçısı cənab İlham Əliyevin diqqət və
qayğısı, rayon rəhbərliyinin çevik və
yüksək təşkilatçılıq qabiliyyəti sayəsində
Zərdab təbii fəlakətdən itkisiz qurtara bilib.
Dövlət başçısının göstərişinə
əsasən, 2010-cu ilin yazında baş vermiş təbii fəlakət
nəticəsində ziyan çəkmiş 51 ailəyə
şəhərin daha təhlükəsiz "32 hektar"
adlanan ərazisində yeni evlər tikilib və istifadəyə
verilib.
2010-cu ildə insanların 1 əsrdən çox
arzusunda olduqları məsələ həllini tapıb 26
kilometrlik Zərdab-Mollakənd yoluna asfalt döşənib. Zərdab-Otmanoba
yolu istiqamətində, 15-ci məhəllədə 5 kilometr və
Təzəkənd kəndinin qalan 3 kilometr hissəsində qaz
xəttinin çəkilişi aparılıb. Qaravəlli kəndində
yeni qaz xətti artıq istifadəyə verilib. Şəftəhal
və Aşağı Seyidlər kəndlərinin daxili
yollarına 2 kilometrədək təzə asfalt örtük
vurulub. Şəhər mərkəzində yollara 55 min
kvadratmetr asfalt örtük döşənib.
Şəhərin mərkəzində nümunəvi məhəllələrin
salınmasına başlanılıb, 5 binanın dam
örtüyü dəyişdirilib. Köhnə çörək
zavodunun binasında yenidən qurulan və 60 nəfərə
qədər insanın işlə təmin olunacağı nəzərdə
tutulan süd məhsulları emalı zavodunda işlər
davam etdirilib. 2010-cu ildə, həmçinin ümumi ərazisi
5 hektara qədər olan "Heydər Əliyev
parkı"nda yenidənqurma işləri davam etdirilib. Parkda
sahəsi 1600 kvadratmetr olan möhtəşəm Heydər Əliyev
Mərkəzinin tikintisinə başlanılıb.
2010-cu ildə rayonda Telemetrik Seysmik Stansiya inşa olunub. Bundan savayı, 13 nəfər
Qarabağ əlilinə
fərdi yaşayış
evi tikilib. Milli Təhlükəsizlik Nazirliyinin
rayon şöbəsinin inzibati
binasında işlər
davam etdirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
xətti ilə rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzi
yaradılıb, 4 nəfər
gənc mütəxəssis
burada işlə təmin olunub. Alıcanlı, Dəli Quşçu, Qaravəlli,
İsaqbağı kəndlərində,
Bəyimli qəsəbəsində
modul tipli sutəmizləyici qurğuların
tikintisinə hazırlıq
görülüb, 2 kənddə
və 1 qəsəbədə
bu işlərə başlanılıb. Alıcanlı kəndində artıq su qurğusu əhalinin istifadəsinə
verilib. Ümumiyyətlə, bu gün Zərdabın 13 kəndini
əhatə edən
19769 nəfər əhali
təmiz içməli
su ilə təmin olunur.
2011-ci il də zərdablılar üçün uğurla
başlanılıb. "Heydər Əliyev prospekti"ndə və ulu öndərin adını daşıyan
parkda yenidənqurma işləri davam etdirilib. Yeni istifadəyə verilən
"Heydər Əliyev
Mərkəzi" gənclərin
ideoloji istinadgahına
çevrilib. Şəhərin
küçələrinə, "Heydər Əliyev parkı"na Türkiyə Respublikasından
gətirilmiş 6 və
9 metr hündürlüyündə
100-ə qədər müasir
tipli elektrik dirəkləri quraşdırılıb.
Üzərində milli ornamentlərimiz
təsvir olunan parkın giriş qapısı yenidən qurulub. Heydər Əliyev Mərkəzinin
ətrafında 2400 kvadratmetr
sahəyə mərmər
döşənib, ətrafı
yaşıllaşdırılıb, yeni oturacaqlar quraşdırılıb. Şəhər mərkəzində küçələrə yeni
asfalt örtük vurulması işi davam etdirilib. Ümumilikdə, son 3 ildə şəhərin
küçə və
dalanlarına 110 min kvadratmetrdən
çox təzə asfalt döşənib.
2011-ci il may ayının 6-sı tarixi
isə Zərdabın
tarixində əlamətdar
günlərdən olub.
Həmin gün dövlət başçısı
Zərdaba səfər
edib, "Heydər Əliyev parkı", parkda inşa olunmuş "Heydər Əliyev Mərkəzi"
ilə tanış
olmuş, insanlarla səmimi söhbət edib. Cənab İlham Əliyev
ictimaiyyətlə görüşündə
qazlaşdırma, elektrik
enerjisi ilə təchizat, su, kanalizasiya xətlərinin,
kənd yollarının
çəkilişinə böyük
ehtiyacın olduğunu
vurğulayıb. Ölkə rəhbərinin
rayona səfərinin sevincini yaşayan zərdablılar mayın
11-də daha bir şad xəbər eşidiblər. Həmin gün
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra rayonların,
o cümlədən Zərdab
rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədilə 2 milyon
manat vəsait ayrılıb.
Dövlət başçısının
bu diqqət və qayğısı nəticəsində 2011-ci ildə
rayonda aparılan tikinti-quruculuq işlərinin
sürəti artıb,
keyfiyyəti xeyli yaxşılaşıb. Qısa müddətdə şəhər
ərazisində 42 metr
hündürlüyündə Bayraq meydanı tikilib, 14 iyul 2011-ci il tarixdə
- ümummilli liderin siyasi hakimiyyətə gəlişinin 42-ci ildönümü
ərəfəsində istifadəyə
verilib. Şəhərin
4 yol adlanan ərazisində, Zərdabın
girişində, "Heydər
Əliyev prospekti"ndə
Türkiyə Respublikasında
hazırlanan, hündürlüyü
10,5 metr, eni 23 metr olan, Avropa
standartları səviyyəsində
hazırlanmış, üzərində
ulu öndərin portreti, dövlət rəmzləri, müxtəlif
tablolar, minlərlə
rəngli işıq lampaları olan müasir tipli giriş qapısı quraşdırılıb.
2011-ci ilin ötən dövründə
"Heydər Əliyev
parkı"nda 2 ədəd
fontan quraşdırılıb,
parkda abadlıq və yaşıllaşdırma
işləri, işıq
sisteminin yeniləşdirilməsi
davam etdirilib. Heydər Əliyev prospekti
boyunca divarlar müasir üslubda üzlənib. Hazırda rayonda
abadlıq işləri
uğurla davam etdirilir. Heydər Əliyev parkında
"Gənclər evi"
tikilir. Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğından
Mühafizə Xidmətinin
rayon yanğından mühafizə
hissəsi üçün
yeni inzibati binanın tikintisi işləri başa çatmaq üzrədir.
Rayonun 4 yol adlanan ərazisində
yolun kənarlarında
hasarlar hörülür
və müasir üslubda üzlənir.
Bir sözlə, bu gün Zərdab
rayonu ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi sabitlik və tərəqqi kursu ilə inamla irəliləyir. Bu kursun
ən layiqli davamçısı - Prezident
İlham Əliyevin diqqət və qayğısı ilə Zərdab şəhəri,
rayonun əksər kəndləri simasını
tanınmaz dərəcədə
dəyişir. Yeniləşmə və yüksəliş davamlı, ürəkaçandır.
İnsanlar sabaha dərin
inam və ümidlə yaşayır,
bu amallar uğrunda əzmlə çalışırlar.
Tərlan NƏSİRLİ,
Bakı-Zərdab-Bakı
Mövqe.- 2011.- 9 oktyabr.- S. 10.