Masallı füsunkar təbiəti, müasir görkəmilə zövq oxşayır

 

Respublikanın cənubunda yerləşən Masallı rayonu Azərbaycanın ən səfalı və füsunkar guşələrindən biri olmaqla yanaşı, son illərdə əsaslı şəkildə müasirləşib, inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə müəyyən olunmuş vəzifələrin inamla həyata keçirilməsi rayonda həllini gözləyən bir çox problemlərin aradan qaldırılmasına - infrastrukturun müasirləşdirilməsinə, yeni sosial obyektlərin inşasına yaxşı imkanlar açıb.

Məlumat üçün bildirək ki, Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir, Bakı-Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunan Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağacları, zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir. Rayonun tarixi də qədimlərə gedib çıxır. Aparılan arxeoloji qazıntılar, elmi və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşayıblar. Böyük Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), salnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində, qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar verilir.

"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilib, tarixi mənbələrdə bu toponim "məsəlli - məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında işlədilib. Masallı sözünün "Mosullu" sözündən yaranmasını ehtimal edənlər də var. Toponimika ilə məşğul olan alimlərdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunub.

Bəzi tarixi mənbələrdə isə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılıb. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı" isə məkan bildirən şəkilçidir. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından talış xanlığının tərkibində olub. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə isə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.

Qədim tarixə, zəngin mədəniyyətə malik Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlayıb. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz bu münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı N.Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən, bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib sayıb.

Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanıb. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilib. Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanıb. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur.

Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeoloji, qalanları isə XX əsr abidələridir. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinə getmiş 10914 nəfər Masallının vətənpərvər oğullarından 4248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu həlak olub. Qarabağın azadlığı uğrunda 5 min nəfərə yaxın cəsur oğlumuz vuruşub. Onlardan 150 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onlardan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov, Səfa Axundov bütün Masallıların andıdır. 3 nəfər Masallı döyüşçüsünə "Azərbaycan bayrağı" ordeni verilib.

XX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər bəxş edib. İqtisadiyyat sahəsindəki uğurlarına görə müxtəlif illərdə 50 nəfərdən çox Masallı sakini Sosialist Əməyi Qəhrəmanı fəxri adına və digər ordenlərə layiq görülüb.

105 kəndi, üç qəsəbə və bir şəhəri, 203,5 min əhalisi olan Masallıda bu gün elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat sahəsində on mindən çox ali və orta ixtisas təhsilli mütəxəssis çalışır. Rayonun, ümumilikdə, 721 kvadratkm ərazisi var. Masallıda 1 kvadratkilometrə 283 nəfər əhali düşür ki, bu da dünya əhalisinin sıxlığından 7 dəfə, respublikadan 3 dəfə çoxdur. Masallı rayonu hər kvadratkilometrə düşən əhalinin sayına görə dünyada ən sıx əhalisi olan Çin Xalq Respublikasını belə ötüb keçib. Rayonda 10-dan çox millətin nümayəndəsi, həmçinin 312 nəfər məcburi köçkün və qaçqın yaşayır.

Viləşçayı subtropik zonasının yeganə iri dağ çayıdır. Tarixi mənbələrdə Viləşçayın adı e.ə. minilliklərdə çəkilib. Eramızın 90-168-ci illərində yaşamış Yunan coğrafiyaşünası Ptolemey Xəzər dənizinin xəritəsini çəkərkən Viləşçayın Qızılağac körfəzinə töküldüyünü göstərib. Mənbəyini Yardımlı və Lerik rayonlarının ərazisindən, Talış silsilə yamaclarından götürür. Uzunluğu 115 km, hövzəsinin sahəsi 935 kv.km-dir.

1976-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Masallıda Viləşçay su dəryaçasının bünövrəsi qoyulub. Viləşçay dəryaçası bu gün Heydər Əliyevin adını daşıyır. Masallı torpağı durna gözlü bulaqlarla da məşhurdur. Təkcə "Dünya bulaqlarının muzeyi" sayılan Ərkivan kəndində 37 bulaq vardır. Hər bulağın öz adı, öz dadı, öz tarixi vardır. Masallı yeraltı və yerüstü sərvətlərlə də zəngindir. Onun İstisuyu əsrarəngiz gözəllik guşəsidir. Ana təbiətin memar əli ilə yaradılmış İstisu möcüzəsi ulu keçmişimizin bizə yadigar qoyduğu ən qiymətli sərvətlərdən biridir. Masallı İstisuyu yel, oynaq əzələ, əsəb sistemi, bir çox dəri, habelə mədə-bağırsaq və qadın xəstəliklərinin əvəzsiz loğmanıdır.

Masallının füsunkar təbiəti, mülayim iqlimi, rəngarəng relyefi turizmin inkişafı üçün gözəl imkanlar yaradır. Masallı-Yardımlı yolu boyunca Viləşçayın sahillərində çoxlu turizm obyektləri salınıb. Hər il respublikamızın müxtəlif bölgələrindən və onun hüdudlarından uzaqlardan minlərlə turist dincəlmək üçün bu gözəl, səfalı məkana üz tutur. Bura turistlərin rahatlığı üçün hər bir şərait var. Demək olar ki, Azərbaycana gələn əksər turistlər bura üz tutub gəlirlər. Ümummilli lider Heydər Əliyevin vaxtında Viləşçay dəryaçası Masallıda tikilib. Turistlər o yerə gedir ki, orada sakitlik, təmizlik, qonaqpərvərlik olsun. Azərbaycan xalqında bu qonaqpərvərlik, insaniyyətlik var.

Rayonun qərb dağlıq hissəsi Burovar silsiləsinin alçaq dağ qurşağını əhatə edir. Burada rayonun ən hündür Dəmbəlov zirvəsi (827 m) yerləşir. Rayonun Xəzər sahili coğrafi və mürəkkəb relyef quruluşu müxtəlif iqlim tiplərinin yaranmasına səbəb olub. Şimal-şərqdə qışı mülayim, yayı quraq keçən yarımsəhra və quru çöl, şərqdə yayı quraq keçən mülayim isti, qərb dağlıq hissədə isə yarımrütubətli subtropik iqlim hakimdir. Rayonun ərazisindən Viləşçay, Qodmançay, Göytəpəçay, Mətəlçay və s. çaylar axır. Viləşçayın maili düzənliyə çıxdığı çox mənzərəli yerdə sututumu 46 mln. kubmetr olan "Viləşçay" su anbarı yaradılıb.

Rayonda 30-a yaxın turist obyekti qeydə alınaraq üç turist marşrutu üzrə fəaliyyət göstərirlər. 26 turist obyekti xüsusi razılıq (lisenziya) alıb. Həmin turizm və istirahət mərkəzlərində 1100-ə yaxın yer var. Bunlardan 70-i lüks, 660-ı 1-ci dərəcəli, 320-si turist dərəcəli nömrələrdir. Turistlərə 65 ölkə əhəmiyyətli, 49 yerli əhəmiyyətli tarix və mədəni abidələr, 3 park, 2 muzey və R.Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi xidmət göstərir.

Turist mərkəzlərində qonaqların mənalı istirahəti, müxtəlif idman növləri və əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılıb.

 

(ardı var)

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Masallı-Bakı

 

Mövqe.- 2011.- 11 oktyabr.- S. 10.