Pilotsuz təyyarələrimiz
Qarabağ səmasında...
Azərbaycan
pilotsuz təyyarələrinin
sayını artırır
Müharibə
başlanacağı təqdirdə düşmənin məhvi
üçün belə təyyarələrdən
geniş istifadə olunması gözlənilir
Məlum həqiqətdir ki, əgər Qarabağ
münaqişəsinin həllilə bağlı
danışıqlar istənilən nəticəni verməsə,
onda müharibə qaçılmaz olacaq. Danışıqlar yolu
ilə isə problemin yaxın perspektivdə
həlli görsənmir. Rusiyalı ekspert
Aleksey Vlasov bildirib ki, yalnız rəsmi
İrəvanla Bakı arasında vasitəçilərin həmrəyliyi
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həll
edilməsi prosesini ölü
nöqtədən çıxara bilər :
"Günahkarları axtarmaq,
Dağlıq Qarabağ münaqişəsinin
həllinə mane olan
şəxslərin adlarının səsləndirilməsi - çox mənasız fəaliyyətdir. Azərbaycanın,
yaxud vasitəçilərin
ünvanına ittihamlar səsləndirmək,
Rusiyanı münaqişənin uzadılmasında
günahlandırmaq qeyri-konstruktiv
yanaşmadır".
Onun sözlərinə görə, belə bir atmosferdə
konsesua nail olmaq çox mürəkkəb məsələdir.
Rus politoloq son zamanlar Rusiya hakimiyyətinin nümayiş
etdirdiyi mövqeni dəstəklədiyini vurğulayıb:
"Rusiya danışıqlar prosesindən çıxa bilər.
Yaxşı,
özünüz danışın. Bəs
bu kimin üçün problem yaradacaq? Əgər bu yola çıxmışıqsa, gəlin onu sonadək birgə davam
etdirək".
Aleksey Vlasov Rusiyanın mövqeyinin aydınlaşması
üçün növbəti prezident seçkilərini
gözləməyin lazım olduğunu bəyan edib:
"İzvestiya"da dərc olunmuş son məqalədə
vurğulanır ki, MDB ölkələri ərazisində
dondurulmuş münaqişələrin həlli Putinin növbəti
prezidentliyi dövründə Rusiyanın xarici siyasətinin əsas
prioritetlərindən olacaq". A.Vlasovun fikrincə,
qarşılıqlı ittihamlar səsləndirməkdənsə,
danışıqlar stolu arxasına oturub lazımi nəticəyə
nail olmaq daha yaxşı olar.
Lakin qeyd olunduğu kimi, danışıqlar nəticə
verməsə, onda müharibə qaçılmaz olacaq. Azərbaycan
və Ermənistan silahlanma prosesinə xüsusi diqqət
yetirməsi də müharibə ehtimalını
artırır. Lakin o da faktdır ki, Azərbaycan daha çox
hərbi üstünlüyə malikdir. Bu üstünlük
istər hərbi xərclərin miqdarında, istərsə də
alınan əsgəri texnikada da özünü göstərir.
Digər tərəfdən elə hərbi texnikalar var ki, onlar
yalnız Azərbaycanın arsenalında mövcuddur və Ermənistan
üçün əlçatmaz sayılır. Məsələn,
pilotsuz təyyarələr. Yeri gəlmişkən qeyd edək
ki, Azərbaycan hökuməti ilin sonuna kimi milli ordunun silah
arsenalına 60 İsrail istehsalı olan "Orbiter 2M" və
"Aerostar" pilotsuz təyyarələrinin
çatdırılmasını təmin etməyi
planlaşdırır. Onların köməkliyi ilə Azərbaycan
Ordusu İranın artan gücü, Ermənistanla
münaqişə vəziyyətində olduğu bir halda
öz imkanlarını xeyli genişləndirəcək.
Bu razılaşmanın özəlliklərindən
biri budur ki, pilotsuz təyyarələrin 30 faizi Azərbaycanda
"Baku"s Azad Systems Co". şirkəti tərəfindən
yığılır. "Həftə içi" qəzetinin
məlumatına görə, bu razılıq iki hökumət
arasındakı danışıqlar zamanı əldə
edilib. İsrailin "Aeronautics Defense Systems of Israel"
şirkəti pilotsuz təyyarələrin istehsalı ilə
bağlı lisenziyanın bir hissəsini Azərbaycana verməklə
Türkiyə ilə 2010-cu ildən əlaqələrin kəsilməsinin
ardından böyük həcmdə sifariş əldə
etmiş olub. "Aeronautics Defense Systems of Israel" şirkəti
"Israel Aerospace Industries" və "Elbit Systems"
şirkətlərindən sonra İsraildə
üçüncü böyük pilotsuz təyyarələr
istehsal edən firma sayılır. Azərbaycan hökuməti
tərəfindən təşkil edilən tenderdə bu
şirkət özünün rəqibləri sayılan TAI,
"Baykar Makina" və "Global Teknik" kimi türk
şirkətlərini qabaqlamağı bacarıb.
Ekspertlər də müharibə olacağı təqdirdə,
burada pilotsuz təyyarələrdən geniş istifadə
olunacağını bəyan edir. Hazırda Azərbaycan bu sahədə
ermənilərlə müqayisədə böyük
üstünlüyə malikdir. Məlumat üçün
bildirək ki, Cənubi Qafqaz ölkələri arasında ilk
dəfə pilotsuz təyyarələri Gürcüstan
satın alsa da, Tiflisin aldığı bir neçə
pilotsuz kəşfiyyat təyyarəsi 2007-2008-ci illərdə
Abxaziya üzərində vuruldu. Sonrakı dövrlərdə
Gürcüstanın xaricdən bu tip texnika
alıb-almadığı barədə heç bir məlumatlar
verilmir.
Rusiyanın köhnə silahlarına sahib
çıxan Ermənistan isə bu tip aparatları almaq istəyində
olduğunu yalnız 2010-cu ilin ortalarında
açıqladı. Hazırda Ermənistan Ordusunun
inventarında pilotsuz təyyarələrin olması barədə
heç bir fakt yoxdur. İlk dəfə 2008-ci ilin iyun
ayında Bakıda keçirilən hərbi paradda ictimaiyyətə
təqdim olunan Azərbaycan HHQ-nin inventarındakı pilotsuz təyyarələr
əsasən İsrail istehsalıdır. İsrail tərəfinin
açıqladığı məlumatlara görə, Azərbaycan
ötən dövrdə bu ölkədən bir neçə ədəd
"Orbiter" və "Aerostar" markalı pilotsuz təyyarə
alıb, bir neçə "Hermes-450" markalı pilotsuz təyyarənin
satın alınması üçün sifariş verib. Bundan
başqa, bir neçə ay əvvəl İsrail Kosmik Sənaye
şirkəti (Israel Aerospace Industries) Azərbaycana
"Heron" və "Searcher 2" pilotsuz kəşfiyyat təyyarələrini
təklif edib. Daha sonra İsrail Kosmik Sənaye şirkəti
nümayəndə heyətinin Azərbaycana səfəri
zamanı belə bir təklif səsləndirilib. Qeyd edək
ki, cari ilin mart ayında Azərbaycan Müdafiə Sənayəsi
Nazirliyi və İsrail Kosmik Sənaye şirkətinin birgə
qurduğu "Azad Systems Co." şirkətinin zavodu
açılıb. Həmin zavodda İsrail Kosmik Sənaye
şirkətinin "Aerostar"-ın "Orbiter"
markalı pilotsuz təyyarələri istehsal olunur.
Həm hava hücumundan müdafiə sistemlərini
aldatmaq, həm də digər funksiyaları yerinə yetirmək
imkanına malik bu aparatlar artıq HHQ-nin inventarına daxil
olub. Digər tərəfdən, Azərbaycan mütəxəssisləri
real döyüş şəraitinə
uyğunlaşdırılmış taktiki təlimlərdə
də pilotsuz aparatların tətbiqini həyata keçirməklə
qonşulardan bir qədər irəli gedib. Azərbaycanın
istifadə etdiyi bu aparatların effektini elə ermənilər
özləri də etiraf etməyə məcbur olur. Erməni
mediası dəfələrlə Qarabağdakı hərbçilərə
istinadən ayrı-ayrı vaxtlarda Azərbaycanın pilotsuz təyyarələrinin
cəbhənin şimal və cənubundan Qarabağın dərinliklərinə
daxil olaraq kəşfiyyat aparması barədə məlumatlar
yayıb. Erməni hərbçilər, hətta Azərbaycanın
pilotsuz təyyarələrinin Qafan və Gorus ərazilərində
uçuşlar keçirdiyini, hava hücumundan müdafiə
sistemi bundan xəbər tutub hazırlıq vəziyyətinə
gətirilənədək təyyarələrin ərazini tərk
etdiyini etiraf edib.
R.MƏZAHİROĞLU
Mövqe.- 2011.- 13 oktyabr.- S. 14.