Masallı təhsili uğurlu nəticələri ilə öncüllər sırasındadır

 

Hər bir dövlətin, xalqın gələcək taleyi onun malik olduğu elmi-intellektual və mənəvi potensialdan asılıdır. İqtisadi inkişaf konsepsiyasını elmi əsaslar üzərində qurmaqla təhsilin inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman proqressiv yeniliklərə istinad edən dövlətlər tərəqqiyə nail olaraq dünya arenasında özünəlayiq yer tuturlar. Milli intibahı təmin edən başlıca vasitə olan elm və təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində açar rolunu oynayır.

Son 8 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayıb, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edib. Ölkə başçısının bu sahəyə xüsusi diqqətlə yanaşması, ilk növbədə, müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə imkanları qazanması zəruriliyi ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir.

Ölkə rəhbərliyinin son illər təhsilin inkişafı sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər bölgələrdə təlim-tədris prosesinin müasirləşməsinə və təkmilləşməsinə müsbət təsirini göstərir. Bunu konkret olaraq Masallı rayonunun təhsil sahəsində əldə etdiyi uğurlar fonunda qabarıq görmək olar. Rayonda son illərdə təhsil sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonda 63 tam orta, 32 ümumi orta və 4 ibtidai məktəb mövcuddur, həmin məktəblərdə 29000-ə yaxın şagird təhsil alır. Bu il birinci sinfə 2720 şagird qəbul olunub. Şagirdlərin təhsili ilə 3075 nəfər müəllim məşğul olur. Əlavə olaraq rayonda 4 məktəbdənkənar tədris, 16 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir.

Rayonda məktəb infrastrukturunun müasirləşdirilməsi məsələləri də diqqət mərkəzindədir. 2011-ci ilin sentyabr ayında Masallı rayonunda 5 məktəb binasının - 360 şagird yerlik Köçəkli və Qodman kənd tam orta məktəblərinin, 220 şagird yerlik Dəmirçi kənd ümumi orta məktəbinin, 80 şagird yerlik Ərəb və Kubin kənd ümumi orta məktəblərinin tikintisinə, habelə Gəyəçöl kənd uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Habelə 360 şagird yerlik Sığıncaq kənd tam orta məktəbinin tikintisinə hazırlıq işləri görülür. 80 şagird yerlik Kubin kənd ümumi orta məktəbi isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunur.

Rayon təhsilinin uğurlarına dəlalət edən mühüm faktlardan biri də budur ki, dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Masallı şəhər 1 saylı orta məktəbi 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin, Şərəfə kənd orta məktəbinin fransız dili müəllimi Naidə Məmmədova isə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub. Bundan başqa, Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayon müəllimlərindən Qardaş Fətullayev "Tərəqqi" medalına, Musarza Mirzəyev isə "Əməkdar müəllim" fəxri adına layiq görülüblər.

2011-2012-ci dərs ili ərəfəsində Masallının ümumtəhsil məktəblərində "Bilik günü" münasibətilə silsilə tədbirlər keçirilib. Eyni zamanda Hüseynhacılı və Yolağac kəndlərinin hər birində 180 şagird yerlik yeni inşa olunmuş ümumi orta məktəbin, Masallı şəhərində əsaslı təmir olunmuş Uşaq-Gənclər-Şahmat məktəblərinin açılışı olub. Hər üç məktəbin müasir avadanlıqlarla təchiz edilməsi şagirdlərin təlim-tərbiyəsi üçün geniş imkanlar açır.

Məktəblərdə ulu öndər Heydər Əliyevin ideya-irsinin öyrənilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Ümummilli liderin 88-ci ildönümü ilə əlaqədar "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" mövzusunda keçirilmiş rayon inşa müsabiqəsində 700-dən artıq şagird iştirak edib. Ən yaxşı inşanın müəllifi - Lürən kənd tam orta məktəbinin XI sinif şagirdi Talıbov Şamxal Əlipənah oğlu respublika inşa müsabiqəsində də yer tutub. Və onun yazısı "Ümummilli lider Heydər Əliyev şagirdlərin gözü ilə" kitabında çap olunub.

Masallı Rayon Təhsil Şöbəsinin Rusiyanın Azərbaycandakı səfirliyi ilə qurduğu qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri də öz səmərəli nəticələrini göstərir. Son illərdə 7 şagird rus dili üzrə müxtəlif nominasiyalarda fənn olimpiadalarının qalibi olub, 2 şagird Rusiyanın ali məktəblərinə göndərilib.

Buraxılış sinif şagirdlərinin bilik səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılır. Məktəblərdə vaxtaşırı sınaq yazı işləri, ayrı-ayrı fənlər üzrə test yoxlamaları, monitorinqlər keçirilir. Nəticələr təhlil olunaraq təhsilin keyfiyyətini yüksəltmək üçün məktəb rəhbərlərinə və fənn müəllimlərinə əməli göstərişlər, tövsiyələr verilir. Məktəblər arasında mütəmadi olaraq keçirilən bilik yarışları, fənn olimpiadaları üçün də baza yaradılıb. Rayon fənn olimpiadalarında I mərhələnin istedadları ilə fərqlənən 60 nəfər qalibi II mərhələdə iştirak edib. Onlardan 8 nəfəri I yerə layiq görülərək respublika turunda iştirak ediblər. Masallı şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Hüseynova Mirlamiyə Mirqabil qızı Azərbaycan dili və ədəbiyyatı fənni üzrə respublika turunda ikinci yerə çıxıb. 2010-cu ildə rayonda 1126 şagird attestat, 2153 şagird şəhadətnamə almışdısa, 2011-ci ildə 1351 şagird attestat, 2160 şagird şəhadətnamə alıb.

2011-ci ildə qəbul imtahanlarının nəticələrində də 2010-cu illə müqayisədə ciddi irəliləyişlər var. 2010-cu ildə 701 şagird sənəd verib 205 nəfər tələbə adını qazanmışsa, 2011-ci ildə 690 nəfərin 325 nəfər ali məktəblərə qəbul olunub. 2010-cu ildə 600 baldan yuxarı bal toplayanlar 8 nəfər idisə, bu il 12 nəfər olub. 500-600 arası bal toplayanların sayında da artım var.

Masallı rayonunun ümumtəhsil məktəblərində yeni texnologiyaların tətbiqi istiqamətində də mühüm addımlar atılır. Bundan başqa, "Həyati bacarıqlara əsaslanan təhsil" kursunda 2010-cu ilin oktyabrında 3 qrupda 60 müəllim iştirak edib, "Öyrədənləri öyrənən" kursunda 30 müəllim kurslara cəlb olunub. 2008-2009-cu tədris ilində digər respublika məktəbləri kimi Masallı rayonunun bütün ümumtəhsil məktəblərində də yeni kurikulumla işləməyə başlanılıb. Hər il birinci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri kurslara cəlb olunub, onlara dərs demək üçün sertifikatlar verilib. 2011-2012-ci tədris ilində birinci sinfə qəbul ediləcək şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq müəllimlərin sertifikatlaşdırılması başa çatıb.

Hesabat dövründə istedadlı şagirdlərlə işin təşkili də daimi diqqət mərkəzində olub. Masallı Rayon Təhsil Şöbəsinin rəhbərliyi ilə "Olimpiada Mərkəzi" fəaliyyətini davam etdirib, rayonun istedadlı şagirdləri həmin mərkəzə cəlb olunub. Mərkəzdə məşğələləri rayonun bu sahədə çalışan istedadlı müəllimləri aparırlar.

Respublikanın müstəqilliyini, suverenliyini qoruyub saxlaya bilən, fiziki cəhətdən sağlam, hərbi sahədə hazırlıqlı gənc nəslin yetişməsində gənclərin çağırışaqədərki hazırlığı fənninin rolu böyükdür. Masallı məktəblərində hərbi dərslər xüsusi otaqlarda və idman meydançalarında keçirilir. Məktəblər dərslik və əyani vəsaitlə tam təchiz olunub. Bundan başqa, hərbi dərsləri tədris edən müəllimlər üçün 5 günlük tədris metodik toplanışı, seminarlar təşkil olunub. Ənənəvi "Şahin" hərbi-idman yarışı ilə bərabər, "Atıcılıq" üzrə yarışlar da keçirilib.

"Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşməsi Proqramı"nın icrası ilə bağlı məktəbəqədər müəssisələrə diqqət daha da artırılıb. Müxtəlif metodik kitablar, əyani vasitələr, oyuncaqlar gətirilərək bağçalara verilib. Hazırda 16 uşaq bağçasında 930 uşağın təlim-tərbiyəsi ilə 110 pedaqoji işçi məşğul olur. Bağçaların fəaliyyət planlarına uyğun olaraq, bütün bayram günləri təntənəli qeyd olunur, onlar rayon tədbirlərində fəal iştirak edirlər.

Masallı Uşaq Gənclər İdman Məktəbi də xüsusi fəallığı ilə seçilir. Bu məktəbdə 35 əsas, 16 ikinci iş yeri kimi ali və orta ixtisas təhsilli məşqçi-müəllimlər 1010 şagird idmançının fiziki tərbiyəsi ilə məşğul olurlar. Uşaq Gənclər İdman Məktəbinin yetirmələri Cavad Şirinov, Ağalı Ağayev, Murad Ağayev və Tofiq İbayevlə "Xəzər-Lənkəran" futbol klubu arasında 3 illik müqavilə bağlanıb.

2010-cu ildə rayonun 2 məşqçi müəllimi - Masallı Uşaq Gənclər İdman Məktəbinin direktoru Mehdiyev Şirziyad "Fəxri bədən tərbiyəsi və idman işçisi", məktəbin müəllimi Məmmədov Sufəddin "Əməkdar məşqçi" fəxri adlarına layiq görülüb. Şahmatçı idmançıların da müvəffəqiyyətləri sevindiricidir. Şahmat məktəbinin şagirdi Sücaət Orucov Azərbaycan çempionatının qızıl medalına layiq görülüb. Gülçin Heydərova isə 8 yaşlılar arasında bürünc medala sahib çıxıb. Onu da bildirək ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin xüsusi diqqət və qayğısı ilə Masallı Şahmat Məktəbi əsaslı təmir olunub, şagirdləri yeni nailiyyətlər qazanıb. Rayonun bütün məktəbləri dərsliklərlə də tam təmin olunub.

Ötən dərs ilində 690 nəfər ali məktəbə qəbul üçün sənəd verib, onlardan 241 nəfər, təkrar sənəd verənlərlə birlikdə isə 320 nəfər ali məktəblərə daxil olub. 7 nəfər gənc isə xaricdə təhsil almaq hüququ qazanıb. Həmçinin 11 nəfər şagird 600 baldan yuxarı nəticə göstərmişdir. Maraqlıdır ki, 600 baldan yuxarı nəticə göstərən bütün tələbələr kənd məktəblərini təmsil edirlər.

 

(ardı var)

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Masallı-Bakı

 

Mövqe.- 2011.- 14 oktyabr.- S. 10.