Masallı
mədəni intibahının yeni mərhələsində
Müasir dövrdə
hər bir xalqın dünya
miqyasında özünəməxsus yer
tutmasını şərtləndirən amillər heç də sırf iqtisadi
amillərlə şərtlənmir. Xalqları tanıdaraq məşhurlaşdıran
həm də onların milli mədəniyyəti,
milli-mənəvi dəyərləridir. Qloballaşma
tendensiyasının xalqların milli-mənəvi dəyərlər
sisteminə yönəlmiş təhdidləri şəraitində
bu məsələlərə əvvəlkindən
daha da çox
diqqət yetirilməsinin vacibliyi ortaya çıxır.
Bu reallıq nəzərə alınmaqla ölkədə
uğurla gerçəkləşdirilən mədəniyyət
konsepsiyası təkcə paytaxt Bakıda deyil, ümumən
regionlarda da mənəvi-intellektual yüksəlişi təmin
edib. Son illərə Masallı rayonunun mədəni həyatındakı
yeniliklər bunu bir daha təsdiqləyir. Hazırda rayonda 15 mədəniyyət
evi, 28 kənd klubu, 79 kitabxana, tarix-diyarşünaslıq və
Heydər Əliyev muzeyləri, rəsm qalereyası, 1 mədəniyyət
və istirahət parkı, 26 turist obyekti, 117 tarix və mədəniyyət
abidəsi, Uşaq İncəsənət Məktəbi fəaliyyət
göstərir.
Rayonun klub və mədəniyyət evlərində 116
bədii özfəaliyyət dərnəkləri fəaliyyət
göstərir və bura 2896 nəfər həvəskar
istedadlı gənclər cəlb edilib. Həmin kollektivlərdən
2-si "Xalq" kollektivi adını daşıyır. Bunlar
rayon mədəniyyət evinin dram kollektivi, Mahmudavar kənd mədəniyyət
evinin "Halay" mahnı və rəqs kollektividir.
Respublikanın ictimai-siyasi həyatında baş verən
dəyişikliklər və əlamətdar tarixi hadisələr
mədəniyyət sahəsində görülən işlərin
də canlanmasına təsir göstərib. 2011-ci ildə
rayonun mədəni-maarif müəssisələrində yeni
il şənlikləri keçirilib, həmçinin 20 yanvar
faciəsinin ildönümü ilə bağlı şəhidlərin
xatirəsi anılıb. Eyni zamanda, 14-16 fevral tarixlərində
"Çal oyna" respublika rəqs kollektivlərinin II
Ümumrespublika Müsabiqəsinin zona turu da Masallı rayonunda
keçirilib.
Həmin baxış müsabiqədə rayon mədəniyyət
evinin "Masallı" rəqs kollektivi və "Halay"
folklor xalq kollektivi zona üzrə I yeri tutaraq yekun turunda
Bakı şəhərində iştirak etmək hüququ
qazanıb. Həmçinin Xocalı faciəsinin
ildönümü ilə əlaqədar "Xocalıdan gələn
səslər" tamaşası hazırlanıb və rayonda
keçirilən tədbirdə nümayiş etdirilib. Bundan
başqa, həmin tamaşa rayonun Həsənli, Kalinovka, Şərəfə
kəndlərində və qonşu rayonda yerləşən hərbi
hissədə də nümayiş olunub.
Azərbaycan xalqının dərin keçmişini,
onun folklorunu, adət və ənənələrini əks
etdirən, xalqımızın əziz bayramlarından biri olan
"Novruz" bayramının təntənəli
keçirilməsi də xoş ənənə şəklini
alıb. Mahmudavar kənd mədəniyyət evinin
"Halay" folklor mahnı və rəqs ansamblı, rayon mədəniyyət
evinin "Təravət" instrumental ansamblı, habelə
rayon xalq sənətkarlarının əl işləri
Bakı şəhərində keçirilən böyük
bayram şənliklərində iştirak edərək
böyük maraqla qarşılanıb. İstər
"Halay" mahnı və rəqs kollektivinin ifaları, istərsə
də xalq sənətkarlarının əl işləri sərgisi
iştirakçılarını valeh edib.
Rayonun mədəniyyət xadimləri tarixi və əlamətdar
günlərdə vətənin keşiyində duran əsgər
və zabitləri də unutmur. Gənclər təntənəli
şəkildə hərbi xidmətə yola salınır, həmçinin
qonşu rayonda yerləşən hərbi hissələrdə
müxtəlif konsertlər, tamaşalar göstərilir. Novruz
bayramı ilə əlaqədar özfəaliyyət kollektivləri
müxtəlif hərbi hissələrdə konsert proqramı
ilə çıxış edərək tamaşalar göstəriblər.
2011-ci ilin ötən 9 ayında əlamətdar və
tarixi günlər rayonun bütün mədəni-maarif müəssisələrində
təntənəli şəkildə qeyd edilib, foto-stendlər,
sərgilər nümayiş olunub. May ayında rayonun
bütün mədəni-maarif müəssisələrində
ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü ilə əlaqədar tədbirlər
keçirilib. Həmin tədbirlərdən ənənəvi
"Yaz" festivalı daha maraqlı və məzmunlu olub.
1200 nəfərdən çox istedadlı yeniyetmə və gəncin
iştirak etdiyi bu festivalı 5 janr üzrə 3 turdan ibarət
keçirilib. I və II turun qalibləri III yekun turunda, ən
yaxşı və istedadlılar isə yekun turunda fəxri fərman
və diplomla mükafatlandırılıblar.
"Evrovizion-2011" mahnı yarışmasında Azərbaycan
iştirakçılarının I yer tutması münasibəti
ilə mayın 15-də rayon mərkəzindəki Nizami
parkında təntənəli bayram konserti keçirilib, tədbirdə
1500-dən çox adam iştirak edib. 28 may Respublika
Günü rayon Bayraq meydanında, 15 iyun "Qurtuluş
günü" Heydər Əliyev parkında geniş və təntənəli
bayram konserti ilə başa çatıb. 14-18 iyun tarixində
Bakı şəhərində keçirilən ənənəvi
"Azərbaycan doğma diyar" devzi ilə keçirilən
azsaylı xalqların festivalında rayonun "Halay" folklor
xalq mahnı və rəqs kollektivi uğurla təmsil edərək
Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı
ilə təltif olunublar.
Muzeylər günü ilə əlaqədar "Heydər
Əliyev və muzeylərimiz" mövzusunda tədbir,
axşam saatlarında isə bayram konserti keçirilib.
Mayın 17-də isə Hişkədərə kəndində
Tarix diyarşünaslıq muzeyində özfəaliyyət
kollektivləri konsert proqramı ilə çıxış
ediblər. 18 mayda isə hər iki muzeydə
"Açıq qapı" günü keçirilib.
2011-ci ilin Turizm ili elan edilməsi ilə bağlı
rayonda müəyyən tədbirlər proqramı
hazırlanaraq həyata keçirilib. Aprel ayının 26-dan
30-dək Bakı şəhərində keçirilən 10-cu
turizm sərgisində rayonu 5 turist obyekti ("İsti su",
"Dəmirağac", "Dəştvənd",
"Zirvə", "Baba bulağı") təmsil ediblər.
Həmin sərgidə rayonunun turist obyektləri haqqında
bütün məlumatlar, həmçinin rayon haqqında məlumatlar,
rayon sənətkarlarının əl işləri,
(dulusçuluq, toxunma materialları və s.) həmçinin
tarix və mədəniyyət abidələri haqqında məlumatlar,
turistlərə göstərilən bütün xidmətlər
və marşrutlar öz əksini tapıb.
Sevindirici haldır ki, Masallı Rayon İcra Hakimiyyəti
başçısının 13 may 2011-ci il tarixli şura
yığıncağında rayonda fəaliyyət göstərən
turist obyektlərində xidmətin vəziyyəti, mövcud
problemlər və qarşıda duran vəzifələr
geniş müzakirə olunaraq qərar qəbul edilib. Həmin
müzakirədə bir çox turist obyektlərinin sahibləri
və rəhbərləri də iştirak ediblər. Şura
yığıncağından keçən müddət ərzində
turizmin inkişafı və təşviqi sahəsində xeyli
işlər görülüb. Rayon mədəniyyət və
turizm şöbəsi 25 may 2011-ci il tarixində keçirilən
yığıncaqda bütün turist obyektlərinin rəhbərliyinin
iştirakı təmin edilib, onlar dinlənilib, qarşıda
duran əsas vəzifələr müəyyən edilib. Ən
yaxşı turizm obyektlərinin sahiblərinə rayon mədəniyyət
və turizm şöbəsi tərəfindən qiymətli hədiyyələr
verilib, Beynəlxalq Sertifikatlar təqdim edilib.
Ümumilikdə, 2011-ci ilin doqquz ayı ərzində
turist obyektləri 14286 nəfər turist qəbul ediblər.
Onlardan 510 nəfəri xarici vətəndaşlar olublar.
Hazırda fəaliyyət göstərən 31 turist obyektindən
26-nın lisenziyası var, 5 turist obyekti isə yeni tikilir.
İl ərzində, rayon Mərkəzi
Kitabxanasında 22 iyul "Mətbuat günü", 1 avqust
"Azərbaycan dili və əlifbası günü" ilə
əlaqədar "dəyirmi masa"lar keçirilib. Rayonun
nüfuzlu kollektivlərindən olan "Halay" folklor
mahnı və rəqs ansamblı cari ilin avqust ayının
12-dən 22-dək Macarıstanda keçirilən
Ümumdünya Folklor Festivalında iştirak edib. Bir çox
Ümumdünya festivallarında uğurlara imza atan kollektiv bu dəfə
də böyük zəfərlər qazanıb.
Azərbaycanın dövlət müstəqilliyinin 20
illiyinə həsr olunmuş tədbirlər də uğurla həyata
keçirilir. Bu mövzuya həsr olunmuş stend və guşələr
hazırlanaraq rayonun mədəniyyət müəssisələrində
nümayiş etdirilir. Bundan başqa, 29 sentyabr Olimpiya Mərkəzində
1200-dən çox tamaşaçının iştirak etdiyi
bayram konserti tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb. Rayon Mədəniyyət
və turizm şöbəsinin kollektivi qarşıya qoyulan məsələlərin
həllində rayon rəhbərliyinin, Mədəniyyət və
Turizm Nazirliyinin yaxından köməyini hiss edir.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi də burada
ilk dəfə olanlarda yüksək təəssürat
doğurur. Muzeyin əsas fondunda 6927 eksponat mövcuddur. Muzeyin
ekspozisiyasını miladdan öncə IV minillikdən
başlamış, müasir dövrümüzə qədər
olan müxtəlif eksponatlar təşkil edir. Muzeyin fondu və
kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq,
tətbiqi incəsənət, arxeoloqiya, numizmatika, etnoqrafiya,
fotoşəkillər, sənədlər bölmələrindən
ibarətdir. Muzeyin fondunu artırmaq üçün hər il
muzey əməkdaşları kəndlərə ezam olunaraq
materiallar əldə edirlər. Muzey Masallı rayonunun təbiətinin,
arxeologiyasının, etnoqrafiyasının, bölgənin
geyim və bəzək əşyalarının
nümayişində və tanınmasında böyük rol
oynayır.
(ardı var)
Tərlan NƏSİRLİ,
Bakı-Masallı-Bakı
Mövqe.- 2011.- 15 oktyabr.- S. 10.