Lənkəran - cənub bölgəsinin abadmüasir şəhəri

 

Tarixən Cənub bölgəsinin sosial-iqtisadi inkişafına görə seçilən şəhərlərindən olan Lənkərana son vaxtlar yolu düşənlər şəhəri tanıya bilmirlər. Xüsusən də son illərdə yüksək zövqlə, məqsədyönlü və ünvanlı şəkildə həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işləri Lənkəranın görkəmini əsaslı şəkildə dəyişib. Yeni salınan yollar, inşa edilən müasir binalar, bir-birindən gözəl parkxiyabanlar şəhəri paytaxt səviyyəsinə yüksəldib. Elə ilk baxışdan aydın görünür ki, şəhərin abadlaşdırılması xüsusi plan əsasında, yüksək tələbkarlıqla, keyfiyyətlə həyata keçirilir. Əldə olunan uğurlar həm də regional inkişaf proqramları çərçivəsində burada həyata keçirilən çoxşaxəli tədbirlərin nəticəsidir.

Məlumat üçün bildirək ki, Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılıb və ərazisi 1539 kvadratkilometrdir. Bunun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 84 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir. 2011-ci il yanvarın 1-i vəziyyətinə görə, rayonun əhalisi 209,9 min nəfər təşkil edib. Bunun 63,7 min nəfəri Lənkəran və Liman şəhərlərində, 20,5 min nəfəri qəsəbələrdə, 125,7 min nəfəri kənd yerində yaşayır. Əhalinin sıxlığı hər kvadratkilometrə 136,3 nəfər olmaqla, respublika üzrə orta göstəricidən 30 faiz çoxdur. Əhalinin ümumi sayının 50,3 faizini qadınlar, 49,7 faizini kişilər təşkil edir. Son 5 il yarım ərzində rayonun əhalisi 10 min 800 nəfər artıb. Şəhər əhalisinin 86,0 faizini azərbaycanlılar, 13,6 faizini talışlar, 0,3 faizini ruslar təşkil edir.

Azərbaycanın gözəl guşələrindən biri olan Lənkəran respublikanın cənub-şərqində, əlverişli fiziki coğrafi şəraitdə yerləşir və Azərbaycan Respublikası daxilində mövcud beş təbii coğrafi vilayətdən biridir. Şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdən Xəzər dənizi ilə hüdudlanıb. İnzibati baxımdan Lənkəran Astara, Masallı, Lerik inzibati rayonları ilə əhatə olunub. Relyefinə görə ərazisi əsasən, düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla cənuba doğru getdikcə ensizləşir. Hündür dağətəyi sahədə 200 metr hündürdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.

Lənkəranın iqlimi rütubətli, subtropikdir. Bu iqlim qışı mülayim, yayı quraq keçən, isti və payızı çox yağıntılı olması ilə fərqlənir. Havanın orta illik hərarəti 25,1 dərəcə təşkil edir. Ən isti ay iyul, (+40), ən soyuq ay yanvardır (+3-4). Yağıntının illik miqdarı 1400-1600 millimetrdir. Rütubətli, subtropik şəraitinə görə ərazidə sarı torpaqlar geniş yayılıb. Lənkəranın iqlim şəraiti ərazinin bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Vilayətin şərq və cənub-şərq qurtaracağının Xəzər dənizi ilə sərhədlənməsi və cənubda dağlıq ərazilərin kəskin şəkildə sahilboyu zolağa enməsi Xəzərin üzərindən gələn su buxarının kondensasiyası üçün əlverişli şərait yaradır.

Lənkəran çay şəbəkəsinin nisbətən sıx olması ilə digər regionlardan fərqlənir. Bəşəruçay, Lənkərançay, Veravulçay, Ləkərçay, Xanbulançay, Boladiçay və digər çaylar yağış suları ilə qidalanır və Xəzər dənizinə tökülür. Yaz və payız fəslində gur axan çay sularından suvarmada istifadə etmək üçün Xanbulançay su anbarı və suvarma şəbəkələri yaradılıb. Təbii su obyektlərindən əldə olunan suyun illik həcmi 66 milyon kubmetrə çatır.

Bütün bunlarla yanaşı, Lənkəran Azərbaycanın həm də çox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tunc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq edib. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirib.

1747-ci ildən Lənkəran Talış xanlığının mərkəzi şəhərinə çevrilib. Münbit torpaqları, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkinçilik, maldarlıq, bağçılıq, balıqçılıq, ipəkçilik və arıçılıq olub. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq və başqa sənət növləri də geniş yayılıb. Xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynayıb, İran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri, Çin, Pakistan, Hindistanla ticarət əlaqələri yaradılıb.

1813-cü il Gülüstan sülh müqaviləsi ilə Azərbaycanın şimal hissəsi Rusiyaya qatıldıqdan sonra Lənkəran rus imperiyasının ucqarlarındakı əsas şəhərlərdən birinə çevrilib. Şəhərdə taxta, kirəmit, kərpic zavodları, şəkər qamışından qənd, üzüm, balıq məhsulları istehsal edən sənaye müəssisələri yaradılıb. XVIII-XIX əsrlərdə Lənkəran xarici ölkələrə düyü, kətan, ipək, tərəvəz, meşə materialları, balıqçılıq məhsulları ixrac edib. Bu məhsullar, əsasən, Rusiyaya ixrac olunub. Azərbaycanda sovet hakimiyyəti illərində isə Lənkəran iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə böyük uğurlar qazanıb.

Lənkəran özünün təbii ehtiyatları ilə zəngindir. Ərazisi çay daşı, qum, gil, çınqıl, Xəzərin sahillərində balıqqulağı çöküntüləri ilə örtülüb, Talış dağlarında isə vulkan mənşəli süxurlar yayılıb. Rayonda müalicəvi əhəmiyyətli termal və mineral su mənbələri mövcuddur ki, həmin sulardan müalicə məqsədi ilə istifadə edilir.

Rayon ərazisi qırmızı, sarı, podzollaşmış sarı və bataqlıq torpaqlarından ibarətdir. Torpağın qırmızı və sarı olması onların tərkibində dəmir birləşmələrinin olması ilə əlaqədardır. Qırmızı torpaqlar ağır gillicəli və gilli mexaniki tərkibə malik olmaqla, fizioloji turş xassəlidir. Bu torpaqlarda, əsasən, sitrus və tərəvəz bitkiləri becərilir.

Lənkəran ərazisində 22067 hektar təbii meşə sahəsi və 850 hektar meşə fonduna daxil olmayan yaşıllıqlar mövcuddur. Meşələr birinci qrup olmaqla dağlıq və dağətəyi ərazilərdə yerləşir, habelə zəngin bitki örtüyünə malikdir. Meşə örtüyünün əsasını "Qırmızı kitab"a daxil edilmiş ağac və kol cinsləri təşkil edir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac qoruğu Lənkəranın zəngin təbiət muzeyidir (Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2004-cü il tarixli sərəncamına əsasən, Hirkan Milli Parkı yaradılıb).

Lənkəran əmək ehtiyatları ilə yaxşı təmin olunmuş rayonlardandır. İşləyən əhalinin sayı 94966 nəfərdir ki, bu da iqtisadi fəal əhalinin 99,5 faizi deməkdir. Məşğul əhalinin 1971 nəfəri sənayedə, 1454 nəfəri tikintidə, 56328 nəfəri kənd təsərrüfatında, 1892 nəfəri nəqliyyat və rabitədə, 20452 nəfəri ticarətdə, 155 nəfəri maliyyə vasitəçiliyində, 988 nəfəri dövlət strukturlarında, 8422 nəfəri təhsildə, 2699 nəfəri səhiyyədə, 605 nəfəri mədəniyyət və digər sosial xidmət sahələrində çalışır. Rayonda 519 nəfər məcburi köçkün məskunlaşıb.

2003-2011-ci ildə regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində rayonda kompleks tədbirlər həyata keçirilib. Xüsusi vurğulamaq lazımdır ki, rayonun problemlərini daim xüsusi diqqət mərkəzində saxlayan prezident İlham Əliyev ötən illərdə 7 dəfə Lənkəranda səfərdə olub. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə sərəncamlar imzalayıb. Bunun nəticəsi olaraq rayon ötən 7 ildə böyük iqtisadi nailiyyətlərə imza atıb, vətəndaşların sosial rifah halı əsaslı dərəcədə yaxşılaşıb. Qısaca şəkildə bildirək ki, ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2010-cu ildə 1,9 dəfə artaraq 210,9 milyon manata, kənd təsərrüfatı məhsulunun həcmi 1,1 dəfə artaraq 90,0 milyon manata, sənaye məhsulunun həcmi 2,4 dəfə artaraq 11,5 mln manata çatıb. Əsas kapitala yönəldilən investisiyalar 4,4 dəfə artaraq 37,0 milyon manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 5,0 dəfə artaraq 32,3 milyon manat təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam və tapşırıqlarına müvafiq olaraq 2005-2008-ci illərdə ayrılmış 7,1 milyon manat vəsait hesabına şəhərdaxili yollar, 3 inzibati bina və 3 dağ yolu əsaslı təmir edilib. Ötən 8 ildə şəhərdə Heydər Əliyev Mərkəzi inşa olunub, ümummilli liderin abidəsi ucaldılıb, habelə adını daşıyan mədəniyyət və istirahət parkı salınıb. Şəhər infrastrukturunun müasirləşdirilməsi tədbirləri çərçivəsində ötən illərdə Lənkəran Hava Limanı, Olimpiya İdman Kompleksi, Regional Müalicə-Diaqnostika, Uşaq Sağlamlıq Mərkəzi, Əlillərin Reabilitasiya Mərkəzi, əlil və şəhid ailələri üçün 36, 30 və 24 mənzilli 3 yaşayış binası, evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün 16 və 40 mənzilli 2 yaşayış binası tikilib, Xalq Sənətkarlığı Şəhərciyi və Dənizkənarı bulvar salınıb. Bundan başqa, mərkəzi şəhər stadionu, Dövlət Dram Teatrının binası, Regional Boks və Təlim Mərkəzi, Uşaq evi, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun ev muzeyi və "Dairəvi qala" tarixi kompleksi əsaslı şəkildə yenidən qurulub.

Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində Lənkəranda bir sıra iri istehsal və emal müəssisələri də işə salınıb. Hazırda rayonda 5 çay, 2 balıq məhsulları istehsalı, 2 meyvə-tərəvəz konserv istehsalı, illik istehsal gücü 15500 dekalitr olan pivə, illik istehsal gücü 54 min ton olan süd emalı, illik istehsal gücü 500 ton olan "Pal-Food" dondurma, kərpic və qum-çınqıl istehsalı müəssisələri fəaliyyət göstərir. Ötən dövrdə, həmçinin tutumu 2000 ton olan soyuducu anbar tikilib, "Aqroservis" yaradılıb. Ümumilikdə, 2003-ün oktyabrından 2011-ci ilin aprel ayının 1-dək 15370-i daimi olmaqla, 27096 yeni iş yeri açılıb.

 

(ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Lənkəran-Bakı

 

Mövqe.- 2011.- 19 oktyabr.-S. 10.