Lənkəran - cənub bölgəsinin
abad və müasir şəhəri
Tarixən Cənub bölgəsinin sosial-iqtisadi
inkişafına görə seçilən şəhərlərindən
olan Lənkərana son vaxtlar yolu düşənlər şəhəri
tanıya bilmirlər. Xüsusən də son illərdə
yüksək zövqlə, məqsədyönlü və
ünvanlı şəkildə həyata keçirilən
abadlıq-quruculuq və yenidənqurma işləri Lənkəranın
görkəmini əsaslı şəkildə dəyişib.
Yeni salınan yollar, inşa edilən müasir binalar, bir-birindən
gözəl park və xiyabanlar şəhəri paytaxt səviyyəsinə
yüksəldib. Elə ilk baxışdan aydın
görünür ki, şəhərin
abadlaşdırılması xüsusi plan əsasında,
yüksək tələbkarlıqla, keyfiyyətlə həyata
keçirilir. Əldə olunan uğurlar həm də regional
inkişaf proqramları çərçivəsində burada
həyata keçirilən çoxşaxəli tədbirlərin
nəticəsidir.
Məlumat üçün bildirək ki, Lənkəran
rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə
yaradılıb və ərazisi 1539 kvadratkilometrdir. Bunun 66700
hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər,
8 qəsəbə və 84 kənd vardır. Bakıdan rayon mərkəzinədək
olan məsafə 268 km-dir. 2011-ci il yanvarın 1-i vəziyyətinə
görə, rayonun əhalisi 209,9 min nəfər təşkil
edib. Bunun
63,7 min nəfəri Lənkəran və Liman şəhərlərində, 20,5 min nəfəri qəsəbələrdə,
125,7 min nəfəri kənd yerində
yaşayır. Əhalinin sıxlığı hər
kvadratkilometrə 136,3 nəfər olmaqla, respublika üzrə orta
göstəricidən 30 faiz çoxdur. Əhalinin ümumi
sayının
50,3 faizini qadınlar, 49,7 faizini
kişilər təşkil edir. Son 5 il yarım ərzində
rayonun əhalisi 10 min
800 nəfər artıb. Şəhər əhalisinin 86,0 faizini azərbaycanlılar, 13,6 faizini
talışlar, 0,3 faizini ruslar
təşkil edir.
Azərbaycanın gözəl guşələrindən
biri olan Lənkəran respublikanın cənub-şərqində,
əlverişli fiziki coğrafi şəraitdə yerləşir
və Azərbaycan Respublikası daxilində mövcud beş təbii
coğrafi vilayətdən biridir. Şimaldan Kür-Araz
ovalığı, şərq və cənub-şərqdən
Xəzər dənizi ilə hüdudlanıb. İnzibati
baxımdan Lənkəran Astara, Masallı, Lerik inzibati
rayonları ilə əhatə olunub. Relyefinə görə ərazisi
əsasən, düzənlik və müəyyən qədər
dağlıq hissədən ibarət olmaqla cənuba doğru
getdikcə ensizləşir. Hündür dağətəyi
sahədə 200 metr hündürdə, Xəzər dənizi
sahilində okean səviyyəsindən 28 metr
aşağıda yerləşir.
Lənkəranın iqlimi rütubətli, subtropikdir.
Bu iqlim
qışı mülayim, yayı quraq keçən, isti və
payızı çox yağıntılı
olması ilə fərqlənir. Havanın orta
illik hərarəti 25,1 dərəcə təşkil
edir. Ən isti ay iyul, (+40), ən soyuq ay yanvardır (+3-4).
Yağıntının illik miqdarı
1400-1600 millimetrdir. Rütubətli, subtropik şəraitinə görə ərazidə
sarı torpaqlar geniş
yayılıb. Lənkəranın iqlim
şəraiti ərazinin bir sıra
özünəməxsus cəhətləri ilə fərqlənir.
Vilayətin şərq və cənub-şərq
qurtaracağının Xəzər dənizi ilə sərhədlənməsi
və cənubda dağlıq ərazilərin kəskin şəkildə
sahilboyu zolağa enməsi
Xəzərin üzərindən gələn su
buxarının kondensasiyası üçün
əlverişli şərait yaradır.
Lənkəran çay şəbəkəsinin nisbətən
sıx olması ilə digər regionlardan fərqlənir. Bəşəruçay,
Lənkərançay, Veravulçay, Ləkərçay,
Xanbulançay, Boladiçay və digər çaylar
yağış suları ilə qidalanır və Xəzər
dənizinə tökülür. Yaz və payız fəslində
gur axan çay sularından suvarmada istifadə etmək
üçün Xanbulançay su anbarı və suvarma şəbəkələri
yaradılıb. Təbii su obyektlərindən əldə
olunan suyun illik həcmi 66 milyon kubmetrə çatır.
Bütün bunlarla yanaşı, Lənkəran Azərbaycanın
həm də çox qədim yaşayış məskənlərindən
biridir. Bölgə ərazisində aparılmış
arxeoloji qazıntılar bu yerlərdə hələ tunc
dövründən, yəni eramızdan əvvəl III-II
minilliklərdə insanların yaşadığını təsdiq
edib. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti,
geniş əlaqələri, Qərblə Şərqi birləşdirən
əsas karvan yollarının üstündə və Xəzər
dənizi sahillərində yerləşməsi onun
inkişafını xeyli sürətləndirib.
1747-ci ildən Lənkəran Talış
xanlığının mərkəzi şəhərinə
çevrilib. Münbit torpaqları, bol suyu və mülayim
iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti
əkinçilik, maldarlıq, bağçılıq,
balıqçılıq, ipəkçilik və
arıçılıq olub. Lənkəranda dəmirçilik,
misgərlik, dulusçuluq və başqa sənət növləri
də geniş yayılıb. Xanlığın iqtisadi inkişafında
ticarət mühüm rol oynayıb, İran, Türkiyə,
Rusiya, Orta Asiya dövlətləri, Çin, Pakistan, Hindistanla
ticarət əlaqələri yaradılıb.
1813-cü il Gülüstan sülh müqaviləsi ilə
Azərbaycanın şimal hissəsi Rusiyaya qatıldıqdan
sonra Lənkəran rus imperiyasının ucqarlarındakı əsas
şəhərlərdən birinə çevrilib. Şəhərdə
taxta, kirəmit, kərpic zavodları, şəkər
qamışından qənd, üzüm, balıq məhsulları
istehsal edən sənaye müəssisələri
yaradılıb. XVIII-XIX əsrlərdə Lənkəran
xarici ölkələrə düyü, kətan, ipək, tərəvəz,
meşə materialları, balıqçılıq məhsulları
ixrac edib. Bu məhsullar, əsasən, Rusiyaya ixrac olunub. Azərbaycanda
sovet hakimiyyəti illərində isə Lənkəran
iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və
digər sahələrdə böyük uğurlar qazanıb.
Lənkəran özünün təbii ehtiyatları
ilə zəngindir. Ərazisi çay daşı, qum, gil,
çınqıl, Xəzərin sahillərində
balıqqulağı çöküntüləri ilə
örtülüb, Talış dağlarında isə vulkan mənşəli
süxurlar yayılıb. Rayonda müalicəvi əhəmiyyətli
termal və mineral su mənbələri mövcuddur ki, həmin
sulardan müalicə məqsədi ilə istifadə edilir.
Rayon ərazisi qırmızı, sarı,
podzollaşmış sarı və bataqlıq torpaqlarından
ibarətdir. Torpağın qırmızı və sarı
olması onların tərkibində dəmir birləşmələrinin
olması ilə əlaqədardır. Qırmızı
torpaqlar ağır gillicəli və gilli mexaniki tərkibə
malik olmaqla, fizioloji turş xassəlidir. Bu torpaqlarda, əsasən,
sitrus və tərəvəz bitkiləri becərilir.
Lənkəran ərazisində 22067 hektar təbii
meşə sahəsi və 850 hektar meşə fonduna daxil
olmayan yaşıllıqlar mövcuddur. Meşələr
birinci qrup olmaqla dağlıq və dağətəyi ərazilərdə
yerləşir, habelə zəngin bitki örtüyünə
malikdir. Meşə örtüyünün əsasını
"Qırmızı kitab"a daxil edilmiş ağac və
kol cinsləri təşkil edir. Zəngin flora və faunası
ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac
qoruğu Lənkəranın zəngin təbiət muzeyidir
(Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2004-cü il
tarixli sərəncamına əsasən, Hirkan Milli Parkı
yaradılıb).
Lənkəran əmək ehtiyatları ilə
yaxşı təmin olunmuş rayonlardandır. İşləyən
əhalinin sayı 94966 nəfərdir ki, bu da iqtisadi fəal əhalinin
99,5 faizi deməkdir. Məşğul əhalinin 1971 nəfəri
sənayedə, 1454 nəfəri tikintidə, 56328 nəfəri
kənd təsərrüfatında, 1892 nəfəri nəqliyyat
və rabitədə, 20452 nəfəri ticarətdə, 155 nəfəri
maliyyə vasitəçiliyində, 988 nəfəri dövlət
strukturlarında, 8422 nəfəri təhsildə, 2699 nəfəri
səhiyyədə, 605 nəfəri mədəniyyət və
digər sosial xidmət sahələrində
çalışır. Rayonda 519 nəfər
məcburi köçkün məskunlaşıb.
2003-2011-ci ildə regionların sosial-iqtisadi
inkişafı dövlət proqramları çərçivəsində
rayonda kompleks tədbirlər həyata keçirilib. Xüsusi
vurğulamaq lazımdır ki, rayonun problemlərini daim
xüsusi diqqət mərkəzində saxlayan prezident İlham
Əliyev ötən illərdə 7 dəfə Lənkəranda
səfərdə olub. Rayonun sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədilə əlavə
sərəncamlar imzalayıb. Bunun nəticəsi olaraq rayon
ötən 7 ildə böyük iqtisadi nailiyyətlərə
imza atıb, vətəndaşların sosial rifah halı əsaslı
dərəcədə yaxşılaşıb. Qısaca şəkildə
bildirək ki, ümumi məhsul buraxılışının
həcmi 2003-cü illə müqayisədə 2010-cu ildə
1,9 dəfə artaraq 210,9 milyon manata, kənd təsərrüfatı
məhsulunun həcmi 1,1 dəfə artaraq 90,0 milyon manata, sənaye
məhsulunun həcmi 2,4 dəfə artaraq 11,5 mln manata
çatıb. Əsas kapitala yönəldilən investisiyalar
4,4 dəfə artaraq 37,0 milyon manat, o cümlədən
tikinti-quraşdırma işlərinin həcmi 5,0 dəfə
artaraq 32,3 milyon manat təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam
və tapşırıqlarına müvafiq olaraq 2005-2008-ci illərdə
ayrılmış 7,1 milyon manat vəsait hesabına şəhərdaxili
yollar, 3 inzibati bina və 3 dağ yolu əsaslı təmir
edilib. Ötən 8 ildə şəhərdə Heydər Əliyev
Mərkəzi inşa olunub, ümummilli liderin abidəsi
ucaldılıb, habelə adını daşıyan mədəniyyət
və istirahət parkı salınıb. Şəhər
infrastrukturunun müasirləşdirilməsi tədbirləri
çərçivəsində ötən illərdə Lənkəran
Hava Limanı, Olimpiya İdman Kompleksi, Regional Müalicə-Diaqnostika,
Uşaq Sağlamlıq Mərkəzi, Əlillərin
Reabilitasiya Mərkəzi, əlil və şəhid ailələri
üçün 36, 30 və 24 mənzilli 3 yaşayış
binası, evləri qəzalı vəziyyətə
düşmüş sakinlər üçün 16 və 40 mənzilli
2 yaşayış binası tikilib, Xalq Sənətkarlığı
Şəhərciyi və Dənizkənarı bulvar
salınıb. Bundan başqa, mərkəzi şəhər
stadionu, Dövlət Dram Teatrının binası, Regional Boks
və Təlim Mərkəzi, Uşaq evi, iki dəfə Sovet
İttifaqı qəhrəmanı Həzi Aslanovun ev muzeyi və
"Dairəvi qala" tarixi kompleksi əsaslı şəkildə
yenidən qurulub.
Regionların sosial-iqtisadi inkişafı tədbirləri
çərçivəsində Lənkəranda bir sıra
iri istehsal və emal müəssisələri də işə
salınıb. Hazırda rayonda 5 çay, 2 balıq məhsulları
istehsalı, 2 meyvə-tərəvəz konserv istehsalı,
illik istehsal gücü 15500 dekalitr olan pivə, illik istehsal
gücü 54 min ton olan süd emalı, illik istehsal
gücü 500 ton olan "Pal-Food" dondurma, kərpic və
qum-çınqıl istehsalı müəssisələri fəaliyyət
göstərir. Ötən dövrdə, həmçinin
tutumu 2000 ton olan soyuducu anbar tikilib, "Aqroservis"
yaradılıb. Ümumilikdə, 2003-ün oktyabrından
2011-ci ilin aprel ayının 1-dək 15370-i daimi olmaqla, 27096
yeni iş yeri açılıb.
(ardı var)
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən
"Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Tərlan NƏSİRLİ,
Bakı-Lənkəran-Bakı
Mövqe.- 2011.- 19 oktyabr.- S. 10.