Lənkəranın
mədəni-intellektual intibahı yeni
vüsət alır
Azərbaycanın qədim
yaşayış məskənlərindən, inzibati-iqtisadi
mərkəzlərindən biri sayılan
Lənkəran son illərdə həm də
mədəniyyət və turizmin
inkişafı sahəsində diqqətəlayiq nəticələrə
imza atıb. Həyata keçirilən kompleks tədbirlər nəticəsində rayonda mənəvi ab-hava
yaxşılaşıb, insanların mədəni istirahətinin
səmərəli təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu baxımdan, "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" çərçivəsində
həyata keçirilən kompleks tədbirləri
xüsusi qeyd etmək
lazımdır. 2009-2013-cü illərdə regional
inkişafı nəzərdə tutan
Dövlət Proqramına müvafiq olaraq Lənkəran Mədəniyyət
və Turizm şöbəsi 2011-ci ilin ötən 9 ayı ərzində bir sıra layihələri uğurla
reallaşdırıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust
2011-ci il tarixli 132 saylı qərarı ilə təsdiq edilərək
dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin monitorinqi keçirilib. Eyni zamanda, bütün
yerli ərazi nümayəndəliklərinə və bələdiyyə
orqanlarına onların ərazisində olan abidələr
haqqında məlumatlar və onların
toxunulmazlığı haqqında xəbərdarlıq məktubları
verilib. Rayon ərazisindəki abidələrin sayı,
onların adları bir daha dəqiqləşdirilib, onların
foto şəkilləri çəkilib, ünvan və
koordinatları göstərilib. Bu məlumatlar Mədəniyyət
və Turizm Nazirliyinin mədəni irs şöbəsinə təqdim
olunub. Tarix-diyarşünaslıq və H.Aslanovun ev muzeyləri
üçün onların zəngin eksponatlarını əks
etdirən bukletlər Azərbaycan, rus və ingilis dillərində
tərtib olunaraq istifadəyə verilib.
Mühüm nəticələrdən biri də
"Dairəvi Qala" tarixi abidəsində
"Restovrator" MMC - abidələrin bərpası idarəsinin
başladığı təmir-bərpa işlərinin
yekunlaşmasıdır. Eyni zamanda abidənin ətrafı
abadlaşdırılıb. Bu abidənin istifadəyə
verilməsi gələcəkdə rayonun turizm sektorunun
inkişafına öz töhfəsini verəcək.
Rayona gələn qonaqlara müasir səviyyədə
xidmətin göstərilməsi ilə əlaqədar turizm
obyektlərinin lisenziyalaşdırılması
üçün bütün yerli mehmanxana və mehmanxana tipli
obyektlərin rəhbərlərinə xəbərdarlıq məktubları
verilib. Aparılan iş nəticəsində Lənkəranda
lisenziya almayan mehmanxana və bu tipli obyektlərin fəaliyyəti
müvafiq lisenziyalar alınana kimi dayandırılıb.
Ekoturizmin inkişafı xüsusi diqqət mərkəzindədir.
Bu məqsədlə kəndlərdə müvafiq məişət
şəraitinə malik evlərin aşkarlanması və
sahiblərinin razılığı əsasında həmin
evlərdə turistlər üçün tələb olunan
şərait və xidmətin reallaşdırılması
istiqamətində araşdırmalar aparılır. Hirkan Milli
Parkında turistlərin gəzintisinin təşkili
üçün park rəhbərliyi ilə sıx əməkdaşlıq
münasibətləri qurulub.
Mərkəzi Kitabxana və onun filiallarında kitabxana
fondlarının yeni latın qrafikalı ədəbiyyatla
komplektləşdirilməsi və burada gözdən əlillərin
informasiya tələbatını ödəmək məqsədilə
respublika Kitabxana Kollektoru ilə müqavilə imzalanıb.
Gözdən əlil olanlar üçün xüsusi
üsulla nəşr olunmuş kitablar alınıb.
Əhalinin bütün təbəqələrinin
müasir informasiya texnologiyalarından istifadəsini reallaşdırmaqməqsədilə
Mədəniyyət və Turizm şöbəsi Mərkəzi
Kitabxanada müasir kompyuter avadanlıqları ilə təmin
olunmuş İnformasiya Resurs Mərkəzi yaradıb. Bu mərkəz,
habelə müvafiq ingilis dili kursları rayon sakinlərinə
pulsuz xidmət göstərir. Bundan başqa, Lənkəran
rayonunun mədəniyyətinin, adət-ənənələrinin,
turizm potensialının təbliği və
tanıdılması məqsədilə xüsusi internet
saytı yaradılıb.
Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi
və Lənkəran şəhərinin respublikanın folklor
paytaxtı elan edilməsi ilə əlaqədar Lənkəran
Şəhər Mədəniyyət və Turizm şöbəsi
şəhərdə müxtəlif səpkili tədbirlər
təşkil edib. Eyni zamanda bununla əlaqədar bir sıra
"dəyirmi masa", konfrans, konsert, festival, sərgi və
digər tədbirlərin keçirilməsi nəzərdə
tutulub. Onu da bildirək ki, 2011-ci il sentyabrın 27-də
"Ümumdünya turizm günü" münasibətilə
Bakı şəhərində təşkil olunmuş sərgidə
Lənkəran sənətkarlarının da əl işləri
nümayiş olunub. Sərgidə dulusçuluq sənəti
nümunələri ilə yanaşı, ilk dəfə olaraq
keramikadan hazırlanmış suvenirlər göstərilib.
Rayonda turizm sektorunun inkişafı sahəsində də
bir sıra tədbirlər həyata keçirilib. Belə ki,
2011-ci ilin birinci yarısında iki tam müasir tələblərə
cavab verən turizm obyekti istifadəyə verilib. Bütün
bunlar rayona gələn turistlərin sayının artmasına
səbəb olub. 2011-ci ilin ötən 9 ayında Lənkərana
9 mindən artıq turist gəlib və bu da 2007-ci illə
müqayisədə 45 faiz çoxdur.
Mədəniyyət, turizm sektoru ilə yanaşı,
Lənkəranda gənclərlə iş, onların fiziki və
mənəvi yüksəlişinin təmin olunması istiqamətində
də əməli tədbirlər həyata keçirilir. Son
illərdə gənclərin hərbi-vətənpərvərlik,
vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi,
onların hərbi xidmətə hazırlanması, əsgər
həyatı ilə yaxından tanış olması, Vətənə,
xalqa, məhəbbət ruhunun yüksəldilməsi məqsədilə
"Şahin" və "Sərhəd" hərbi idman
oyunlarının rayon birinciliyi yarışları
keçirilib, qaliblər zona və respublika
yarışlarında uğurlu nəticələr əldə
ediblər. "Gələcəyin əsgəri", "Sərhəddən
başlanır Vətən" adı altında gənclərin
hərbi hissələrə və 2 dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev muzeylərinə
ekskursiyaları təşkil edilib. 2 fevral Gənclər
Günü və 26 iyun Silahlı Qüvvələr
Günü münasibətilə "N" saylı hərbi
hissədə əsgərlər üçün bayram şənlikləri
keçirilib.
Gənclərin Vətənə məhəbbət
ruhunda tərbiyə edilməsi məqsədilə tarixi hadisələrin
qeyd edilməsi və Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün müəyyən
tarixi günlərdə "dəyirmi masa", konfranslar
keçirilib, məktəblilərlə görüşlər
təşkil olunub. "26 fevral 1992-ci il Xocalı faciəsinə
biganə qalmayın! Elektron-post kampaniyasına sən də
qoşul!" şüarı ilə ilk dəfə lənkəranlı
gənclərin iştirakı ilə internet aksiyası
keçirilib. Aksiyaya qoşulan minlərlə lənkəranlı
gənc Xocalı faciəsi ilə bağlı həqiqətləri
ABŞ senatorlarına, konqresmenlərinə, dünyanın
aparıcı televiziya və qəzetlərinə, Avropa
Birliyinə, müxtəlif ölkələrin səfirliklərinə
və konsulluqlarına çatdırmaq üçün fəal
iş aparıb. Bundan başqa, rayonda Milli Qəhrəman
Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş ədəbi-bədii
gecə keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2008-ci
il tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq
ili" elan edilməsi ilə bağlı rayonda
uşaqların asudə vaxtlarının səmərəli təşkili,
müasir rəqs növlərinin inkişaf etdirilməsi
istiqamətində tədbirlər həyata keçirilib. "Uşaqlar
bizim gələcəyimizdir!" adlı bayram şənliyi,
"Qarabağ uşaqların gözü ilə"
mövzusunda rəsm müsabiqəsi keçirilib.
Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə
Dövlət Proqramının (2007-2010-cu illər) təmin
edilməsi ilə əlaqədar gənclər arasında idarəetmə,
"SV" yazma və müraciət etmə qaydalarına dair
seminar keçirilib. "Acsess Bank"ın Lənkəran
filialının və "Atəşgah" Sığorta
Şirkətinin Lənkəran filialının vakant yerlərinə
işə qəbul məqsədilə işsiz gənclərlə
görüşlər təşkil edilib. Bu görüşlərin
və aparılan işlərin nəticəsində 6 nəfər
gənc müxtəlif yerlərdə işlə təmin
olunub.
2010-cu ildə Lənkəran şəhər "Gənclər
Evi"nin açılışı da rayonun ictimai-siyasi həyatında
əlamətdar hadisələrdən olub. Ötən dövr ərzində
"Gənclər Evi"nə gənclərin cəlb
olunması və onlarla faydalı iş aparılması istiqamətində
çoxsaylı tədbirlər reallaşdırılıb.
İstedadlı və və yaradıcı gənclərə
qayğının artırılması, onların qabiliyyətlərinin
inkişaf etdirilməsi üçün əlverişli şəraitin
yaradılması, intellektual səviyyənin təmin edilməsi,
gənc istedadları aşkar edib üzə çıxarmaq,
gənclərin asudə vaxtlarını səmərəli
keçirmək məqsədilə bu illər ərzində
bir sıra tədbirlər keçirilib. Belə ki, gənclərin
asudə vaxtının səmərəli təşkili
üçün 2 fevral Gənclər Günü münasibəti
ilə tələbə gənclər üçün hər
il bayram şənlikləri keçirilib. Lənkəran Şəhər
Mədəniyyət Evi ilə birlikdə "Biz də
varıq!" şüarı altında 500 nəfərdən
artıq gəncin iştirakı ilə açıq havada
musiqili-əyləncəli konsert təşkil olunub. Şənliklə
rayonun bir sıra istedadlı gəncləri öz
bacarıqlarını nümayiş etdiriblər. Bundan əlavə,
onlarda teatr mədəniyyətinin inkişaf etdirilməsi,
habelə gənclərin asudə vaxtının səmərəli
təşkili məqsədilə "Gənclər teatrı
sevir" adlı teatr günü təşkil olunub.
Nümayiş olunan tamaşa 300-ə yaxın gəncdə
böyük maraq doğurub.
Fəal gənclər üçün hər il
Yardımlı, Lerik rayonlarına və ərazidə yerləşən
"Xan evi", "Mayak", "Babək qalası"
tarixi abidələrinə səhayətlər təşkil
edilib. 2009-cu ildə "Azərbaycan-Türkiyə gənclərinin
dostluq düşərgəsi"nin rəsmi
açılışı və düşərgə
iştirakçıları ilə görüş
keçirilib. Bir qrup gəncin "Azərbaycanımızı
tanıyaq!" adı altında Yardımlı rayonuna dağ
gəzintisi təşkil edilib.
Ümumiyyətlə, bu gün Lənkəran şəhəri
təkcə iqtisadi deyil, mədəni-intellektal səviyyədə
də uğurlara imza atır. Bütün bunların nəticəsi
kimi insanların təkcə yaşam tərzi, məişəti
deyil, ümumən psixologiyası, həyata baxışı
da dəyişir, müasirləşir. Lənkəran sakinləri
inanırlar ki, respublika rəhbərliyinin həyata keçirdiyi
siyasət rayonun hərtərəfli inkişaf və tərəqqisini
daha da sürətləndirəcəkdir.
Yazı Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən
maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Tərlan
NƏSİRLİ,
Bakı-Lənkəran-Bakı
Mövqe.- 2011.- 22 oktyabr.- S. 10.