Müasirləşən, abadlaşan Cəlilabad

 

Azərbaycanın qədim tarixə, zəngin ənənələrə, füsunkar təbiətə malik rayonlarından olan Cəlilabad son illərdə nəzərəçarpacaq dərəcədə dəyişib, müasirləşib, dinamik inkişaf mərhələsinə qədəm qoyub. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi rayonda mühüm sosial-infrastruktur layihələrinin reallaşmasını, yeni istehsal və emal müəssisələrinin açılmasını, çox sayda yeni iş yerinin açılmasını təmin edib.

Məlumat üçün bildirək ki, Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri b.e.ə. II minilliyə aiddir. Tarixi mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilir. Ərəblərin hücumundan sonra Həməşəra şəhəri dağılıb və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşıb. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astarxanbazar şəhəri əyalətin mərkəzinə çevrilib.

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən isə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi rayonun tərkibinə qatılıb, 6 yanvar 1965-ci ildə yenidən ayrılaraq müstəqil rayona çevrilib.

Respublikanın cənub bölgəsində yerləşən rayon şimaldan Biləsuvar, şərqdən Neftçala, cənub-şərqdən Masallı, cənubdan Yardımlı rayonları, qərbdən İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi 1441,4 kvadratkilometr, əhalisi 197,4 min (2011) nəfərdir. Rayonda 2 şəhər, 117 kənd vardır.

Rayon ərazisində 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr var.

Cəlilabad son illərdə sosial-iqtisadi sahədə mühüm uğurlara imza atıb. Ümumilikdə, rayonda sosial-iqtisadi, mədəni quruculuq sahəsində qazanılan uğurlar həm də məqsədyönlü, ardıcıl, səmərəli və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun nəticəsidir. Rayon rəhbərliyi ölkə prezidentinin müvafiq sərəncamlarını, dövlət proqramlarını, habelə tapşırıq və tövsiyələrini fəaliyyətində daim rəhbər tutaraq mütərəqqi yeniliklərə can atır, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında və düzgün icrasına nail olmağa çalışır.

Bunu konkret olaraq 2011-ci ilin birinci yarımilinin sosial-iqtisadi yekunları fonunda əminliklə söyləmək olar. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın yerinə yetirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, tikinti-abadlıq işlərinin görülməsi, əhalinin sosial problemlərinin həlli sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib.

Son illər rayon rəhbərliyinin yaratdığı əlverişli şərait nəticəsində əvvəllər kəndlərdən şəhərə gedən insanlar yenidən geri qayıdaraq torpağa üz tuturlar. İlin birinci yarısında aqrar bölmədə qazanılmış müvəffəqiyyətlər kənd əməkçilərinin zəhmətinin hədər getmədiyini bir daha sübut edir. Əlverişsiz iqlim şəraitinə baxmayaraq, ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalı daha da artıb, ümumilikdə, 54,2 min ton taxıl, 79,1 min ton kartof, 1,7 min ton tərəvəz, 361 ton bostan məhsulu, 399 ton meyvə istehsal edilib.

Dövlət Proqramına müvafiq olaraq üzümçülüyün inkişafına xüsusi diqqət yetirilib, son beş il ərzində üzüm bağları 1500 hektara çatdırılıb. Yeni üzüm bağlarının salınması üçün aqrotexniki tədbirlər görülüb, xaricdən keyfiyyətli tinglər gətirilib. Açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi müasir tipli şərab zavodunun fəaliyyəti üzümçülüyə marağı daha da artırıb, məhsulun satılması üçün əlverişli şərait yaradıb.

Vaxtilə ənənəvi taxılçılıq və üzümçülük diyarı kimi tanınan Cəlilabadda indi faraş kartof istehsalı da mühüm yer tutur. Bu sahəyə son vaxtlar artan meyilin əsas səbəbi bir tərəfdən dövlətin yaratdığı şərait nəticəsində məhsulun maya dəyərinin aşağı düşməsi, digər tərəfdən isə istehsal olunan kartofun 70-75 faizinin MDB ölkələrinə ixrac olunması hesabına yaxşı gəlir gətirməsi ilə bağlıdır. Əvvəllər xaricdən kartof gətirən rayon indi nəinki özünü, hətta ətraf rayonları da kartofla təmin edir.

Heyvandarlığın inkişafına xüsusi önəm verilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və xəstəliklərə qarşı profilaktiki tədbirlərin aparılması məhsul istehsalına müsbət təsir göstərib. Bunun nəticəsidir ki, 2011-ci ilin birinci yarısında rayonda 6429 ton ət, 24714 ton süd, 9 milyon 876 min ədəd yumurta, 212 ton yun tədarük olunub və keçən ilin eyni dövründəkindən yüksək göstəricilər əldə edilib. Şəxsi təsərrüfatlarda 98 min 830 baş iribuynuzlu və 122 min 167 baş xırdabuynuzlu mal-qaranın mövcudluğu ilin sonunadək məhsul istehsalının daha da artırılacağına təminat verir.

"Aqrolizinq" Səhmdar Cəmiyyətinin Cəlilabad aqroservis müəssisəsi kənd əməkçilərinə nümunəvi xidmət göstərib, əkin sahələrinin becərilməsində və taxılın biçilməsində onların ən yaxın köməkçisi olub. Aqroservis müəssisəsi tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 500 ton azot və 160 ton kalium gübrələrinin satılması məhsuldarlığın yüksəldilməsində həlledici rol oynayıb.

İstehsal edilən kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbar və soyuducu kameraların tikilməsi barədə ölkə başçısının tapşırığına əsasən, rayonda bir sıra mühüm tədbirlər həyata keçirilib. Müasir standartlara cavab verən 20 min tonluq regional gübrə bazası, hər biri 10 min tonluq 2 taxıl anbarı, 2 min tonluq soyuducu kamera və sutkada 120 ton un istehsal edən son modelli un dəyirmanı tikilərək istifadəyə verilib. 2 min tonluq digər soyuducu kameranın da tikintisi başa çatıb. Şübhə yoxdur ki, həmin obyektlərin istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalını daha da artıracaq, onların uzun müddət təzə saxlanılmasına imkan verəcək.

Əkin sahələrinin suvarılması bol məhsul üçün həlledici şərtdir. Rayonda 9 min hektardan çox suvarılan torpağın mövcudluğu nəzərə alınaraq, ümumi tutumu 3,7 milyon kubmetrlik Göytəpə su anbarının istifadəyə verilməsi nəticəsində 681 hektar əkin sahəsinin suvarılmasına imkan yaranıb. Məhsul bolluğunun nəticəsidir ki, Cəlilabad fermerləri hər həftə Bakı şəhərinin Suraxanı rayonunda təşkil olunan satış-yarmarkaya 35 adda müxtəlif kənd təsərrüfatı məhsulları göndərir.

Rayon iqtisadiyyatının digər sahələrində əldə olunan nəticələr də qənaətbəxşdir. İlin birinci yarısında rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 118 milyon 745 min manat olub, əhaliyə 23 milyon 57 min manat pullu xidmət göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 21,4 faiz, əhaliyə göstərilən pullu xidmətin həcmi 17,3 faiz artıb.

Son illər rayonda geniş vüsət almış tikinti-abadlıq və quruculuq işləri 2011-ci ilin altı ayında da uğurla davam etdirilib. Bu müddətdə Cəlilabad şəhərində Heydər Əliyev adına yaradıcılıq mərkəzi, Dövlət Bayrağı Meydanı, regional gübrə bazası, taxıl anbarı, un dəyirmanı, saxlama kameraları, rayon Qaz İstismarı İdarəsinin və Hərbi Məhkəmənin inzibati binaları tikilərək istifadəyə verilib. Hazırda Cəlilabad Olimpiya İdman Kompleksi, rayon Baytarlıq İdarəsi və Göytəpə yanğın xidməti bölməsi üçün inzibati binalar, ayrı-ayrı sahələr üzrə çoxlu özəl istehsal və xidmət müəssisələri inşa olunur.

Hesabat dövründə Cəlilabad rayonunda yolların və küçələrin təmir olunması da diqqət mərkəzində saxlanılıb. Dövlət başçısının tapşırığına əsasən, 2008-ci ilin avqustunda Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə başlanılıb, yolda torpaq bərkidilməsi və su ötürücülərinin quraşdırılması işləri aparılıb. İlin sonunadək 15 kilometr yolun asfaltlaşdırılması nəzərdə tutulub. Smeta dəyəri təxminən 56 milyon manat, ümumi uzunluğu 71 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolu 67 kəndi əhatə edəcək və onun da 45-i Cəlilabad rayonunun, 22-si Yardımlı rayonunun ərazisindədir. Yolun rayon iqtisadiyyatı və əhalinin rahatlığı üçün nə qədər əhəmiyyət kəsb etdiyini məncə, izah etməyə lüzum yoxdur.

2011-ci ilin birinci yarısında rayonda 80-dən çox fərdi evin inşa olunması, tikinti-abadlıq işlərinin genişlənməsi ilə yanaşı, əhalinin rifahının yüksəlməsinin də əsas göstəricilərindən biridir. Rayonda tikilən müasir evlər nəinki şəraiti baxımından, eyni zamanda arxitektura görünüşü ilə də 5-10 il bundan əvvəl tikilən evlərdən fərqlənir. Bütün bunlar göstərir ki, müasirlik və yenilik ideyaları artıq adi insanların da təfəkkürünə sirayət edib.

Rayonda tikinti-abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma tədbirləri də xüsusi diqqət mərkəzindədir. İlin ötən dövründə rayonun yaşayış məntəqələrində 18425, o cümlədən Ələt-Astara magistral yolunun kənarında 13475 ədəd ağac əkilib. Həmin ağacların suvarılması üçün kanallar çəkilib, onların qorunmasından ötrü gözətçilər təyin edilib. Ağac əkini kampaniyası payız mövsümündə də davam etdirilir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə həmişə yüksək qayğı ilə yanaşır, onların həyat səviyyəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hər cür kömək göstərir. Bunun nəticəsidir ki, son beş il ərzində həmin kateqoriyadan olanlar üçün Cəlilabad şəhərində 36 mənzilli və iki 16 mənzilli yaşayış evləri tikilib istifadəyə verilib. Bundan başqa, 8 Qarabağ əlili üçün yaşadığı kəndlərdə fərdi yaşayış evləri inşa olunub. 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Arif Qubadovun doğulduğu Əliqasımlı kəndində abidə kompleksi, bu il isə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Fərid Əhmədovun və Əhməd Abdullayevin təhsil aldıqları Cəlilabad şəhər 1 saylı orta məktəbin həyətində barelyef tikilib.

 

(ardı var)

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Cəlilabad-Bakı

 

Mövqe.- 2011.- 25 oktyabr.- S. 10.