Regional
dövlət proqramları Cəlilabadın görkəmini daha da müasirləşdirib
Azərbaycanın bölgələrinin sabit və
davamlı inkişafının təmin edilməsi ölkə
rəhbərliyinin iqtisadi siyasətində prioritet məsələlərdən
biri olaraq qalır. Regionların sosial-iqtisadi inkişafı məqsədilə
son illərdə icrasına başlanılmış dövlət
proqramları bu siyasətin sistemli və məqsədyönlü
şəkildə həyata keçirilməsinə imkan verib.
Bunun nəticəsi olaraq son illərdə respublikanın
bütün bölgələrində canlanma, tərəqqi,
yüksəliş hiss olunur. İctimai həyatın
bütün sahələri üzrə həyata keçirilən
tədbirlər, ümumilikdə, insanların
yaşayış səviyyəsini
yaxşılaşdırmaqla yanaşı, düşüncə
baxımından da müasirliyə və yeniliyə yol
açıb.
Bunu konkret olaraq Azərbaycanın cənub rayonları sırasında
iqtisadi potensialına görə fərqlənən Cəlilabad
rayonunun timsalında qabarıq görmək olur. 2006-cı ildən
rayona rəhbərlik edən Əziz Əzizov ilk gündən
rayonun bütün potensialını regionların sosial-iqtisadi
inkişafı dövlət proqramında nəzərdə
tutulmuş tədbirlərin reallaşdırılması
istiqamətində səfərbər edib. Bunun nəticəsidir
ki, son 5 ildə Cəlilabad daha sürətlə inkişaf
edib, müasirləşib, sosial-iqtisadi mühüm nailiyyətlərə
imza atıb. Son illərdə rayonda bir-birinin ardınca
yeni-yeni sosial əhəmiyyətli obyektlər, istehsal müəssisələri
tikilib istifadəyə verilib. Rayonun mərkəzi küçələrinə
yeni işıq dirəkləri quraşdırılıb,
qaranlıq küçələr aydınlığa
çıxıb.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın
bütün bölgələrinə xüsusi diqqət və
qayğı ilə yanaşan dövlət
başçısı cənab İlham Əliyev 2010-cu il
aprelin 29-da növbəti dəfə Cəlilabad rayonunda olub,
dövlət proqramlarının icra vəziyyəti ilə
yaxından maraqlanıb, bir sıra yeni obyektlərin təntənəli
açılış mərasimində iştirak edib. Rayona səfəri
çərçivəsində ölkə
başçısı Cəlilabad şəhərində
tarix-diyarşünaslıq muzeyinin, şahmat məktəbinin,
əlillər və şəhid ailələri
üçün 36 mənzilli yaşayış
binasının, müalicə diaqnostika mərkəzinin,
"Cəlilabad şərab-2" ASC-nin, Göytəpə su
anbarının açılışında iştirak edib.
Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərindəki
qarnizonunda olub, habelə rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşüb. Rayonda həyata keçirilən
abadlıq, quruculuq və yenidənqurma işlərindən
razılığını ifadə edən dövlət
başçısı İlham Əliyev deyib: "Mən
çox şadam ki, Cəlilabadda bütün işlər
yaxşı gedir. Rayonun inkişafı üçün
lazımi tədbirlər görülür. Həm sənaye
imkanları artır, iqtisadi göstəricilər
yaxşılaşır, həm də sosial infrastruktur
yaradılır. Cəlilabad Azərbaycanda inkişaf
baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan
biridir".
Ölkə rəhbərinin qayğısı nəticəsində
son beş ildə rayon mərkəzi xəstəxanasının
büdcəsi təqribən 17 dəfə, tibb işçilərinin
əməkhaqqı isə 20 dəfə yüksəlib.
Bütün bunlar tibb işçilərinin ruh yüksəkliyini
artırıb, əhaliyə göstərilən səhiyyə
xidmətinin yaxşılaşdırılmasına stimul
yaradıb. Cənab İlham Əliyevin açılış
mərasimində iştirak etdiyi müasir Müalicə-Diaqnostika
Mərkəzi cənub bölgəsində ikinci müasir,
dünya standartlarına cavab verən səhiyyə
ocağıdır. Mərkəzdə qəbul, hemodializ, cərrahiyyə,
anesteziologiya, reanimasiya, əməliyyat bloku və digər
şöbələr fəaliyyət göstərir.
Şöbələrin hər biri müasir tibbi avadanlıq və
mebellə təchiz edilib. 260 nəfərin
çalışdığı tibb ocağı regionun əhalisinə
nümunəvi səhiyyə xidməti göstərir.
Ümumiyyətlə, son illərdə rayonda əhaliyə
göstərilən tibbi xidmətin səviyyəsi daha da
yüksəlib, insanların sağlamlığı
üçün bütün imkanlardan maksimum istifadə
edilib. Rayonda infeksion xəstəliklərə qarşı
ciddi mübarizə aparılır, əks-epidemik və
profilaktiki tədbirlər nəticəsində qorxulu
infeksiyalar tamamilə ləğv edilib. Digər infeksion xəstəliklər
minimuma endirilib. Səhiyyə üçün prioritet sahə
olan vərəm xəstəliyi ilə mübarizə məqsədilə
25 min uşağa mantu sınağı aparılıb, 2245 hərbi
çağırışçı flüoroqraf müayinəsindən
keçirilib. Cəlilabad rayonunda imtiyazlı qrupa aid olan
bütün xəstələr ciddi dispanser nəzarətində
saxlanılır və onların hamısı pulsuz dərman
preparatları ilə təmin olunurlar. Xüsusi vurğulamaq
lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə iyulun 1-də keçirilən
qanvermə aksiyası talassemiya, hemofiliya və digər qan xəstələri
üçün böyük dəstək olub.
Prezident İlham Əliyev rayona səfəri çərçivəsində,
həmçinin "Cəlilabad Şərab-2"
Açıq Səhmdar Cəmiyyətinin
açılışında iştirak edib. Müəssisə
öz üzüm bağlarında keyfiyyətli məhsul
yetişdirməklə dünya bazarında rəqabətə
davam gətirən şərab istehsalına başlayıb.
Hazırda burada 500-dən çox işçi
çalışır.
Dövlət başçısı ötən il
rayonda daha mühüm bir obyektin - Göytəpə su
anbarının da açılışı mərasimində
olub. Qeyd edək ki, su anbarının tikintisi üçün
keçən əsrin 80-cı illərində layihə
hazırlansa və 1988-1992-ci illərdə həmin layihənin
icrası ilə bağlı bir çox işlər
görülsə də sonrakı dövrdə dövlət vəsaiti
çatışmadığından tikintisi
dayandırılmışdı. 2005-ci ildən ölkə
başçısının tapşırığına əsasən,
su anbarının inşasına yenidən
başlanılıb. Hündürlüyü 17,5, uzunluğu
550 metr olan su hövzəsinin tutumu 3,7 milyon kubmetrdir.
Anbarın istifadəyə verilməsi rayonda kənd təsərrüfatının
inkişafını sürətləndirib, uzun müddət
suvarma suyundan korluq çəkən ərazilərin su ilə
təmin edilməsinə imkan yaradıb.
Qarabağ probleminin həlli ölkə
başçısının gündəlik fəaliyyətində
prioritet yer tutur. Məsələnin həlli ilə
yanaşı, müharibə əlillərinin, şəhid ailələrinin
sosial vəziyyəti, həyat şəraitinin
yaxşılaşdırılması diqqət mərkəzindədir.
Digər yerlərdə olduğu kimi, indiyədək Cəlilabadda
da bu sosial təbəqələr üçün bir neçə
yaşayış binası tikilib. Cənab İlham Əliyev
ötən ilin aprelində Cəlilabadda olarkən daha bir
binanın - 36 mənzilli yaşayış binasının
açılış mərasimində iştirak edib,
müharibə əlilləri, şəhid ailələri,
Böyük Vətən müharibəsi veteranları ilə
görüşüb.
Dövlət sərhədlərimizin müəyyən
hissəsi Cəlilabad rayonundan keçir. Ötən əsrin
70-ci illərində ulu öndər Heydər Əliyevin
göstərişi əsasında yaradılan Göytəpə
qarnizonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin
tapşırığı ilə əsaslı tikinti, təmir
və yenidənqurma işləri həyata keçirilib.
İmişli, Biləsuvar, Yardımlı, Cəlilabad
rayonları ərazisində 232 kilometr dövlət sərhədini
mühafizə edən Göytəpə qarnizonu Dövlət
Sərhəd Xidmətinin ən böyük hissələrindən
biridir. Yenidənqurma işlərindən sonra burada əsgərlərin
təlim-tərbiyəsi mərkəzi yaradılıb. Bundan əlavə,
2 kazarma binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana,
202 mənzilli 5 yaşayış binası, 240 yerlik klub, 2
idman şəhərciyi, futbol meydançası, uşaq
bağçası, digər xüsusi təyinatlı
yardımçı binalar inşa olunub.
Son illər rayonda çoxlu sayda küçə və
meydanlar abadlaşdırılıb, insanların ən sevimli
istirahət yerinə çevrilən "Heydər Əliyev
seyrangahı" salınıb. Təkcə bu ilin əvvəlindən
başlayaraq şəhərdə Heydər Əliyev adına
Yaradıcılıq Mərkəzi, Dövlət
Bayrağı Meydanı, regional gübrə bazası,
taxıl anbarı, un dəyirmanı, saxlama-soyutma
kameraları, habelə qaz istismarı idarəsinin və hərbi
məhkəmənin inzibati binaları tikilərək istifadəyə
verilib. Hazırda Olimpiya İdman Kompleksi, Baytarlıq İdarəsi,
Göytəpə yanğın xidməti bölməsi
üçün inzibati binalar, ayrı-ayrı sahələr
üzrə çoxlu özəl istehsal və xidmət müəssisələri
inşa olunur.
Cəlilabad şəhərində küçələrin
və kənd yollarının abadlaşdırılmasına
da ciddi diqqət yetirilib. 2010-cu ildə şəhərin 16
küçəsinə - "Əlixan Rəhimov",
"Abbasağa Azərtürk", "Təbriz", "8
mart", "Səməd Vurğun", "Qarabağ",
"Mirzəli Hüseynzadə", "Mehdi Hüseyn",
"Babək", "Nizami", "20 Yanvar", "Səfa
Axundov", "Vüqar Mürsəlov", "Səttərxan",
"M.Hadi", "Azərbaycan" küçələrinə
82 min kvadratmetr asfalt döşənib. Həmçinin Cəlilabad-Uzuntəpə
yolunda riyada səkiləri çəkilib, 11 kilometrlik Göytəpə-Privolniye
yolu asfaltlaşdırılıb. Eyni zamanda, kənddaxili
yolların da təmiri üçün tədbirlər
görülüb, 19 kilometrlik Cəlilabad-Cəngan və 18
kilometrlik Qarazəncir-Gülməmmədli yollarına
qum-çınqıl məmulatları tökülüb.
Tikinti-abadlıq işləri ilə yanaşı,
yaşıllaşdırma tədbirləri də diqqət mərkəzində
olub. "Ekologiya ili" olan 2010-cu ildə rayonun
yaşayış məntəqələrində, o cümlədən
Ələt-Astara magistral yolunun kənarında 25 min ədəd
ağac əkilib. Həmin ağacların suvarılması
üçün kanallar çəkilib, onların
qorunmasından ötrü gözətçilər təyin
edilib.
"Turizm ili" çərçivəsində
2011-ci ildə rayonda bir sıra tədbirlər həyata
keçirilib. Hazırda Cəlilabadda 8 turizm obyekti fəaliyyət
göstərir və onlardan 2-nə lisenziya verilib. Həmin
obyektlərdə turistlərə göstərilən xidməti
beynəlxalq standartlara cavab verən meyarlar əsasında təşkil
etmək və əlavə obyektləri istifadəyə vermək
üçün tədbirlər müəyyənləşdirilib.
Eyni zamanda rayonun görməli yerlərini əks etdirmək və
turistlərdə aydın təsəvvür yaratmaq məqsədilə
bukletlər hazırlanıb
(ardı var)
Tərlan NƏSİRLİ,
Bakı-Cəlilabad-Bakı
Mövqe.- 2011.- 27 oktyabr.-S. 10.