REGİONLARIMIZ: CƏLİLABAD

 

Cəlilabad - Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Cəlilabad şəhəridir.

 

Tarixi

 

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eradan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilmişdir. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir.

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

 

Coğrafi mövqeyi

 

Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir.

Rayonun mərkəzi - Cəlilabad şəhəri Bakı-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir.

 

Relyefi

 

Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvial-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və sair növlüdür.

 

Təbiəti

 

Cəlilabadda 14,7 min hektar meşə, habelə quş qışlaqları vardır. Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və dovlaq yaşayır.

 

İqlimi

 

Cəlilabad yayı quraqlıq keçən mülayim-isti iqlimə malikdir. Orta temperatur qışda 1-3°C, yayda isə 25-30 °C-dir. İllik yağıntı 400-600 mm-dir.

 

Görkəmli şəxsləri

 

Teymur Mustafayev - Azərbaycanın xalq artisti.

 

Ağadadaş Ağayev - Azərbaycanın xalq artisti.

 

Nurəddin Mehdixanlı - Azərbaycanın xalq artisti.

 

Vaqif Abbasov - texnika elmləri doktoru, professor.

 

Eldar Həsənov - Azərbaycanın milli qəhrəmanı.

 

Faiq Cəfərov - Azərbaycanın milli qəhrəmanı.

 

Arif Qubadov - Azərbaycanın milli qəhrəmanı.

 

Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, 1-ci dərəcəli dövlət müşaviri.

 

İqtisadi xarakteristikası

 

Cəlilabad Azərbaycanda ən böyük üzümçülük bölgəsidir. İqtisadiyyatında taxılçılıq və heyvandarlıq da mühüm yer tutur. Mal-qara və donuzkökəltmə birlikləri, quşçuluq kombinatı, inkubator-quşçuluq stansiyaları vardır.

 

Həmçinin üzüm emalı, süd, çörək, asfalt zavodları, yerli sənaye kombinatı, xalça sexi və başqa müəssisələr də mövcuddur.

 

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

 

Cəlilabad rayonunda 17 məktəbəqədər müəssisə, 113 ümumtəhsil məktəbi, 1 mədəniyyət sarayı, 33 klub, 74 kitabxana fəaliyyət göstərir.

 

Maddi-mədəni irsi

 

Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.

 

Cəlilabad uğurlu inkişaf yollarında

 

Cəlilabad rayonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bütün sahələrdə uğurlu nəticələr əldə edilib. Son illər respublikamızın regionlarında, o cümlədən, Cəlilabadda da Müalicə-Diaqnostika Mərkəzinin istifadəyə verilməsi rayon ictimaiyyətinin sevincinə səbəb olub. Bu müasir səhiyyə ocağı üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan, o cümlədən, transformator otağı, qazanxana, mətbəx, camaşırxana, dializ materialları anbarı, patoloji anotomiya binası, keçid məntəqəsi, anbar, avtomobillər üçün qaraj, su anbarından ibarətdir. Mərkəzdə qəbul, hemodializ, poliklinika, şüa-diaqnostika, laboratoriya, inzibati, cərrahiyyə, anesteziologiya, reanimasiya, əməliyyat bloku və ümumi sterilləşdirmə bloku fəaliyyət göstərir. Hemodializ şöbəsində 10 dəst hemodializ aparatı quraşdırılıb. Böyrək çatışmazlığından əziyyət çəkən 60 xəstə bu aparatlar vasitəsilə hemodializ seansları alacaq. Əməliyyat bloku 4 əməliyyat otağından ibarətdir və otaqların hər birində xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılıb. Şüa-diaqnostika şöbəsi kompyuter tomoqrafiya və rentgen aparatları ilə təchiz olunub. Poliklinika şöbəsində bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər fəaliyyət göstərir. Otaqlar müasir tibbi avadanlıq və mebellə təchiz edilib. 260 nəfərin daimi işlə təmin ediləcəyi Müalicə-Diaqnostika Mərkəzinin laboratoriya şöbəsində biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür. Açılışında iştirak edən ölkə Prezidenti İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin fəaliyyətə başlamasının böyük hadisə olduğunu bildirmişdir: "Cəlilabad rayonunun tibb müəssisələrinin arasında bu, yəqin ki, ən gözəl, ən möhtəşəm mərkəzdir. Həm müayinə, həm müalicə aparılacaq, müxtəlif əməliyyatlar keçiriləcək, ən gözəl avadanlıq quraşdırılacaqdır. Burada ən müasir səviyyə təşkil edilməlidir. Elə etməliyik ki, burada tibbi xidmət çox yüksək səviyyədə olsun. Əminəm ki, həkimlər, tibb işçiləri də burada yaxşı xidmət göstərəcəklər. Burada bütün xidmətlər - müayinə, müalicə, bütün əməliyyatlar pulsuz olacaqdır. Elə etməliyik ki, rayon sakinləri vaxtaşırı buraya gəlib sağlamlığını bərpa etsinlər, müayinədən keçsinlər. Ən azı ildə bir dəfə hər bir vətəndaş gərək diaqnostikadan keçsin. Belə olan halda insanlarımız sağlam olacaq, xəstələnməyəcək və son illər ərzində Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi uğurlar daha da əhəmiyyətli olacaqdır. Çünki bütün bu işlərin təməlində insan amili dayanır. İnsanlara xidmət, insanların ömrünün uzadılması, sağlam həyat tərzi, sağlamlıq - bütün bunlar çox vacib məsələlərdir. İndi bizdə imkanlar var ki, müxtəlif yerlərdə, böyük şəhərlərdə, rayonlarda ən müasir tibb xidməti göstərək. Bu, çox vacibdir... Bölgələrdə - demək olar ki, bütün bölgələrdə ya Dövlət Neft Şirkətinin xətti ilə belə gözəl mərkəzlər, ya da Səhiyyə Nazirliyinin xətti ilə xəstəxanalar tikilir. Demək olar ki, bütün bölgələrdə artıq yüksək tibbi xidmət göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə gözəl şərait olsun. Belə olarsa, onda, biz demək olar ki, səhiyyə sahəsindəki islahatların böyük hissəsini həll edə bilərik. Bu, bizim üçün prioritet məsələdir və son illər ərzində bu sahədə böyük investisiyalar qoyulub. Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır. Mən çox şadam ki, Cəlilabadda bütün başqa sahələrdə də işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl rayonlardan biridir".

Aparılan tikinti-quruculuq və abadlıq işləri sayəsində Cəlilabad şəhərinin, qəsəbə və kəndlərinin siması tanınmaz dərəcədə dəyişib. Əvvəllər yol qıraqlarındakı primitiv, köhnə ticarət köşkləri cansıxıcı təsir bağışlayırdı. Buradan qarlı-yağışlı günlərdə palçıq-çamur, isti günlərdə isə toz-torpaq əlindən ötüb-keçmək müşkül məsələ idi. Axşamlar isə şəhər qaranlığa qərq olurdu. İndi Cəlilabad tamam başqa bir görkəmdədir. Şəhərin başlanğıcından qurtaracağına kimi yolun sağ və soluna yüngül konstruksiyalı materialdan səliqəli şəkildə hasar çəkilmiş, çinar ağacları əkilmiş, müasir elektrik dirəkləri basdırılmışdır. Yeni ticarət və sosial obyektlərsə əraziyə xüsusi yaraşıq verir. Bir-birinin ardınca yeni-yeni sosial əhəmiyyətli obyektlər, istehsal müəssisələri tikilib istifadəyə verilir. Bunlar isə, öz növbəsində, əhalinin işsizlik probleminin həll edilməsində, sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Bu yaxınlarda bütün Cəlilabad camaatı yenidən sevinc hissləri yaşadı. Prezident İlham Əliyevin növbəti dəfə rayona səfəri cəlilabadlıların bayram əhvali-ruhiyyəsilə yaşamasına səbəb oldu. Ölkə başçısı səfər zamanı müasir üslubda tikilmiş Şahmat Məktəbinin və Tarix-Diyarşünaslıq muzeyinin açılış mərasimlərində iştirak etdi. Ölkə Prezidenti cənab İlham Əliyev rayon ictimaiyyəti ilə görüşü zamanı görülən işləri yüksək qiymətləndirərək bildirmişdir: "Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir".

Regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində Cəlilabad rayonunda da müasir infrastruktur yaradılıb. Şəhər elementləri ilə zəngin olan genişmiqyaslı yenidənqurma tədbirləri Cəlilabad şəhərinin simasını tamamilə dəyişib, əyalət rayonunun gözəlliklərini daha da artırıb. Burada qazanılan uğurların məhz işgüzarlıq, zəhmətsevərlik kimi amillərin üzərində pərvəriş tapması xüsusi qeyd edilməlidir. Kənd təsərrüfatı məhsullarının saxlanılması üçün hər biri iki min tonluq 3 soyuducu kameranın, hər biri on min tonluq 2 taxıl anbarının, iyirmi min tonluq regional gübrə bazasının inşası sürətlə davam etdirilir. Həmin obyektlərin istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılmasına əlverişli şərait yaradacaq. Olimpiya idman kompleksinin və rayon qaz istismarı idarəsinin inzibati binasının tikintisi davam edir. Dövlət Proqramına uyğun olaraq, əhalini elektrik enerjisi və təbii qazla təmin etməkdən ötrü birinci yarımildə yeni yaşayış massivlərində 32 kilometr SİP kabeli çəkilib, 1193 ədəd dəmir-beton dirək basdırılıb, 5145 abonentə "Smart" tipli sayğac quraşdırılıb, Uzuntəpə kəndindəki qazpaylayıcı məntəqədən rayon mərkəzinə 10 kilometrlik əsas qaz xətti çəkilib, Göytəpə şəhərinin yeni massivinə və Kazımabad kəndinə təbii qaz verilib. Hazırda Alar və Günəşli kəndlərinin qazlaşdırılması davam etdirilir. İlk yarımildə rayona verilən elektrik enerjisi dəyərinin 67 faizi, təbii qazın dəyərinin isə 116 faizi ödənilib. Əvvəllər qazdan istifadə etmiş bütün kəndlərə yaxın illərdə mavi yanacağın verilişi bərpa ediləcək. Bu məqsədlə Cəlilabadda "Azəriqaz" İstehsalat Birliyinin Regional Tikinti-Quraşdırma İdarəsi yaradılıb.

Göytəpə Cəlilabadın peyk şəhəridir. Yaşayış məntəqəsi kimi iki yüz ilədək yaşı var. Bir zamanlar burada malakan və pravoslavlar məskunlaşmışdır. Hazırda əhalinin əksəriyyəti azərbaycanlılardır. Sakinlərin ümumi sayı 13575 nəfərdir. 1992-ci ilədək Prişib adlandırılan şəhər tipli qəsəbənin həmin vaxtdan tarixi Göytəpə adı qaytarılıb. Şəhərdə üç məktəb, iki xəstəxana, bir peşə liseyi fəaliyyət göstərir. Əllidən artıq küçə var. Bütün küçələrin ünvan göstəriciləri, evlərin hamısının nömrələri təzələnib. Həmin küçələrdən biri və 1 saylı məktəb Qarabağ uğrunda döyüşlərdə igidliklə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun adını daşıyır. Ümumiyyətlə, Göytəpə şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin (onların sayı 30 nəfərdir) xatirəsi əziz tutulur. Vüqar Mürsəlovun büstü, "Şəhidlər" abidə kompleksi ziyarətgaha çevrilib. Yol kənarlarına və şəhərin mərkəzinə iki mindən artıq ağac əkilib. "Qurtuluş" küçəsinin bütün işıq dirəkləri təzələnib. Məişət tullantıları şəhərdəki kommunal müəssisələri kombinatı tərəfindən yığılaraq daşınır və zərərsizləşdirilir. Göytəpənin qaz təchizatı 70 faizə çatıb: hazırda 1400 təsərrüfat mavi yanacaq alır. Yaxın vaxtlarda yeni mədəniyyət evinin tikintisinə başlanacaq.

Bütün bunlar ölkəmizin, eləcə də, Cəlilabad rayonunun sürətlə inkişaf etdiyini göstərir. Ümumiyyətlə, rayonda əldə olunan uğurlar onu deməyə əsas verir ki, Cəlilabad rayon ictimaiyyəti ümummilli liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini, birmənalı olaraq dəstəkləyir və müdafiə edirlər.

 

 

Mövqe.- 2011.- 3 sentyabr.- S. 10.