REGİONLARIMIZ: YARDIMLI

 

Azərbaycan dili türk mənşəli bir dil olduğu üçün onun qrammatik quruluşu və əsas lüğət fondu digər türk sistemli dillər ilə ümumilik təşkil edir. S.Cəfərov qeyd edir ki, Azərbaycan xalqının da daxil olduğu oğuz qəbilə ittifaqları uzun müddət bir sıra digər türk tayfaları, xüsusilə qıpçaqlarla (qazax, qaraqalpaq, qırğız, altay, noqay, Krım tatarları- Ş.M) ictimai-siyasi əlaqədə olmuşdur. Odur ki, müasir Azərbaycan ədəbi dilində bu qrup dillərin leksik xüsusiyyətlərini daşıyan bir sıra sözlərə təsadüf edilir: çalağan, torağay, qırqovul, ulu, aş, bağırsaq, çəyirtkə, süpürgə, yapalaq və s. Müəllif nümunələrdəki sözdüzəldici şəkilçilərin (-ağan, -ğa, -gə) müasir qıpçaq qrupu dillərində sözdəyişdirici funksiya daşıdığını qeyd edir

Göründüyü kimi "yengə" sözündəki "gə" şəkilçisi də təkcə peçeneqlərdə deyil, digər qohum türk dillərdə də məhsuldar şəkilçilərdən olmuşdur. Qıpçaqlar tarixdə müxtəlif adlarla tanınmış və çoxsaylı tayfa birliyindən ibarət olmuşdur. N.A.Baskakov qıpçaqların ən qədim inkişaf dövrünü hun dövrünə aid etmiş və onları qıpçaq-bulqar, qıpçaq-noqay və qıpçaq-poloves qruplarına ayırmışdır. Q.Kazımov yazır ki, qıpçaqlar çox olduqları üçün sonralar Azərbaycana gələn monqolların türkləşməsində böyük rol oynamışlar.

 

Coğrafi mövqeyi

 

Yardımlı rayonu Azərbaycanın cənub-şərq hissəsində, dağlıq ərazidə yerləşir. Rayon qərbdən İran İslam Respublikası ilə, cənubdan Lerik, şərqdən Masallı, şimaldan Cəlilabad rayonları ilə həmsərhəddir. Viləş çayı Yardımlı rayonunu mərkəzdən iki hissəyə bölür.

Talış dağlarının şimal-qərbində yerləşən ucqar dağ rayonu Yardımlı da bu gün özünün yeni inkişaf mərhələsini yaşayır.

Bir zamanlar Yardımlıya yolu düşənlər bu rayonun vəziyyətinə acıdıqlarını dilə gətirirdilər. Ondan söz düşəndə isə sadəcə: "Yardımlının yardıma ehtiyacı var" deməklə kifayətlənirdilər. Ancaq tale elə gətirdi ki...

 

Yardımlının yeni tarixinin başlanğıcı

 

Hər şey iqtisadiyyatın qan damarı hesab olunan yoldan başladı. 2005-ci ildə ölkə başçısı İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Yardımlıda olarkən bu rayonun problemləri ilə yaxından maraqlandı. O, bu səfərdən sonra Yardımlının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər barədə sərəncam imzaladı. Bu sənəd, eləcə də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Yardımlının inkişafına, sözün həqiqi mənasında, təkan verdi. Belə ki, Yardımlını Masallı ilə birləşdirən, illər uzunu təmir olunmayan, yararsız hala düşmüş 53 kilometrlik yol yenidən quruldu, sıldırım qayalardan, sıx meşələrdən keçən qaz xətti çəkildi. Bütün bu görülən işləri, xüsusilə mavi yanacağın verilməsini rayonun tarixində çox böyük hadisə kimi dəyərləndirən Yardımlı təhsil şöbəsinin metodisti Heybət Mirzəyev bizimlə söhbətində bir zamanlar dolaşan "qaz nağılı"nın gerçəkləşməsini ölkə başçısının danılmaz xidməti kimi dəyərləndirdi. Qeyd edək ki, hazırda Yardımlıda 960 ailə təbii qazdan istifadə edir. Artıq kəmər boyu yerləşən yaşayış məntəqələrinin də mavi yanacaqla təminatına başlanılıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının bu dağ rayonuna yeni həyat bəxş etdiyini vurğulayan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov ötən bu müddətdə yaşayış məntəqələrində tikinti-quruculuq işlərinin aparıldığını vurğuladı. Onun sözlərinə görə, şəhərdə 3 yeni park, Heydər Əliyevin adını daşıyan bulaq kompleksi, muzey, Tarix diyarşünaslıq muzeyi, ticarət mərkəzi, "Sahil" stadionu, Şəhidlər xiyabanı kompleksi, 4 inzibati obyekt, Qarabağ müharibəsi və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası tikilib istifadəyə verilib. Son illər ənənəvi hal alan məktəb tikintisindən söz açan Xəzər müəllim rayon üzrə 80 ümumtəhsil məktəbindən 46-sı üçün yeni müasir binalar inşa olunduğunu, əsaslı təmir edildiyini və əlavə sinif otaqları tikilib istifadəyə verildiyini söylədi: "Hazırda Honuba-Azıxlar məktəbi istifadəyə hazırdır, Gavran kəndində isə tamamlama işləri aparılır". Qeyd edək ki, həmin məktəblərin 38-i Heydər Əliyev Fondunun hesabına inşa olunub. Həmsöhbətimiz bu ilin ilk rübündə, daha doğrusu, mart ayında 165 çarpayılıq 3 mərtəbədən ibarət rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilməsini və onun müasir avadanlıqlarla təchiz edilməsini də xüsusi vurğuladı. Bildirdi ki, bu müddətdə rayonun Çayüzü və Jiv kəndlərində müasir tələblər səviyyəsində həkim ambulatoriyaları tikilib istifadəyə verilib. Onun sözlərinə görə, son illər rayonda 3557 yeni iş yeri açılıb. Onlardan 2249-ü daimi iş yeridir.

Xəzər müəllim daha sonra dedi: "Bu gün əhalini narahat edən ən böyük problemlərdən biri elektrik enerjisinin verilişində yaranan fasilələrdir. Rayon əhalisinin fasiləsiz enerji ilə təmin olunması istiqamətində daxili imkanlar hesabına müəyyən tədbirlər həyata keçirilir, lakin bu, mövcud problemləri tam aradan qaldıra bilmir. Ötən il bununla bağlı "Azərenerji"nin qarşısında məsələ qaldırsaq da, buna əhəmiyyət verilməyib. Belə ki, nasaz vəziyyətdə olan transformatorlara 232 ədəd xətt ayrıcı açarlar qoyulmayıb. 60 kilometr uzunluğunda polad-qat məftillərlə çəkilmiş elektrik xətlərinin dəyişdirilməsi üçün heç bir iş görülməyib. 1212 kilometr 10 kilovatlıq və 4 kilovatlıq hava xətlərinin 80%-i istifadəyə yararsız haldadır. Məhz bunun nəticəsində xırda qəzalar baş verdikdə belə, yaşayış məntəqələrinin bir hissəsi işıqsız qalır. Onu da deyim ki, rayonda qaz xəttinin çəkilişi "Azəriqaz" tərəfindən keçirilmiş tenderin qalibi tərəfindən aparılır. Amma xətlərin tikintisi qrafik üzrə aparılmır".

Qeyd edək ki, rayonda hələ də 30-dan artıq məktəb uyğunlaşdırılmış binalarda yerləşir. Səhiyyə üzrə rayonda 41 ixtisaslı həkim və 93 orta tibb işçisi çatışmır. Külli miqdarda maliyyə vəsaiti ilə alınıb gətirilmiş texniki vasitələrdən istifadə edə bilən mütəxəssislərin olmaması danılmazdır. Rayon üzrə 12 feldşer-mama məntəqəsinin və 7 həkim ambulatoriyasının binası yoxdur. Xəzər müəllim yeni Dövlət Proqramında bu kimi problemlərin həllini tapacağını əminliklə dilə gətirdi.

 

Növbəti illər Yardımlıya nələr vəd edir

 

Masallı-Yardımlı avtomagistralının 25-ci kilometrliyindəki insanı özünə valeh edən bir şəlalə var. Yoldan keçənlər burada dayanır və Allahın yaratdığı bu mənzərəyə heyranlıqla baxır. Elə bizbu məkana baş çəkdik. Sıx meşəlik, dağlardan süzülüb gələn şəlalə insana unudulmaz təsir bağışlayır. Buradakı "Şəlalə" İstirahət Mərkəzində abadlıq işləri aparılırdı. Dağların ətəyində yerləşən, hər tərəfdən meşələrlə, çoxsaylı bulaqlarla əhatə olunmuş Perimbel kəndi də öz füsunkarlığı ilə adamı özünə cəlb edir. Bununla bağlı ünvanladığımız suala Xəzər müəllim belə cavab verdi: "2009-cu il rayon üçün planlarımız böyükdür. Rayonun əsas gəlir mənbələrindən biri kimi turizmin inkişafına xüsusi diqqət veriləcək. Turizm-istirahət kompleksləri təşkil olunacaq". Onun sözlərinə görə, zəngin faunayafloraya malik olan Yardımlı turizm infrastrukturu üçün çox əlverişli məkandır. Onu da bildirək ki, rayonda arıçılığın inkişaf etdirilməsi, taxıl istehsalının artırılması da ön plana çəkilib. Rayonda tütünçülüyün inkişafı da gündəmdədir. Növbəti Dövlət Proqramında Yardımlı şəhərinin su təchizatı sisteminin yenidən qurulması (1500 ton su tutumu olan yeni anbarın tikintisi, "Nisə qala"dan mərkəzi su anbarına 4,5 km uzunluğunda yeni su xəttinin çəkilməsi, 1000 ton tutumu olan mövcud su anbarının və istismar müddətini başa vurmuş 18 km uzunluğunda su xətlərinin əsaslı təmiri) və kanalizasiya sisteminin yaradılması ilə bağlı ilkin sənədlərin hazırlanıb "Azərsu" ASC-yə təqdim olunması da nəzərdə tutulub.

Qeyd edək ki, son illər həyata keçirilən abadlıq-quruculuq işləri sayəsində Yardımlı özünün qəsəbə statusu ilə vidalaşıb. Məlumat üçün bildirək ki, ölkə başçısının 20 iyun 2008-ci il tarixli sərəncamı ilə Yardımlı qəsəbəsinə şəhər statusu verilib. Xəzər müəllim bunu ölkə başçısının Yardımlıya olan diqqətinin daha bir bariz nümunəsi kimi dəyərləndirdi. Ölkə başçısı İlham Əliyevin: "Mən inanıram ki, Yardımlı rayonu ölkənin ən qabaqcıl rayonlarından birinə çevriləcək" sözlərini xatırladan həmsöhbətimiz o günün çox da uzaqda olmadığını bildirdi.

 

 

Mövqe.- 2011.- 7 sentyabr.- S. 10.