REGİONLARIMIZ: LƏNKƏRAN

 

II yazı

 

Yer kürəsinin kiçik bir hissəsini özündə əks etdirən, yaşadan, tanıdan Azərbaycan adlı məmləkətin bir-birindən gözəl, bir-birindən mənzərəli və könül oxşayan guşələri var. Bu mənzərəli, necə deyərlər, gəlimli-görümlü yerləri gəzməyə çıxanda adamın ürəyi atlanır. Gözlərin bir az da böyüyür. Hər şeyi görmək, hər məqamı yaddaşına köçürmək istəyirsən və bəzən də apardığın müqayisələr səni çaş-baş salır. Çünki bir-birini tamamlayan bu gözəlliklər əslində böyük bir varlığın, bütöv bir vücudun ayrı-ayrı hissələridir. O hissələr cəm halında Azərbaycan adlı məmləkəti tanıdır, yaşadır.

Bu gün həmin o gözəl guşələrdən biri olan, tarixin sınaqlarına baş vurmuş, qədim yaşayış məskənlərimizdən biri olan, minillikləri yola verən cənub bölgəmiz, xüsusi ilə Lənkəran öz adı, öz uğurları ilə Azərbaycan sərhədlərini çoxdan keçib. İndi onun sorağı müxtəlif beynəlxalq tədbirlərdən, yarışlardan, elmi konfranslardan, iqtisadi yarmarkalardan, bir sözlə həyatın reallığı olan və bizləri sevindirən yerlərdən gəlir. Təkcə Lənkəranın son illərdəki, uğurlarını sadalasaq, bunun üçün bir qəzet səhifəsi kifayət etməz. Ona görə də bu qədim torpağın tarixinə baş vurmaqla demək istəyirəm ki, bugünkü Lənkəran bir ərazi vahidi kimi 1930-cu ilin avqust ayının 8-də yaradılıb, ərazisi 1539 km-dir. Burada 210 min nəfərə yaxın insan yaşayır. Bu qədim torpaq əhalisinin əməksevərliyi, işgüzarlığı, yurdsevərliyi ilə özünün tarixini şərəfləndirib, yeni səhifələr yazıbdı. Belə ki, Xəzər dənizinin sahilində yerləşən Lənkəran özünün əkinçiliyi, maldarlığı, balıqçılığı, bağçılığı, ipəkçiliyi, çayçılığı və digər sahələri ilə insanların həm həyat tərzini, həm də iqtisadi tələbatını nizamlamış, onların daha böyük nailiyyətlər qazanmasında bir təbii mənbə kimi öz sözünü demişdi.

Müəyyən tarixi mənbələrdə adı dəfələrlə təkrarlanın Lənkəran hələ ötən əsrlərdə özünün ticarət əlaqələri ilə də məşhur olmuşdu. Bu qədim ünvana İrandan, Türkiyədən, Rusiyadan, Çindən, Pakistandan, Hindistandan, Orta Asiya dövlətlərindən, eləcə də digər məmləkətlərdən gələn ticarət karvanları həm şəhərin nüfuzunun, həm əlaqələrinin, həm də maddi-mənəvi inkişafının ən böyük dəstəklərindən birinə çevrilmişdi.

Bax, belə qədim bir tarixə malik olan Lənkəran coğrafi məkan kimi də həm buraya üz tutanların, həm də yerli sakinlərin həmişə öyündüyü, cəlb olunduğu bir məkan kimi də diqqət mərkəzində qalmışdı. Təsadüfi deyil ki, özünün coğrafi mövqeyinə görə dəniz səviyyəsindən 20 metr aşağıda yerləşən Lənkəranın dağətəyi sahədə ən yüksək hündürlüyü 200 metr təşkil edir. Bax, buna görə də burada iqlim həm rütubətli, həm də subtropikdi. Bu da insanların torpaqla təmasına, əkib-becərməsinə, maldarlığın inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir.

Azərbaycan prezidentinin məlum qərarından, yəni "Regionların İnkişafına dair Dövlət Proqramı"ndan çıxış edən Lənkəran rəhbərliyi də bu qədim torpağın öz ənənələrini yaşatmaqdan, uğurlarını artırmaqda əlindən gələni əsirgəməmişdi. Təsadüfi deyil ki, bölgənin su yataqları, təbii sərvətləri burada həyatın daha da qaynar olmasına, istər kənd təsərrüfatının, istər sənayenin inkişaf etdirilməsinə həmişə müsbət baxımdan öz köməyini göstərib. Elə buna görə də Lənkəranın təbii sularından, meşə zolaqlarından, zəngin bitki örtüyündən lazımınca istifadə etməklə yerli sakinlərə geniş imkanlar açır.

Bu gün Lənkəranın meşə zolaqlarında adı "Qırmızı kitab"a düşmüş kifayət qədər ağac növləri, kollar var ki, onların da hər biri demək olar ki, xüsusi qayğı ilə əhatə olunmuş, becərilib, artırılması üçün gərəkli tədbirlərin görülməsi əsas vəzifələrdən birinə çevrilmişdi. Çünki bu ağacların hər biri minilliklərin yadigarı olmaqla nəsli kəsilmək üzrədir. Onu yaşatmaq, növbəti illərə, gələcək nəsillərə çatdırmaq Lənkəranda bu sahə ilə məşğul olan insanların üzərinə düşüb. Həmin zəhmətsevər insanlar da öz növbələrində yeni meşələrin, yaşıllıqların salınması, meşə zolaqlarının genişlənməsi, ən əsası isə qiymətli, nadir ağacların sayının artırılması üçün yorulmaq bilmədən çalışır, nəticədə də müsbət göstəricilərə nail olurlar.

Bəli, özünün könül açan mənzərəsi, meşə zolaqları, çayları, bulaqları, ən vacibi isə bu torpağı şərəfləndirən insanları ilə sayılıb-seçilən Lənkəran indi təkcə qədim bir diyar deyil, o həm də Azərbaycanın inkişaf etdirilən, hər gün cavanlaşan, hər gün yenidən doğulan böyük şəhərlərindən biridir. Burada aparılan abadlıq işləri, genişləndirilən yaşıllıqlar, tikilən sosial-məişət obyektləri, idman kompleksləri, bir sözlə, hər bir görülən iş insanlara sevinc və qürur hissi bəxş edir.

Azərbaycan prezidentinin bu ilin 6 ayının yekunlarına dair Nazirlər Kabinetində keçirdiyi iclasda dediyi kimi, "Biz hər bir bölgəni, hər bir kəndi inkişaf etdirməli, onu yenidən tikib-qurmalıyıq. Elə etməliyik ki, bizim bölgələrlə paytaxt arasında bir yaxınlaşma dərhal diqqəti çəksin. Fərqlər aradan qaldırılsın".

Azərbaycan prezidenti İlham Əliyev cənablarının məlum iclasdakı çıxışında söylədiyi fikirlər digər bölgələrimiz kimi, Lənkəran üçün də böyük əhəmiyyət kəsb edir. Burada da insanlar onların üzərinə düşən işi, daşıdıqları vəzifəni sevə-sevə, özü də bir vətəndaş yanğısı ilə icra edirlər. Onlar yaxşı bilirlər ki, abadlaşan, yeniləşən və hər gün də gözəlləşən Lənkəran təkcə cənub bölgəsində deyil, bütün Azərbaycanda, eləcə də təkcə Azərbaycanda deyil, yaxın-uzaq ellərdə özünü təqdim etməyə, uğurları ilə öyünməyə layiq və qadir olan bir cənnət guşəsidir. Bu guşədə insanlar təkcə yaşamırlar, onlar həm də qurub - yaradırlar. Lənkəranı bu günün qloballaşan, inteqrasiya edən şəhərlərin sırasına çıxarırlar. Deməli, hələ bu diyarın daha böyük uğurları, daha gözəl günləri öndədir. Həmin öndə olan günlər üçün isə hər kəs öz üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir ki, arzular çin olsun.

Dünyanın istənilən nöqtəsində, o cümlədən də Azərbaycanda insanların həyat şəraiti, sosial durumu xüsusi əhəmiyyət kəsb edir. Ölkənin durumu gözdən keçiriləndə məhz bu məqam xüsusi ilə qabardılır. Yəni iqtisadi cəhətdən təmin olunmaq, problemlərdən qismən də olsa, can qurtarmaq hər bir insanın özəl arzusudur və bütün həyatının da çox böyük hissəsini məhz buna həsr edir. Elə ona görə də ölkəmizdə Azərbaycan prezidenti İlham Əliyev cənablarının bilavasitə tapşırığı və nəzarəti altında paytaxtla yanaşı, regionların da inkişaf etdirilməsinə davamlı və həm də tələb edilən bir şəkildə diqqət göstərilir. Burada məqsəd şəhərlə kənd, bölgəylə paytaxt arasında fərqləri minimuma endirmək, insanların sosial durumunu yüksəltməkdir.

Bax elə Lənkəranda, yəni bu cənub bölgəmizdə də ölkə prezidentinin tələblərinə diqqətlə yanaşılır və onun yerinə yetirilməsinə çalışırlar. Biz bu bölgədə olarkən ilk öncə şəhərdəki, küçədəki yollara, ümumiyyətlə, Lənkəranda aparılan tikinti-abadlıq işlərinə diqqət yetirdik. Bir az da dəqiq desək, görülən işlər, abadlıq özü bizim diqqətimizi çəkdi. Bir qəribə deyim var. Belə deyirlər ki, "abad kənd yolundan tanınar". Məhz Lənkəranda küçə və yolların abadlaşdırılması və bu məqsədlə də xüsusi bir plan hazırlanması son dərəcə diqqətçəkəndir. Təsadüfi deyil ki, bölgənin yollarını abadlaşdırmaq, çaylar üzərində körpülər tikmək, eləcə də zəruri olan yerlərlə keçidlərin inşa edilməsi bu gün Lənkəranda heç kimi təəccübləndirmir və adamlar bilirlər ki, ölkə rəhbərliyinin və yerli icra strukturlarının məqsədi onların qayğısına qalmaqdır.

Təkcə təmir-tikinti, abadlıq işlərinin icra strukturlarında olan layihələrinə, smeta sənədlərinə göz yetirəndə aydın olur ki, bu gün Lənkəranda doğrudan da çox böyük işlər görülür. Həmin işlərin sırasında Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Regional Müalicə Diaqnostika Mərkəzi, çay fabriki, konserv zavodu, tikiş fabriki, Pal süd və eləcə də "Paldad" dondurma zavodları dediklərimizə bariz bir nümunədir. Təsəvvür edin ki, bu gün əyalətdə çay fabriki, tikiş fabriki, konserv zavodu və digər müəssisələr fəaliyyət göstərirsə, bu, artıq xeyli sayda insanın işlə təmin edilməsi, özünün sosial durumunun yaxşılaşdırılması baxımından çox gözəl nümunədir. Üstəlik bu gün Lənkəranda Mərkəzi Xəstəxanının nəzdində Perinital mərkəz, uşaq poliknikası, əlillərin regional bərpa mərkəzi də fəaliyyət göstərir ki, bunların da hər birində kadrların çalışması üçün normal iş şəraiti yaradılıb. Lənkəranda olan səhiyyə işçiləri məhz bu dövlət qayğısı nəticəsində region əhalisinin sağlamlığının keşiyində dayana bilir.

Onu da xatırladım ki, Lənkəranda Xalq Sənətkarlığı Şəhərciyi, dənizkənarı bulvar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxlu sayda evlər, binalar tikilmiş, həmin kateqoriyadan olan insanların qəzalı vəziyyətdə olan evlərinin təmir və bərpası üçün də müəyyən işlər görülmüşdü. Ümumiyyətlə, Lənkəranda tikinti-abadlıq işləri demək olar ki, günün tələbləri səviyyəsində qurulmuşdu. Ona görə də şəhərdə tikilmiş Heydər Əliyev Muzeyi, müasir standartlara cavab verən Regional Boks Təlim Mərkəzi, Uşaq evi, Dram Teatrı, Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq tikilmiş "Dairəvi qala" tarixi kompleksi sözün əsl mənasında bu şəhərin yaraşığı, bəzəyidir.

Bəli, bu gün turistlərin davamlı olaraq üz tutduğu Lənkəranda hər kəsin istirahət edə biləcəyi və tələbatını ödəyəcək keyfiyyətdə olan 5 hotel, həmin sayda istirahət mərkəzi, çoxlu poçt və elektron tipli ATS-lər fəaliyyət göstərir. Bax, bu tikinti-abadlıq da Lənkəranın simasını hər gün dəyişir, hər gün gözəlləşdirir. Gözəlləşən Lənkəranda tikilən körpülər, eləcə də genişləndirilən, davamlığı artırılan yollar da öz növbəsində əlavə bir rahatlıq, dinclik gətirir.

Təbii ki, paytaxta, eləcə də böyük şəhərlərdə bölgələrə nisbətən iş və iş yerləri çox böyükdür. Lakin Azərbaycan prezidentinin imzaladığı "Regionların İnkişafına dair Dövlət Proqraımı"nın layihəsi çərçivəsində bu gün Lənkəranda xeyli iş yeri açılmışdır. Həmin iş yerləri həm regionda sosial durumu yaxşılaşdırıb, həm də regionun iqtisadi gücünü, qüdrətini artırır. Təkcə onu xatırlatmaq lazımdır ki, Lənkərandakı tikiş fabriki, çay fabriki, konserv zavodu öz məhsulları ilə artıq istehsal olunduğu bölgənin sərhədlərini çoxdan keçib. Təbii Lənkəran çayının sorağı çox-çox uzaqlara gedib çatıbdır. Deməli, bu müəssisələrdə çalışan insanların qabiliyyəti, gücü öz bəhrəsini verib.

Onu da xatırladım ki, Lənkəranda aparılan tikinti, təmir işlərində çalışan insanların da sosial durumu yaxşılaşmaq istiqamətində irəliləyir. Yəni yolların, körpülərin, binaların, eləcə də digər obyektlərin tikintisində çalışan əmək adamları öncədən zəhmətlərinin haqqını ala biləcəklərinə tam əmindirlər. Elə şəhərin xüsusi yaraşığından biri olan Heydər Əliyev prospektindəki mənzərələri seyr etmək bu bölgədə işlərin necə getməsini hər kəsə özü-özlüyündə deyir.

Cənub mirvarisi olan Lənkəranda tikilən "Gilan" konserv zavodu, "Pal-FOOD" MMC-nin dondurma zavodu, "Gilan -TEA" MMC-yə məxsus çay fabriki də bu bölgədə aparılan uğurlu iqtisadi siyasətin bəhrəsidir. Yerli sahibkarların və dövlət sifarişlərinin bəhrəsi olan tikinti işləri Lənkəranda bu gün də davam etdirilir. Təkcə onu demək yerinə düşər ki, Lənkəranda məktəb binalarının tikintisinə, təmirinə, bərpasına, səhiyyə ocaqlarının yenidən qurulmasına çox böyük qayğı və diqqətlə yanaşılır. Burada mövcud olan tikinti təşkilatlarının yaxından iştirakı ilə görülən bütün işlərdə yerli materiallardan da istifadə edilir və həm də bölgəyə məxsus arxitektura dəyərlərindən də tikintidə yararlanırlar.

Göründüyü kimi, Lənkəranda bu gün böyük coşqu ilə görülən işlərin bünövrəsində xüsusi olaraq, qeyd olunan regionların inkişafına dair dövlət proqramı dayanır. Məhz bu proqrama əsaslanaraq, region üçün inkişaf proqramı hazırlayan yerli icra strukturları demək olar ki, Lənkəranda həyatın bütün sahələrini öz nəzarətlərinə götürə biliblər. Ona görə də istər təhsil, səhiyyə sahəsi üçün önəmli olan binaların tikintisi, istərsə də digər sosial obyektlərin inşa edilməsi, park və bulvarların yenidən qurulması yerli sakinlərin ürəyindən xəbər verir.

Bu gün Lənkərandakı Heydər Əliyevin adını daşıyan, ulu öndərimizin xidmətlərini hər gün xatırladan xatirə parkında yerli sakinlərin və qonaqların istirahəti üçün kifayət qədər işlər görülmüşdür. Həmin işlərin sırasında yaşıllaşdırma, müxtəlif qurğuların qurulması, fəvvarə, müasir elektrik dirəkləri və digər zəruri işlər çox yüksək bir səviyyədə görülmüşdür. Diqqətçəkən məqamlardan biri də odur ki, Lənkəranda görülən bütün işlərə yerli icra strukturlarının rəhbərləri, ziyalılar, ağsaqqallar diqqətlə yanaşır, çatışmazlıqların dərhal və yerində aradan qaldırılmasına öz töhfələrini verirlər.

Bəli, bu gün KİV-ə dəstək fondunun ayırdığı vəsait hesabına özünün layihəsini davam etdirən "Ədalət" qəzeti Azərbaycanın bu cənub bölgəsində çox maraqlı məqamların şahidi oldu. Biz gördük ki, paytaxtımız kimi, Azərbaycanın bir parçası olan Lənkəran da necə qurulur, tikilir, necə inkişaf edir. Təbii ki, bundan qürur duyuruq. Bu qürurun mayasında bizim azərbaycanlı olmağımız və bir də Azərbaycan dövlətinin qurucusu olan ulu öndərimizin layiqli davamçısı prezidentimiz İlham Əliyev cənablarının Azərbaycanımıza, xalqımıza sevgisi və qayğısı dayanırdı. Tam əminliklə demək olar ki, bu diqqət və qayğı bizi yeni-yeni uğurlara və qələbələrə aparacaq. Lənkəranın və bütövlükdə Azərbaycanın ən gözəl günləri hələ öndədir.

 

 

Mövqe.- 2011.- 9 sentyabr.- S. 10.