REGİONLARIMIZ:
MASALLI
Masallı - Azərbaycan Respublikasının cənub-şərqində
rayon. Masallıda 108 yaşayış məntəqəsi, 7
tibb müəssisəsi və 130 mədəniyyət
ocağı vardır.
Tarixi
Masallı ərazisində qədim
insanlar 15-20 min il bundan əvvəl
yaşamışlar. Abbasqulu Ağa Bakıxanovun
"Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli
Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), salnaməçi
Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində,
həmçinin bir sıra Avropa və rus səyyahlarının
səyahətnamə qeydlərində Masallının tarixinə
dair qiymətli məlumatlar öz əksini tapmışdır.
"Masallı" coğrafi adının meydana gəlməsi
haqqında bu vaxta qədər bir çox mülahizə və
rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə
bu toponim "məsəlli - məsəl çəkilən
yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər.
Masallı sözünün "Mosullu" sözündən
yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə
bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və
onun şərəfinə Masallı adlandırılıb.
Toponimika ilə məşğul olan alimlərimizdən
R.Yüzbaşov və Ş.Sədiyevin birgə
yazdığı "Azərbaycanın coğrafi
adları" kitabında "Masallı-Masal nəslinə mənsub"
şəklində qeyd olunmuşdur. Bakı Dövlət
Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov
isə bu yaşayış yerinin yaranmasını Masal bəy
adlı bir şəxslə əlaqələndirir. Bəzi
tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin
sakinləri İranın "Masal" əyalətindən
köçüb gəldiklərindən bu yer Masallı
adlandırılmışdır. Beləliklə,
"Masallı" toponimində "Masal"-Yer ərazi
"Lı" isə məkan bildirən şəkilçidir.
Masallı antik dövrdə Midiya, Midiya-Atropatena,
sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin
ortalarına qədər Səfəvilər dövlətinin,
XVIII əsrin ortalarından Lənkəran
xanlığının tərkibində olmuşdur. XIX əsrin
ortalarında Astara, Lənkəran, Lerik, Masallı,
Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran
qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı
inzibati rayonu yaradıldı və Masallının adı
respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.
Qədim tarixə, zəngin mədəniyyətə
malik, intellektual səviyyəsi yüksək olan Masallıya
maraq tarixin müəyyən dövrlərindən artmağa
başlamışdır. Görkəmli siyasi xadimlərin,
dövlət və mədəniyyət adamlarının
Masallıya gəlişi məhz belə bir münasibətin
ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin
banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah
İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli
dövlət xadimi, yazıçı Nəriman Nərimanovun
1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində
olması barədə çoxlu əsərlərdə
yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda
olarkən bu ərazinin təbii imkanları və
üstünlüklərindən danışmaqla
yanaşı, həm də taxılçılığı
və çəltikçiliyi inkişaf etdirməyi vacib
saymışdır. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev iki dəfə Masallıda olub.
Prezident İlham Əliyev bir neçə dəfə
Masallıya səfər etmişdir.
Coğrafiyası
Respublikanın cənubunda yerləşən
Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad,
Neftçala rayonları ilə həmsərhəddir. Bakı
- Astara yolunun 232-ci kilometrliyindədir. Şərqdən Xəzər
dənizi, Qərbdən Talış sıra dağları ilə
əhatə olunmuşdur. Masallı qədim qalaları,
Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri,
büllur bulaqları ilə diqqəti cəlb edir.
Etnik tərkibi
1999 - cu il 27 yanvar - 4 fevral tarixləri arasında
aparılmış siyahıya almaya əsasən Masallı
rayonunun əhalisi 173.937 nəfər (78,73%-i azərbaycanlı
, 21,14% -i talış , 0,07%-i rus , 0,06% - i digər millətlər
olmaq üzrə) olmuşdur.
Sərhəd rayonlar
Neftçala, Cəlilabad, Yardımlı, Lerik, Lənkəran
rayonları.
Qoruqlar
Respublikanın ən böyük və ən zəngin
qoruqlarından olan Qızılağac qoruğu əsasən
Qızılağac körfəzi və "Pirman" adlanan
sahələrdə yerləşir. Qoruqda adları
"Qırmızı kitab"a düşən quşlar və
vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir
ağaclardan olan "Qızılağac" ağacı (el
arasında ona Razdar da deyilir) qorunur.
Tarixi və
memarlıq abidələri
Masallı tarixinin
güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət
göstərən tarix-diyarşünaslıq muzeyidir.
Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən
çox qiymətli eksponat
toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah,
Tatyan, Hacıtəpə, Şəhriyar,
Xırmandalı, Mahmudavar, Bambaşı,
Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər,
Öncəqala, Köhnə Alvadı kəndlərinin
yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə
yerləri aşkar edilmişdir.
Bu ərazilərdən tunc,
dəmir, antik və orta
əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət
nümunələri toplanmışdır. Bütün
bunlar Masallı (Hişkədərə)
Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin
yaradıcısı mərhum əməkdar müəllim Rəhim
Tağıyev olmuşdur.
Masallı ərazisi 168 qədim, sirli abidələr,
qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir.
Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə
XX əsr abidələridir.
Masallı rayonunda aşağıdakı tarixi və
memarlıq incəsənət abidələri mövcuddur.
XIV əsrə aid Hişkədərə kəndində
Nəzirə Xanım türbəsi;
III - IX əsrlərə aid Mahmudavar kəndində
türk yaşayış yeri arxeoloji abidə;
IX - X əsrlərə aid "Ərkivan qalası";
Orta əsrlərə aid Qarğalıq
ərazisində Şəhriyar
yaşayış yeri;
XIX əsrə aid Masallı
şəhər Cümə
məscidi;
XIX əsrə aid Boradigah
məscidi;
XIX əsrə aid Qızılavar
məscidi;
XIX əsrə aid Masallı
şəhərində hamam;
XIX əsrə aid Güllütəpə
kəndində Əmir
türbəsi;
XIX əsrə aid Ərkivan
kəndində Mehti bulağı;
XIX əsrə aid Sığdaş
kəndində Mirsəli
ocağı;
XVI əsrə aid Mahmudavar
kəndində Baba Seyidağa
türbəsi;
XIX əsrə aid Şıxlar,
Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində
dağ-qoç fiquru;
Tunc dövrünə aid Hişkədərə
kəndində Qaraxantəpə,
Qoşatəpə, Allahqulutəpə
və Mirzətəpə
kurqanları;
Tunc və Dəmir dövrlərinə aid Təzə
Alvadı kəndində
Məmmədtəpə, İstiottəpə,
Alıtəpə kurqanları;
XXI əsrə dair
Ərkivan kəndində
Mir Seyid Sadiq Ağa məqbərəsi;
Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq
muzeyi;
Orta əsrlərə dair Ninalov kəndində Səhhət qalası;
XX əsrə dair Ərkivan kəndində Şəhsəfi
bulağı.
Masallının qəhrəmanları
1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinə getmiş
10914 nəfər Masallının
vətənpərvər oğullarından
4248 nəfəri qayıdıb,
1573 nəfəri itkin
düşüb, 5 mindən
çoxu həlak olub.
Qarabağın azadlığı uğrunda 5 min nəfərə
yaxın cəsur oğlumuz vuruşub. Onlardan 150 nəfəri şəhid
olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu
yaralanıb. Onlardan
Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülmüş Səfəralı
Məmmədov, Elşad
Hüseynov, Elşad Əhədov, Səfa Axundov bütün Masallıların fəxridir.
3 nəfər Masallı döyüşçüsünə
Azərbaycan Bayrağı
ordeni verilmişdir.
Masallının məşhur adamları
XX əsrdə Masallı
Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6
general, 100-ə yaxın yazıçı
və şair, müxtəlif sahələrdə
çalışan nüfuzlu
şəxslər bəxş
edib. İqtisadiyyat sahəsindəki uğurlarına
görə müxtəlif
illərdə 50 nəfərdən
çox Masallı Sosialist Əməyi Qəhrəmanı fəxri
adına, Lenin ordeninə layiq görülmüşdür.
Görkəmli şəxsləri
Baloğlan Əşrəfov - Azərbaycan müğənnisi,
Azərbaycanın əməkdar
artisti.
Elşad Əhədov - Azərbaycanın Milli Qəhrəmanı.
Elşad Hüseynov - Azərbaycanın
Milli Qəhrəmanı.
Əhəd Abıyev- Daşkəsən
Rayon İcra Hakimiyyətinin
Başçısı
Qubad Nəsirov - Sosialist əməyi qəhrəmanı.
Qulamhüseyn Əlibəyli - Aydınlar Partiyasının
sədri.
Səfa Axundov - Azərbaycanın
Milli Qəhrəmanı.
Səfəralı Məmmədov - Azərbaycanın
Milli Qəhrəmanı.
Ölkə prezidenti İlham Əliyev cənablarının "Regionların
sosial-iqtisadi inkişafı
haqqında" Dövlət
Proqramı Azərbaycanın
bütün bölgələrində
müvəffəqiyyətlə həyata keçirilir. Ucqar regionlarda da
qısa müddətdə
kifayət qədər
nəzərəçarpan işlər görülüb.
Hər yerdə yeni iş yerləri
açılır, neçə-neçə
müəssisələr işə
düşür, iş
adamlarına sərbəst
fəaliyyət göstərmək
üçün münasib
şərait yaradılıb.
Tam qətiyyətlə və inamla demək olar ki, respublikamızın bu gün sosial-iqtisadi,
mədəni inkişafına
görə diqqəti
daha çox cəlb edən rayonlarından biri də Masallıdır.
Əvvəlcədən qeyd edək
ki, torpaq islahatlarına, sosial-mədəni
quruculuğa Masallı
bir çox rayonlardan əvvəl başlayıb. Tanınmış ziyalı, respublikamızda
geniş nüfuza və hörmətə malik olan Oqtay
Əliyev rayon İcra
Hakimiyyəti başçısı
təyin olunandan sonra islahatların və yeniliklərin sürəti əvvəlki
dövrlərlə müqayisə
olunmayacaq dərəcədə
artdı, təkcə
rayon mərkəzinin deyil,
ucqar kəndlərin də siması dəyişdi.
İcra başçısının özünəməxsus iş
prinsipi var. O bu vəzifəyə təyin
olunandan sonra icra strukturunda əvvəllər də işləyən professionallara,
iş bilənlərə,
iş görənlərə
- bir sözlə, sadə zəhmət adamlarına arxalanaraq köklü islahatlara start
verdi. Bununla birlikdə
təcrübəsinə və
dərin biliyinə bələd olduğu bir sıra şəxsləri
icra strukturunda yeni vəzifəyə irəli çəkdi.
Beləliklə, Masallı rayon İcra Hakimiyyətində
kənd təsərrüfatını,
tikinti-quruculuq işlərini
gözəl bilən monolit kollektiv yarandı. İcra başçısının
uğurlu kadr siyasəti tezliklə öz bəhrəsini verdi. Mərkəzi aparatdan başlayan yeniləşmə strategiyası
tezliklə bütün
rayonu əhatə etdi. Rayon həyatının
bütün sahələrində
möhkəm əllərdə
olan idarəçilik
mexanizmi yarandı.
Bunu da qeyd
edək ki, son altı ayda rayonda sözün həqiqi mənasında bir neçə ilin işi görülüb. Rayon ərazisindən
keçən Ələt-Astara
yolunun 154-179-cu kilometrində
cari təmir işləri aparılıb.
Həsənli-Xırmandalı yolunda 5 kilometr
qara örtük, Boradigah-Rüdəkənar yolunda
2 kilometr uzunluğunda
asfalt təmir edilib. Xanalion yolunda 1 kilometr
yola çınqıl
döşənib, hamarlama
işləri aparılıb.
Göytəpə-Masallı stansiyası yolunun
7 kilometr məsafəsinə,
H.Sultanov küçəsinə
beton döşənib.
Masallıda ümummilli liderimiz
Heydər Əliyevin adının və xatirəsinin əbədiləşdirilməsi
üçün kifayət
qədər iş görülür. İcra hakimiyyəti
binasının qarşısında
ulu öndərimizin böyük bir büstü qoyulub. Heydər Əliyev parkında onun muzeyi istifadəyə
verilib. Həmin parkda böyük
bir məsafəyə
piltə döşənib.
Rayonun bütün yaşayış
məntəqələrində təmizləyici qurğular
saz vəziyyətə
gətirilib.
Təzə Alvadı QPS-dan Binə-Xocavar kəndinə
gedən orta təzyiqli 273 mm-lik daşıyıcı xətt
üzərində, Masallı QPS-dan Qəriblər və
İsi kəndlərinə gedən orta təzyiqli 159 mm-lik qaz
kəməri üzərində kompensatorlar
quraşdırılıb. Kosakül kəndində təmir-bərpa
işləri aparılıb, abonentlərin evləri
sayğaclaşdırılıb. Qəriblər, İsi, Əhmədli
kəndlərində isə təmir işləri
yekunlaşmaq üzrədir. Boradigah qəsəbəsində
10-0,04 kv-lıq elektrik hava xətlərində 20 ədəd dəmir
beton dayaq basdırılıb, 2,5 km AS-35 naqil işlədilib.
Bir müddət bundan əvvəl təbii fəlakət
və müxtəlif səbəblər üzündən
rayonun ayrı-ayrı yaşayış məntəqələrində
29 ədəd transformator zədələnmişdi. Onlardan 18 ədədi
Masallı PEŞ-də, 11 ədədi isə Şirvan şəhərində
təmirdən çıxıb. Tikinti-quruculuq işlərində
ərazidəki körpülər də yaddan
çıxmır. Masallı-Yardımlı yolunda olan 2
körpünün məhəccərləri yenidən bərpa
olunub. 9 kanalda təmizləyici işlər aparılıb.
Masallı-Gəncə nəqliyyat marşrutu
açılıb.
Respublikamızın digər rayonlarında olduğu
kimi, Masallıda da poçt-rabitə xidməti günün tələblərinə
uyğun səviyyədə qurulub. Rayonun Xırmandalı,
Köhnə Alvadı, Yeddioymaq, Təzə Alvadı və
Güllütəpə kəndlərində yeni poçt
binaları istifadəyə verilib. Şərəfə,
Ağakişibəyli, Banbaşı kəndlərində yeni
şadlıq sarayları tikilib. Bundan başqa "Zirvə",
"Gülüstan", "Şahin", "Cənnət
bağı", "Qartal", "Ulduz",
"Yaşıl ada"da turizm-istirahət obyektləri vətəndaşlarımızın
istifadəsinə verilib.
Bu cür tikinti-quruculuq işləri təhsil
ocaqlarında da davam etdirilib. Lürən kəndində
Dövlət Proqramı əsasında 260 şagirdlik məktəb
binasının tikintisinə başlanıb. Masallı şəhər
1 saylı, Boradigah qəsəbə 1 saylı orta məktəbləri
əsaslı təmirdən çıxıb. Rayon Mərkəzi
Xəstəxanasının Kardiologiya, Bərpa, Qəbul, Dəri
Zöhrəvi Xəstəlikləri şöbələri də
günün tələbləri səviyyəsinə gətirilib.
Ginekologiya şöbəsində təmir işlərinə
başlanılıb.
Bunu da qeyd etmək yerinə düşər ki,
Masallıda müharibə veteranları, şəhid ailələri
həmişə diqqət mərkəzindədir. Bu
kateqoriyadan olanlar hər cür qayğı ilə əhatə
olunub. Onlar üçün Dövlət Proqramı əsasında
inşa olunan ikimərtəbəli, ikibloklu, səkkizmənzilli
bina istifadəyə verilib. Olimpiya Kompleksində
inşaat işləri davam
etdirilir.
Rayonda bütün sahələrdə həyata
keçirilən əsaslı islahatlar sosial-iqtisadi göstəricilərə
də öz təsirini göstərib. 2005-ci ilin ilk altı
ayı ilə cari ilin altı ayının müqayisəsində
biz bunu daha aydın görürük: 2005-ci ilin altı
ayında ümumi məhsul istehsalı 58828, sənaye məhsulu
5340, tikintiyə kapital qoyuluşu 1199, kənd təsərrüfatı
məhsulu 197871, ticarət dövriyyəsi 26968 manat olmuşdusa,
cari ilin altı ayında ümumi məhsul istehsalı 77941, sənaye
məhsulu 7400, tikintiyə kapital qoyuluşu 1900, kənd təsərrüfatı
məhsulu istehsalı 24060, ticarət dövriyyəsi 38363
manat olub. Rayon üzrə ümumi məhsulun həcmi cari ilin
altı ayında keçən ilin müvafiq dövrünə
nisbətən 32,5 faiz artaraq 77 milyon 941 min manat olub.
Masallıda bu gün hamı öz əməyinə,
gördüyü işlərə, tikinti-quruculuq işlərindəki
xidmətlərinə güvənir. Görülən kompleks
tədbirlərdə bütöv rayon əhalisinin iştirak
etməsinin nəticəsidir ki, qısa müddətdə
Masallı inkişaf etmiş bir rayon səviyyəsinə
yüksəlib. Rayon İcra Hakimiyyəti
başçısı Oqtay Əliyevin iacr hakimiyyətindəki
qapısı hamının üzünə
açıqdır. Müharibə əlilləri və şəhid
ailələri, imkansızlar, ümumiyyətlə,
bütün Masallı vətəndaşları hər an
öz problemlərini, dərd-sərini icra hakimiyyətinə
demək imkanına malikdirlər. Bütün bunlara görə
də rayonda vəzifəsindən, mövqeyindən
asılı olmayaraq hər kəs bu gün dövlətimizin
regionlarda apardığı iqtisadi, sosial-mədəni siyasətə
dəstək verir, ümummilli liderimiz Heydər Əliyevin əsasını
qoyduğu milli dövlətçiliyin təməl prinsiplərinə
öz sədaqətlərini nümayiş etdirirlər.
Mövqe.- 2011.- 10 sentyabr.- S.