REGİONLARIMIZ: XAÇMAZ

 

Xaçmaz Azərbaycanın əsas turizm zonasına çevrilir

 

İqtisadi sahədə keçid dövrünün başa çatması Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Ölkədə aparılan uğurlu islahatlar iqtisadiyyatın hərtərəfli və çoxşaxəli tərəqqisinə, xalqın rifah halının yüksəldilməsinə münbit şərait yaradıb. Son 8 ildə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da davamlı inkişafı böyük perspektivlərə yol açıb. Həmçinin qeyri-neft sektoruna daxil olan prioritet sahələrdən biri kimi turizm ölkə iqtisadiyyatında aparıcı mövqe tutmağa başlayıb.

Azərbaycanda beynəlxalq turizmin inkişafı üçün hər cür potensial mövcuddur. Ölkədə 7000-dək mühafizə olunan yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə, mədəniyyət və cəlbedici təbiət guşəsi mövcuddur. Azərbaycan 11 iqlim qurşağından 9-na malikdir. Respublikanın şərqlə Qərbin təmas nöqtəsində yerləşməsini, ölkədəki ictimai-siyasi sabitliyi, 3 böyük dinə mənsub insanların bu coğrafiyada mehribancasına yaşamasını, zəngin milli mətbəximizi, yüksək azərbaycanlı qonaqpərvərliyini də bura əlavə etsək, bu məkanın turistlər üçün nə qədər cəlbedici olduğu aydın görünər.

Son illərdə respublikada turizm şirkətlərinin və mehmanxanalarının sayının artması, turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişafı Azərbaycanın dünya turizm bazasına inteqrasiyasını sürətləndirib. Turizmin inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və genişləndirilməsi, zəruri xidmətlərin müasir standartlara uyğunlaşdırılması kimi amillər dayanır.

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin "Turizm ili" elan edilməsi regionlarda turizmin inkişafına geniş imkanlar açıb. Bu baxımdan turizm sahəsində müəyyən ənənələri olan Xaçmaz rayonunda son illər həyata keçirilən tədbirlər də diqqəti xüsusi cəlb edir. Əlverişli coğrafi bir məkanda - Kiçik Qafqazın ətəyində, Xəzərin sahilində, Samur-Abşeron ovalığında yerləşən Xaçmaz turizm baxımından unikal və ecazkar bir məkandır. Rayonun füsunkar təbiəti və iqlimi ilin hər fəslində mülayim və ürəkaçandır. Bərəkətli torpağı, gur meşələri, çınqıllı-daşlı çayları, səfalı bulaqları, qədim abidələri, bir sözlə, heyranedici təkrarsız mənzərələri bu yerləri ilk dəfə gəzib-dolaşan hər kəsdə unudulmaz təəssüratlar yaradır.

Son illər Xaçmazda aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri elə səviyyəyə çatıb ki, burada keçmişin miskin qalıqlarından əsər-əlamət qalmayıb. Parklar, xiyabanlar, muzeylər, nadir memarlıq üsulu ilə inşa edilən binalar, abidələr rayona təkrarsız gözəllik bəxş edib. Nabran-Yalama zonası isə məşhur turizm və istirahət məskəni kimi şöhrət tapıb.

Bölgədə üstün imkanları və keyfiyyətləri ilə seçilən Xaçmazda turizmin inkişafı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Xaçmaz Regional Turizm və İnformasiya mərkəzinin direktoru Vasif Əhmədov bildirir ki, Xaçmazda ilk turizm müəssisələri hələ ötən əsrin 70-ci illərində - ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə inşa olunaraq istifadəyə verilib: "50-60-cı illərdə bu sahədə ən zəif inkişaf etmiş respublikalardan sayılırdıq. Turizmin inkişafında oyanış yalnız Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nin birinci katibi seçilməsindən sonrakı dövrlə bağlıdır. Belə ki, dövlət səviyyəsində qəbul edilmiş bir çox qərarlarda kütləvi turizmin təşkili, sahənin işinin təkmilləşdirilməsi, şəbəkənin genişləndirilməsi, turist-ekskursiya işinin mühüm xidmət sahəsinə çevrilməsi və s. ön plana çəkildi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə o illərdə bir sıra regionlarda geniş quruculuq, abadlıq işləri aparıldı. İstirahət zonası kimi Nabranda 400 yerlik turist bazası fəaliyyətə başladı. 70-ci illərdə "Xəzər" və "Dostluq" turist bazaları, həmçinin "Şahdağ" istirahət evi kimi ailəvi dövlət istirahət mərkəzləri yaradıldı".

Onun sözlərinə görə, ötən əsrin 80-cı illərinin əvvəlində turizmin inkişafına dair bir sıra qərarlar qəbul edilsə də, sonradan məlum hadisələr səbəbindən nəzərdə tutulan layihələrin reallaşması mümkün olmayıb: belə ki, SSRİ-nin dağılması və Qarabağ hadisələri turizmə böyük ziyan vurub. 90-cı illərin əvvəllərində ölkənin ən narahat bölgələrindən sayılan Xaçmazda turizm sahəsi böhranla üzləşib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı burada turizm sektorunun inkişafına yeni nəfəs verib. Azərbaycanın inkişafı ilə əlaqədar regionlarda yeni tikilən istirahət mərkəzlərinə, otellərə və digər turizm obyektlərinə investisiyalar qoyulub.

Son illər ardıcıl və sistemli şəkildə həyata keçirilən islahatların nəticəsi olaraq Xaçmazda turizm sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev hələ 2006-cı ilin iyulun 26-da Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin açılışında iştirak edib, onun fəaliyyətinə xeyir-dua verib. Hazırda rayonda 70-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt mövcuddur. Bunlardan 30-dan çoxuna Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi razılıq lisenziyası verilib. O cümlədən Xaçmazda hazırda 3 turist bazası, 3 mehmanxana, 2 motel, 1 isti su sağlamlıq mərkəzi, 43 istirahət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin beş mindən çox turisti eyni zamanda qəbul etmək imkanı vardır. Rayonun istirahət mərkəzlərində 1800 (o cümlədən 142-si lyuks, 511-i 1-ci dərəcəli, 1147-si isə turist dərəcəli olmaqla) nömrə var.

2011-ci ilin Azərbaycanda "Turizm ili"nin elan edilməsi rayonda turizmin inkişafına yeni perspektivlər açıb. Eyni zamanda turizmin inkişafına dair yeni dövlət proqramı sahənin inkişafına yeni təkan verib. Bütün bunlar barədə məlumat verən Vasif Əhmədovun sözlərinə görə, turizm sahəsində kadr hazırlığı ilə yanaşı, yüksək səviyyəli xidmətin təşkili də son dərəcə mühüm şərtdir. Hazırda Xaçmaz Regional Turizm və İnformasiya Mərkəzində xarici dilləri, bələdçiliyi bilən, ən əsası, rayonu mükəmməl tanıyan 4 nəfər ali təhsilli mütəxəssis çalışır.

Vasif Əhmədovun sözlərinə görə, son illər rayonda turizm obyektlərinin sayı sürətlə çoxalıb. Nəticədə həm də səyyahların rayonun görməli, gəzməli və istirahət yerlərinə axını artıb. "Kaspian sea", "Atlant", "Palma", "Malibu", "Oberlyuks", "Qrinvill" və "Çobanbulaq", "Ulduz" və digər turizm obyektləri turistlərin rahatlığını təmin edən, Avropa standartlarına cavab verən layiqli istirahət mərkəzləridir. Yay mövsümü ərzində bu istirahət mərkəzlərində turistlər üçün tanınmış müğənnilərin iştirakı ilə konsertlər, musiqili-əyləncəli oyunlar, gecələr təşkil edilib. Turistlərin yüksək zövqünə uyğun xidmətin təşkili üçün bütün zəruri tədbirlər görülüb. Yay aylarında turistlərin yerləşməsi üçün 35 minə yaxın yer ayrılıb.

Ölkə vətəndaşları ilə yanaşı, rayonun istirahət mərkəzlərinə son illərdə xeyli sayda xarici ölkə vətəndaşları da gəlirlər. Xarici turistlər, əsasən, MDB ölkələrindən, Türkiyə, Almaniya və digər ölkələrdən gəlirlər. Rayonda turizmin ən gəlirli və ayrılmaz sahələrindən olan ekskursiyaların təşkili istiqamətində də müəyyən tədbirlər həyata keçirilir. Rayona səfər edənlər Xaçmazın qədim tarixi mədəniyyət abidələri, gəzməli-görməli yerləri ilə tanışlıq imkanı qazanır.

Ümumilikdə, 2010-cu ildə rayon üzrə turizm sektorundan 3 milyon 500 min manat gəlir əldə edilib və bu da rayonun mövcud potensialı baxımından qənaətbəxş sayıla bilməz. Yay mövsümündə Mədəniyyət və Turizm şöbəsi ilə birgə yerli musiqiçilərin, pəhləvanların, rəqqasların, müğənnilərin və digər incəsənət işçilərinin istirakı ilə istirahət mərkəzlərində mədəni-kütləvi tədbirlər keçirilib. Mərkəzi Rayon Kitabxanası turistlərin çox olduğu yerlərdə təmənnasız kitab köşkü təşkil edib.

Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də diqqət mərkəzindədir. 2008-ci ildə Ukraynada keçirilən Beynəlxalq turizm sərgisində Xaçmaz rayonunun nümayəndə heyəti də iştirak edib. Səfər müddətində Ukrayna turistlərinin regiona cəlb olunması üçün geniş təşviqat aparılıb. Tədbirdə, həmçinin turizm mərkəzlərinin rəhbərləri ilə Ukrayna tərəfindən turist mübadiləsi barədə müqavilə imzalanıb.

Vasif Əhmədov, həmçinin qeyd etdi ki, Xaçmaz rayonu füsunkar təbiəti, quruculuq və abadlığı ilə regionda seçilir. Buradakı keyfiyyət yerli və xarici turistlərin diqqətini cəlb edir, onların bu zonaya təkrar səfərlərinə səbəb olur. Bu il mərkəz tərəfindən turizm marşrutu paketləri, tarixi abidələrə, dini ocaqlara, muzeylərə, təbiət qoynuna və yaxın rayonlara turist marşrutları hazırlanıb. Əsas meyar yüksək xidmətlə yanaşı, turistlərə rayonu mükəmməl şəkildə tanıtmaqdır. Onun sözlərinə görə, Xaçmaz rayon rəhbərliyi turizm obyektlərinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına daim qayğı, diqqət göstərir, faydalı təklif və tövsiyələrini verməklə yanaşı, köməkliyini əsirgəmir.

Şübhəsiz, turizm xüsusi diqqət və qayğı tələb edən strateji bir sahədir. Xaçmaz rayonunun timsalında respublikamızın nə qədər geniş turizm potensialına malik olduğu bir daha təsdiqlənir. İnanmaq olar ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Xaçmaz özünün zəngin turizm potensialı ilə təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tanınacaq, məşhurlaşacaq.

 

(ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Xaçmaz-Bakı

 

Mövqe.- 2011.- 16 sentyabr.- S. 10.