REGİONLARIMIZ: XAÇMAZ

 

Xaçmaz informasiya texnologiyalarının inkişafı sahəsində də mühüm uğurlara imza atıb

 

Rayonda 1000-dən çox yüksək sürətli internet istifadəçisi var

 

İnkişafın Azərbaycan modeli üçün xarakterik cəhətlərindən biri də Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin olunması, respublikanın bu sahədə əlverişli tranzit ölkəsinə, regional mərkəzə çevrilməsidir. Dövlət başçısı İlham Əliyevin informasiya və kommunikasiya texnologiyalarını neftdən sonra ikinci prioritet sahə elan etməsi İKT sektorunun uzunmüddətli inkişafına etibarlı təminat yaradıb. Xüsusən də son illərdə həyata keçirilən kompleks tədbirlər Azərbaycanın bu sahədə regional liderliyinə geniş imkanlar açıb. Azərbaycanın bu mühüm sahədə MDB öncüllərindən olması Ümumdünya İqtisadi Forumunun və digər beynəlxalq qurumların illik hesabatlarında da xüsusi vurğulanır.

Prezident İlham Əliyevin son illərdə imzaladığı bir sıra fərman və sərəncamlar, dövlət proqramları nəinki paytaxt və iri şəhərlərdə, eləcə də regionlarda rabitənin sürətli inkişafına əsaslı təkan verib. Bu gün Azərbaycanın müxtəlif rayonlarında müasir informasiya və kommunikasiya vasitələrinin təmini respublikada bir vaxtlar mövcud olan "rəqəmsal uçurumu" əsaslı şəkildə aradan qaldırıb. Bölgələrdə İKT-nin inkişafı həm də regionlarda mədəni-intellektual mühitin sağlamlaşmasını, kreativ düşüncəli gənc nəslin formalaşmasını təmin edib. Konkret olaraq Xaçmaz rayonunun timsalında bütün bunları əminliklə söyləmək olar. Azərbaycanın ən müasir, abad rayonlarından birinə çevrilən Xaçmaz bu gün həm də rabitə və informasiya texnologiyaları sahəsindəki uğurları ilə diqqəti çəkir.

Xaçmaz rayon Telekommunikasiya Qovşağının rəisi Səməd Səfərov bizimlə söhbətində müstəqillik illərində Xaçmaz rabitəsinin böyük inkişaf yolu keçərək müasir səviyyəyə çatdığını bildirdi. Onun sözlərinə görə, ötən 18 ildə bütün respublikada olduğu kimi, Xaçmazda da rabitənin müasirləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib: "Məlumdur ki, 1993-cü ilədək Azərbaycanda bütün sahələr kimi rabitə sistemi də ciddi böhran keçirirdi. Rabitə infrastrukturu dağılmış, rabitə xətləri oğurlanmış, talanmışdı. Kəndlərdə ATS-lərə enerjinin verilməməsi rabitəni iflic vəziyyətinə salmışdı. Bundan başqa, İttifaqın dağılması və ənənəvi əlaqələrin qırılması digər sahələrdə olduğu kimi, rabitə-telekommunikasiya sahəsində də ağır problemlərə rəvac vermişdi".

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra rabitə sahəsində vəziyyətin köklü surətdə dəyişdiyini deyən Səməd Səfərov bildirib: "Bütün digər strateji əhəmiyyətli sahələr kimi respublikada rabitə-poçt və informasiya texnologiyaları kompleksinin sürətli inkişafı, bu sahənin modernləşdirilməsi, müasir dövrün tələblərinə uyğun qurulması ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. 1993-2003-cü illər respublika rabitəsinin bütün növlərinin inkişafında ciddi və əhəmiyyətli dönüş mərhələsi kimi xatırlanır. "İnsanların işləməsi, fəaliyyət göstərməsi üçün, dövlətlərin, dövlət orqanlarının, ayrı-ayrı qurumların, hər bir təşkilatın işləməsi üçün rabitə çox mühüm vasitədir" - deyən ulu öndər Heydər Əliyev bu sahənin ardıcıl və sistemli inkişafına xüsusi diqqət yetirdi. Bu illərdə rabitə və informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi üçün zəruri hüquqi-normativ baza formalaşdırıldı, maddi-texniki təminat müasir tələblərə uyğunlaşdırıldı. Aparılan kompleks islahatlar nəticəsində Azərbaycanda mobil telefon rabitəsi, o cümlədən internet dinamik inkişaf etməyə başladı, rəqəmsal sistemin tətbiqi geniş vüsət aldı, yeni texnologiyaların geniş yayılması üçün böyük investisiya sərf olundu. ATS-lər elektronlaşdırılmış, dövlət müəssisələrinin kompüterlə təminatı prosesi sürətləndi".

Səməd Səfərovun sözlərinə görə, ötən illərdə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər Xaçmaz rayonunda İKT sektorunun sürətli inkişafını təmin edib. O, prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini də xüsusi önə çəkib: "Ümumiyyətlə, rabitə və telekommunikasiya sistemi son 10 ildə sürətli inkişaf yolu keçib, müasirləşib. Həm şəhərlərdə, həm də kəndlərdə keçmiş sovetlər birliyi dövründən qalmış analoq tipli avadanlıqlar müasir tipli elektron avadanlıqlarla, ATS-lərlə əvəz olunub. 2010-cu ilin sonuna kimi Xaçmaz rayonunda bir ədəd də olsun, köhnə, analoq tipli avadanlıqlar qalmayıb, yəni rabitə sistemi elektronlaşdırılıb. Bu, əlbəttə, rabitə sisteminə möhtərəm Prezident İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Eyni zamanda, bu sahənin elmi əsaslarla inkişafında nazir Əli Abbasovun da xidmətləri xüsusi qeyd olunmalıdır".

Xaçmaz Telekommunikasiya Qovşağının sədri onu da bildirdi ki, rayon rabitəsində son illərdə həyata keçirilmiş islahatlar çoxşaxəli olub bu sahənin tamamilə modernləşdirilməsinə xidmət edir. Rabitə sisteminin inkişafı rayonda internet istifadəçilərinin də sayının əsaslı şəkildə inkişafını təmin edib: "Qısa müddət ərzində rayonda 18 ATS yenisi ilə əvəz edilib, onların birləşdirici xətlərinin rəqəmsal avadanlıqlara keçirilməsi üçün 120 kilometrə yaxın optik kabel xətləri çəkilib. Bütün bu işlər hamısı rayon telekommunikasiya qovşağının daxili imkanları hesabına görülüb. Bundan əlavə, Rabitə və İnformasiya Nazirliyinin dəstəyi ilə rayonda internetin inkişafı yönündə mühüm tədbirlər həyata keçirilib. Bu gün Xaçmaz rayonunda 5 internet provayderi - "Aztelekomnet", "Data+", "Azintel", "Smart" və "Azdunet" fəaliyyət göstərir. "Azdunet" provayderi yalnız Xaçmaz məktəblərinə internet xidməti göstərir. Yeri gəlmişkən, son illərdə Xaçmaz və Xudat şəhərlərinin bütün məktəbləri yüksək sürətli internetlə təmin olunublar. Bundan əlavə, təkcə Xaçmaz şəhərində 1000-dən, Xudatda 100-dən çox sürətli internet istifadəçisi var. Artıq kənd yaşayış məntəqələrində də yüksək sürətli internetin tətbiqinə başlamışıq. Artıq "Aztelekom" İstehsalat Birliyinin rəhbərliyi tərəfindən tender keçirilib və yaxın gələcəkdə biz rayonun bir sıra kəndlərinə - Yalama, Nabran, Ləcət, Qusarçay, Yergöy, Xanoba, Aşağı Zeyid, Hacıəlibəy, Armudapadar, Çarxı və digər kəndlərə yüksək sürətli internet xətləri verə biləcəyik".

Xaçmazda peyk rabitəsinin də sürətlə inkişaf etdiyini deyən Səməd Səfərovun sözlərinə görə, rayonda simsiz rabitəyə maraq sürətlə artır: "Rayonda stasionar rabitədə 14176 abonent vardır. Müqayisə üçün bildirək ki, 5 il əvvəl bu abonentlərin sayı cəmi 7 min idi. Yəni 5 ildə abonentlərin sayı 2 dəfə artmışdır. Bundan başqa, rayonun 18 yaşayış məntəqəsində peyk rabitəsi quraşdırılıb. Peyk rabitəsi ilə işləyən abonentlərin sayı 150-dən yuxarıdır. Bu da texniki baxımdan telefonlaşdırıla bilməyən kəndlərə rabitə imkanı verir. 1000 nömrəli "SDMA" simsiz telefon rabitəsi avadanlığının quraşdırılmasını da bu baxımdan xüsusi vurğulaya bilərik. Bu sistemin baza stansiyaları həm Xaçmazda, həm Xudatda, həm də Nabran kəndində yerləşdirilib və rayonun bütün coğrafi ərazilərini əhatə edir. Hazırda rayonda 780 abonent simsiz telefon rabitəsindən istifadə edir".

Səməd Səfərov Xaçmaz Telekommunikasiya Qovşağının son illərdə maliyyə göstəricilərinin yaxşılaşdığını, əməkdaşların məvaciblərinin əhəmiyyətli dərəcədə artdığını bildirdi: "Xaçmaz Telekommunikasiya Qovşağı mütəmadi olaraq maliyyə öhdəliklərini həyata keçirir, vergiləri vaxtlı-vaxtında ödəyir. Həyata keçirilən tədbirlər nəticəsində qovşağın aylıq gəlirləri 50 min manatdan 90 min manata yüksəlib. Bunun nəticəsində rabitə işçilərinin aylıq əmək haqqını da mütəmadi olaraq qaldırırıq. Hazırda qovşaqda 120 nəfər çalışır və onların orta aylıq əməkhaqqı 300 manat təşkil edir. Bundan başqa, il ərzində işçilərə əlavə mükafatlar da veririk. Yəni işçilərin sosial müdafiəsi tədbirləri də diqqətdən kənarda qalmır".

Səməd Səfərov həmçinin vurğuladı ki, ölkə başçısının regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı dövlət proqramlarına müvafiq olaraq Xaçmazda kəndlərin telefonlaşdırılması prosesi daha da sürətlənib: "Bununla əlaqədar Xaçmaz və Xudat şəhərinin Mürşüdoba, Çarxı, Yalama, Nabran, Seyidli, Kənd Xudat, Pirquluoba və digər kəndlərdə, yeni yaşayış məntəqələrində telefonlaşdırma işləri davam etdirilir. Yəqin ki, 2011-ci ilin sonuna kimi bu istiqamətdə böyük nəticələr əldə edəcəyik. Bundan əlavə, rayonun rabitə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə bu ilin iyulunda 7 rəqəmli nömrələnmə sisteminə keçdik. Bu proses zamanı rabitədə bir dəqiqə də olsun, fasilə halları baş vermədi. Bu qlobal məsələnin öhdəsindən uğurla gəldik".

Maraqlı burasıdır ki, hələ paytaxtda da geniş yayılmamış modern rabitə vasitələrinin Xaçmazda tətbiqinə xüsusi diqqət yetirilir. Bununla bağlı məlumat verən Xaçmaz Telekommunikasiya Qovşağının rəisi Səməd Səfərov bildirdi ki, hazırda rayonda "NJN" rabitə sisteminin tətbiqi istiqamətində işlər davam etdirilir: "Yəni abunəçilərə telefon xətti vasitəsilə televiziya verilişlərinin verilməsi, videotelefonların istifadəsi istiqamətində işlər davam etdirilir. Bu sistemlə eyni zamanda abonentlərin sürətli internetdən istifadəsi mümkün olacaq. Habelə, vətəndaşlar telefon vasitəsi ilə evlərindən bütün kommunal ödənişləri etmək imkanı qazanacaqlar. Hesab edirəm ki, gələn il Azərbaycanın süni peyki işə düşəndən sonra bizim yeni texnologiyaları tətbiq etmək imkanlarımız daha da genişlənəcək. Bundan isə ümumilikdə respublikamız böyük miqdarda gəlir götürəcək".

İnformasiya texnologiyaları daim inkişafda olan, sürətlə yeniləşən, müasirləşən sahədir. Bu sahədə inkişafın sonu və son imkanları isə yoxdur. Bu mənada, Xaçmazda tətbiq olunan yeniliklər ölkəmizin regionlarında İKT-nin sürətli tərəqqi yolunda olduğunu göstərir.

 

(ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Xaçmaz-Bakı

 

Mövqe.- 2011.- 17 sentyabr.- S. 10.