Türkiyə-Azərbaycan
strateji müttəfiqliyi daha
da möhkəmlənir
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının ilk iclasında hərbi əməkdaşlıq
məsələlərinin də müzakirəsi istisna olunmur
Azərbaycan və Türkiyə arasında Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq Şurasının
ilk iclasının bu ilin oktyabrında keçirilməsi
planlaşdırılır. Xatırladaq ki, bu strateji qurumun
yaradılması barədə bəyannaməni hələ
2010-cu il sentyabrın 15-də Türkiyənin
Çırağan sarayında Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
imzalayıblar. Ötən müddətdə isə Şurada
müzakirə olunacaq əsas məsələlər müəyyənləşdirilib.
Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli
səfiri Hülusi Kılıc bildirib ki, iclasda siyasi, iqtisadi,
sosial, mədəni, humanitar və digər sahələrdə
15-dək sazişin imzalanması nəzərdə tutulub.
Siyasi müşahidəçilər Şura iclasında hərbi
əməkdaşlıq sahəsində də mühüm
razılaşmaların əldə olunacağını istisna
etmirlər.
Hər bir dövlətin xarici siyasətdə
xüsusi önəm verdiyi müttəfiqlər olur və bu
prizmadan Azərbaycan-Türkiyə münasibətlərinin də
tarixin sərt sınaqlarından uğurla
çıxdığını əminliklə demək
mümkündür. İki dost ölkə arasında strateji
müttəfiqlik münasibətləri ötən müddətdə
ən yüksək pilləyə yüksəlib, əbədi
və dönməz xarakter alıb. Ölkələrimiz
arasında əlaqələr tarixi-siyasi zəmin üzərində
inkişaf etməklə, bütövlükdə regionun siyasi
taleyinin müəyyənləşməsində mühüm
rol oynayır. Bu gün bölgədə Türkiyə və
Azərbaycanın iştirakı olmadan hər hansı layihəni
gerçəkləşdirmək də mümkün deyildir.
Hər iki strateji müttəfiq ilk növbədə
bir sıra regional layihələrin həyata keçirilməsi
sahəsində səmərəli və fəal əməkdaşlıq
edir. Xüsusən də 2007-ci ildə tikintisinə
başlanılmış Bakı-Tbilisi-Qars dəmiryolu xətti
Azərbaycan və Türkiyənin regional mövqeyini, tranzit əhəmiyyətini
nəzərəçarpacaq səviyyədə
artırır. Bundan başqa, Türkiyə hələ
1994-cü ildə Qərb şirkətləri ilə
imzalanmış "Əsrin müqaviləsi"ndə
müəyyən pay bölgüsü olan dövlət kimi Azərbaycanın
enerji resurslarının hasilatı və dünya
bazarlarına ixracı prosesində fəal iştirak
imkanlarına malikdir. Hələ 1992-ci ildə
respublikamızda fəaliyyətə başlayan Türk
Petrolları Anonim Ortaqlığı (TPAO) şirkəti bu
tarixi müqavilədə 6,75 faizlik iştirak paya malikdir.
Şirkət "Şahdəniz" yatağının kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
sazişində 9 faizlik iştirak payına da malik olmaqla
yanaşı, "Araz-Alov-Şərq" və
"Kürdaşı" hasilatın pay bölgüsü
sazişlərinin bilavasitə
iştirakçısıdır.
Hazırda Xəzərin Azərbaycan sektorundakı
karbohidrogen ehtiyatlarının dünya bazarlarına
çıxarılması üçün optimal ixrac
marşrutları sistemi mövcuddur. Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin
istismara verilməsi təkcə respublikamızın deyil, həm
də Türkiyənin regiondakı əhəmiyyətini
olduqca artırıb. Qardaş ölkənin TPAO şirkəti
də bu qlobal enerji layihələrinin fəal
iştirakçılarından biridir. Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəməri layihəsinin
reallaşdırılması məqsədilə
yaradılmış "BTC Ko"-nun səhmdarlarından olan
şirkət adı çəkilən layihədə 6,53 faizlik
iştirak payı əldə edib. Bundan əlavə, TPAO
şirkəti "Şahdəniz" qazının Türkiyə
və Avropa bazarlarına ixracını nəzərdə tutan
Cənubi Qafqaz boru kəməri layihəsinin maliyyə səhmdarlarından
biridir. Ötən illərdə şirkət Azərbaycanın
neft və qaz layihələrinə 1,8 milyard dollardan artıq sərmayə
yönəldib.
Türkiyə ilə Azərbaycan arasındakı
iqtisadi münasibətlər, heç də sırf
enerji-kommunikasiya layihələri ilə məhdudlaşmır.
Bu gün türk iş adamlarının Azərbaycanda bizneslə
məşğul olmasına, qeyri-neft sektorunda mühüm
layihələr həyata keçirməsinə bütün zəruri
imkanlar yaradılıb. Respublikada yaradılmış əlverişli
sərmayə mühiti türk iş adamlarının ölkəmizə
inamını getdikcə artırır. Bunun nəticəsi
olaraq ölkələrimiz arasında ticarət dövriyyəsinin
həcmi də ildən-ilə artır. 2003-cü ildə Azərbaycanla
Türkiyə arasında ticarət dövriyyəsi 300 milyon
ABŞ dolları təşkil etdiyi halda, hazırda bu rəqəm
2 milyard dollara çatıb. Azərbaycan neftinin əsas
alıcısı olan İtaliyanı istisna etsək,
hazırda Türkiyə Azərbaycanın əsas ticarət
partnyoru sayılır. Hazırda respublikamızda 230-dan
artıq türk şirkəti fəaliyyət göstərir və
həmin şirkətlərdə 30 mindən artıq Azərbaycan
vətəndaşı çalışır. Türk iş
adamları indiyədək ölkəmizə 3 milyard dollardan
artıq sərmayə yatırıblar.
Azərbaycanla Türkiyə arasında mədəni-humanitar
və elmi-texniki əlaqələr də yüksələn xətlə
inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq,
tələbə mübadilələri, incəsənət
xadimlərinin qarşılıqlı səfərləri, birgə
mədəni tədbirlər ardıcıl olaraq həyata
keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq
həm də TÜRKSOY çərçivəsində
inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil
alan Azərbaycan tələbələrinin sayı 3000 nəfərə
çatır. Azərbaycanlı kursantlar Türkiyənin
yüksək səviyyəli ali hərbi akademiyalarında NATO
standartlarına uyğun kadr kimi formalaşmaq imkanı əldə
ediblər. Müstəqil dövlət quruculuğu yolunda Azərbaycana
siyasi və iqtisadi yardım göstərən Türkiyə
Cümhuriyyəti müstəqil dövlətçiliyin əsas
atributlarından olan ordu quruculuğu sahəsində də
öz potensialından bəhrələnməyə imkan
yaradıb. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq
ildən-ilə genişlənərək Azərbaycan ordusu
üçün zabit kadrlarının hazırlanmasında, hərbi
təlimlərin keçirilməsində, maddi-texniki
bazanın möhkəmləndirilməsində, bir sözlə,
ordumuzun NATO standartları səviyyəsində qurulmasında
mühüm rol oynayıb.
Son illərin geosiyasi reallıqları göstərir
ki, Türkiyə Avropada, Yaxın Şərqdə və
dünyanın digər regionlarında əsasən qərbyönlü,
NATO ölkələri ilə uzlaşdırılmış
siyasət yeritməsinə rəğmən, bir sıra milli məsələlərdə
öz maraqları çərçivəsində
çıxış edir. Qardaş ölkə ilə
Yunanıstan arasında Kiprlə bağlı problemin
olması, Türkiyənin islam aləminə mənsubluğu,
əhali resurslarının genişliyi, sürətli demoqrafik
artım və digər məsələlər bəzi Avropa
dövlətlərinin qısqanc münasibəti ilə
qarşılanır. Fələstin problemi, habelə Qəzza
bölgəsinə humanitar yardım aparan "Azadlıq"
donanmasına məlum silahlı hücumla bağlı
Türkiyə-İsrail münasibətlərinin gərginləşməsini
də buraya əlavə etmək olar. Azərbaycan son proseslərdə
də bir daha yaxın strateji müttəfiqi olan Türkiyənin
mövqeyini dəstəkləyir.
Türkiyənin Yaxın və Orta Şərq dövlətləri,
müsəlman dünyası, Cənubi Qafqaz və digər
region dövlətləri ilə münasibətlərində
həm Qərbin, NATO-nun və beynəlxalq hüquq
normalarının tələbləri, həm də dini, etnik və
regional faktorlar nəzərə alınır. Və bu da bəzən
rəsmi Ankaranı Qərbdəki müttəfiqləri ilə
üz-üzə qoyur. Türkiyənin Avropa Birliyinə gedən
yolunda müxtəlif süni maneələrin ortaya
atılması da məhz Türkiyənin regionda artan roluna və
potensialına Avropadakı ehtiyatlı münasibətin təzahürüdür.
Bütün bu reallıqlar fonunda rəsmi Ankara regionda güvənməli
həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunun da
yaxşı fərqindədir.
Strateji müttəfiq ölkələr müxtəlif
beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir,
ortaq maraqlardan çıxış edirlər. Türkiyə
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə
edir, rəsmi Bakı öz növbəsində uydurma "erməni
soyqırımı"nın ifşa olunmasında rəsmi
Ankara ilə birgə addımlar atır. Xatırlatmaq
lazımdır ki, 2009-cu ilin fevralından rəsmi Ankaranın
Ermənistanla sərhədləri açacağı ilə
bağlı yayılan məlumatların istər Türkiyədə,
istərsə də Azərbaycanda müxtəlif səviyyələrdə
narazılıqla qarşılanması, ciddi müzakirəyə
çevrilməsi iki dost, qardaş ölkə
arasındakı münasibətlərin əlahiddə
xarakterindən irəli gəlirdi. Lakin siyasətdə nə qədər
çətin, mürəkkəb situasiyalar olsa belə, müəyyən
mənəvi-əxlaqi dəyərlər, milli maraqlar sonda
sözünü deyir. Zəngin dövlətçilik təcrübəsinə,
iqtisadi, siyasi və hərbi potensiala malik Türkiyə də
yayılan əsassız məlumatlara rəğmən, sonda
milli maraqlarını müdafiə etmək, müstəqil
siyasət yeritmək niyyətində olduğunu sübuta
yetirdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan,
o cümlədən Prezident Abdullah Gül bu məlumatların
reallıqdan uzaq olduğunu bəyan etdilər.
Hələ 2010-cu ilin aprelində bədnam erməni
lobbisinin təsiri altında Amerika Konqresində qondarma "erməni
soyqırımı" məsələsinin ciddiliklə
gündəmə gəlməsi də rəsmi Ankaranı
xarici siyasətdə ümumtürk birliyi xəttini gücləndirməyə
sövq edir. Türkiyə hökuməti terrorçu PKK təşkilatına
qarşı mübarizədə müttəfiq
saydığı Qərb dövlətlərindən gözlədiyi
siyasi və mənəvi dəstəyi məhz Şərqdə
- tarixi tellərlə bağlı olduğu türkdilli
dövlətlərdən ala biləcəyini yaxşı
başa düşür. Bunun müqabilində Türkiyənin
adekvat addımlarını da xüsusi vurğulamaq
lazımdır. Qarsda "erməni-türk dostluğu"na
ucaldılmış abidənin uçurulması, Ermənistanla
imzalanmış Sürix protokollarının bir müddət əvvəl
rəsmən ləğv edilməsi bunun əyani göstəricisidir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın
bir müddət əvvəl Azərbaycana gerçəkləşmiş
növbəti rəsmi səfəri bir daha təsdiqlədi ki,
ölkələrimiz arasında əlaqələr tarixi-siyasi
zəmin üzərində inkişaf etməklə,
bütövlükdə regionun siyasi taleyinin və gələcək
inkişaf perspektivlərinin müəyyənləşməsində
mühüm rol oynayır. Birmənalı demək olar ki, bu
gün bölgədə Türkiyə və Azərbaycanın
iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək
mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb
geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə
həlli, sülh, sabitlik və iqtisadi inkişafın təmin
olunması zərurəti iki türkdilli dövləti daha da
sıx birləşməyə sövq edir. Azərbaycanın
regiondakı rolunun artması, eyni zamanda Türkiyənin
dünya iqtisadiyyatında mühüm mövqelərə
çıxması iki dövlət arasında iqtisadi və
siyasi əlaqələrin daha da genişləndirilməsini zəruri
edir.
T.NƏSİRLİ
Mövqe.- 2011.- 17 sentyabr.- S. 11.