REGİONLARIMIZ: ŞABRAN

 

Şabran Azərbaycanın müasir və abad şəhərinə çevrilib

 

Son illər regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlər Şabran rayonunda da qabarıq duyulur: mövcud potensialın səmərəli şəkildə reallaşdırılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzalanmış dövlət proqramlarından irəli gələn vəzifələrin düzgün icra edilməsi Şabran rayonunun bugünkü uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır.

Son illərdə rayonda həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olmağa çalışır. Xüsusilə də son aylarda buraya yolu düşənlər rayondakı genişmiqyaslı abadlıq və quruculuq, yenidənqurma işlərinə heyrətlərini gizlədə bilmirlər. Ən müasir şəhərlərə xas arxitektura əsasında abadlaşdırılan rayonun əksər küçə, meydan, park və xiyabanlarında, sosial-mədəni, inzibati obyektlərində, o cümlədən çoxsaylı yaşayış binalarında aparılan təmir və yenidənqurma işləri həqiqətən göz oxşayır.

Şabran rayonunda sosial-iqtisadi, mədəni quruculuq sahəsində qazanılan uğurlar həm də məqsədyönlü, ardıcıl, səmərəli və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun nəticəsidir. Rayon rəhbərliyi daim mütərəqqi yeniliklərə can atır, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında və düzgün icrasına nail olmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin avqust ayında rayona səfəri göstərdi ki, "Əfsanələr paytaxtı" Şabran abadlıq və quruculuq sahəsində də böyük uğurlara imza atıb. Dövlət başçısı rayonda görülən işlərlə yaxından maraqlandı, bir sıra sosial-mədəni obyektlərin açılış mərasimində iştirak etdi. Ümumilikdə səfərin gedişi göstərdi ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin gerçəkləşdirilməsi rayonun simasını əsaslı şəkildə dəyişib. Şabranın bir vaxtlar ürək ağrıdan miskin görkəmindən indi əsər-əlamət qalmayıb.

Son illər rayonda respublika əhəmiyyətli bir sıra layihələr uğurla icra edilir. Bu baxımdan 10,7 kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü kanalını xüsusi qeyd etmək olar. Samur-Abşeron suvarma sisteminin yenidənqurulması ilə bağlı layihə çərçivəsində Samur çayı üzərindəki Baş Hidroqovşaq əsaslı şəkildə bərpa edilib, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi tam yenilənib. Mükəmməlliyi ilə diqqət çəkən Baş Sudurulducu qurğu tikilib, müasir hidrotexniki qurğuları ilə birlikdə beton üzlüklü Xanarx kanalı istismara verilib. Azərbaycan tarixində ilk dəfə təsərrüfatlararası beton kanallar inşa olunub.

Dövlət başçısı Şabrana səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan su kanalının tikintisində işlərin gedişi ilə də tanış olub. Kanalın tikintisində məqsəd mövcud nasos stansiyalarını ləğv etməklə saniyədə 40 kubmetr suyu öz axını ilə Ceyranbatan su anbarına çatdırmaqdır. Beton üzlüklü həmin hidrotexniki qurğunun ümumi uzunluğu 110 kilometr 330 metr olacaqdır. Kanalın dibdən eni 2 metr, dərinliyi isə 4 metrdir. Burada mürəkkəbliyi ilə fərqlənən 10 düker, 2 akveduk, 1 tunel, 50 körpü, 231 selötürücü və 1 sutullayıcı qurğu inşa olunacaq. Tikinti zamanı 20 milyon kubmetrdən çox torpaqqazma, 6 milyon kubmetrə qədər tökmə torpaq, 393 min kubmetrədək beton işlərinin görülməsi nəzərdə tutulub.

Ötən müddətdə 87 kilometrlik açıq kanalın 37 kilometrlik hissəsində beton üzlük qoyulub, ümumi uzunluğu 9,2 kilometrə çatan 10 dükerdən 9-nun tikintisi başa çatdırılıb, bir akvedukun inşası tamamlanıb. Qazma işləri başa çatdırılan tuneldə hazırda betonlama aparılır. İndiyədək kanalın 12,1 kilometrlik qapalı hissəsinin 9,6 kilometri tikilib. Hazırda kanalın üzərindəki digər hidrotexniki qurğularda tikinti işləri davam edir. Bu obyektin inşasının da 2013-cü ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev Şabran şəhərində yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Yüksək memarlıq üslubunda inşa edilmiş mərkəz ulu öndərin xatirəsinin əbədiləşdirilməsi və zəngin siyasi irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Mərkəzdə Heydər Əliyevin büstü qoyulub, həmçinin ulu öndərin ölkəyə rəhbərliyinin müxtəlif dövrlərini əks etdirən fotostendlər yaradılıb. Mərkəzdə, həmçinin foto və video studiya, xarici dil mərkəzi, kitabxana fəaliyyət göstərir. Virtual siniflərlə yanaşı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan konfrans zalında da yüksək şərait mövcuddur. Bundan əlavə, mərkəzdə xalçaçılıq və digər dərnəklər də fəaliyyətdədir.

Prezident İlham Əliyev Şabrana səfəri çərçivəsində, həmçinin, Şabran Uşaq Yaradıcılıq Mərkəzində olub. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən mərkəzin tikintisinə 2010-cu ilin sonunda başlanılıb. Yüksək səviyyədə aparılan inşaat işləri bu il avqustun əvvəlində başa çatdırılıb. İkimərtəbəli mərkəz Şabranda uşaqların təlim və tərbiyəsinin müasir tələblər səviyyəsində inkişafı üçün lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə uşaqlar üçün "Nağıl otağı" yaradılıb. Mərkəzdə həmçinin, 5 mindən çox latın qrafikalı ədəbiyyat toplanıb, bunlardan da 500-ə yaxını uşaq ədəbiyyatıdır. Birinci mərtəbədə abonent otağı da yaradılıb. Həm azyaşlı, həm də orta məktəb şagirdlərinin sifarişi burada qəbul olunur. Hazırda mərkəzin 2 minədək oxucusu var. Mərkəzin kitab sərgisində burada olan ədəbiyyatlardan nüsxələr yerləşdirilib.

Mərkəzin ikinci mərtəbəsində informasiya-biblioqrafiya otağı yerləşir. Burada mərkəzə daxil olan dövri nəşrlər, qəzet, jurnal, uşaqlar üçün elektron tədris vasitələri, elektron vəsaitlər, öyrədici albomlar yerləşdirilib. Yardımçı fond da bu mərtəbədə yerləşir və burada ehtiyat ədəbiyyat nüsxələri saxlanılır. Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və elektron kitabxanası da ən müasir standartlara cavab verir. Elektron kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb. Sistemin yaddaşına 707 adda 35 minədək kitab, dövri mətbuat, qəzet və jurnallar daxil edilib, dövri mətbuatın elektron kartotekası yaradılıb. Burada oxuculara onlayn xidmət də göstərilir. Sistem vasitəsilə dövlət başçısının imzaladığı sərəncam, fərman və qanunların tam mətnindən ibarət baza yaradılıb. Ayrıca linkdə klassik və müasir əsərlərin, həmçinin uşaq ədəbiyyatına dair bir çox əsərlərin tam mətni oxucuların istifadəsinə verilib. Bir sözlə, yeniyetmələrin rahat istifadəsi üçün burada hər cür şərait yaradılıb. Mərkəzin ətrafındakı parklar yenidən qurulub, uşaq və sakinlərin istirahəti üçün şərait daha da yaxşılaşdırılıb.

Dövlət başçısının rayonda açılışında iştirak etdiyi mühüm obyektlərdən biri də Şabran Mədəniyyət Sarayıdır. Yenidən qurulan saray mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də şəhərin görkəminə xüsusi gözəllik verir. Əvvəllər kinoteatr kimi fəaliyyət göstərən bu binanın əsaslı təmirinə 2007-ci ildən başlanılıb. Sahəsi 580 kvadratmetr olan sarayda aparılan yenidənqurma zamanı işlərin yüksək səviyyədə görülməsinə maksimum diqqət yetirilib. Burada ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Şabran Mədəniyyət Sarayının zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün lazımi şərait mövcuddur. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar yaradılıb, rejissor pultu quraşdırılıb. 320 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, müasir akustika sistemi quraşdırılıb. Mədəniyyət Sarayının "Xınayaxdı" folklor kollektivinin çıxışları da raon sakinləri tərəfindən böyük maraqla qarşılanır. Sarayın nəzdində "Xınayaxdı" folklor kollektivi ilə yanaşı, "Çıraqqala" zurnaçılar kollektivi və "Şabran" teatr studiyası da fəaliyyət göstərir. Bu kollektivlər rayonun mədəni həyatında fəal iştirak edirlər. Bundan başqa, onlar həm də respublika əhəmiyyətli tədbirlərdə və müxtəlif müsabiqələrdə Şabranı layiqincə təmsil etməyə çalışırlar. Sarayda yaradılan şərait həmin kollektivlərə daha yaxşı işləmək, yaradıcılıq imkanlarını genişləndirmək imkanı verib.

 

 (ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Şabran-Bakı

 

Mövqe.- 2011.- 22 sentyabr.- S. 10.