REGİONLARIMIZ: ŞABRAN

 

  Şabranın müasir sosial-mədəni infrastrukturu əhalidə razılıq doğurur

 

  Regionların sosial-iqtisadi inkişafı sahəsində ciddi nailiyyətlərə imza atan Şabran rayonunda bu gün həm də sosial-mədəni infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan rayonda mövcud irsin qorunub saxlanılmasına xüsusi diqqət yetirilir.

   Respublikanın hər yerində olduğu kimi, Şabranda da aparılan genişmiqyaslı quruculuq tədbirləri nəticəsində rayon inkişaf edərək yeni görkəm alıb, seyrangahlar, tarixi abidələr abadlaşdırılıb, mədəniyyət müəssisələri bərpa edilib. Rayon mədəniyyət müəssisələrinin maddi-texniki bazasının daha da genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində aparılan işlər davam etdirilib, yeni mədəniyyət obyektləri yaradılıb.

   2011-ci ilin avqustunda rayonda olan Azərbaycan Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi belə obyektlərdən biri də Şabran Tarix-Diyarşünaslıq Muzeyidir. Əsaslı təmirdən çıxmış, eksponatları daha da zənginləşdirilmiş muzey Şabranın qədim tarixi, mədəniyyəti, incəsənəti barədə əyani təsəvvür yaradır. Rayonun malik olduğu zəngin tarixi-mədəni irsin öyrənilməsi baxımından Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyət daşıyır. Muzeydə qədim Şabranın tarixini əks etdirən, turistlər üçün də maraq doğuran çoxlu eksponat var.

   Baş fond mühafizi Vəfa Hüseynova bizimlə söhbətində bildirdi ki, muzeyin həyətində Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydəki eksponatlar arasında Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları da yer alıb. Vəfa Hüseynova bildirdi ki, ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, qədim Şabran şəhəri tarix və mədəniyyət abidəsi kimi qoruq elan edilib.

   Muzeyin girişində quraşdırılan fotostendlərdə ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin daxili və xarici siyasətini, o cümlədən Şabran rayonuna çoxsaylı səfərlərini əks etdirən fotoguşələr var. Bundan başqa, muzeydə rayonun tanınmış ziyalıları, 1941-1945-ci illər Böyük Vətən müharibəsinin şabranlı qəhrəmanları haqqında məlumatlar da yerləşdirilib. Rayon şəhidləri üçünsə ayrıca guşə yaradılıb. Ümumiyyətlə, muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3 min 572 eksponat nümayiş olunur. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb. Muzeydə rayonda toxunan xalçalardan da nümunələr var. Hazırda rayonda «Pirəbədil», «Şahnəzərli», «Zeyrə», «Pirəbədil-Heyrəti», «Hacı Qayıb», «Yeni Çiçi» xalçaları toxunur.

   Muzeyin baş fond mühafizi, həmçinin vurğuladı ki, Şamaxı şəhər kimi tam formalaşana qədər Şabran Şirvanşahların paytaxtı olub. Burada qədim Şabranın ticarət əlaqələrini əks etdirən sxem də maraq doğurur. Arxeoloqların Şabran qoruğunda apardıqları qazıntılar zamanı aşkar edilən müxtəlif eksponatlar indi rayon Tarix-Diyarşünaslıq Muzeyinin qiymətli eksponatları sırasındadır. Qədim Şabranda tapılan əşyalar sırasında o vaxt əraziyə çəkilən su və kanalizasiya xətlərinin nümunələri, qədim su qabları diqqəti cəlb edir.

   Ümumiyyətlə, 2011-ci ilin ötən dövründə rayonda bir sıra mədəni-kütləvi tədbirlər keçirilib. «Əfsanələr paytaxtı» elan edilmiş Şabranda rayon sənətkarlarının milli-mənəvi dəyərləri özündə əks etdirən, qədim sənət nümunələrindən ibarət tətbiqi sənət sərgisi təşkil olunub. Sərgidə nümayiş edilən əsərlərdəki rəngarənglik tamaşaçılarda böyük maraq doğurub. Nümayiş etdirilən əsərlərin əsas mövzusunu tarixi keçmişimiz, təbiət lövhələri, habelə müxtəlif illüstrasiyalar təşkil edib. Rayonun «Çıraqqala», «Zurnaçılar» və «Xınayaxdı» Folklor Xalq kollektivləri, Aşıq Həşimin ifa etdikləri rəngarəng musiqi nömrələri sərgini daha baxımlı, yaddaqalan edib. Sərginin sonunda ən yaxşı əl işlərinin sahiblərinə Fəxri Fərman və pul mükafatları təqdim edilib.

   Şabran şəhərinin 2011-ci il üçün «Azərbaycanın Əfsanələr Paytaxtı» elan edilməsi ilə əlaqədar «Çıraqqala» və «Şabran» Tarix-Mədəniyyət qoruqlarına yürüşdə çoxsaylı əhali iştirak edib. Tədbirdə tarixin bir çox qaranlıq sirlərindən xəbər verən abidələrin mühafizəsi, bərpası və təbliği istiqamətində görülən işlərdən danışılıb, bu tədbirlərin xalqın inkişafı, tərəqqisi və yeni nəslin tərbiyəsi üçün nə qədər vacib olduğu qeyd edilib.

   Şabranın 2300 illik yubileyi də rayonda yüksək səviyyədə qeyd olunub. Bu münasibətlə xatirə kitabı işlənib hazırlanıb və yaxın zamanlarda nəşri nəzərdə tutulur. Rayondan kənarda yaşayan elm adamları və yaradıcı ziyalılarla görüşlər keçirilib, Tarix-Diyarşünaslıq Muzeyində onların fəaliyyətindən bəhs edən guşə təşkil olunub. Yubiley münasibəti ilə görkəmli incəsənət ustalarının iştirakı ilə geniş konsert təşkil edilib, «Rayonumuzun tarixini öyrənək» mövzusunda «dəyirmi masa», inşa-yazı müsabiqələri və sual-cavab gecələri keçirilib. 

   Şəhərin cənub hissəsində yeni mədəniyyət obyektinin - poeziya evinin tikintisi də başa çatdırılıb və yaxın perspektivdə şəhər əhalisinin istifadəsinə veriləcək. Poeziya evinin qarşısında klassik şair Xaqani Şirvaninin heykəli qoyulub.   

   Ötən illərdə rayonun Heydər Əliyev prospektində, M.Ə.Rəsulzadə küçəsində yenidənqurma və bərpa işləri başa çatdırılıb. Şəhərin Ş.Vahabzadə, Q.Qasımov və Xoyski küçələri abadlaşdırılıb. M.Ə.Rəsulzadə küçəsində «Bulaq» kompleksinin, bazarın giriş qapısının, «Dəvə» abidəsinin tikintisi başa çatıb. Dahi Azərbaycan şairi Əfzələddin Xəqaninin abidəsinin, şəhərin cənub giriş qapısının, «Qala» abidəsinin tikintisi davam etdirilib. Dəvəçiçayı üzərindəki piyada körpüsü yenidən qurularaq şəhər sakinlərinin istifadəsinə verilib.

   Ötən illərdə rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də tədbirlər uğurla davam etdirilib. Hazırda rayonda 49 ümumtəhsil məktəbi, o cümlədən 20 tam orta məktəb, 17 ümumi orta məktəb, 12 ibtidai məktəb fəaliyyət göstərir. 2011-ci ildə rayonun Düzbilici kəndində 80 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verilib, Vələsli kəndində yeni məktəb binasının tikintisinə başlanılıb. Rayonun məktəbləri yeni tədris avadanlığı ilə təchiz edilib. Ümumilikdə, indi rayonun ümumtəhsil məktəblərində 250-dən çox kompüter var. Dövlət büdcəsinin yerli xərclərində nəzərdə tutulmuş vəsait hesabına Padar tam orta, Taxtalar ümumi orta, Daşlıyataq ibtidai məktəbləri əsaslı təmir edilib, Təhsil Nazirliyinin sifarişi ilə 11 ümumtəhsil məktəbində təmir işləri aparılıb.

   Rayonda vətəndaşlara göstərilən səhiyyə xidmətinin də səviyyəsi ildən-ilə yüksəlir. Bu ilin avqustunda dövlət başçısının iştirakı ilə açılan Şabran rayon Mərkəzi Xəstəxanası dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqətin davamlı xarakter aldığını bir daha nümayiş etdirir. Üçmərtəbəli xəstəxananın tikintisinə 2008-ci ilin oktyabrında başlanılıb. Tikintinin ümumi sahəsi 5 min 117 kvadratmetrdir. Xəstəxananın inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübə əsasında həyata keçirilib. 80 çarpayılıq xəstəxananın birinci mərtəbəsində doğum şöbəsi və poliklinika fəaliyyət göstərir. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otolorinqoloq, terapevt kabinetləri var. Bütün kabinetlər ən müasir avadanlıqla təchiz edilib. Xəstəxanada terapiya və uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də fəaliyyət göstərəcək. Bu şöbələrdə də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıq quraşdırılıb. Xəstəxananın müasir avadanlıqla təmini, ilk növbədə, burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkilinə hərtərəfli imkan yaradır.

  

   Şabran Rayon Mərkəzi Xəstəxanasında 60-dək həkim və 140-dək orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində dayanacaq. Bu xəstəxananın istifadəyə verilməsi həm də ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində prezident İlham Əliyevin atdığı addımların növbəti uğurlarından biridir. Dövlətin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Şabran rayonunun səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açıb.

 

   (Ardı var)

  

 

   Tərlan NƏSİRLİ,

   Bakı-Şabran-Bakı  

 

  Mövqe.- 2011.- 23 sentyabr.- S. 10.