REGİONLARIMIZ: ŞABRAN

 

Şabran sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlara imza atır

 

Təcrübə göstərir ki, regional inkişafdakı fərqin aradan qaldırılması hər bir dövlətin davamlı, sabit inkişafının mühüm şərtidir. Bu reallıqdan çıxış edən ölkə rəhbərliyi son illərdə regionların sosial-iqtisadi inkişafının təmini, tarixi məşğulluq ənənələrinin bərpası istiqamətində kompleks tədbirlər həyata keçirir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzalanmış dövlət proqramları Azərbaycanın ən müxtəlif bölgələrində inkişaf və tərəqqi prosesini sürətləndirir, vətəndaşların sosial rifah səviyyəsinin yüksəlməsinə səbəb olur.

Bölgələrin inkişafı sahəsində həyata keçirilən tədbirlərin uğurlu nəticələrini Şabran rayonunun timsalında aydın görmək olur. Ötən illərdə Şabranda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb, əhalinin kommunal problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, su, işıq, qaz təminatı yaxşılaşdırılıb. Yeni ictimai iaşə və sosial-mədəni obyektlərin tikintisi, infrastrukturun yeniləşdirilməsi istiqamətində müəyyən addımlar atılıb.

Rayonda sosial-iqtisadi, mədəni quruculuq sahəsində qazanılan uğurlar məqsədyönlü, ardıcıl, səmərəli və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun bəhrəsidir. Ən əsası, rayondakı sosial-iqtisadi inkişaf quru, cansız fakt və rəqəmlərdə deyil, hər bir sakinin gündəlik həyatında, məişətində, maddi rifah halında əksini tapır. 2011-ci ilin 6 ayının sosial-iqtisadi yekunları Şabranın son illərdəki inkişaf tempi ilə bağlı dolğun təsəvvür formalaşdırır. Bu müddətdə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 94 milyon 964,2 min manat təşkil edib və bu da 2010-cu ilin müvafiq dövri ilə müqayisədə 46,8 faiz çoxdur. Hesabat dövründə sənaye məhsulu istehsalı 5 milyon 886 min manat (17 faiz), kənd təsərrüfatı məhsulları istehsalı 27 milyon 197,7 min manat təşkil edib. Eyni zamanda adambaşına düşən məhsul istehsalı 5602 manat olub. Rayon üzrə orta aylıq əməkhaqqı 257,5 manat təşkil edib və bu da ötən ilin müvafiq dövründən 10 faiz çoxdur.

Şabranın sosial-iqtisadi inkişafı, ilk növbədə, rayonda sahibkarlıq subyektlərinin sayının ildən-ilə artmasına səbəb olub - rayonda 1900-dən çox sahibkarlıq subyekti qeydiyyatdadır. 2011-ci ilin ilk 6 ayında sənaye məhsulunun 86,8, kənd təsərrüfatı məhsulunun 99,8 faizi özəl sektorun payına düşüb. Bu müddətdə sahibkarlıqla məşğul olan 2531 hüquqi və fiziki şəxsə 2 milyon 318,4 min manat həcmində kredit verilib. Sahibkarlığın inkişafı, şübhəsiz, həm də yeni iş yerlərinin açılmasını təmin edir. Hesabat dövründə Şabranda 229 yeni iş yeri açılıb və bunun da 137-si daimidir. Ümumilikdə, ötən 7 ildə yeni açılan iş yerlərinin sayı 5700-ü ötüb.

Rayonun ən iri müəssisəsi olan "Dəvəçi Broyler" ASC 2011-ci ilin birinci yarısında 7675 ton quş əti istehsal edib. İlin sonunadək bu rəqəmin 11-12 min ton təşkil edəcəyi gözlənilir. Fabrikdə quraşdırılmış "Quş ətinin dərin emalı sexi"nin bir hissəsi artıq işə düşüb. İlin sonunadək burada 4 min ton quş əti istehsal ediləcək. Sexin işə düşməsi ilə əlaqədar 70 nəfər əlavə iş yeri açılıb.

Hesabat dövründə rayonun Qəndov kəndində kiçik güclü üzüm emalı müəssisəsinin tikintisi də uğurla davam etdirilib. Eyni zamanda, "Zaman MN" toxumçuluq təsərrüfatı yaradılıb. Sahibkarlığa Kömək Milli Fondundan alınan kredit hesabına Şabran şəhərində 300 min başlıq yeni broylerin - quşçuluq müəssisəsinin tikintisi davam etdirilib. Yeni müəssisədə 80 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Bütün bunlarla yanaşı, rayonda vətəndaşların sosial müdafiəsi tədbirləri də diqqət mərkəzində saxlanılır. 2011-ci ilin ilk 6 ayında Şabranda pensiya və müavinət alanların sayı 9088 nəfər olub. Əmək pensiyaları və müavinətlərin ödənilməsinə 4 milyon 288,8 min manat sərf edilib. Eyni zamanda rayonda ünvanlı sosial yardım alan ailələrin sayı 687, ailə üzvlərinin sayı 2827 nəfər olub.

Mühüm tədbirlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişilə Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 16 mənzilli yaşayış evinin istifadəyə verilməsi olub. Binanın istifadəyə verilməsi ilə bağlı 15 nəfər Qarabağ müharibəsi əlilinə və bir nəfər şəhid ailəsinə mənzillərin açarları təqdim olunub. Eləcə də 2 nəfər Qarabağ müharibəsi əlili üçün tikilmiş fərdi yaşayış evləri sahiblərinə verilib.

Şabranda əhalinin və ümumiyyətlə, bütün istehlakçıların təbii qaz, içməli su və digər enerji resursları ilə təminatı da gündəlikdə duran vacib məsələlərdən biridir. Bu məqsədlə hesabat dövründə rayon elektrik şəbəkəsində, əsasən Şabran şəhərinin paylayıcı şəbəkəsində yenidənqurma işləri davam etdirilib. 0,8 km hava xətti, 35 ədəd köhnəlmiş dayaq dəyişdirilib, 3 ədəd transformator əsaslı təmir olunub. 2011-ci ilin 6 ayında ümumi istehlakçılar, o cümlədən əhali fasiləsiz şəkildə normal elektrik enerjisi ilə təmin edilib. Ümumilikdə, istehlak olunan elektrik enerjisinin dəyəri 92,04 faiz, əhali tərəfindən 85,4 faiz ödənilib.

Rayonun qaz təchizatında olan problemlər də qismən həll edilib. "Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə rayonun qaz təchizatının yenidən qurulması planlaşdırılır. 3 mərhələdə aparılacaq tikinti, yenidənqurma işlərinin I mərhələsində Şabran şəhərinin qaz şəbəkəsinin yenidənqurulması başa çatdırılıb, əhali qazla normal təmin olunub. Hazırda Qaz İstismar İdarəsi üçün yeni bina da inşa olunur. Hazırda rayonun uzun illərdən bəri qaz üzü görməyən bir sıra kəndlərinin də qazlaşdırılmasına başlanılıb.

Əhalinin içməli su ilə təchizatı istiqamətində də müəyyən işlər görülür. Şabran Su-Kanal idarəsi mövcud su təchizatı şəbəkəsi ilə əhalinin içməli suya olan tələbatını təmin etmək üçün magistral və məhəllədaxili xətlərdə təmir işləri aparıb. Nasos qurğularının və digər avadanlıqların təmiri, içməli suyun dəyərinin yığım faizinin artırılması üçün işlər aparılıb. Ölkə başçısının bu il imzaladığı xüsusi sərəncam əsasında Şabran rayonunda da 6100 nəfər abonentin 746 min 150 manat borcu dövlət büdcəsi hesabına silinib.

Rayonda rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi də xüsusi diqqət mərkəzindədir. 2011-ci ilin 6 ayında rayonun 5 kəndində elektron ATS quraşdırılıb, 1 elektron ATS tikilib istifadəyə verilib. Şabran şəhər ATS-ində 20 nömrəlik elektron ATS quraşdırılıb. Şabran şəhərinin Güləmli yaşayış sahəsində və Zeyvə kəndində yeni elektron ATS-lərin quraşdırılması da təmin edilib. Hazırda rayonda peyk rabitəsi vasitəsilə 84 telefon istifadə olunur. Rayon üzrə 100 ailədən 34-ü, hər 100 nəfərdən 10 nəfəri telefon istifadəçisidir. Şabran şəhər ATS-in, Şabran Telekommunikasiya Qovşağının binası da əsaslı təmir olunub. Eyni zamanda, Ağbaş və Çölquşçu kəndlərində poçt şöbələri üçün yeni binalar tikilərək istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı II Dövlət Proqramına müvafiq olaraq rayon mərkəzini kəndlərlə birləşdirən yolların əsaslı təmiri də nəzərdə tutulub. Bununla əlaqədar rayon ərazisində olan belə yollardan 4-ü üçün (Şabran-Pirəbədil, Şabran-Qalaaltı, Şabran-Düzbilici, Şabran-Çayqaraqaşlı) müvafiq sənədlər Nazirlər Kabinetinə təqdim olunub. İlk növbədə, Şabran-Pirəbədil-Zeyvə yolunun əsaslı təmiri üçün tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda yaşayış məntəqələrinin daxili yollarının bərpası və yenidən qurulması istiqamətində tədbirlər davam etdirilib. 2011-ci ilin 6 ayı ərzində dövlət büdcəsinin yerli xərcləri hesabına cəmi uzunluğu 1,8 km olan 2 küçəyə 11600 kvadratmetr asfalt örtük verilməklə əsaslı təmir edilib. Cəmi uzunluğu 1,8 km olan 5 küçə 10260 kvadratmetr çınqıl və qırma daşla yenidən tikilib.

Ümumiyyətlə, dövlət büdcəsinin yerli xərcləri hesabına son 3 ildə Şabran şəhərində cəmi uzunluğu 14,5 km, ümumi sahəsi 102 min 873 kvadratmetr olan 26 küçəyə asfalt örtük verilib və əsaslı təmir edilib. Cəmi uzunluğu 18,9 km, ümumi sahəsi 121 min 292 kvadatratmetr olan 39 küçəyə yeni yol çəkilib.

Ümumilikdə, 2011-ci ilin 6 ayında rayonda tikinti, quruculuq, abadlıq işlərinə 8 milyon manat xərclənib. Şəhər Mədəniyyət və İstirahət parkında, "Heydər Əliyev parkı"nda, "Heydər bağı"nda abadlıq işləri, "Bayraq meydanı"nda qalanın, M.Ə.Rəsulzadə küçəsində isə süni ot örtüklü stadionun tikintisi davam etdirilib. "Heydər Əliyev prospekti"ndə, Ş.Vahabzadə, R.Behbudov küçələrində yenidənqurma işləri davam etdirilib. Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli ictimai yaşayış binalarının ərazisində bərpa və yenidənqurma işləri, M.Ə.Rəsulzadə küçəsində 2 mərtəbəli yaşayış binalarının əsaslı təmiri və abadlaşdırılması işi həyata keçirilib. Eyni zamanda şəhərin küçələrində müasir işıqlandırma sistemləri qurulub.

Azərbaycan prezidentinin icra strukturları qarşısında ilk gündən müəyyənləşdirdiyi mühüm tələblərdən biri də məhz vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə yanaşılması ilə bağlıdır. Dövlət başçısının 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Sərəncamında da bu məsələ ciddi tələblərdən biri kimi müəyyənləşdirilib. Şabran Rayon İcra Hakimiyyəti fəaliyyətini bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılmasına əməl olunması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görür.

Ümumilikdə, Şabran bu gün Azərbaycanın ən sürətlə inkişaf edən, yeniləşən rayonlarından biridir. Ölkə rəhbərliyinin diqqət və qayğısı isə deməyə əsas verir ki, qarşıdakı illərdə rayonda həllini gözləyən bütün problemlər uğurlu həllini tapacaq.

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Şabran-Bakı

 

Mövqe.- 2011.- 24 sentyabr.- S.10