REGİONLARIMIZ: YEVLAX

 

Yevlaxda təhsil sahəsində böyük uğurlara imza atılır

 

Rayonda 10-dan çox abituriyent 600-dan çox bal toplayıb, 685 bal toplayan biri isə "Prezident təqaüdü"nə layiq görülüb

 

İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin qazandıqları uğurlar məhz elmə, təhsilə göstərilən yüksək diqqət və qayğı ilə bağlıdır. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün, hətta zəngin təbii sərvətləri belə üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev son 9 ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi, elmə, təhsilə xüsusi qayğı ilə yanaşıb, həmin sahələrdə yeni dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin edib.

Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişafı tədbirləri sahəsində həyata keçirilən kompleks tədbirlər təhsil sahəsində də özünü qabarıq büruzə verir. Bunu Yevlax rayonunun timsalında aydın görmək mümkündür. Son illər Yevlaxda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin məzmununun yeniləşməsi, təlimin müasir tələblər baxımından təşkili, təhsilə münasibətdə müasir düşüncə tərzinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Rayonda təhsilin inkişafı, ilk növbədə, bu sahənin infrastrukturunun müasirləşməsində özünü göstərir. 2005-2010-cu illərdə rayonda 13 yeni məktəb binası, 640 şagird yerlik 32 əlavə sinif otaqları tikilib istifadəyə verilib, 9 məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Meyvəli kənd ibtidai məktəbi və Meyvəli kənd uşaq bağçası əsaslı təmir edilib, 5 məktəb üçün yeni binanın tikilməsi planlaşdırılır. Yaxın perspektivdə şəhər 2 saylı, Aran qəsəbə 2 saylı və Salamabad kənd tam orta məktəbləri üçün yeni binaların tikintisinə başlanılacaq.

2010-2011-ci dərs ili ərəfəsində isə şəhər 1 saylı orta məktəb üçün 480 yerlik, Cırdaxan kənd əsas məktəbi üçün 180 yerlik, Xaldan kənd əsas məktəbi üçün 180 yerlik yeni məktəb binaları tikilib. Bütün məktəblərdə cari təmir işləri aparılaraq yeni dərs ilinə hazırlanıb. Son illərdə ümumtəhsil məktəblərində aparılmış yeni məktəb və sinif otaqlarının tikintisi, təmiri və müasir avadanlıqlarla təmini nəticəsində 2004-2005-ci dərs ilində 29 məktəb birnövbəli iş sistemi ilə işləyirdisə, 2010-2011-ci dərs ilində 44 məktəb bir növbədə fəaliyyət göstərib.

Şagirdlərin dərs prosesində əyanilikdən istifadəsinə zəmin yaratmaq, müasir təlim-texnologiyalardan yararlanmasını yaxşılaşdırmaq məqsədilə fənn kabinetlərinin zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Hazırda rayonun ümumtəhsil məktəblərində 36 fizika, 38 kimya, 39 riyaziyyat, 35 biologiya, 27 Azərbaycan dili və ədəbiyyatı kabineti vardır. Ümumiyyətlə, şəhər və rayon üzrə əyani və texniki təlim vasitələri ilə təchiz olunmuş 450-dən çox fənn kabinetindən istifadə olunur. Son illər ərzində rayonun 48 məktəbi 440 ədəd kompyuter, 17 ədəd nootbuk, 17 ədəd proyektorla təmin edilib. Təhsil Nazirliyi tərəfindən göndərilmiş 4 fənn üzrə 1725 ədəd elektron dərsliklər bütün məktəblərə paylanılıb, onlardan istifadə diqqət mərkəzində saxlanılıb.

Məktəbəqədər təhsil müəssisələri üçün 37 adda 925 nüsxə plakat, 42 adda müxtəlif yaş qrupu üzrə 994 nüsxə test kitabçaları alınıb, 15 adda, 1005 ədəd, uşaq oyuncaqları verilib. 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən rayonun 5 məktəbinə əvəzsiz olaraq 5 ədəd nootbuk və 5 ədəd proyektor, məktəblərin maddi texniki bazasının möhkəmlənməsi üçün 330 ədəd parta, 60 ədəd yazı lövhəsi, 150 ədəd müəllim masası, 250 ədəd müəllim stolu verilib.

2010-2011-ci tədris ilində prezident İlham Əliyevin sərəncamı ilə pedaqoji fəaliyyəti ilə fərqlənən şəhər 3 nömrəli orta məktəbin kimya müəllimi Əjdər Əhmədov "Əməkdar müəllim" fəxri adına layiq görülüb, Uşaq Gənclər Məktəbinin direktoru Tofiq İsgəndərov "Tərəqqi" medalı ilə təltif olunub. Bununla yanaşı, ölkə başçısının "Yevlax rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında" 12 yanvar 2011-ci il tarixli sərəncamı ilə şəhər 4 nömrəli tam orta məktəbin direktor müavini Kamil Həmzəyev, şəhər Şahmat Məktəbinin direktoru Vaqif Quliyev və şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Əntiqə Məmmədova "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

2010-2011-ci tədris ili də Yevlax təhsili üçün uğurlarla zəngin olub. Bu uğurların qazanılmasında Şəhər Təhsil Şöbəsinin tabeliyində olan 87 təhsil müəssisəsi, o cümlədən 40 orta, 9 əsas, 8 ibtidai məktəb, 4 məktəbdənkənar müəssisə (Uşaq Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi), 25 məktəbəqədər tərbiyə müəssisəsinin pedaqoji kollektivlərinin böyük əməyi olub. Dərs ili ərzində məktəblər və şagirdlər respublika əhəmiyyətli müsabiqə və olimpiadalarda da uğurla iştirak ediblər. 2011-ci ildə rayon üzrə 4 məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" və 4 nəfər müəllim "Ən yaxşı müəllim" müsabiqələrində iştirak edib. Şəhər 8 nömrəli tam orta məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olaraq dövlət başçısının sərəncamı ilə on min manat məbləğində birdəfəlik pul mükafatına layiq görülüb.

2010-2011-ci il fənn olimpiadalarının I rayon turunda 753 nəfər iştirak edib, 12 nəfər şagird olimpiadaların respublika turunda iştirak etmək hüququ qazanıb. Respublika turunda Xaldan kənd tam orta məktəbinin XI sinif şagirdi Aytən İsmayılqızı Azərbaycan dili və ədəbiyyatı fənni, Qaraoğlan kənd tam orta məktəbin X sinif şagirdi İbrahimova Məhruzə Yahuzər qızı Azərbaycan tarixi fənni üzrə IV yeri tutaraq Təhsil Nazirliyinin "Tərifnamə"si ilə təltif olunub.

Məktəblərin fəaliyyətinin əsas göstəricilərindən biri məzunların ali məktəblərə qəbuludur. 2010-2011-ci dərs ilində orta ümumtəhsil məktəblərini 956 nəfər şagird bitirib və onlardan 652 nəfəri (68,2 faiz) ali məktəblərə sənəd verib. 2011-ci ildə ali məktəblərə 262 nəfər məzun qəbul olunub və onlardan 189 nəfəri 2011-ci ilin, 73 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Məzunlarımızdan 10 nəfəri 600-dən, 18 nəfəri isə 500-dən çox bal toplayıb. Sevindirici haldır ki, ötən il 600-dən çox bal toplayanların sayı 2 nəfər olduğu halda, bu il 10 nəfər olub. Ən yüksək nəticə göstərən şəhər 8 nömrəli tam orta məktəbin məzunu Ülkər Həsənli 685 balla Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və "Prezident təqaüdü"nə layiq görülüb. Beləliklə, rayon üzrə "Prezident təqaüdü"nə layiq görülmüş məzunların sayı 2 nəfərə yüksəlib. Ümumiyyətlə, 500-dən artıq bal toplayanlardan 5 nəfəri şəhər 8 nömrəli tam orta məktəbin məzunları olub. 2004-cü ildə məktəbi bitirən 1547 nəfərdən cəmi 138 nəfəri ali məktəbə qəbul olunurdusa, 2011-ci ildə bu rəqəm 262 nəfərə yüksəlib. Bu rəqəmləri faizlə ifadə etsək, cədvəldən göründüyü kimi 8,9 faizdən 27,4 faizə çatıb.

Yevlax Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və tələbkarlığı nəticəsində hərbi məktəblərə qəbulda da dinamik inkişafın şahidi oluruq. Son beş il ərzində rayonun 59 nəfər məzunu Ali Hərbi Məktəblərə, 82 nəfər isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunub. Bu il tələbə adını qazanan məzunlardan 13 nəfəri müxtəlif hərbi məktəblərə, o cümlədən Heydər Əliyev adına Ali Hərbi Akademiyaya, 3 nəfər, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, 5 nəfər, Dövlət Sərhəd Xidməti Akademiyasına, 1 nəfər Milli Təhlükəsizlik Akademiyasına, 1 nəfər Tibb Universitetinin Hərbi Həkim ixtisası üzrə qəbul olunub.

Rayonda şagirdlərin asudə vaxtının təşkili, onların fiziki, milli-mənəvi tərbiyəsində, istedad və bacarıqlarının inkişafında məktəbdənkənar müəssisələrin rolu danılmazdır. Bu məqsədlə Şəhər Şahmat məktəbində 41 qrupda 496 nəfər, Texniki Yaradıcılıq Mərkəzində 51 qrupda 567 nəfər, Uşaq Gənclər İdman məktəbində 4 idman növü üzrə 65 qrupda 863 nəfər, Uşaq Yaradıcılıq Mərkəzində 101 qrupda 1515 nəfər şagird müxtəlif dərnəklərə cəlb olunub. Şəhər Şahmat Məktəbinin yetirmələri tədris ili ərzində 12 turnir və birinciliklərdə çıxış ediblər. Bu yarışlarda 8 nəfər I dərəcə, 32 nəfər II dərəcə, 56 nəfər III dərəcə normasını ödəyib.

2010-cu ilin oktyabrında şahmat üzrə Batumi şəhərində keçirilən Avropa birinciliyində məktəbin şagirdi 10 yaşlı Məhərrəmli Jalə I dərəcə normasını yerinə yetirib, noyabr ayında respublika turnirində 14 yaşlı Samiroğlu Sabir I yerə, 12 yaşlı Hacıyev Pərviz II yerə layiq görülüb. Məktəbin yetirməsi Samiroğlu Sabir 2011-ci ilin may ayında Polşanın Krakov şəhərində keçirilən dünya birinciliyində IV yeri tutub.

Bütün bunlar şübhəsiz, həm də rayon rəhbərliyinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu xeyirxah münasibət isə Yevlax təhsilinin yaxın illərdə daha sürətlə inkişaf edəcəyini deməyə ciddi əsaslar verir.

 

 (ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Yevlax-Bakı

 

Mövqe.- 2011.- 30 sentyabr.- S. 10.