"Kişi sözü"nün müəllifinin 60
yaşı oldu
Tanınmış rejissor,
əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin 60
yaşı tamam oldu. Bu münasibətlə
yanvarın 28-də Kinemotoqrafçılar İttifaqında yubiley tədbiri
keçiriləcək. Ömrünün çox hissəsini kinoya həsr etmiş istedadlı sənətkar öz yaradıcılığı
dövründə kinoda
müxtəlif səpkili, parlaq
və tamaşaçı
tərəfindən sevilən filmlərə quruluş
verib. Bakıda anadan
olan Cahangir Mehdiyev 1968-1973-cü illərdə
Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq
fakültəsində, 1974-1979-cu illərdə Moskva
Kinematoqrafiya İnstitutunda
G.Daneliyanın kursunda təhsil
alıb. "Diplom işi"
adlı qısametrajlı filmlə diplom müdafiəsini edən gənc rejissor həmin filmlə beynəlxalq
festivalda "Ən yaxşı tələbə işi"
kimi ilk
mükafatını alıb.
Təhsilini bitirdikdən sonra 1979-cu
ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Komediya janrında çəkdiyi "Vah!",
"Evlənmək istəyirəm",
"Kişi sözü",
"Gənc qadının kişisi",
"Girişmə, öldürər" və digər filmləri
öz dəsti-xətti
ilə seçilərək
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanır və sevilə-sevilə baxılır.
Onun filmləri bir çox beynəlxalq festivallarda Azərbaycanı
layiqincə təmsil edib və
mükafatlara layiq görülüb. Cahangir Mehdiyev "Mozalan" Studiyasının rəhbəri olub. Azərbaycanın əməkdar incəsənət
xadimi fəxri adına layiq görülmüş Cahangir
Mehdiyev Kinematoqrafçılar
İttifaqı və Professional
Kinorejissorlar Gildiyasının
üzvü olaraq milli kinematoqrafiyanın ictimai
həyatında fəal
iştirak edən, gənc kadrların
hazırlanmasına və formalaşmasına öz
töhfəsini verən bir sənətçidir.
Mövqe.- 2011.-20 yanvar.-S.13.