Qanla yazılan
qəhrəmanlıq tariximiz...
1990-cı il
yanvarın 20-də Azərbaycan xalqına qarşı
ağır cinayət törədildi. Azərbaycanın
ərazi bütövlüyünün pozulması cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin
Azərbaycan xalqına qarşı apardığı ədalətsiz
və qərəzli siyasətə, yerli rəhbərliyin yarıtmaz
fəaliyyətinə etiraz əlaməti olaraq
küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə
Bakıya və respublikanın bir neçə rayonuna qanunsuz olaraq sovet qoşun
hissələri yeridildi.
Görünməmiş qəddarlıqla həyata keçirilən
cəza tədbirləri nəticəsində Azərbaycanın
yüzlərlə günahsız insanı qətlə yetirildi və yaralandı.
Bununla Azərbaycan xalqına qarşı kütləvi terror aktı həyata keçirildi.
O günlər
kimin üzünə baxsaydın, qan görərdin. Küçələrimiz,
evlərimiz, sifətimiz, gözümüz,
ürəyimiz qan idi o gecə... İnsan insanı gəmirirdi o gecə... Elə
bil, dünyanın axırı idi. Toylu-düyünlü qapılara
qara qıfıllar vurulan gecə...
O gecə dünən məktəbdə inşa yazarkən özlərini Mehdi Hüseynzadəyə, Gəray
Əsədova, Hüseynbala Əliyevə bənzətmək istəyən
oğullarımız əjdaha tankların
tırtılları, ölümsaçan
güllələr qarşısından bir an
geri çəkilməyərək
elə bir qəhrəmanlıq
göstərdilər
ki, öz ölümləriylə ölümə şərəf gətirdilər. Elə o qanlı gecədən,
acı da olsa, Azərbaycan
leksikonunda şəhid
kəlməsi ən ağrılı, ən
işlək sözümüzə çevrildi.
Ən ağrılısı
isə o zaman ölkəyə rəhbərlik edənlər
və özlərini,az qala, milli qəhrəman, azadlıq aşiqi
sayanlar əliyalın,
torpağı, xalqı, milləti dildə deyil,
ürəklərdə sevən, qeyrət
təcəssümü olan oğullarımızı qabağa
verib, özləri
"müəmmalı" şəkildə
"qeyb" oldular.
Baş verən faciə içərisində sadə Azərbaycan insanı çaşıb qalmışdı, təzadlı günlər
yaşayırdı. Düşmənlərimizin başımıza gətirdiyi
müsibətlərdən də daha çox bizi içimizdəki
düşmənlərin, o zaman Azərbaycana rəhbərlik
edənlərin laqeydliyi, azərbaycançılıqdan
çox-çox uzaq olmaları ağrıdırdı.
Başımıza gətirilən faciə içərisində
Azərbaycan xalqa, millətə
arxa, dayaq duracaq insanı
axtarırdı... Elə həmin vaxt bu milləti susdurmaq, məhv etmək üçün o böyük insana qarşı repressiyalar davam edirdi. Düşmənlərimiz də
yaxşı dərk edirdilər ki, Heydər Əliyevin
xalqını, Azərbaycanı diz çökdürmək olmazdı...
O günlərdə özü Moskvada ağır şəraitdə yaşayan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gələrək baş vermiş ağır faciə ilə bağlı xalqına başsağlığı verdi, mətbuat konfransı keçirdi. İlk
dəfə olaraq 20 Yanvar faciəsini bütün
dünyaya çatdırdı, beynəlxalq
kütləvi informasiya vasitələri
Heydər Əliyevə istinad
edərək Azərbaycan
xalqının başına gətirilən müsibətlə
bağlı informasiyalar yaydılar...
Heydər
Əliyevin mətbuat konfransı
İllər keçəcək...
20 yanvar hadisələrinə
siyasi-hüquqi qiymət də Heydər Əliyevin
hakimiyyəti dövründə veriləcək...
"20 Yanvar faciəsinin
10-cu ildönümü haqqında" prezident Heydər Əliyevin 16 dekabr 1999-cu
il tarixli Fərmanı eyni zamanda Azərbaycanın
yaxın keçmişinin faciəsini əks etdirir. 20 yanvar hadisələri
ərəfəsində Sovet İttifaqı Kommunist
Partiyası rəhbərliyinin xalqın mənafeyinə zidd siyasəti, Azərbaycanın suverenliyi
və ərazi
bütövlüyünə qarşı mərkəzin
apardığı qeyri-obyektiv və qərəzli xətt
ölkə əhalisinin hədsiz qəzəbinə səbəb
oldu. O zamankı Azərbaycan
rəhbərliyinin xüsusilə Dağlıq Qarabağ
məsələsində mərkəzlə
sövdələşməsi respublikada kəskin etirazlar doğurdu.
1987-ci ildən
başlayaraq ortaya atılan qondarma Dağlıq
Qarabağ problemi Azərbaycan xalqı tərəfindən
elə ilk
günlərdən respublikanın ərazi bütövlüyünə qarşı, vətəndaşların
konstitusiya hüquqlarının pozulmasına yönəldilmiş bir cəhd kimi qəbul olundu. Ancaq sərhədlərimizin toxunulmazlığı müxtəlif səviyyəli
qurumlar tərəfindən
rəsmən dəfələrlə təsdiq
olunsa da, Dağlıq
Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən
çıxarılması məqsədini güdən siyasət
mərhələ-mərhələ həyata keçirildi.
Dağlıq Qarabağ
Muxtar Vilayətini Azərbaycanın tabeliyindən
çıxarmaq yolunda
atdığı növbəti
addım SSRİ Ali Soveti
Rəyasət Heyətinin
muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il
yanvarın 12-də verdiyi
fərman oldu. Dağlıq Qarabağın
idarə olunması mərkəzin
nümayəndəsi Volskinin rəhbərliyi ilə
yaradılmış Xüsusi İdarəetmə Komitəsinə
həvalə olundu. Bu,
faktiki olaraq Dağlıq Qarabağın
Azərbaycan SSR-in tərkibindən
çıxarılması demək idi. SSRİ rəhbərliyi
qəbul etdiyi rəsmi
sənədlərində belə bir təsəvvür yaratmağa çalışırdı ki, o, regionda
yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı
addımlırda həm Azərbaycana, həm
də Ermənistana münasibətdə paritetlik
mövqeyindən çıxış
edir. Ancaq mərkəzin Azərbaycana, azərbaycanlılara
qarşı qərəzli münasibəti
açıq-aşkar göz qabağında idi. SSRİ-nin rəsmi dövlət qurumları, hüquq-mühafizə
orqanları və kütləvi informasiya vasitələri Dağlıq
Qarabağ probleminə
olduqca böyük diqqət yetirdiyi halda, Azərbaycan xalqının böyük
faciəsi tam sükutla müşayiət
olundu. Azərbaycan xalqının bu məsələdə tutduğu laqeyd mövqe isə öz xalqına qarşı əsil cinayət idi.
Ermənistan SSR Ali
Soveti Azərbaycan rəhbərliyinin bu mövqeyindən
"cəsarətlənərək"
1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR
ilə birləşməsi haqqında qərar qəbul etdi. 20 yanvar hadisələrinə
bir neçə gün
qalmış, yəni 1990-cı il yanvarın 15-də SSRİ Ali
Soveti Rəyasət
Heyəti "Dağlıq Qarabağ Muxtar Vilayətində və
bəzi digər rayonlarda fövqəladə
vəziyyət elan olunması haqqında"
fərmanı ilə əslində azərbaycanlıların
Dağlıq Qarabağdakı ev-eşiklərinə
qayıtmaq ümidlərinə də son qoyuldu. Fərmanın başlığından
göründüyü kimi
muxtar vilayətin və "bəzi digər
rayonların" kimə mənsub olması məsələsi
də artıq sual altında
qoyulurdu.
SSRİ
rəhbərliyi də respublikada haqq-ədalətin
bərqərar edilməsi uğrunda səsini qaldıran
xalqa açıq divan
tutmaq yolunu seçdi. Sovet ordusunun,
xüsusi təyinatlı dəstələri
və daxili qoşunların
iri kontingentinin
1990-cı il yanvarın 20-də fövqəladə
vəziyyət elan edilmədən
Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş
vəhşiliklərlə müşayiət
edildi. Ayağa qalxan xalqın inam
və iradəsini
qırmaq, milli mənliyini
alçaltmaq və sovet
hərb maşının
gücünü nümayiş
etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar
faciəsi totalitar kommunist
rejiminin Azərbaycan xalqına
qarşı hərbi təcavüzü və cinayəti idi. Törədilmiş
cinayət və onun nəticələri göz
qabağında olduğu halda,
respublika rəhbərliyi baş
vermiş faciənin
mahiyyətni hər vasitə ilə ört-basdır etməyə
cəhd göstərdi. Xalqın tələbi ilə
bir qrup deputatın təşəbbüsü ilə
Azərbaycan SSR Ali Sovetinin
1990-cı il yanvarın
22-də yanvar faciəsi
ilə bağlı
çağırılmış sessiyasına respublikanın əksər
siyasi və dövlət rəhbərlərinin gəlməməsi
isə onların xalqın taleyinə biganə qaldıqlarını,
törədilmiş cinayətdə bu və ya digər dərəcədə
iştirak etdiklərini
bir daha təsdiq etdi. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə
gəlməyi belə lazım bilmədi.
20 yanvar hadisələrinə siyasi qiymət
verilməsi tələbi
ilə dəfələrlə çıxış edən
Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət
vermək üçün öz imkanlarından istifadə etmədi.
Hadisələrdən uzun müddət
keçsə də, keçmiş
SSRİ-nin və Azərbaycanın
rəhbərliyi tərəfindən yığılıb
dövlət istintaq komissiyasına
təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb
aparıldı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə
orqanları müvafiq istintaq
tədbirləri həyata keçirməmiş,
hətta əksinə, 20 Yanvar faciəsi ilə
bağlı bir sıra
məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə
və ya qismən məhv edilmişdi.
Yalnız
1994-cü ildə 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək
yolunda ciddi addımlar atıldı. Prezident Heydər Əliyevin 5 yanvar
1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 yanvar hadisələrinə
tam siyasi-hüquqi qiymət verilməsi
tövsiyə olundu. Milli
Məclis həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında yanvar hadisələrinin əsil
səbəblərini açıqladı, günahkarları aşkar etdi.
1990-cı il yanvarın
20-də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart
1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verildi. O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq,
yenilməzlik tarixini təkrar
edirdi... O gecə enlikürək, laydivar, hər biri bir yurdun
qeyrət təcəssümü olan oğullarımız qurban getdilər. Onlar az yaşadılar... Ancaq az ömürlərində
şəhid adlarıyla ötüb gələn nəsillər
üçün elə
rahat, elə hamar yol saldılar ki, xalq bir
gecənin içərisində minillik yol keçib gəldi. Bu oğulların ölümü
ilə Azərbaycan var olduğunu
bir daha bütün dünyaya sübut etdi... "Şəhidlər
Xiyabanı" Azərbaycan adlı bir məmləkətin varlığının
sübut yeri oldu. 1990-cı ilin 20 yanvarı Azərbaycan faciə tarixinin
qanla və qəhrəmanlıqla
yazılan səhifələrindən birinə çevrildi.
Ağanisə Sultanova
Mövqe.- 2011.- 20 yanvar.- S.4.