Şamaxı mədəni-intellektual intibah
yolundadır
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
(2009-2013-cü illər) çərçivəsində
həyata keçirilən
səmərəli tədbirlər
nəticəsində 2009-cu ildə Şamaxıda təhsil və mədəniyyət müəssisələrinin
maddi-texniki bazası, infrastrukturu ilə iş şəraiti əsaslı şəkildə
müasirləşib. 2009-cu
ildə rayonda təhsil, səhiyyə və mədəniyyət
müəssisələrinin inkişafı, onların maddi-texniki bazasının
möhkəmləndirilməsi, xidmətin səviyyəsinin
yaxşılaşdırılması istiqamətində bir sıra nailiyyətlər qazanılıb.
Hesabat ilində rayonda
72 ümumtəhsil məktəbi
(51 orta, 17 əsas və 4 ibtidai), 5 məktəbdənkənar və
22 məktəbəqədər tərbiyə müəssisələri
fəaliyyət göstərib.
Ümumtəhsil məktəblərində 1909 nəfər müəllim
işləyib, 12088 nəfər
şagird təhsil alır. 2009-cu ildə uşaqların məktəbli formasına
keçmək sahəsində
xeyli işlər görülüb. Şəhər
3 saylı məktəb
üçün 640 yerlik,
şəhər 2 saylı
orta məktəbdə
600 şagird yerlik 30 sinif otağı, şəhər 1 saylı
məktəbdə 300 şagird
yerlik 15 sinif otağı tikilib istifadəyə verilib. 1 saylı təhsil
ocağının mövcud
binası və idman zalı əsaslı təmir olunub. Əngəxaran kənd orta
məktəbi üçün
160 yerlik yeni məktəb binası tikilib. Hazırda Dədəgünəş kənd məktəbi üçün 80 yerlik yeni binaların tikintisi davam etdirilir.
Rayonun ümumtəhsil məktəblərinin kompüterlə
təmini prosesi başa çatdırılıb. 2009-cu ildə 300 dəst parta, 120 ədəd müəllim masası, 350 ədəd müəllim stolu, 50 ədəd yazı lövhəsi, 55 ədəd
kitab şkafı gətirilərək məktəblərə
paylanılıb. 2009-cu ildə Şamaxı rayonunun ümumtəhsil məktəblərinin on birinci
sinfini 767 nəfər
gənc bitirib. Mərkəzləşdirilmiş qaydada aparılan test imtahanları zamanı onlardan 525 nəfəri attestat almağa nail olub. Rayon üzrə 332 nəfər məzun isə respublikanın müxtəlif ali
məktəblərinə daxil
olmaq üçün
test imtahanlarında iştirak
edib. Respublikanın müxtəlif ali
məktəblərinə 69 nəfər qəbul olunub, onlardan 4 nəfəri 600-dən, 12 nəfəri
isə 500-dən yuxarı
bal toplayıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən, texniki-humanitar
və təbiət fənləri təmayüllü
liseyin müəllimi Həbibə Eldarova "İlin müəllimi"
müsabiqəsinin qalibi
olub. Şəhər 9 saylı
orta məktəbin müəllimi Əbülfəs
Sadayev "Əməkdar
müəllim" adına və Göylər kənd 2 saylı orta məktəbin direktoru Pünhan Mikayılov "Tərəqqi" medalına
layiq görülüblər.
Eyni zamanda 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun
Şamaxı filialının
direktoru Mayıl Alıcanov "Əməkdar
müəllim" adı
və həmin ali məktəbin professoru Seyfəddin Qəniyev "Tərəqqi"
medalı ilə təltif olunublar.
Ali məktəblərə qəbul faizi şəhər təhsil müəssisələrində, xüsusilə 1,2,5,6,9 saylı
məktəblərdə daha
yüksək olub. Bununla belə təhsil sahəsində nöqsanlar da qeydə alınıb. Bir sıra məktəblərdə
nizam-intizam zəif, uşaqların dərsə
davamiyyəti isə qeyri-qənaətbəxş olub.
Tədrisin keyfiyyəti
lazımi səviyyədə
olmayıb, bir çox ixtisaslar üzrə müəllim çatışmazlığı hiss olunub. Həmin səbəbdəndir ki, bir sıra məktəblərdə,
o cümlədən Qızmeydan,
İkinci Cabanı, Quşçu, Bağırlı,
Hacıqədirli, Adnalı,
Kərkənc, Şirvan,
Qurdtəpə və
s. kənd orta məktəblərini bitirmiş
məzunların heç
biri ali məktəblərə daxil
olmayıb.
Məktəbəqədər müəssisələrin
maddi-texniki bazasının
möhkəmləndirilməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərən amillərdəndir.
2009-cu ildə şəhər
5 saylı, İkinci Cabanı və Kiçik Xınıslı
kənd bağçalarına
yeni inventar və avadanlıqlar verilib. Bununla belə, uşaq bağçalarında davamiyyət
aşağı səviyyədə
olub.
Rayon mərkəzi xəstəxanasının
əsaslı təmir
olunaraq istifadəyə
verilməsi nəticəsində
2009-cu il ərzində
əhaliyə göstərilən
tibbi xidmətin səviyyəsi yüksəlib.
Bundan əlavə, poliklinika binası əsaslı təmir olunub, yoluxucu xəstəliklər şöbəsi
üçün yeni bina tikilib, hər
iki səhiyyə müəssisəsi müasir
tibb avadanlıqları
ilə təchiz olunub. Səhiyyə sahəsində əhaliyə
345 çarpayılıq rayon mərkəzi, 25 çarpayılıq
Göylər kənd və 35 çarpayılıq
Sabir qəsəbə
xəstəxanaları xidmət
göstərib. Bundan əlavə, rayonun kənd və qəsəbələrində 16 həkim ambulatoriyası və 22 feldşer-mama məntəqəsi olub.
2009-cu ildə rayonda
mədəniyyət sahəsinə
diqqət daha çox olub. Şamaxıda 9 mədəniyyət
evi, 28 klub, 54 kitabxana, 3 muzey, incəsənət və musiqi məktəbləri,
rəsm qalereyası fəaliyyət göstərib.
Ulu öndərin adını daşıyan
mərkəz istifadəyə
verilib və burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin Şamaxı
rayonuna tarixi səfərləri ilə
bağlı qiymətli
sənədlər toplanıb.
Eyni zamanda burada multi-media, foto, rəsm dərnəkləri,
elektron kitabxana, kompyuter mərkəzi, konfrans zalları və s. fəaliyyət göstərir.
Şamaxı Azərbaycanın qədim
elm və mədəniyyət
mərkəzlərindən biri olsa da
1947-ci ildən fəaliyyətə
başlayan Tarix-diyarşünaslıq
muzeyi bərbad vəziyyətdə idi.
2009-cu ildə həmin
muzeyin binası əsaslı təmir edilib, eksponatlar müasir standartlara uyğun bərpa olunub. Muzey haqqında
Azərbaycan və ingilis dillərində nəfis şəkildə
bələdçi kitabı
hazırlanıb, onun ərazisində yenidənqurma
işləri aparılaraq
orada Şamaxının
12 tanınmış şəxsiyyətlərinin
büstləri qoyulub.
Keçən il dövlət bayramları,
tarixi hadisələr təntənəli şəkildə
qeyd edilib, bir sıra maraqlı
tədbirlər keçirilib.
Bu baxımdan Mirzə
Bilal günləri çərçivəsində keçirilən saz-söz
bayramını və
minlərlə insanın
iştirak etdiyi Novruz el şənliklərini,
Yeni il bayramlarını
xüsusi qeyd etmək lazımdır.
Azərbaycan Respublikasının Prezidentinin
"Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"
12 yanvar 2004-cü il tarixli Sərəncamına
uyğun olaraq rayon mərkəzi kitabxanasına
54400 nüsxədən artıq
kitab hədiyyə edilib, orada kitabxana
informasiya mərkəzi
yaradılıb, həmin
mərkəzdə elektron
kataloq quraşdırılıb.
2009-cu ildə mədəniyyət
sahəsində ən
yaddaqalan hadisə Şamaxı uşaq incəsənət məktəbinin
4 nəfər şagirdinin
rəsmlərinin Yunanıstanın
Xanti bələdiyyəsi
tərəfindən keçirilən
dördüncü müsabiqədə
iştirak etməsi olub. Sülh mövzusu ilə bağlı keçirilən
müsabiqədə Şamaxıdan
iştirak edən 3 nəfərin birinci yeri, 1 nəfərin isə üçüncü
yeri tutması rayonun mədəniyyət
sahəsində hələ
də böyük potensiala malik olduğunu göstərir.
2009-cu ildə rayon gənclər
və idman idarəsi Azərbaycan Respublikası Prezidentinin
30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)
rayonda yeniyetmələr
və gənclər arasında icrasını nəzarətdə saxlayıb.
Ümumilikdə 2009-cu ildə
rayon gənclər və
idman idarəsi tərəfindən 50-dən çox
müxtəlif tədbirlər
keçirilib, bu tədbirlərdə 5818 nəfər
yeniyetmə və gənc iştirak edib.
2009-cu ildə bədən
tərbiyəsi və
idman sahəsində də xeyli iş
görülüb və
bir sıra nailiyyətlər qazanılıb.
İdmanın sərbəst
güləş, cüdo,
sambo, şahmat növləri üzrə Şamaxı idmançıları
respublika birincilik və çempionatlarında
iştirak edərək
mükafata layiq yer tutublar. İdmanın
digər növləri
üzrə də keçirilən respublika birinciliklərində və
çempionatlarında Şamaxı
idmançıları layiqincə
iştirak edərək
və mükafata layiq yerlər tutublar.
Rayonda fəaliyyət göstərən
dini qurumların da işi daimi
diqqət mərkəzində
saxlanılıb. Mövcud
olan 15 dini icmanın fəaliyyətinin
"Dini etiqad azadlığı haqqında"
Azərbaycan Respublikasının
Qanununun tələblərinə
uyğun yerinə yetirilməsi təmin edilib. Rayonda rusdilli əhali yaşayan 4 kənddə,
o cümlədən Çuxuryurd,
Nağaraxana, Cabanı
və Qızmeydan kəndlərində xristian
dini icmaları da fəaliyyət göstərir. Dini icma, təriqət və etiqad müxtəlifliyinə baxmayaraq
Şamaxı rayonu ərazisində fəaliyyət
göstərən dini
qurumların bir-birinə
münasibəti normaldır
və qarşılıqlı
mehribanlıq şəraitində
fəaliyyətlərini davam
etdirirlər.
2009-cu il ərzində
Şamaxı rayonundan
639 nəfər çağırışçı
respublikamızın silahlı
qüvvələri sırasına
həqiqi hərbi xidmətə yola salınıb. Çağırışçıların
xidmət edəcəkləri hərbi hissələrə təntənəli
surətdə yola salınması məqsədilə rayon icra
hakimiyyəti hərbi komissarlıqla birlikdə tədbirlər
keçiriblər. Rayonda həqiqi hərbi xidmətə
çağırışdan yayınma halları olmayıb.
İşdə olan çatışmazlıqların
operativ qaydada aradan qaldırılmasına əməli köməklik
göstərmək məqsədilə RİH
başçısının səyyar qəbullarının və
görüşlərinin keçirilməsi təşkil
olunub, vətəndaşların ərizə şikayət və
müraciətləri dinlənilib, onların həlli nəzarətə
götürülüb. Hesabat dövründə Əsasnaməyə
uyğun olaraq 24 şura iclası keçirilmiş, həmin
iclaslarda rayonun sosial-iqtisadi, mədəni həyatı ilə
bağlı 40 məsələ müzakirə olunub. Həmçinin
ayda 2 dəfə "Nümayəndəlik günü"
keçirilib, görülmüş işlər və yol
verilmiş nöqsanlar işgüzar şəraitdə
müzakirə edilib, onların aradan qaldırılması
istiqamətində tapşırıqlar verilib.
Yazı Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən
maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi
çərçivəsində çap olunub.
Tərlan
Nəsirli
Bakı-Şamaxı-Bakı
Mövqe.- 2012.- 5 aprel.- S. 10.